“Biz mütləq yeni ixrac bazarlarına üz tutmalıyıq” - Prezident İlham Əliyev

“Kənd təsərrüfatında artım 4,2 faizdir, yaxşı göstəricidir, xüsusilə bitkiçilikdə. Bunun böyük hissəsi pambığın istehsalı ilə bağlıdır. Biz növbəti illərdə əlbəttə ki, ərzaq təhlükəsizliyi məsələlərinə daha böyük diqqət yetirməliyik, xüsusilə taxılçılığa və heyvandarlığa”.

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Dövlət başçısı qeyd edib ki, taxılçılıq, heyvandarlıq ərzaq təhlükəsizliyini təmin edən əsas sahələrdir: “Bilirəm ki, dövlətin dəstəyi ilə və özəl qurumların fəaliyyəti nəticəsində buğda əkini genişlənir, yeni əkin sahələri dövriyyəyə çıxarılır, suvarma işləri təmin edilir. Bu sahəyə çox ciddi diqqət göstərilməlidir ki, biz özümüzü əsas ərzaq məhsulları ilə tam təmin edə bilək. Biz indi ət, süd məhsulları ilə özümüzü təqribən 80-90 faiz səviyyəsində təmin edirik, amma buğda ilə təminat sahəsində bu rəqəm daha aşağıdır. Ona görə, növbəti illərdə bu sahəyə və eyni zamanda, quş ətinin istehsalına daha böyük diqqət yetirilməli və investisiyalar qoyulmalıdır”.

Prezident İlham Əliyev yaradılmaqda olan 45 aqroparkın Azərbaycanın ixrac potensialının böyük dərəcədə artıracağına əmin olduğunu vurğulayıb: “Bu aqroparkların 28-i bitkiçilik, 17-si isə heyvandarlıq kompleksidir. Bu, həm ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət göstərəcək, eyni zamanda, ixrac imkanlarımızı genişləndirəcək. Biz mütləq yeni ixrac bazarlarına üz tutmalıyıq. İndi bu istiqamətdə işlər gedir, müxtəlif ölkələrə ixrac missiyaları ezam edilir. Daha da fəal olmalıyıq və daha ciddi nəticələr olmalıdır ki, kontraktlar imzalansın və bizim məhsulumuz növbəti, yəni, yeni bazarlara çıxa bilsin. Təbii ki, ənənəvi bazarlarda yerimizin möhkəmləndirilməsi istiqamətində addımlar atılır. Hazırda Azərbaycanda 400 hektarda, ondan da çox sahədə yeni istixana kompleksləri yaradılır. Onların bir hissəsi artıq fəaliyyətə başlayıb. Bu istixanaların əsas bazarı xarici bazarlardır. Çünki biz özümüzü tərəvəzlə artıqlaması ilə təmin edirik”.

Dövlət başçısı bildirib ki, kənd təsərrüfatı texnikasının alınması prosesi bundan sonra da davam etdiriləcək: “Bu il bu məqsədlər üçün 160 milyon manat nəzərdə tutulur, ən azı 5 min texnika gətirilməlidir. Keçən il 10 min texnika gətirilmişdir, amma bu proses davam etməlidir. Çünki bizim hələ köhnədən qalan texnikamız kifayət qədər çoxdur, sıradan çıxan var. Biz texnika parkımızı tam müasirləşdirməliyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar