PUTİNİN QARŞISINDA DURAN ƏN ÇƏTİN PROBLEM – Rusiya əhalisi sürətlə qocalır və azalır!

Dərc olunub: 09/04/2018 - 15:32

“İkinci Dünya Müharibəsinin nəticələri Putinə problemlər yaradır”

putin01

Vladimir Putinin uşaqlığının keçdiyi evin yaxınlığında bir qəbiristanlıq var ki, orada İkinci Dünya Müharibəsi zamanı Leninqrad şəhərinin nasistlər tərəfindən blokadaya alınması nəticəsində aclıqdan ölmüş yarım milyon insan basdırılıb. Onlar arasında Rusiya prezidentinin böyük qardaşı da da var. Onda Putin hələ dünyaya gəlməmişdi.

Stalindən sonra hakimiyyətdə ən çox qalan Putin, bəlkə də özünün sonuncu prezidentlik müddətinə başlayıb. Bəşər tarixində ən qanlı münaqişə olmuş İkinci Dünya Müharibəsi indi ona problemlər yaradır.

Sovet İttifaqının bu müharibədəki itkiləri, rəsmi məlumatlara görə 27 milyon nəfər olub ki, bu da Amerika və Britaniyanın itkilərindən 60 dəfə çoxdur. Bu, demoqrafların “dalğa” adlandırdıqları, yəni əhalinin sayının artıb-azalması hadisəsinin səbəbi oldu. İndiki vəziyyətdə sözsüz ki, tendensiya azalmağa doğrudur. Belə dalğavari hərəkətlənmələr bir neçə nəslin həyatı boyu davam edəcək. Digər tərəfdən kommunizmin 1991-ci ildəki çökməsi də yaranmış problemlərin nəticəsi kimi qəbul olunmalıdır.

“Bloomberg Economics” şirkətinin Rusiya üzrə mütəxəssisi Skott Conson qeyd edir: “Putin insanların dəstəyinə ümid bəsləyə bilər. O, keçən ay heç bir çətinlik çəkmədən yenidən prezident seçildi. Lakin prezidentlik müddətinin sonunda onun dayaq kimi söykənə biləcəyi insanların sayı az olacaq”.

Onilliklər ərzində Rusiya əhalisinin sayı 144 milyon səviyyəsində olub, lakin hal-hazırda əhalinin sayı yenidən azalmağa başlayır. Bu isə Putinin növbəti altı ildəki planlarının reallaşmasına təhlükə törədir. Hətta Krımın 2,3 milyon əhalisinin Rusiya əhalisinə əlavə olunması da 2032-ci ildə uşaq dünyaya gətirə biləcək qadınların sayının gözlənilən azalmasını kompensasiya edə bilməyəcək.

BMT-nin proqnozuna görə, kəskin doğum artımı və ya əsasən Orta Asiyadan gəlmiş immiqranların sayı nəzərə alınmazsa, 2050-ci ildə Rusiyanın əhalisi 119 milyona qədər azalacaq. İndi 65 yaşlı Putin üçün demoqrafiya yenidən mühüm məsələyə çevrilib.

Putin müharibədən sonrakı doğumun güclü artımının ilk dalğası dövründə dünyaya gəlib və o, prezident kimi Rusiyanı “demoqrafik çuxur”dan çıxara bilib. O, orta yaş həddini 65-dən 73-ə qaldırmağa müyəssər ola bilib. Belə bir nəticəni çox az ölkə təkrarlamaq iqtidarındadır. Lakin bu, nəsillər miqyasındakı balans pozuqluğunu yalnız cüzi şəkildə dəyişib. Keçən il Rusiyadakı doğum səviyyəsi 11 % azalıb.

Doğumun səviyyəsi bütün dünyada azalır və Avropada keçmiş kommunist dövlətlərindəki əhalinin sayı daha sürətlə aşağı düşür. Amma heç bir böyük dövlət Rusiyadakı əhalinin sayı ilə bağlı yaş qrupları arasında yaranmış kəskin uçurumla üzləşməyib.

putin

Əhalinin siyahıya alınması göstərir ki, məsələn, rusiyalıların əmək qabiliyyəti olan ən yuxarı yaş qrupundakıların sayı (55 yaşdan 59 yaşınadək) ən aşağı yaşdakıların (15 yaşdan 19 yaşınadək) sayından 70 faiz çoxdur. Müqayisə üçün deyək ki, bu cür uçurum Yaponiyada 30%, ABŞ və Böyük Britaniyada 10 %-dir.

Bu uçurum işverənləri işə daha gənc əməkdaşların cəlb olunmasından məhrum edir və həmçinin də hökumətin səhiyyədən və təhsildən tutmuş polsə və ictimai nəqliyyata qədər, bütün sahələrdəki səmərəli fəaliyyətini çətinləşdirir.
Moskvada yerləşən “Antal İnternational” rekrut agentliyinin kommersiya direktoru Lyuk Cons deyib: “Əksər şirkətlər daha gənc nəslin nümayəndələrini işə götürmək istəyirlər. Rusiyada əmək bazarında vəziyyət ilk əvvəl çox mürəkkəb olacaq və yalnız sonradan yaxşılaşacaq”.

Putin özünün Federal Məclisə ünvanladığı müraciətində yoxsulluq səviyyəsinin iki dəfə azaldılması, Rusiyanı dünyanın beşinci iqtisadiyyatı edilməsi və demoqrafik məsələlərin həlli ilə bağlı qarşılarında bir sıra tapşırıqların durduğunu deyib. Amma qarşıya qoyulan məqsədlərin necə yerinə yetiriləcəyi hələlik aydın deyil.

Əmək qabiliyyətli kişilər arasında ölüm göstəricisi daha yoxsul ölkələrə xas olan səviyyədədir. Bunun səbəbi əsas etibarıyla iş yerlərində baş verən bədbəxt hadisələrlə bağlıdır. Amma bununla yanaşı orta yaş həddinin yüksəlməsi təqaüdlərin verilməsinə daha çox pul xərclənilməsinə gətirib çıxarır ki, bu da son iyirmi ilin ən uzun sürən iqtisadi tənəzzülündən çox ləng çıxan Rusiya üçün problemlər yaradır.

“S&P Global Ratings” şirkətinin məlumatına görə, cəsarətli təşəbbüslər həyata keçirilməzsə Rusiyada təqaüdlərə ödənən pul durmadan artacaq. İlk uşağın doğulmasına görə valideyinlərə verilən pullar doğumun səviyyəsini yüksəldə bilər, amma bu indiki vəziyyəti qısa müddətə dəyişə bilməz.

Moskva Dövlət Universitetinin demoqrafiya laboratoriyasına (iqtisadiyyat fakültəsində) rəhbərlik edən Valeri Elizarov deyib: “Bu gün biz ən pisə və ən mürəkkəb dövrdəyik. Say baxımından böyük olan nəsil gedir, onun yerinə isə sayı az olan nəsil gəlir və ona görə də, biz ildə milyonlarla işçi itiririk”.

Mərkəzi Bankın ekspertlərinin fikrincə, qadınlar üçün aşağı təqaüd 55 yaş, kişilər üçün isə 60 yaş iqtisadi böyüməni ildə 2 faiz ləngidən əsas “struktur problemlər”dən biridir. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün Putinin bu səviyyəni qaldırmaqdan savayı heç bir çıxış yolu olmayacaq.

Amma hər halda bu cür addım çox ciddi siyasi nəticələr verə bilər. Keçmiş maliyyə naziri Aleksey Kudrin gələcək səkkiz ildə bu addımın atılmasını çox vacib sayır. İşləyənlərin sayının az olması istehlakçıların sayının da az olması anlamına gəlir və ümumi yekunda bazarın həcmi daralır. ”Renessans Kapital” şirkətinin mütəxəssislərinin fikrinə görə, əhalinin sayının bir faiz azalması hər beş ildə Ümumi Daxil Məhsulun böyüməsinin 1% aşağı düşməsi deməkdir.

“Bloomberg” şirkətindən Skott Conson daha mühafizəkar qiymətləndirmə aparır. O, bildirir ki, Putinin növbəti prezidentlik müddətində ÜDM məcmu azalması 2,5 faiz təşkil edəcək.

Ali İqtisad Məktəbinin sosial araşdırmalar şöbəsinin direktoru Liliya Ovçarova hesab edir ki, Putin özünün dövlət aparatında dərin iqtisadi islahatlar aparmadan həlledici sıçrayışlar həyata keçirə bilməyəcək, çünki mövcud problemlərin həlli üçün sürətli variantlar artıq qalmayıb.

L.Ovçarovanın fikrinə görə, mobil işçi qüvvəsində yaranmış vəziyyətin yaxşılaşdırılması üçün “fasiləsiz təhsil mədəniyyəti” lazımdır. Bundan başqa daha səriştəli işçilərin cəlb edilməsi və həmçinin də uşaqların yeni iqtisadi reallığa hazırlanması işi görülməlidir. Ovçarova deyir: “Əgər doğum səviyyəsi aşağıdırsa, onda biz yalnız istedadlı uşaqlara deyil, hər bir uşağın qabiliyyət və bacarığına sərmayə yatırmalıyıq. Pedaqoqlar və psixoloqlar məktəbdə böyük uğur qazana bilməyən uşaqların üzərində işləməlidirlər”.

(Bloomberg-ABŞ)


loading...




Fikrinizi bildirin