PROBLEMLİ KREDİTLƏRİN HƏLLİ GÜNDƏMDƏ - Güzəştlər və şərtlər necə olacaq?

Devalvasiya nəticəsində dəyən zərərin üç tərəf arasında bərabər bölünməsini təklif edilir

dollarkreditcredit-e1450852449758Problemli kreditlər məsələsi Milli Məclisin aprel ayının 3-də baş tutan plenar iclasında bir daha gündəmə gətirilib. Artıq iqtidaryönlü deputatlar belə bu problemin ciddiliyini vurğulayıb, bir an öncə həllini tapması üçün təkliflər səsləndiriblər.

Milli Məclisin deputatı Siyavuş Novruzov çıxışında bildirib ki, insanların nə üçün kredit götürdükləri məsələsi araşdırılmalıdır: “Burada hesabat verilsin ki, nə qədər insan maşın almaq üçün kredit götürüb? Nə qədər insan krediti fermer təsərrüfatı üçün götürüb? Bunlar araşdırılmalıdır. Biri özünə maşın almaq üçün götürübsə, gedib kreditini ödəsin. Bəziləri yas mərasimi təşkil etmək üçün kredit götürüb. Bu insanlar nəzərə alınmalıdır. Məcburiyyətdən kredit götürmüş insanlara güzəşt olunmalıdır. Bu kreditlər insanların maddi vəziyyətinə uyğun dəyərləndirilməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb, amma problemlərin həlli ilə bağlı bir iş yoxdur”. Digər deputatlar da məsələ ilə bağlı təkliflər səsləndiriblər.

Müzakirələrin bu cür intensivləşməsi onu deməyə əsas verir ki, problemli kreditlər məsələsi ilə bağlı yaxın zamanda konkret qərar verilə bilər. Bəs görəsən, bu güzəştlər necə və hansı əsaslarla tətbiq olunmalıdır? Problemin həlli mexanizmi necə qurulmalıdır ki, bu həm dövlət, həm vətəndaş, həm də banklar üçün sərfəli olsun?

İqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”ın suallarına cavab olaraq bildirib ki, baş vermiş devalvasiyadan sonra hansı sosial qrupa aid olmasından asılı olmayaraq, həm iqtisadi subyektlər, həm də vətəndaşlar zərər görüb: “Əgər biz müəyyən qruplaşdırma aparsaq və burada hansısa sosial qruplara hədəflənən güzəşt mexanizmləri tətbiq etmək istəsək, bu növbəti dövrlərdə diskriminasiya kimi izah oluna bilər. Ancaq mövcud vəziyyət onu deməyə əsas verir ki, faktiki olaraq hökumət bu istiqamətdə əhəmiyyətli bir addım atmaqda o qədər də qərarlı deyil. Daha çox konkretləşdirmə aparmaqla, əhatə dairəsini müəyyən qədər kiçiltməklə hökumətdən bu güzəşti qoparmaq olar. Belə olan halda məhdudiyyətlər də tətbiq oluna bilər. İlk olaraq bu məhdudiyyətlər müxtəlif kateqoriyalar üzrə qruplaşdırılmalıdır. Birincisi, valyutada olan kreditlər əsas güzəştli kateqoriya olaraq müəyyənləşdirilməlidir. Mən digər kreditlərlə bağlı da güzəştin edilməsi fikrini dəstəkləyirəm. Çünki təkcə məzənnə dəyişikliyi yox, ölkədə iqtisadiyyatın geriləməsi, gəlirlərin azalması səbəbindən də insanlar kreditləri ödəyə bilmirlər. Lakin birbaşa dövlət tərəfindən qəbul edilmiş qərar nəticəsində ədalətsiz şəkildə borc yükü ilə üzləşmiş insanlara güzəştin verilməsi dövlətin borcudur. Buna görə də mən ilkin olaraq valyutada olan kreditlərin önə çəkilməsini vacib hesab edirəm”.

İqtisadçı onu da vurğuladı ki, ötən 3 il ərzində bu kreditlərin əhəmiyyətli bir hissəsi ödənilib və bağlanıb: “2016-cı ildən əvvəl götürülmüş kreditlərin əksər hissəsi realizə olunub. Hazırda toksik aktivlərə çevrilən kreditlərin isə ödənilməsi heç bir halda mümkün olmayıb. Ona görə də, güzəştlərin tətbiqi zamanı ilk növbədə valyutada olan kreditlər əsas götürülməlidir. İkincisi, 2015-ci ilin 22 dekabrına qədər olan kreditlərdən söhbət gedir. Burada da qruplaşdırma aparmaq olar. Güzəştlər verilərkən, dolların 0.78 məzənnəsi ilə götürülən kreditlərə daha çox, 1.05 məzənnəsi ilə götürülən kreditlərə isə bir qədər az güzəşt edilməsi yanaşmasını ortaya qoymaq olar. Səbəb isə odur ki, 0.78 məzənnəsi ilə kredit götürən vətəndaşlar daha çox zərər çəkiblər. Ona görə də onlara daha çox güzəşt edilməsi məsələsi gündəmə gələ bilər.

Bundan başqa, kreditlərin təyinatı üzrə qruplaşdırma aparmaq olar. İstehlak məqsədli kreditlərlə biznes məqsədli kreditləri ayırmaq olar və hər iki istiqamətdə edilən güzəştlər üzrə faiz fərqi qoyula bilər. İstehlak məqsədli kreditlərə daha artıq güzəştin tətbiq edilməsinə ehtiyac var. Bu vəsaitlər hər hansı tələbatın ödənilməsi üçün götürülüb, bu səbəbdən növbəti mərhələdə əlavə dəyər yaratmayıb. Bu baxımdan məzənnə dəyişikliyindən sonra o borcun ödənilməsi daha ciddi çətinlik yaradır. Ancaq biznes üçün götürülən kreditlər növbəti mərhələdə əlavə dəyərin yaranmasına imkan verir və dəymiş zərərin təsirini nisbətən azaldır".

R.Həsənov vurğuladı ki, daha çox parametrlər tətbiq etməklə prosesi çətinləşdirmək də olar, ancaq o da son nəticədə borcluların güzəştlərdən yararlanma imkanını məhdudlaşdıra bilər: “Digər bir məsələ isə odur ki, Azərbaycanda kreditlər çox zaman təyinatı üzrə istifadə olunmur. Ona görə də qruplaşdırma bu mexanizm üzrə aparılarsa əslində güzəştlərin düzgün olmayan hədəf qruplarına yönəlməsinə səbəb ola bilər. Çünki bəzi hallarda istehlak məqsədilə götürülən kreditlər biznesə yönəlib, bəzi hallarda biznes kreditlərini kimsə özünə ev almağa xərcləyib. Bu baxımdan məsələnin ədalətli həlli üçün çox da dərinə getmədən, qeyd etdiyim parametrləri nəzərə almaqla güzəşt mexanizmləri hazırlana bilər.

Adətən vəzifəli şəxslər kredit götürənləri ittiham edirlər ki, insanlar gələcəkdə onu necə qaytarmağı planlaşdırmırlar. Ancaq bu açıqlamalar hazırkı situasiyada yanlışdır. Çünki indiki situasiyada zərər birbaşa dövlət qurumunun qəbul etdiyi devalvasiya qərarından qaynaqlanır. Proqnozlaşdırmanı həyata keçirmək istəyən vətəndaşlar heç də bu həddə devalvasiya olacağını müəyyənləşdirə bilməzdilər. Vətəndaşlara doğru informasiya belə verilmirdi. Devalvasiyadan bir neçə gün əvvəl belə AMB sədri yanlış informasiyalar verməklə insanlarda düzgün olmayan qərar formalaşdırdı. Bu baxımdan vətəndaşların ittiham olunması doğru deyil. Hökumət bütün bu nöqsanlarının cavabını güzəşt və kompensasiyaların tətbiq olunması ilə verməlidir".

Zərərin dövlət, bank və vətəndaş arasında 3 bərabər hissəyə bölünməsi məsələsinə gəlincə, R.Həsənov bildirdi ki, bu, mövcud vəziyyətdən yola çıxaraq gəlinmiş nəticədir: “Mənim bu məsələdə mövqeyim belədir ki, dövlət qurumunun verdiyi qərar əsasında vətəndaşa və ya biznes subyektinə dəymiş zərər birmənalı olaraq dövlət vəsaiti hesabına ödənilməlidir. Ədalətli olan budur. Lakin biz görürük ki, hökumət ötən 3 ildə bu istiqamətdə qərar qəbul etməyib. Biz indiki vəziyyətdə dövlət gəlirlərinin azalmasını, büdcə yükünü və sairi də nəzərə alaraq, məcburən bərabər bölgü mexanizmini təklif edirik. Çünki bankları da birbaşa zərbə altında qoymaq olmaz. Bu cür xilas yolu banklara da müəyyən qədər sərf edir. Vətəndaşların də ödəmə imkanı yoxdur, gəlirləri artmamaqla yanaşı, son iki il inflyasiyanın yüksək olması da gəlirləri ”yeyib". 2016-2017- ci illərdə təkcə ərzaq məhsullarının qiymətində 40 faizdən çox bahalaşma olub. Bu baxımdan bütün yükü vətəndaşın da çiyninə qoymaq olmaz. Son çarə olaraq mən zərərin üç tərəf arasında bərabər bölünməsini təklif edirəm. Ancaq ilkin variant mümkün olsaydı, mən təklif edərdim ki, bu zərər birbaşa dövlət tərəfindən ödənilsin".

635x100

Şərhlər

Hüseyin 2018-04-05 10:02:05

HÖKUMƏTİMİZ XALQIMIZIN KASIBLARIN BANK BORCUNU SİLMƏLİDİR. eLƏ HESAB ETSİNLƏR Kİ, BAŞQALARINI DEMİRIM TƏK BEYNƏLXALQ BANKDAN BİR 5 MİYARD DA YOX OLUB,OĞURLAYIBLAR VƏ HƏLƏ DƏ TAPA BİLMİRLƏR. VƏ BUNUNLA MİLLƏTİMİZİN KASDIB HİSSƏSİ BİR XEYLİ SEVİNDİRMƏK OLAR.

məmmədqulu-ya 2018-04-05 10:02:05

İlin sonu manatın məzənnəsi cavab verər sizin qaldırdığınız suala...))))))

Müəllif 2018-04-05 10:02:05

Seckiye 1 hefte qalmish padxalimlik ederek guya xalqi fikirlesirler.

məmmədqulu 2018-04-05 10:02:05

Zəhmət olmasa deyə bilərsinizmiki, Beynəlxalq Bankdan oliqarxların götürdükləri "problemsiz-ölmüş" kreditlərmi deyək, kinutmu deyək, onların taleyi necə olacaq. Siz heç onlardan danışmırsınız. Onlar da bu bədbəxt millərin belinə yazılacaqdırmı?

Sade Vetendas 2018-04-05 10:02:05

Camaatı dolamayın ya deyin güzəşt olmayacaq yada 0.78 ödəsin camaat bəlkə banklar özünə gələ.Onsuz ölü pullardı heç kim qaytaran deyil

Son yazılar