AX, LƏNƏTƏ GƏLMİŞ SİYASƏT!

Dərc olunub: 24/03/2018 - 20:52

Etibar EliyevEtibar ƏLİYEV

“Bu çox sadədir, mənim əzizlərim, ona görə ki, siyasət fizikadan qat-qat çətindir”.
Albert Eynşteyn

2018-ci ilin prezident seçkisindən sonra yeni mərhələyə qədəm qoyacağımızı vəd edirlər. Əhalinin gözləntiləri çoxdur. Əməkhaqlarımız dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə aşağıdır. Qarabağı azad edə bilməmişik. Tibbi sığorta haqqında qanunun icrası uzun illərdir ki, təmin olunmayıb. Prezidentliyə namizədlərin də çıxışlarından görünür ki, kadr islahatları yetərli deyil. Tənqid mühiti bərbad vəziyyətdədir və s.

Mənə görə ölkədə sabitlik faktoru çox önəmlidir və bu insanlara çətinlikləri dəf etməkdə güc verir. Həyatımızın maraqlı olmasında çatışmayan əsas faktorlardan biri milli identikliyin yetərli olmamasıdır. Biz siyasi xalqıq. Siyasət həyatımızın bütün sahələrinə nüfuz edib. Siyasət milli identikliyimizin başının üstünü kəsmiş Damokl qılıncıdır. İndi bir an təsəvvür edin: Şayiə yayılır ki, İsa Qəmbəri bir hüzürdə Rafael Hüseynovla üzbəüz oturan görüblər. Aləm qarışacaq. Dərhal ölünün kimliyi araşdırılmağa başlanılacaq. Bu hadisə qəzet və saytların manşetini tutacaq. Yaxud başqa şayiə: Əli Kərimlinin dəvət olunduğu bir kitab təqdimatına Əbülfəz Qarayev də dəvət olunub. Bu lap məcara oldu ki…

İqtidardakıların ən çox qorxduğu hərəkət siyasi səhvə yol verməkdir. Bundan başqa nə istəyirsən elə... Vəzifələrini uzun müddət o adamlar itirmirlər ki, siyasi səhvə yol vermirlər. Bu səbəbdən onlar xeyli ustalaşıblar. Siyasət müxalifəti də içindən yeyib. Vaxtilə tələbəlik dostu olanlar, eyni qabdan yemək yeyənlər bir-birilərinə düşmən kəsiliblər.

Minlərlə insanı bədbəxt edən siyasət haqqında ən yaxşı fikri Bismark deyib: “Siyasət elm deyil, sənətdir”. Elm olmadığına görə ona axın başladı. Axışanların çoxu da elə elm adamları oldu. Fikirləşdilər ki, məqamdır. Elmi dərəcələr, “ütülü” danışıqlar. Daha ciddi səhvi siyasətin xüsusi sənət növü olduğunu anlamayıb, bu işə qurşananlar etdilər. Mən Pikasso kimi rəsm çəkə bilərəmmi? Əlbəttə ki, yox… Rəssamlıq sənətdir, elə siyasət də sənətdir. Mən Heydər Əliyev kimi siyasətçi ola bilərəmmi? Əlbəttə ki, yox. Bax bunu başa düşmədilər.

Elmdən söz düşmüşkən, siyasətlə məşğul olan elm adamlarına diqqət edin: Mirabbas Qasımov, Əli İnsanov, Əli Nağıyev, İlyas İsmayılov, Yaqub Məmmədov və başqaları. Siyasət akademik Mirabbas Qasımovu xərəyə, akademik Əli İnsanovu türməyə saldı. Onda sual verə bilərsiniz ki, Nizami Cəfərovla (müsavatçı), Ziyad Səmədzadənin (mütəllibovçu) bəxti gətirdi? Məncə, bəxtlə yanaşı zirəklik siyasətdə yaxşı keyfiyyətlərdən biridir.

Siyasətdən baş çıxaranlardan biri rəhmətlik Əbülfəz Elçibəy idi. Onun bir məşhur kəlamı dillər əzəbəridir: “İndi məni seçirsiniz, bir ildən sonra da devirəcəksiniz”. Elə də oldu…

Elm sahəsində Nobel mükafatı laureatlarının böyük əksəriyyəti Amerikada yaşayır. Onların birinin prezidentliyə namizədliyinə rast gəlmisinizmi? Onların hərəsi bir institutdur və Donald Trampdan qat-qat nüfuzludurlar. Ancaq öz peşələrini o qədər sevirlər ki, ona xəyanət etmirlər. Avropada da da belədir. Hacıbala Abutalıbov bəlkə də fizik kimi ölkəyə daha çox xeyir verə bilərdi. Siyasət onu Bakının meri vəzifəsinə gətirdi…

Yaranmış partiyalar və birliklər süquta uğradı. Minlərlə partiya üzvləri cəmiyyətdə yerini tapa bilmədi. Bir hissəsi dünyasını dəyişdi, bir hissəsi xaricə qaçdı. İndi ölkəni söyənlər həmin avara–sərgərdan olanlardır. Ağızlarına çullu dovşan yerləşməyən partiya liderləri anladılar ki, siyasət bunlarlıq deyilmiş. Çox gec də olsa başa düşdülər bunu… Etibar Məmmədov bunların çoxundan zirək tərpəndi. Pis odur ki, iş yerlərini itirib, təqaüddən də məhrum oldular.

Siyasətin yan effekti də təhlükəlidir. Araz Əlizadənin çıxışlarının birində “mən bunu bir siyasətçi kimi deyirəm” ifadəsini eşitmişəm…

Dünyanın inkişaf etmiş dövlətlərindən biri olan Sinqapurda keçirilən sorğuların birində respondentlərin 95 faizi ölkədə əsas vəzifəlilərin adlarını çəkə bilməyiblər. Ötən əsrin 50-ci illərində bu ölkədə əhalinin 40 faizi yazıb-oxuya bilmirmiş, Ümumi Daxili Məhsuldan adambaşına düşən vəsait 500 dollar imiş. Bir neçə onillikdən sonra bu göstərici 100 dəfə artaraq, 55.182 dollara çatıb. Belə sıçrayışlı inkişaf insanları öz işləri ilə məşğul olmağa vadar etdi.
Li Kuan Yu (1923-2015) Sinqapurun 31 il Baş naziri oldu. Onun çalışdığı dövrdə müəyyənləşən 3 prinsip ölkənin inkişafını təmin etdi:
-Ölkəni işləmək və yaşamaq üçün ən təhlükəsiz yerə çevirmək;
-Vətəndaşların tam bərabərhüquqluluğunun təmin olunması;
-Hər bir nəslin uğur qazanmasına şəraitin yaradılması.

Belə sadə prinsipləri qoyub, niyə mürəkkəblik axtarırıq ki? Əslində bu prinsiplərin adlarını bizdə də çəkirlər. Ancaq Ümumi Daxili Məhsuldan adambaşına düşən vəsait göstərir ki, praktika yoxdur…

P.S. Rusiyanın tanınmış tarixçisi və yazıçısı Svyatoslav Rıbasın “Literaturnaya qazeta”ya yazdığı son məqaləsindən sitat: “Rusiya çətin dövrə qədəm qoyur. Putin yenidən prezident seçildi. Bu artıq “başqa Putin” olacaq. İllüziyadan məhrum olmuş prezident”.


loading...




Fikrinizi bildirin