"Prezident Abbas Abbasovu vətəndaşlıqdan məhrum etsin" - ÇAĞIRIŞ

Əli Əliyev: “3 fərqli ideolojili iqtidarla "dil tapmaq" Abbas Abbasovun siyasi çevikliyindən xəbər verir”

“Bu həftə diqqət çəkən hadisələrdən biri Azərbaycanın keçmiş baş nazirinin 1-ci müavini, YAP iqtidar komandasının uzun müddət aparıcı fiqurlarından biri olmuş, həmin komanda tərəfindən "İstiqlal" ordeninə layiq görülmüş, son il yarım ərzində isə Kreml parlamentarı rolunda çıxış edərək, öz komanda yoldaşlarına təhdid dolu Rusiya fikirlərini 1-ci mənbədən çatdırmaqla məşğul olan Abbas Abbasovla bağlı oldu”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin Abbas Abbasovun “İstiqlal” ordeninin geri alınması təklifinə münasibətinin əks olunduğu məqaləsi bu sözlərlə başlayır. AzPolitika.info partiya sədrinin məqaləsini təqdim edir:

“Adı çəkilən şəxsə qarşı heç bir xüsusi şəxsi münasibətim mövcud deyil, həmişə ona YAP işbazlarından biri kimi baxmışam. Kifayət qədər məlumatlı adam mənə onun Mütəllibovun hakimiyyəti illərində Özbəkistanda "ilişdikdən" sonra Azərbaycandakı reabilitasiya prosesindən ətraflı söhbət etmişdi. Təqribən 10 il qabaq edilmiş bu təsadüfi söhbətdən əlavə bir neçə başqa mənbədən də bəzi məlumatlarım var idi. Siyasətlə məşğul olduğumdan, heç vaxt ona siyasi bir şəxs kimi qiymət verməmişdim. Lakin onun hakimiyyət uzunömürlülüyü diqqətimi cəlb edirdi. Çünki 3 fərqli ideolojili iqtidarla "dil tapmaq" Abbas Abbasovun siyasi çevikliyindən xəbər verir. Növbəti dəfə Abbasov siyasi üfüqdə 2012-ci ilin dekabrında Bakıya gəlməsi, İlham Əliyevlə görüşə bilməməsi ilə nəzərə çarpdı. Dəqiq yadımdadır ki, həmin ilin 23 dekabr tarixində Prezidentin ad gününü təbriklə əlaqədar Putinin telefon zəngindən sonra Abbasov bir daha Bakıya gəldi. Bu dəfə Əliyevin qəbuluna düşməyə nail olan YAP fərarisi mətbuata verdiyi açıqlamada Prezidenti tərif etdi, bütövlükdə iqtidar haqqında xoş sözlər səsləndirdi. Lakin 2 gündən sonra artıq Moskvada, görünür "izahat" işlərinin təsiri altında, Bakıda verdiyi açıqlamalarla ziddiyyət təşkil edən bəyanatlar verdi.

Ötən Prezident seçkiləri ilində Abbas Abbasov vaxtaşırı dövlətçiliyin əlehinə bəyanatlar səsləndirir, Milli Şuranın sədri, prezidentliyə o vaxtkı namizəd İbrahimbəyovla Rusiyada müxtəlif tədbirlər keçirir, Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyi layihəsində fəal rol alan şəxslərdən biri kimi fəaliyyət göstərirdi. "Milli Şura, Milyarderlər klubu, Kreml triadasının əlaqələndiricisi ampluasında çıxış edən keçmiş YAP funksioneri, bu fəaliyyətini Putinin Bakıya 13 avqust tarixli səfərinə qədər davam etdirdi.

Bakıda Əliyev-Putin anlaşmasından sonra ANS-in mikrofonu çox mötəbər Mirşahin tutqacında Abbasovun Moskva ofisində peyda oldu. Həmin müsahibənin pərdəarxasını bilməsəm də, cənab Ağayevin Moskvada ağırlanması sıradan hadisə deyildi. Əlamətdar məqam isə, müsahibənin axarında Əliyevə tərəf reveranslardan utanmayan və yorulmayan artıq Kreml funksioneri açıq biətdən sonra, Azərbaycana heç vaxt qayıtmayacağını, ölkənin siyasi rəhbərliyindən isə, dünyasını dəyişdikdən sonra dəfn olunmaq üçün bir qədər ərazi və izn diləyirdi. Müsahibəni izlədikdə insanın faciə yaşadığını düşündüm. Hesab etdim ki, bu edilmiş səhvlərin və naxələfliyin etirafı və halallıq yalvarışıdır.

Bütün təfərrüat bu fərdin kimliyinin dərk olunması üçündür. Qısa zaman arasında uzaqdan izlədiyim, çox yumşaq ifadə etsəm, səhvlər müəllifini son açıqlaması ilə bütün sərhədləri aşmışdır. Görün bu "ağsaqqal istiqlalçı" nə deyir: “Biz bir dəfə doğma ölkəmizi dağıtmışıq. Çox təəssüf ki, SSRİ adlı evimizi müxtəlif "milli mənzillərə"böldük. Belə unikal ölkə bir daha ələ düşməyəcək. Gəlin Rusiya Xalqları Milli məclisini ətrafında birləşək, milli-mədəni muxtariyyatımız üzrə hərəkət edək”. Keçmiş YAP-çının Dövlət müstəqilliyimizin yaranmasına keçirdiyi dərin təəssüf notlarına diqqət yetirin. Milli dövlət qurulması uğrunda Millətin cənublu-şimallı verdiyi mücadilə, tökülən qanlar, sınmış milyonlarla taleh bu adama vız gəlir. Çünki bu adam üçün görünür milli hiss və anlayış mövcud deyil. Budur dünənki YAP-çının Vətənə obyekt münasibəti. Bizlər bunu deyirik.

Maraqlı digər məsələ çoxlarının bu şəxsin nankorluğuna susmasıdır. Bircə Eldar Sabiroğlu məsuliyyəti dərk edərək, YAP-ın reputasiyasını qorumağa cəhd edir. Bununla bərabər hesab edirəm ki, Eldar bəyin Meydanlarda aldığı siyasi dərslər vətəndaş olaraq onu susmamağa təhrik edir. Bütün hallarda onun sərt təkliflə çıxış etməsi təqdir edilməlidir. Eldar bəyin İstiqlal ordenindən Abbasovun məhrum edilməsi təklifinə qoşulmaqla yanaşı, ölkə başçısını həmin şəxsin vətəndaşlıqdan məhrum edilməsi prosedurlarına başlanılması barədə göstəriş verməsini, deputat Aydın Abbasova isə Milli Məclisdən istefa verməyi təklif edirəm. Fikrimcə, bu gün Azərbaycan dövlətçiliyinə qarşı açıq təbliğat aparan atasının hərəkətlərindən sonra, ona bu mötəbər qurumda əyləşdirmiş həmin şəxs xələfinin orada yer almaq hüququ itirilmişdir. Yəqin Eldar Sabiroğlunu tanımayan deputat heç vaxt öz hesabına parlamentə seçilə bilməyəcəyinə şübhə etməz.

Son olaraq, Azərbaycan hakimiyyətinə dövlətçilik dəyərlərləri ilə etinasız davranmamağı təklif edirəm. Layiq olmayan, mahiyyətləri bu anlayışlara antoqonist olan şəxslərə ordenlərimizi kürəməyin. Dövlətin rəmzlərinə şəhidlərimizin qanı sıçrayıb, onlarla ehtiyatlı davranın. Dost və çiyindaşlarınıza, çevrənizdəkilərə daha çox lazım olana pul, obyekt, vəzifə-bir sözlə kreslo verin, bəsləridir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar