ALİCƏNAB ŞƏXSİYYƏT  – İlyas İsmayılov

Dərc olunub: 19/03/2018 - 09:50
|
Bölmə:
673 dəfə baxılıb

foto-Ə.AbbasovBöyük mütəfəkkir və dövlət adamı Konfutsi deyərmiş: “Alicənab kişi ona görə nəcibdir ki, onun ürəyində yalnız ədalət və mərhəmət qayğıları qonaq ola bilir, yarınmaq, yaltaqlanmaq, qeyri-səmimi və yalan danışmaq kimi motivlər üçün onun ürəyinin qapıları bağlıdır”;“alicənab kişi necə görünəcəyindən narahat olmur, necə olduğundan narahat olur”. Qüdrətli hüquqşünas, ictimai-siyasi xadim İlyas İsmayılov məhz belə alicənab şəxsiyyətlərdəndir.

Uzun illər İlyas müəllimi yaxından tanıyan adam kimi deyə bilərəm: onun üçün həmişə ədalətə, qanuna, konstruktivliyə, məsuliyyət və vicdana, milli və bəşəri dəyərlərə qida verən  mənəvi-əxlaqi prinsiplər birincilik təşkil edib, hiyləyə, populizmə, avantürizmə, keçici şan-şöhrətə söykənən fəaliyyət isə yabançı, qeyri-məqbul sayılıb. Baş prokuror, ədliyyə naziri, millət vəkili kimi fəaliyyət göstərərkən, ümumiyyətlə, çalışdığı hər bir vəzifədə özünü “xüsusi (özəl) subyektivlik” adlandırdığım  və dövlətə, cəmiyyətə, millətə bəlalar gətirən məşum xəstəlikdən özünü qorumağı bacarıb. Nəinki özünü qoruyub, həm də çoxlarının (ilk növbədə, yüksək vəzifə daşıyıcılarını, dövlət məmurlarını nəzərdə tuturam!)  təfəkkür və həyat tərzinin atributuna çevrilmiş bu yoluxucu xəstəliyə qarşı ardıcıl mübarizə aparıb.

Bu mübarizəni indi də böyük səylə, şərəflə, ədəb-ərkanla, peşəkarcasına davam etdirir. O, gözəl anlayır ki, özəl subyektivlik cəmiyyəti və dövləti içindən çürüdən, neqativlərə yol açan, xalqa sağalmaz yaralar yetirən, insanların həyatını zəhərləyən, onların perspektivini əlindən alan ən böyük qəbahət, mənəvi pozğunluq və qeyri-insanilikdir. Bilir ki, bu mənfur potensiya özü ilə var-dövlət, şan-şöhrət hərisliyi, ifrat əliəyrilik, haqsızlıq, özbaşınalıq, ayrı-seçkilik, yerliçilik, tayfabazlıq, etnikçilik və regionçuluq, qəddarlıq, talançılıq gətirir və qarşısı alınmazsa, dövlətin və millətin axırına çıxar. Onun üçün də həmişə insanları qanuna, ədalətə səsləyib, mövcud imkanlar daxilində və bacardığı qədər bu yolda vuruşub. Heç də asan olmayan bu döyüşdə dəfələrlə amansızlıqlara, təqiblərə məruz qalıb, aşkar və gizli həmlələrlə, təhlükələrlə üzləşib. Ancaq, sınmayıb, daxili-mənəvi imperativlərin hökmünə əməl edib, vicdanı ilə sövdələşməyə girişməyib.

ilyas-ismayıl0v-2

Fikrimcə, İlyas müəllimin bütün bu fərqləndirici keyfiyyətlərinin nüvəsini anadangəlmə ölçü hissinin, həddi tanımaq və ona əməl etmək bacarığının dominantlığı təşkil edir ki, o da ağır zəhmət, fədakarlıq hesabına kifayət qədər dolğunlaşıb və güclənib. Bu – nadir fəzilətdir, xüsusən də sivilliyi şübhə doğuran, şüarlarla, ehkamlarla, əfsanələrlə, ştamplarla, andiçmələrlə yaşayan, özünütəşkil və özünüidarə mexanizmləri, ənənələri zəif, sinergetik ocaqları sönük olan, “ədalətli hökmdar” axtaran cəmiyyətlərdə! Belə cəmiyyətlər ümumdünya tarixinin ziddinə əlləşən-çarpışan, get-gedə daha çox azadlıq anlayışının inkişafına əngəl törədən cəmiyyətlərdi. Fəlsəfədə kəmiyyət – keyfiyyət əlaqələrinin dialektikasını ifadə edən “ölçü” anlayışı, demək olar ki, hər bir dəyərin, fəzilətin – nizamın, əməlisalehliyin, ədalətin, qanun və hüququn, həqiqətin və s. təməlində durur.

Əslinə qalanda,  hər bir alimin başlıca vəzifəsi elə öz sahəsində ölçünü aşkarlayıb öyrənməkdən ibarətdir? Fizik – öz ölçüsünü, kimyaçı – öz ölçüsünü, filosof da – öz ölçüsünü müəyyənləşdirir və öyrənir. Öyrənərək də ümumbəşəri tarixə məzmun-mahiyyət dolğunluğu gətirir, həyatın mənasını axtarmaqda insanlara yardımçı olur. Elmə xidmət də bundan başlayır və bununla davam edir. Ancaq, hansı elmi təmsil edib-etməsindən asılı olmayaraq, alim-tədqiqatçı ölçünü, ilk növbədə, öz içində daşımalı və onun püxtələşməsinə çalışmalıdır. Ölçü alimin daxilindən gəlməli, buradan qaynaqlanmalıdır! İmam Əli əbəs yerə demirdi ki: “Elm alimin bəsirətindən gəlir”. Bu yoxdursa, vay o elmin halına! Daxili ölçüsü olmayanların əlində qalan elm tənəzzülə və ölümə məhkumdur.

Məhz ölçünü aşkarlamaq, tanımaq, ona riayət etmək zərurətinə cavab olaraq böyük mütəfəkkirlər hüquqi dövlət konsepsiyalarını hazırlamış, Aristotelin “dövlət – insanların xoşbəxtliyi üçündür!” fikrinə real zəmin yaratmışlar. Yaxşı cəmiyyət və xoşbəxt həyatla bağlı Nizami, Füzuli kimi klassiklərin ülvi arzu və niyyətlərinin ictimai praktikada həyata keçməsi üçün siyasi xadimlər, dövlət adamları üçün real əsas, möhtəşəm rasionallıq şəbəkəsi ortaya qoymuşlar. Elə bir matritsa ki, bu gün yaxşı mənada qibtə etdiyimiz, nümunə kimi göstərdiyimiz ölkələri olduqca irəliyə aparmış, tərəqqiyə qovuşdurmuş,  elm və texnika-texnologiyanın  misilsiz inkişafına geniş imkanlar və şərait yaratmışdır. Məhz qərarlaşmış hüquqi dövlət praktikası-ənənəsi sayəsində bu ölkələrdə ləyaqət hissi güclü olan menecerlər və işgüzar adamlar modeli formalaşmışdır. Elə fəzilətli adam obrazı ki, o, hər bir həyat sahəsində və hər zaman ümumi əxlaq qanunlarına müvafiq hərəkət edir, habelə, cəmiyyətdə öz yerini və rolunu bilir, qayda-qanunları ciddi surətdə gözləyir. Belə cəmiyyətlərdə milli simanı, milli xarakteri formalaşdıran ləyaqət, şərəf haqqında təsəvvürlər, daxili ideal-imperativlər olaraq, sarsılmaz gücə malikdir və böyük əhəmiyyət daşıyır.

Heç də təsadüfi deyildir ki, hörmətli hüquqşünas Bəhrəm Zahidovun “İlyas İsmayılov – bizim böyük məktəbimiz…” başlıqlı məqaləsində qeyd edildiyi kimi, İlyas müəllim hüquqi dövlət mövzusuna dair Azərbaycanda aparılmış sanballı tədqiqatların önündə çalışıb. “Hüquqi dövlət: mülahizələr və təkliflər” adlı ilk kitabın müəllifidir. Rus və türk dillərində də nəşr edilmiş bu kitab geniş maraq doğurmuş və indi də dəyərli elmi-nəzəri mənbə kimi istifadə olunmaqdadır. Ümumiyyətlə, mübaliğəsiz, bu istiqamətdə ən çox zəhmət çəkmiş, maarifçilik işi aparmış, təkcə nəzəri yox, həm də prakiki mənada fədakarlıq göstərniş hüquqşünas-siyasətçidir.

Əziz İlyas müəllim, doğma Azərbaycanımızın tərəqqisi naminə apardığınız şərəfli işinizdə Sizə yeni-yeni uğurlar diləyir, cansağlığı, xoşbəxtlik arzulayıram! Yubileyiniz mübarək! Müqəddəs bildiyimiz amala-ideallara sədaqətlə xidmət etdiyinizə görə sağ olun, var olun!

Dərin hörmətlə, Əbülhəsən Fərhadoğlu
19.03.2018 ci il


loading...




Fikrinizi bildirin