Nə var-nə var, dünya təcrübəsində belə bir şey var...

Ənənəvi “elmlər namizədi”ni “Fəlsəfə üsrə baytarlıq doktoru”na çevirməklə beynəlxalq məkana inteqrasiya görüntüsü yaratdıq...

Nadir İSRNadir İSRAFİLOV

Yəqin təhsil sahəsi ilə yaxından-uzaqdan maraqlanan adam bilməmiş deyil ki, M.V.Lomonosov adına MDU-nun rektoru, Rusiya Rektorlar Ittifaqının prezidenti V.Sadovniçiy bir müddət əvvəl Boloniya sisteminə qoşulmağı səhv addım kimi qiymətləndirmiş, yenidən 5 illik ali təhsilə qayıdılması barədə çağırış etmişdi.

“Biz təhsil reformasında çox səhvlər etmişik və imkanları əldən buraxmışıq. Mayatnik kimi, bir küncdən digər küncə tullanırıq. Sovet İttifaqında təhsil sistemi unikal idi, o özünü sübut etmişdi. Amma sonra biz başqa sistemləri, məhz dünyada mövcud olduqları üçün, köçürməyə başladıq. Biz var gücümüzlə çığırırdıq: “Texnikum və peşələri dağıtmayın”. Dağıtdılar, özəlləşdirdilər. İndi biz dağılan zərrəcikləri toplayırıq”.

Sözümün canı nədir? Sitat: “Məhz dünyada mövcud olduqları üçün, köçürməyə başladıq”. Dünyada, deyək ki, Avropanın bir sıra ölkələrində və ya ABŞ-da eyni cinslilərin nikahı normal hal sayılır. Uzaq şərqin Gündoğan ölkəsində siçovul tabakası, digər qonşu ölkələrdə böcək və həşaratlardan hazırlanmış souslar ən delikates yeməklərdir. Niyə məhz dünyada mövcud olanları digər sahələrə deyil, məhz təhsil sahəsinə tətbiq etmək üçün bu qədər əldən gedirik?

Təhsilin vəzifəsi təhsilalanlara sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər aşılamaq, onları müstəqil həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq kimi müəyyənləşdirildiyi halda, təhsilalanlarımız müstəqil həyatda özlərinə yer tapmaqda, səmərəli əmək fəaliyyətinə qoşulmaqda çətinliklərlə üzləşir, özlərinə karyera qurmaq üçün əlavə hazırlıq keçməli, müvafiq kursları bitirməli, təlimlərə, treninqlərə, əlavə olaraq müsabiqə, müsahibə və imtahan prosedurlarına cəlb olunmalıdırlar.

“Təhsil haqqında” Qanunun 1.0.34. maddəsinə əsasən magistratura – ali təhsilin ikinci səviyyəsi, 1.0.35. maddəsinə əsasən isə magistr - magistraturanı bitirmiş şəхslərə verilən ali elmi-iхtisas dərəcəsidir (1.0.7. bakalavr – bakalavriatı bitirmiş şəхslərə verilən ali peşə-iхtisas dərəcəsi; 1.0.8. bakalavriat – müvafiq ixtisaslar üzrə geniş prоfilli mütəхəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi.). Belə bir təsnifat bir çoxlarına bakalavriat təhsilinin yarımçıq, kollec, “köhnə dildə” desək - texnikum səviyyəsi kimi dəyərləndirməyə, magistraturanı bitirənlərə isə sadəcə olaraq əvvəllərdə olduğu kimi ali təhsili bitirənlər kimi yanaşmağa “əsas” verib.

Həmin Qanunun 22.3.maddəsinə əsasən “Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta iхtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil prоqramları üzrə geniş prоfilli ali təhsilli mütəхəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqоji fəaliyyət istisna оlmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

Elə həmin Qanunun 22.4. madəsinə əsasən isə “Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı iхtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqоji işlərlə məşğul оlmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

İndi gəlin görək, bəhs etdiyimiz Qanunun “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” müddəasındakı qaydalar hansı səviyyədə və ya dərəcədə müəyyən edilib və müəyyən edilən qaydaların mexanizmi nə dərəcədə işləkdir? Hazırda, bakalavriat və maqistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə işə düzəlməsi müşkülə çevrilib. Özünə hər hansı bir münasib iş tapmaq üçün, CV deyilən anketini min bir təşkilata göndərməlisən. İşdir, sənə hansısa bir iş təklifi gəlsə, yenidən hansısa əlavə kursları bitirməyin, təcrübə toplamaq məqsədilə sınaq mərhələsini keçməyin, müsabiqə və imtahanlarda iştirak etməyin tələb olunacaq.

Digər bir məsələ. Bəyənmədiyimiz Sovet dönəmində təhsil məktəbəqədər tərbiyədən başlamış, texniki-peşə təhsili də daxil olmaqla, ümumi orta təhsil, orta ixtisas təhsili, ali təhsil və akademik təhsil sayılan aspirantura pillələrindən formalaşırdı. Ümumtəhsil məktəblərində ümumi təhsil üç səviyyədə həyata keçirilirdi - ibtidai təhsil, əsas (natamam orta) təhsil və orta təhsil. Ölkəmizdə ümumi orta təhsil icbari idi. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin II bəndində "Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir" müddəası təsbit edilmişdi.

Ölkəmizdə ümumi orta təhsil hal-hazırda da icbaridir, lakin necə? Çox sadəcə... Konstitusiya ilə ziddiyyət təşkil etməsin deyə, əvvəlki təsnifatdakı “əsas” (natamam orta) təhsil pilləsini “ümumi orta təhsil”, ümumi orta təhsil pilləsini isə “tam orta təhsil” etməklə, “ümumi orta təhsil” pilləsi yenə də icbariliyində, Əsas Qanunumuz da ki, toxunulmazlığında qaldı.

Buna müvafiq olaraq, IX və XI sinifləri bitirənlərə verilən dövlət təhsil sənədinin adı eyniləşdirildi. Yəni, onlardan birinin şəhadətnamə, digərinin isə attestat adlandırılması mahiyyət etibarilə məqbul sayılmadı. Ona görə də ümumi orta təhsil səviyyəsini bitirmiş məzunlara verilən təhsil sənədinin “ümumi orta təhsil haqqında attestat” adlandırılması məqsədəuyğun hesab edildi.

Eyni zamanda, yeni attestatların formatı da təkmilləşdirilib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” və attestat nümunələri yeni redaksiyada təsdiq edilib.

IX sinifləri “ümumi orta təhsil” qrafasına salaraq, “dünya təcrübəsində də belə bir şey var” düşüncəsi ilə onlara da attestat verməklə baxın nəyə nail olduq: “IX sinifdə buraxılış imtahanını verdikdən sonra 30% şagird X-XI sinfə keçmir. Onlar məktəbi atıb, əmək bazarına gedirlər. Peşə məktəblərinə isə cəmi 1-2% şagird gedir”. Bir halda ki, 12 illik təhsili hədəfləmişik, olmazdımı bir az da səbr edib, birdəfəlik 10+2 sisteminə keçəydik?

Bir vaxt gələcək, biz də bu “dağılan zərrəcikləri toplamaq” zorunda qalacağıq. Necə ki, gec də olsa, dağıtdıqlarımızı yığmasaq da, heç olmasa ara-sıra bunu etiraf edirik...

635x100

Şərhlər

valideyn 2018-04-16 00:34:41

Nadir müəllim hələ yaxşı ki siz varsınız Etibar müəllim var Əjdər müəllim var vaxtaşırı təhsil problemlərinə diqqəti çəkirsiniz. Vallah-billah sizlər olmayan gün heç dəsmal götürüb ağlayan da olmayacaq. Son 20 ildə təhsildə nə yenilik etsələr ziyanımıza olur.

ARİF 2018-04-16 00:34:41

MƏN BELƏ HESAB EDİRƏM Kİ, SOVET TƏHSİL SİSTEMİ İNDİKİ TƏHSİL SİSTEMİNDƏN QAT-QAT YAXŞI İDİ.

Son yazılar