QÜDSLƏ BAKININ FƏRQİ

Fazil MUSTAFA,

millət vəkili, BQP başqanı

Azərbaycanın dəyərli tədqiqatçı alimlərindən biri, tanınmış təhsil eksperti, dostum Etibar Əliyevin tez-tez müraciət etməyə ehtiyac duyduğum olduqca faydalı bir tədqiqat əsəri var. Ona görə buna tədqiqat əsəri deyirəm ki, eyni mövzuda çap olunan kitablardan fərqli olaraq internet resurslarından mexaniki şəkildə köçürülüb yazılmayıb, mükəmməl bir tədqiqat əsəri kimi xüsusi bədii zövqlə tərtib olunub.

Kitabın adı "Ədəbiyyat üzrə Nobel mükafatçıları"dır. Bu kitabın yenidən təkmilləşdirilmiş formada nəşri nəzərdə tutulur, bu özü də kitabsevərlər üçün inanıram ki, çox gözəl ərmağan olacaq. Bir neçə il öncə oradan oxuduğum maraqlı bir epizodu xatırlayıb nədənsə günümüzlə əlaqələndirmək istədim.

Kitabla tanışlığım zaman 1966-cı ildə ədəbiyyat üzrə Nobel mükafatı almış yəhudi əsilli yazar Şamuel Aqnonun ömür yolu və Nobel nitqində nə qədər böyük düşüncə və inanc adamının varlığı barədə bilgilər əldə etmişdim. Adamın faşistlər Berlində evini yandırırlar, əlyazıları külə dönür, yenə də ayaqda qalıb romanlarını yazmağa davam edir. İsrail dövləti yaranan ərəfədə Qüdsə dönür, orada da günlərin birində radikal ərəb gəncləri evini yandırır, əlyazıları yenə yox edilir, adam ruhdan düşməyərək yenə də əsərlərini yazmağa davam edir. Qısa müddət sonra İsraildə əksər yəhudilər ona mənəvi bir nüfuz sahibi kimi baxırlar, ondan yəhudilərin dahi düşüncə adamı kimi bəhs edirlər. Və sözümün canı olan epizoda nəhayət ki, gəlib çıxıram. Qüdsdə yanğından sonra yenidən bərpa olunmuş evində ahıl yaşında belə yaradıcılıqdan usanmayan bu yazıçını iş rejimi hər kəsi heyrətləndirirdi. Nobel mükafatı da almışdı, hər cür təminatı da vardı, beynəlxalq nüfuz sahibi idi, lakin ömrünün son gününə qədər yaşı səksəni haqlamış bu yazar hər gün yazı masasının arxasında idi, arxayınlaşmamışdı, şöhrətə təslim olmamışdı. Ən maraqlı məqam isə evinin qarşısında Qüds şəhər bələdiyyə başçısının hamının oxuya biləcəyi şriftlərlə asdırdığı bir xəbərdarlıq lövhəsi ilə bağlı idi. "Xahiş edirik sakitliyə əməl edəsiniz, bu evdə Aqnon əsərlərini yazır".

Və bu təsvirlərin ardınca döndüm doğma Bakımıza. "Müvəqqəti narahatçılığa görə üzr istəyirik!" yazılan və təmir olunan və ya tikilən əksər binaların yüngül konstruksiyalı müvəqqəti hasarları boyunca dəfələlə təkrar olunan hamımıza tanış cümləni gözümün önünə gətirdim. Ümumi kütləyə müraciət formasının altında həm də bu məna yatır ki, çalışan-çalışmayan, düşünən-düşünməyən, faydalı-faydasız hər bir insan eyni mahiyyətdədir, kollektiv narahatçılığa görə kollektivdən də ümumi üzr istənilir. Əlbəttə, buradakı nəzakətə, üzrxahlığın formasına irad bildirməmiz ədalətsiz olar, sadəcə kollektiv qiymətləndirmə görəndə hər zaman bu qiymətin gerçək dəyərə ekvivalent olmadığını düşünürəm.

Və bir anlığa düşündüm ki, bizdə hansı düşüncə adamının, alimin, yazarın evinin qarşısında Aqnon üçün yazılanları eyni şriftlərlə, lakin idişcə deyil, türkcə yazmaq mümkün olardı? Çox düşündüm, tanıdığım, gördüyüm oxuduğum yaşayan yazarların, alimlərin, jurnalistlərin, rəssamların, bəstəçilərin, heykəlçilərin, mühəndislərin iş əmsalları ilə bağlı bildiklərimi, eşitdiklərimi çək-çevir etdim və anladım ki, Azərbaycanda o adamın axtarışı barədə çox düşünməliyəm. Çünki bu silsilədən müşahidə etdiyim əksər tanınmış və tanınmamış şəxslərin yaşlaşdıqca tükəndiyini, təkrarçılığını, zavallı laborantların, köməkçilərin, kompüter axtarışçılarının əməyinin mənimsənilməsi ilə professor, akademik, xalq yazıçısı, xalq şairi, əməkdar xadimlik obrazını davam etdirdiklərini açıqca söyləmək mümkündür.

Titullar, adlar, rütbələr çalışma hirsinin üzərini qapatmış, bu qədər ağrılı problemləri olan bir millətin və dövlətin düşüncə sferası daha çox qurbağaların quruldadığı bir bataqlıq məkanına çevrilmişdir. Yəhudi Aqnon səksən yaşında yəhudi xalqı üçün usanmadan yazırdı, həm də səviyyəli və faydalı yazırdı və ömrünün son anına qədər Allahın verdiyi zəkanın nemətlərini paylaşmaqdan usanmırdı. Türk Əhməd, Məhmət isə yetmişə, səksənə doğru addımlayır, yazır, yazdırır, ancaq yazdığının faydasına nə özünü, nə də öz millətini inandıra bilmir.

Bu qısa məzmunlu esseni tamamlamaq istədiyim anda o lövhəni haraya asmaq lazım olduğunu tapdım və sevindim. "Xahiş edirik sakitliyə əməl edin, bu evdə Şirməmməd müəllim çalışır!" Var belə bir azərbaycanlı! Yaşı doxsanı adlamış bu dəyərli alim, pedaqoq, düşüncə adamının usanmadan və mükafat ummadan millətinin gələcəyi üçün gənclərimizin əksəriyyətindən daha çılğın şəkildə çalışdığını yaxından tanıyanlar yaxşı bilir axı…Həm də bu çalışmaların keyfiyyəti, faydası, gərəkliliyi qətiyyən müzakirə mövzusu ola bilməz. Sanki hər cümləsində haqlı olaraq Məhəmməd Əmin Rəsulzadəni tanımadan Azərbaycanlı olsanız da, Azərbaycanda olsanız da, Azərbaycanı yaşaya və daşıya bilməzsiniz deyir bu adam!

Mərhum Müşfiq demişkən, "arzuya bax, sevgilim!" Azərbaycanda bu xəbərdarlıq lövhəsinin haradansa asılması yəqin ki, arzu olaraq da qalacaq. Söhbət təkcə lövhədə xatırlanacaq şəxsiyyətdən getmir, hərçənd ki, bu cür şəxsiyyətləri tapmaq da uzun illər müşkül məsələ olacaqdır. Söhbət həm də ondan gedir ki, 27 illik müstəqil dövlətimizdə bu lövhəni asmaq barədə qərar verəcək Bakı Şəhər Bələdiyyəsi yoxdur. Ancaq neçə illərdir Bakıda Bələdiyyə Teatrı var. Teatrda isə reallıqlar deyil, arzular oynanılır. Tamaşaçılar isə Qüdsdən gəlməyib, bizik, bizlərik…

635x100

Şərhlər

Paytaxt Gəncəli 2018-04-02 00:02:55

Fazıl bəy, bizlərdə özgəsinə dəyər verib öz Cəmiyyətini günahlandırmaq adətdir! Bakının sahibləri elə öz ana tərbiyəsi və ata sözlərini atıb, bəyəndiyinizlərin "Zakon dlya toqo, çto-bı eqo kak-nibud oboyti!", kəlamına üstünlük verirlər. Daşnaq isə "Belə qəbələlikdə Navar var!, öyrədib! 70 il öncə yenilənən şəhərlər müasir keçilməz Bakıdan harmonik rekonstruksiya və rəvan hərəkətdədir.

ARİF 2018-04-02 00:02:55

CƏMİYYƏTİMİZ ÜÇÜN BELƏ İNSANLAR YETİŞDİRİLMƏLİDİR.

X 2018-04-02 00:02:55

FAZIL BEY INDI BIZ NE EDEK KI BU LOVHE ASILSIN BEYEM HANSI ZIYA LIYASA DEMELIYIK KI TENBELLIK ETME HANSI MEMURASA DEMELIYIK KI OGRU OLMA HER KESE DEMELIYIK KI SENIN OLMAYAN SEYI QESB ETME BU MILLET OZUNUN SEXSI MENAFEYIN DUSUNENE QEDER O LOVHE ELINIZDE QALACAQ DEYERLI INSANSINIZ ALLAH OMUR VERSIN

Ələmdar 2018-04-02 00:02:55

Gözəl yazıya görə sizə təşəkkür edirəm, Fazil bəy...

Fəradi 2018-04-02 00:02:55

Fazil müəllim yazıya görə təşəkkür edirəm. Ağsaqal ziyalımız Şirməmməd müəllimə də can sağlığı arzulayıram.

Son yazılar