“Yeni nazir çevik olmalı, bütün təhsil sistemini görə bilməlidir” - EKSPERT

“Mən düşünürəm ki, regionlarda məktəblərin tam Təhsil Nazirliyinin tabeçiliyinə verilməsinin və eyni zamanda yerli təhsil şöbələrinin rayon icra hakimiyyətlərindən asılılığının azaldılmasının vaxtı çatıb”.

Bunları Moderator.az-a açıqlamasında fəlsəfə doktoru, tanınmış təhsil eksperti Etibar Əliyev son zamanlar məktəblərdə baş verən hadisələrə münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, məktəblərdə bu cür neqativ halların baş verməsi yaxşı hal deyil. “Ümumiyyətlə məktəblərdə bu cür neqativ hadisələrin olması yaxşı hal deyil. Son zamanlar bir tendensiya özünü açıq-aşkar göstərir ki, bu cür hadisələr daha çox regionlardakı məktəblərdə baş verir. Bu ondan irəli gəlir ki, məktəbin tabeçiliyi mövcud deyil və məsuliyyət məsələsində, mən deyərdim ki, yerli icra hakimiyyəti və rayon təhsil şöbəsi bu məsələlərdə bərabər məsuliyyət daşımırlar. Digər tərəfdən məktəblərdə müəllimlər və məktəb rəhbərliyi sovet dönəmində tərbiyəçi funksiyasını daşıyırdılar. İndi çox təəssüflər olsun ki, müəllim dərsini deyən kimi ya evə qaçır, ya da uşaq hazırlamağa gedir. Bu, məktəbə olan münasibətin bir hissəsidir”.

Ekspert deyib ki, regionlara təyin edilən məktəb direktorları rayon rəhbərliyi ilə problem yaşayır: “Son vaxtlar Təhsil Nazirliyi məktəb direktorlarını seçib göndərirdi, yəni müəyyən imtahandan sonra məktəb direktoru təyinatına yol verilirdi. Ancaq regionlarda çox ciddi bir məsələni deyim ki, bu, baş tutmurdu. Yerli icra hakimiyyətləri həmin direktorlarla işləmək istəmirdilər və direktorla rayon rəhbərliyi arasında dərhal konflikt yaranırdı. Əgər məktəbdə direktor başqa problemlərin həlli ilə məşğuldursa, bu cür hadisələr məktəblərdə baş alıb gedəcək. Ona görə də məktəb çox həssas bir qurumdur və hamının nəzarətində olmalıdır”.

Ekspert qeyd edib ki, müəllim məktəbə bağlanmasa, belə hadisələr baş alıb gedəcək: “Mən düşünürəm ki, regionlarda məktəblərin tam Təhsil Nazirliyinin tabeçiliyinə verilməsi və eyni zamanda yerli təhsil şöbələrinin rayon icra hakimiyyətlərindən asılılığının azaldılmasının vaxtı çatıb. Mən sizi əmin edim ki, yerli rayon təhsil şöbələrinin fəaliyyətində də xeyli qüsurlar mövcuddur. İcra hakimiyyətləri müəllimləri müxtəlif tədbirlərə və işlərə cəlb edir. Ona görə də məktəblər bu gün nəzarətsiz qalıb. Müəllimlərin diaqnostik qiymətləndirməsinə görə əmək haqqlarında müəyyən dəyişikliklər də olub. Amma bütün bunlar müəllimi məktəbə bağlaya bilmir. Müəllim məktəbə bağlanmasa və tərbiyyəçi funksiyasını daşımasa, bu cür halların sayı çoxalacaq. Əvvəllər müəllimlər məktəblərdə növbətçilik edirdilər. Məktəb müəllimin ikinci evidir”.

Ekspert təyin olunacaq təhsil nazirinin də çevik bir şəxs olmasının vacibliyini vurğulayıb: "Məktəbi nəzarətsiz qoymaq olmaz. Məktəbdə tabeçilik və idarəetmənin təkmilləşdirilməsi olduqca vacib məsələdir. Düşünürəm ki, təyin olunacaq təhsil naziri çox çevik bir şəxs olmalıdır. Sanki bütün təhsil sistemini görə bilsin. Nəinki məktəbin içində, məktəbin həyətində də nə baş verirsə, direktor buna görə məsuliyyət daşıyır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar