“HAZIRLAŞ RUSİYA, RAKETLƏR GƏLİR!” - Tramp Moskvanı hədələdi

ABŞ prezidenti Donald Tramp Rusiyanın Livandakı səfirinin Suriyaya tərəf buraxılan bütün Amerika raketlərini vuracaqları barədə bəyanatına özünün Tvitter bloqunda reaksiya verib.

“Rusiya Suriyaya tərəf buraxılan bütün raketləri vurmağı vəd edir. Hazırlaş, Rusiya, onlar uçacaqlar. Onlar yaxşı, yeni və “ağıllı”dır! Öz vətəndaşlarını öldürən və bundan həzz alan “qazlı heyvan-qatili” dəstəkləmək lazım deyil!”-Donald Tramp yazıb.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları Suriya üzərində patrul uçuşları keçirir. Virtualaz.org xəbər verir ki, Britaniyanın «Sky News» telekanalı qırıcıların Homs əyalətinin sərhədyanı Əl-Tanif şəhəri üzərində alçaqdan uçuşlar keçirdiyini bildirir. Digər məlumata görə ABŞ-ın başçılıq etdiyi koalisiyanın təyyarələri İraq və İordaniya səmalarında da görünüb. Britaniya nəşrləri onu da bildirir ki, İraq-Suriya sərhədi boyu koalisiya təyyarələrinin uçuşlarını müşahidə etmək mümkündür.

Xəbər verildiyi kimi ABŞ prezidenti Donald Tramp Suriya rejiminin Dəməşq yaxınlığında kimyəvi silah işlətməsinə cavab olaraq hərbi tədbirlər görəcəyini, qərarın 72 saat ərzində veriləcəyini bəyan edib. Bu müddətin başa çatmasında saatlar qalır.

Xəbərlərə görə Suriya rejiminin qüvvələri də öz bazalarında döyüş hazırlığı vəziyyətindədir və ABŞ-ın raket zərbələrinə hazırlaşır.

 

Bundan əvvəl Rusiyanın Livandakı səfiri Aleksandr Zasıpkin “Al-Manar” telekanalına müsahibəsində bildirib ki, onun ölkəsi Suriya ərazisinə buraxılan “istənilən raketi” vurmağa hazırdır. Diplomat bunu öz fikri kimi yox, Rusiya rəhbərliyinin rəsmi mövqeyi kimi çatdırdığını deyib. “Əgər Amerika zərbə endirsə raketlər vurulacaq, habelə raketlərin buraxıldığı nöqtələrə zərbələr endiriləcək”-səfir deyib.

Öz növbəsində Böyük Britaniya birləşmiş silahlı qüvvələrinin komandanı, general Riçard Berons BBC-yə müsahibəsində deyib ki, rusiyalı diplomat gərək sözlərini diqqətlə seçib danışaydı. Generalın bildirdiyinə görə, əgər ruslar ancaq raketləri vurmağa hazırlaşırsa onlar bunu tam uğurlu həyata keçirə bilməzlər. Əgər səfir Zasıpkin “start platformalarına zərbə” dedikdə raketlərin buraxıldığı ABŞ gəmilərini və sualtı qayıqlarını, təyyarələrini nəzərdə tutursa bu artıq müharibə deməkdir.

Bu arada Suriya hərbi komandanlığı ABŞ-ın gözlənilən raket zərbələrinə görə döyüş aviasiyasının əsas hissələrini Rusiyanın Hmeymim aviabazasına köçürüb. Virtualaz.org xəbər verir ki, bu barədə “Le Figaro” Suriyadakı mənbələrə istinadən yazır. Habelə Əsəd rejimi qüvvələrinin bir sıra komanda məntəqələri də evakuasiya olunub.

“Hələ həftənin əvvəlindən suriyalılar özlərinin əsas aviabazalarını tərk etməyə başladılar”-Yaxın Şərq üzrə ekspert adının çəkilməməsi şərti ilə deyib.

Məlumata görə Dəməşq yaxınlığındakı Dumeyr şəhərində yerləşən hərbi aerodromdan bütün personal evakuasiya olunub. Şərqi Qutaya zərbə endirən təyyarələr məhz həmin bazada yerləşirdi. Habelə Suriya ordusunun əsas komanda məntəqələri boşaldılıb.

Suriya rejiminin döyüş aviasiyasının əsas hissəsinin Hmeymimə köçürüldüyünü qəzetin Suriyadakı “əsas mənbəsi” də təsdiqləyib. Bununla da Suriya rejimi döyüş qabiliyyətli texnikanı Amerikanın raket zərbələrindən qorumağa çalışır. Çünki Hmeymim aviabazasının ABŞ-ın hədəfləri sırasında olmadığı təxmin edilir.

Le Figaro” onu da xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusunun “Qüds” qvardiyasının komandanı general Qasım Süleymani də hazırda Suriyadadır. O, Suriyadakı 2 minə qədər İran hərbçisinin Amerikanın mümkün zərbələrinə qarşı necə hərəkət edəcəyini müzakirə edir.

 

Xatırladaq ki,aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib. ABŞ başda olmaqla Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsinin cavabsız qalmayacağını bildirib.

635x100

Şərhlər

G.M 2018-04-11 15:19:30

ABŞ ,Yeni raketlərini canlı sınağa ``Paliqona`` Suriyaya gətirir.Həm ticarət,həm də ziyarət.Diktaturanın faciəli sonluğu yaxınlaşır.Uzaqbaşı İraqda olduğu kimi Moskva bəhanə tapıb ortadan çıxacaq.

Son yazılar