TRAMP PUTİNƏ QARŞI SƏRTLƏŞİR! – “Rusiyaya qarşı münasibətdə Obamadan daha sərtəm”

Dərc olunub: 03/04/2018 - 01:43

tramp

Biz, hələlik Vladimir Putinin nə üçün Donald Trampın xoşuna gəldiyini bilmirik. Ola bilər ki, heç zaman da bunu bilməyəcəyik. Amma ABŞ-dan 60 rusiyalı diplomatın çıxarılması və Rusiyanın Sietl şəhərindəki konsulluğunun bağlanması onu göstərir ki, Tramp və Putin arasındakı dostluq barəsində KİV-lərin nə yazmasına baxmayaraq, ABŞ siyasətinin arxasında reallıq gizlənir. Reallıq ondan ibarətdir ki, ABŞ hökumətinin Rusiyaya qarşı siyasəti prezident Obama dövründə olduğu kimi, indi də sərtdir (Bəlkə də Hillari Kiliton prezident olsaydı, daha da sərt olacaqdı).

Məsələn, Ukrayna. Dekabrda Tramp administrasiyası bu ölkənin şərqində Moskva tərəfindən dəstəklənən separatçılara qarşı müdafiənin möhkəmləndirilməsi məqsədiylə Kiyevə kömək etmək üçün tank əleyhinə “Cavelin” raketləri də daxil olmaqla, Ukrayna ordusuna ölümsaçan silahların satılmasını təsdiq edib. Obama zamanı ABŞ Ukraynaya yalnız yardımçı avadanlıqlar təqdim edib və təlimlər keçib.

Tramp, enerji daşıyıcılarında qıtlıq yaşayan Ukraynaya tədarük olunan Amerikan daş kömürünün həcminin artırılmasında israr edib. Məlumdur ki, qış aylarında enerji daşıyıcılarının çatdırılmaması halında Ukrayna hansı çətinliklərlə qarşılaşa bilər. Amerika ordusu Rusiyanın və İranın Suriyadakı təsirini məhdudlaşdırmaq və İŞİD-in qalıqları ilə mübarizə aparmaq üçün Suriyaya girib.

Tramp müdafiəyə az pul ayırdıqlarına görə NATO-dan olan müttəfiqlərini tənqid edən zaman, onu Rusiyanı təxribata çəkməkdə ittiham edirdilər. Amma indi NATO ölkələri müdafiəyə daha çox vəsait ayırmaq üçün tədbirlər görüblər və elə bu səbəbdən NATO əvvəlkindən güclü görünür. Yəni, ümumi yekunda vəziyyət Putinin hesabladığı kimi alınmadı.

Diplomatların çıxarılması daha bir əyanı müqayisə aparmağa imkan verir. 2016-cı ildəki prezident seçkilərindən sonra Tramp rusiyalı 35 diplomatı ölkədən çıxardı və iki diplomatik binanı bağladı ki, bu da simvolik bir addım oldu. Lakin bu, Moskvanı Qərb ölkələrindəki seçkilərə müdaxilə etməkdən əl çəkməyin ən düzgün addım olacağına inandıra bilmədi.

Tramp birmənalı şəkildə Rusiyanın seçkilərə müdaxilə etməsini etiraf etməsə də, ancaq onun administrasiyası Konqresin təzyiqi altında 19 rusiyalı vətəndaşa və 5 Rusiya təşkilatına qarşı sanksiyanı qəbul etdi. Talenin kinayəsinə görə, sanksiyaya məruz qalmış xeyli adam Robert Müllerin rəhbərliyi altında keçirilən təhqiqatın gedişində “aşkarlanıblar”.

Dörd ay öncə Tramp administrasiyası 50-dən artıq adam üçün maliyyə və ABŞ-a gəlməklə bağlı sanksiya tətbiq edib. Bu adamlar korrupsiyada və Maqnitski aktına (İnsan haqları sahəsində qlobal akt-rusiyalı Maqnitskinin şərəfinə adlandırılıb) müvafiq olaraq insan haqlarının pozulmasında ittiham olunurlar. Sanksiya siyahısına daxil olanlar arasında Rusiya baş prokuroru Yuriy Çaykanın oğlu və Putinin qatı tərəfdarı kimi tanınan Çeçenistanın avtoritar lideri Ramzan Kadırovun da adları var.

Bəs Tramp tərəfindən lazımı tənqidin olmaması ilə onun administrasiyasının Moskvaya qarşı yönəlmiş real hiss edilən addımları arasındakı uyğunsuzluğu necə başa düşməli? Burada üç vəziyyəti diqqətə almaq lazımdır.

Birincisi – hətta xarici siyasət də daxil olmaqla, prezidentin hakimiyyətinə məhdudiyyətlər var.

İkincisi – Ağ Evin apardığı siyasətinin aydın olmaması Konqres və Pentaqona istədikləri xarici siyasəti asanlıqla qəbul etdirməyə imkan yaradır.

Üçüncüsü – Hərçənd ki, Tramp öz ruhuna “yaxın” olan avtoritar liderlərə (məsələn, Filippin prezidenti Rodriqo Duterte, Səudiyyə Ərəbistanının şahzadəsi Mühəmməd bin Salman və Misir prezidenti Əbdül Fəttah əs–Sisi) rəğbət bəsləyir, amma o, Putinin onu nəzarətdə saxlaması barəsində səsləndirilən istənilən sözləri çox qəzəblə qarşılayır.

Ola bilər ki, Tramp Putini yalançı adlandırır. Ukrayna məsələsində və Böyük Britaniyadakı zəhərlənmə hadisəsinin təhqiqatında Qərb müttəfiqlərinin tərəfində durmaqla, Tramp, anlatmaq istəyir ki, Rusiyanın aqressiv davranışlarına göz yummaq olar, lakin hər şeyin bir həddi də var.

Tramp fevral ayında öz “twitter” səhifəsində yazıb: “Mən Rusiyaya qarşı münasibətdə Obamadan daha sərtəm. Sadəcə olaraq faktlara baxın. Mənə qarşı total yalan məlumatlar yayılır!” Bəlkə də o bunları təzyiq altında edir. Amma o düz deyir. Həm də, yaxşı olardı ki, KİV-lər öz reportajlarında şəxslərə yox, siyasətə diqqət yetirsinlər.

(Time-ABŞ)








loading...


Fikrinizi bildirin