HOVUZDA AZƏRBAYCAN DAVASI

Fazil-M-300x20211121111111121Fazil MUSTAFA

Ötən günlərdə hovuza üzməyə getmişdim. Bir neçə xarici vətəndaşın da hovuzun ətrafında olduğunu gördüm və danışıqlarından anladım ki, Azərbaycanın güneyindən gələn soydaşlarımızdır.

Nədənsə bizlər kimi ictimai yerdə ucadan danışırdılar və istər-istəməz qulağıma çatan sözlərdən rahatsız olmağa başladım. Bir soydaşımız şirin Təbriz ləhcəsiylə digərinə israrla deyirdi ki, buralar vaxtilə İranın torpağı olub.

Yaxınlaşıb soruşdum ki, sizə kim öyrədib ki, buralar İranın torpağı olub? Cavabı belə oldu ki, rus gələnə qədər buraların İranın torpaqları olduğunu oradakı dərsliklərdən oxumuşuq.

İşimi-gücümü atıb hovuzun kənarında başladım bunlara bir az tarix anlatmağa. İnsafən, hamısı diqqətlə dinləyirdilər. İlk hücumum bu oldu ki, bəs siz İranın nəyisiniz? Dedilər ki, vətəndaşıyıq (Anlaşılsın deyə, öz ifadələrimizlə yazıram). Ardınca sordum: sayınız nə qədərdir? Biri cavab verdi ki, İranda ən çox biz türklərik. Diliniz, məktəbiniz, müstəqil idarəetməniz varmı? Təbii ki, susdular.

Davam etdim: Baxın, sizlər İslamı da oralardakı kitablardan oxuduğunuza görə əsrlərdir başı yarmaq üçün, gözü də ağlamaq üçün istifadə edirsiniz. Halbuki, baş düşünmək üçün, göz də görmək üçün təyin olunub. Bizlərsə sizin indi yaşadığınız cəhalət qaranlığından rus işğalı nəticəsində qurtulduğumuza görə bu gün müstəqil dövlət yarada bilmişik. Səfəvilərin, Qacarların açdığı mollaxanalardakı falaqqalardan ayağımızı qurtarıb, Çerniyayevskinin açdığı Qori müəllimlər seminariyasına doğru çətinliklə də olsa addımlaya bilmişik.

Bizim də qarşımızı Molla Sadıq, Şeyx Nəsrullah, Ayətullah İbrahim Kimyagərlər almaq istəyirdi, ancaq bu cahil sürüsünün müqavimətini babalarımız Fətəlilər, Mirzə Cəlillər, Sabirlər yarıb keçməyə bacardılar və yaxşı-pis dünyaya öz adımızla çıxa bildik.

Bunlara bir şeylər anlada bildiyimi düşünmüşdüm ki, bir qarnıyoğun zəncanlı oradan söz atdı ki, bayaqdan bizə tarix öyrətməyə çalışırsan, ancaq biz gedib İraqla savaşda ölkəmizi qoruduq, sizsə Qarabağı ermənilərə verib oturmusunuz.

Bu ittihamın cavabını bir neçə arqumentlə verdim və başlarını təsdiqləyici formada yırğalamağa başladılar. Lakin məhz bu sözatmadan sonra anladım ki, Bütöv Azərbaycan deyəndə ilk öncə bu qafanın çözülməsi çox-çox ağır bir iş olacaq. Bu qafa türk vücudu ilə düşünən İrançı qafadır. Bir deyil, iki deyil, milyonlarladır. Hələ Üzeyir bəyin Azərbaycanında da bu qafadan minlərlədir, imamzadalarda, pirlərdə, universitetlərdə, Milli Elmlər Akademiyasında, çayxanalarda, bazarlarda dolaşırlar.

Biz Sovet imperiyası üçün öldüyümüzlə fəxr etdiyimiz kimi, indi bunlar da İran üçün öldükləri ilə fəxr edirlər. Ölkələrinin ermənilərə dəstək verdiklərindən utanc duymurlar, bizə isə rus-erməni hərbi gücünə qarşı qeyri-bərabər savaşda məğlubiyyəti irad tuturlar.

Bax, bu qafanı nə zamansa çözə biləcəyikmi? Hər halda bu suala cavabın ağırlığını nəzərə alıb, gələcəyimizin vahiməsini unutmaq üçün bir anlığa suyun dərinliyinə baş vurdum. Başımı sudan çıxaranda adamların dağılışdığını gördüm.

Hovuzda Azərbaycan davası beləcə bitmiş oldu...

635x100

Şərhlər

Ələmdar Məmmədov-hüquqşünas-a 2018-03-21 11:20:35

Hərmətli Ələmdar m-m, Fazil m-m tarixi hadisələrə məhz bu günün prizması ilə yanaşıb və yazıb ki bu gün "İranda ən çox biz türklərik. Diliniz, məktəbiniz, müstəqil idarəetməniz varmı? Təbii ki, susdular". Nəyi səhv deyib niyə hadisələrə bu günün prizmasından baxmırsınız. Biz nə qədər Səfəvilərin, Qacarların gölgəsində yatıb qalacayıq?

ardı-Ələmdar Məmmədov-hüquqşünas 2018-03-21 11:20:35

25-ci Osmanlı Sultanı IV Əhməd devrildi.Üsyanın başlamasının səbəbi Almaniyadan çap maşınlarının gətirilməsi oldu.Çünki,həmin vaxt İstanbulda üsyanın hərəkətverici qüvvəsi olan və iş yerlərini itirəcəklərindən ehtiyatlanan 70 min katib(mirzə) var idi.Bu misalı gətirməklə bildirmək istəyirəm ki,Dövlət və hüququn tarixi tipləri var.Tarixi hadisələrə bu günün prizması və şəxsi ambitsiyası ilə yanaşmaq olmaz.Hərmətlə-Ələmdar Məmmədov.

Ələmdar Məmmədov-hüquqşünas 2018-03-21 11:20:35

Hörmətli Fazil müəllim,həm hüquqşünas həm də deputat kimi yazılarınızı oxuyub,cəsarətli fikirlərinizə dəyər verirəm.Lakin tarix və tarixə yanaşmada bəzən yanlışlığa yol verirsiniz.Yenə ən şanlı tariximiz olan Səfəvilərin bostanına daş ataraq yazırsınız ki,"Səfəvilərin , Qacarların açdığı mollaxanalardakı..." Məgər orta əsrlərdə başqa təhsil müəssisələri mövcud idi?Həmişə xüsusi vurğuladığınız Osmanlı dövlətinin paytaxtı İstanbulda 1730-cu ildə qanlı "Patrona Xəlil"üsyanı baş verdi.

Fəradi 2018-03-21 11:20:35

Təbrizdə olarkən taksi sürücüsü olan azəri türkünə başa salmağa çalışdım ki Qraabağ uğrunda çox şəhidlər vermişik və Qarabağı bizdən dılğır ermənilər yox ruslar alıb. O isə mənə dedi ki ağa tək rusların yox bu qansız farsların da Qarabağın getməsində böyük köməyi olub və mənə misal çəkdi ki bir dəfə mən fars sürücü yoldaşımla dövlət xətti ilə ermənistana sürtkü yağı aparmışdıq. İranda 12000 tümənə olan yağı biz ermənistanda 4000 tümənə təhvil verdik.

Kecmiw coban 2018-03-21 11:20:35

By gunumuz ucunde Fetelierin,Mirze Celillerin,Sabirlerin layiqli davamcilari Fazillere,Qudretlere,Fereclere,Zahidlere,Hafizlere, Arazlara minnetdariq!

miri 2018-03-21 11:20:35

Fazil müəllim, bütöv Azərbaycan davasına mane olan faktor və qafalarcoxdur.Məndə deyim Sizdə biləsiniz:1. Şimali Azərbaycanımızı yerlibazliqla "Naxçıvan boyda etmək"lə bütövlüyu təbliğ etmək düz olmaz.2. Dini dəyərləri ateistlərin "tribunasi"ndan təbliğ etməklə bir millətin bütöv inancına sayğı yaratmaq olmaz.3. Bir millətin bir hissəsinin bir cür, digər hissəsinin digər cür "işğal" altında əzablı günlər keçirməsinə göz yuman "elit" ilə işğaldan azad olub, butovləsmək olmaz.4.Materialist dəyərləri bütün dəyərlərdən üstün tutmagı təblig etməklə milləti butovləsmək olmaz..... Ən əsası isə butovləsməni istəyənin "dil pəhləvanı" yox, əməl adamı olması vacibdir.

İbrahim 2018-03-21 11:20:35

Ağladıqca kişi biqeyrət olar, Necə ki, ağladı İran oldu. Bir deyən olmadı, ey Xanəxərab, Məmləkət xak ilə yeksan oldu. Kişidən istənilən işdir, iş, Kim ki, iş yapdı, o zişan oldu. De görək, şimdi müqəddəs vətənin, Hansı bir müşkülü asan oldu?İndi qandınsa işin əngəlini, Demə İran niyə viran oldu?! Allah Sənə Rəhmət eləsin Mirzə Sabir

aysberq 2018-03-21 11:20:35

Hörmətli Fazil bəy! Güneydəki qafaları fars, quzeydəki qafaları urus o qədər doldurub ki, Zamin Hacı demişkən bizim bir millət kimi formalıaşmağımız hələ uzun müddət aparacaqdır. Buna müasir anda ən böyük dəstək verən də "Yapon İmperatorlarıdır" (Z.H.). Nə qədər ki, bizlərdə qulaqkəsənlik, acgözlük, yerli bazlıq mövcuddur bizlər həmişə xilasımızı ya XVI Qırmizi (İşğalçı) ordu ya da ki, Ənvər paşanın gəlməsində gözləyəcəyik. Əfsuslar olsun əbədi düşmənimizin bir sözü var: haes və bununla da söhbət bitir.

t.ədalət 2018-03-21 11:20:35

Fazil müəllim,Siz hüquqşünassınız.Lakin jurnalistik bacarığınız,bəlkə də hüquqşünaslıqdan çoxdur.Deyirəm,kaş,mətbuatımızın tapşırıldığı adam da Sizin kimi yazmağı bacaraydı.Həm də Sizin kimi bir milli düşüncə sahibi olub yazarlarımıza nümunə göstərə biləydi.

Son yazılar