“POQONUMU CIRAN OĞLANIN...” – Bir daha yol polisi sisteminin islah olunmazlığı barədə...

reyd_yol_polisiBir neçə gün əvvəl sosial şəbəkələrdə yol polisi əməkdaşının sürücünü döyməsini əks etdirən kadrlar yayınlandı. Təəssüf ki, belə kadrlar çoxdur. Videodan görünür ki, YPX inspektoru elə yolun ortasındaca Şahpələngov soyadlı sürücünün gözünün altına nə təhər babat bir yumruq qoyubsa, sürücüdə nə şahlıqdan, nə də pələnglikdən bir əsər-əlamət saxlamayıb. Sürücü isə bu qaydasız döyüş səhnəsində heyfini onun poqonunu cırmaqla çıxa bilib.

Əslində, burada kimin-kimə daha çox xəsarət yetirdiyi bir qədər mübahisə doğurur – gözün altındakı qaraltı 3-5 günə keçib gedəcək, ancaq yol polisinin poqonunu nə qədər yerinə tiksən də, poqona dəyən dəyib artıq. Yəqin buna görədir ki, kadrlardan da göründüyü kimi, yumruqla da hirsi soyumayan YPX əməkdaşı sürücüyə nalayiq söyüşlər söyür...

Üstündən bir neçə gün keçməsinə baxmayaraq, yol polisinin adına başucalığı gətirməyən bu hadisə ilə bağlı hər hansı açıqlama və izahata rast gəlmədik. Əvəzində, belə hadisələrə şərh verən və idarənin mövqeyini səsləndirən, hamımızın yaxşı tanıdığı və hörmət bəslədiyimiz Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev vəzifəsindən azad edilərək idarənin Yol-Patrul Xidməti şöbəsinə rəis təyin edildi. Doğrusu, bilmirik bu vəzifə ilə bağlı Kamran müəllimə təbrik düşür, yoxsa “keçmiş olsun”. Çünki anladığımız qədərilə o, əvvəlkisindən fərqli olaraq, yeni vəzifəsində yollarda xidmət aparan YPX əməkdaşlarına birbaşa rəhbərlik edəcək və onların çıxardığı hoqqalara görə cavabdehlərdən birinə çevriləcək. Onlarınsa ipinin üstünə odun yığılası deyil – bunların camaata yumruq-kəllə atanı var, ana-arvad söyüşü söyəni var, qanunu və yol işarələrini düz-əməlli tanımayanı, şər atanı, böyük-kiçik bilməyəni, kol dalında, bina tinində gizlənəni, restoran qabağı pusub, ağız iyləyəni var...

Hansı birini deyəsən və mədəni, ziyalı insan olan Kamran müəllim bunların hansına görə məsuliyyəti bölüşsün? İşi ağırdır kişinin...

Tez-tez radioda ekspertlərə yol polisinin özbaşınalıqları barədə şikayətlər edilir, suallar verilir. Elə qanunsuz və yekəbaş hərəkətlərə dair suallar verilir ki, yazıq Ərşad Hüseynov bilmir nə cavab versin, dili-boğazı quruyur.

Ümumiyyətlə, son zamanlar bu verilişlərə dəvət olunan ekspertlər Kamran Əliyevin və Bakı Şəhər BDYPi-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun işini xeyli yüngülləşdiriblər. Bir növ atəşi öz üzərlərinə çəkirlər. Atəş isə səngimək bilmir. Nə qədər yazılır, pozulur, şikayətlər edilir, məhkəmələrə, hökumətə, parlamantə və s. müraciətlər olunur – xeyri yoxdur! Azərbaycanda korrupsiyanın alınmaz qalasına çevrilən yol polisi sistemi islah olunmur ki, olunmur. Və inanın ki, heç vaxt da islah olunmayacaq. Elə kadrlarını izlədiyiniz son hadisə də buna sübutdur. YPX əməkdaşı “mənim poqonumu cıran oğlanın...” deyə ədəbsiz söyüşlər söyür – guya poqon qədri bilir. Özü poqonuna hörmət qoysaydı, kimsə o poqona toxunmağı ağlının ucundan keçirərdimi? Gör vətəndaş hansı həddə çatdırılıb ki, Azərbaycan kimi hüquq-mühafizə orqanlarının kifayət qədər ciddi və sərt metodlardan istifadə etdiyi bir ölkədə, bunun cəzasını göz önünə alaraq, yol polisinin poqonuna əl uzadır...

Elə hörmətli Kamran müəllimin özü dəfələrlə YPX avtomobilləri və əməkdaşlarının sayının həddən artıq çox olmasına dair iradlara cavab olaraq deyib ki, hələ bu qədər nəzarət olmasına rəğmən, tez-tez ağır yol hadisələri baş verir, gör əməkdaşlar və nəzarət azaldılsa nə olar? Arqumentə baxın. Belə çıxır ki, ümumiyyətlə yol polisi adlı qurum ləğv edilən ölkələrdə bu dəqiqə yollarda qan su yerinə axır?!

Bəlkə ağır yol qəzalarının səbəbini başqa yerdə axtarmaq lazımdır - məsələn sürücülük vəsiqələrinin pulla satılmasında? Nə qədər ki, hər əlində 800-1000 manatı olan savadsız qaçıb rüşvət verərək, vəsiqə ala biləcək, bu ölkədə hər kilometrə 100 YPX BMV-si qoysanız da, xeyri olmayacaq!

Əksinə, addımbaşı sürücünün başının üstünü kəsdirən, yol hərəkəti iştirakçılarını gərginlikdə saxlayan, lazım oldu-olmadı özləri kobud şəkildə qayda pozan, qanunlardan və ədəb-ərkandan bixəbər, büdcəyə on milyonlara başa gələn BMV-lər və digər bahalı avadanlıqlarla təmin olunan və bunu haqqını məlum yollarla ödəyən bu qurumun bir çox əməkdaşı xidmətlə yox, camaata zillət verməklə məşğuldur. Bəzi inspektorlar özündən üstün və imkanlı, vəzifəli dayılar və xalaların qarşısında “çest verib”, kasıb-küsubun qarşısında isə əzrayıla dönməklə, bu strukturu ayrıseçkilik, ədabazlıq, yekəxanalıq mənbəyinə çeviriblər. Çox vaxt “Papaların gül balaları” bir-birinin qarşısındakı üstünlüklərini YPX əməkdaşlarının onlara olan münasibəti və görməmişliyin daha bir əlaməti olan maşınlarının nömrələrinin "krutoyluğu" ilə ölçürlər.

vaqif_asadov_1

Yeri gəlmişkən, jurnalistlərin binasından ev uman və ciddi mənzil problemi yaşayan (!) hörmətli Vaqif Əsədovun özünün xidməti avtomobilinin də nömrəsi "krutoy"dur - 99-YP-333! Heç nəyə eyham vurmuruq. Kimsə bunu hər zaman sürücülər və YPX əməkdaşları üçün nümunə göstərməli olan Vaqif müəllimin sadəlikdən və təvazökarlıqdan uzaq bir nömrə seçim etməsi kimi qiymətləndirə bilər, ancaq biz qətiyyən belə fikirlərə qoşulmuruq və əminik ki, bu nömrə təsadüfən onun avtomobilinin payına düşüb...

Sonda yenə bu kadrlara bir daha qayıdaraq, ancaq bir qənaətə gəlmək olur - qanunlara və həmvətənlərinə qarşı hörmətsizliyi adi hala gətirən bəzi yol polisi əməkdaşları özlərinə və vətəndaşlara qarşı münasibətlərini dəyişə bilmirlərsə, heç olmasa poqonlarının ipini daha bərk materiala dəyişsinlər...

Cəlal Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

X 2018-04-08 19:06:55

Olkemizde ne qeder dilenci var bilmirem deqiq bilirem polislerin sayi qeder dilencinin oldugunu dilenciye vermirsen gedir bunlara hunerindi verme yaxandan el cekmezler.Bezen deyirler maasia islemirler ki cax cuxlari olur yeni dilenirler

cəngərlik sakini 2018-04-08 19:06:55

BAXIN ...ÖZÜ PAQONUNU CIRIB....hacı məmmədova NƏ ETDİLƏR Kİ........

Emin 2018-04-08 19:06:55

Yaziya gore muellife tesekkur. Esas bela suruculuk vesiqesinin satilmasindadir. Qezalarin artma sebebi tek budur. Diger mesele , dovletin milyonlarla vesaiti kamera radar sistemine serf olunur. Xaldan Agdash arasinda yollara goyulmush kamera ve radarlarin sayi Tel Eviv - Yeruselim arasinda olan cihazlardan 10 defe chixdur. Ve o yolda bir patrul mashini gormedim, baxmayaraq ki, etrafi dushmenlerin ehatesindedir. Mence artiq yol polisini legvi zaman meselesidir. Bu geder de olmaz.

Azerbaycanli 2018-04-08 19:06:55

Yol hereketi qaydalarinin hedden cox pozulmasi avtoqezalarin hedden artiq olmasinin esl sebebkari YPX-da yiqilan ruwvetdir.On gore ki, suruculkden xeberi olmayanlara suruculyk vesiqesinin DOVLET idaresinde widirqi alveri gedir ki,bu sebebden de QARABAQ muharibesinden de cox adam olub ve wikest olub.DYP 1000 AZN ruwvete gore xalqi niye yollarda qirir? meger rehberlik bunu bilmirmi?Bilirse niye tedbir gormur?Bilib tedbir gormurse demeli xalqa qarwii inzibati terror kiml bir weydir.Xalq yaziqdiYPXa mesullari!

Əkbər 2018-04-08 19:06:55

Hörətli nazir Usubov DYP-nin 90-YP-692 markalı maşınını idarə edən biri zabit biri serjant olan əməkdaşları 07.04.2018 tarixində pul qopartmaqla bizdən əl çəkdilər. Xahiş edirəm ölçü götürəsiniz.

sezar 2018-04-08 19:06:55

Biri danışır ki,axşam "planı" verə bilmədiyim üçün, rəis mənə dedi ki,get ərizəni yaz, çıx işdən.Mən də eləmə tənbəllik lap yuxarıdakı adama hadisəni olduğu kimi çatdırmaqla şikayət etdim.Əvəzində o adam mənə dedi ki,a bala işləyə bilmirsənsə,ərizəni yaz çıx işdən.Bu lətifəyə oxşayır,amma həqiqətdir.

Müfəttiş 2018-04-08 19:06:55

Özləri poqonlarını qopararaq, üzüyola olmayan sürücülərə daha ciddi ittiham irəli sürmək, bunların q.... priyomlarından ən birincisidir....

Məlikməmməd 2018-04-08 19:06:55

Yazını oxuyarkən bir anekdoy yadıma düşdü: Bir qadın uşağı ilə tanışları gilə qonaq gəlir.Uşaq hər gecə yatağı isladır və bu bir neçə gün beləcə davam edir.Sonda ev sahibi uşağın anasından soruşur ki, uşaq xəstə deyil? Anası cavabında deyir: Nə qədər ki,iti pilləkana bağlamısınız,uşaq yerini iskladacaqdır.DYP-də bunun kimi.Köklü dəyişikliyə ehtiyac duyulur.

G.M 2018-04-08 19:06:55

Bu məsələlərin həlli yolu çox müşküldür.YPX əməkdaşları daldaya düşəndə and içib deyirlər ki,onlara ``plan`` qoyurlar..Nə yolla olursa olsun iş gününün sonunda ``plan`` dolmalıdır.Ona görə də hər oyundan çıxırlar ki,pulu düzəldib rəisə çatdırsınlar.

sürücü 2018-04-08 19:06:55

Vaqif Əsədovun Binəqədidə (xutor) 3 mərtəbəli bahalı , 3 metrə hündürlükdə daşla üzlənmiş hasarlı iqamətgahı olduğu halda ona jurnalistlər evində daha bir ev verilir? Maraqlıdır! Bu binanın qabağında obed vaxtı elə 333 nömrəli avtomobil dayanır.

ilqat 2018-04-08 19:06:55

GM dostum cox duz deyirsiniz aciqda deyirler guya basdakilar bilmir ozleri deyir edin qorxmayin

turan 2018-04-08 19:06:55

Yazırsız ki,Yol Polisi düzəlmir,buranı düzəltmək müşkül məzəsləyə çevrilib...Deyin görək bu 20 ildə onu kimsə düzəltməyə çalışdı ki, düzəlməsin..

Son yazılar