“Dedi ki, müəlliməni uşaq döydüyünə görə işdən azad edə bilmərik…” – Prezidentə müraciət

"20 avqust 2011-ci il təvəllüdlü qızım Nəzirli Dilbər Əli qızı, 12 mart 2015 ci il tarixində Nəsimi rayonu Mir Cəlal küçəsi 32 ünvanında yerləşən “Qərənfil” dövlət uşaq bağçasında tərbiyəçi Tacirli Sevinc Vaqif qızı tərəfindən döyülərək sağlığını itirmişdir". Bu barədə Bakı şəhəri Nəsimi rayonunda yaşayan şəhid ailəsinin üzvü, zərərçəkən şəxsin qanuni nümayəndəsi, Yeni Azərbaycan Partiyasının üzvü Cəfərova Nigar İlham qızı tərəfindən ölkə prezidenti İlham Əliyevə ünvanlanan Açıq Məktubda bildirilir. Nigar Cəfərovanın qarşılaşdığı problemlə bağlı vaxtilə "AzPolitika.info"da yazı getdiyindən təkrarlamaq istəmirik. Bu dəfə o, məhkəmədə qarşılaşdığı haqsızlıqla bağlı Prezidentə müraciət edib.

Bir nüsxəsi də saytımıza daxil olan məktubda əvvəlcə məhkəməyə müraciət etməsinin səbəbi açıqlanır: "Məsələ ilə bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində ARCM-nin 133.2.4 (köməksiz şəxsə qarşı işgəncə vermə) maddəsi üzrə cinayət işi açılmış və 12 aprel 2017-ci il tarixində cinayət işinə qanunsuz xitam verilərək, eyni tarixdə ARİXM-nin 157 (döyülmə) maddəsi üzrə işi sübuta yetirmişlər. Nəticədə, Nəsimi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirkar S.Tacirlini “Azyaşlı, özünü müdafiə edə bilməyən şəxsi vəzifəsindən süi-istifadə edərək döydüyünə görə” 300 manat cərimə etmişlər.

Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsini icra edən Araz Əkbərovun 12 aprel 2017 tarixli cinayət işinin xitam qərarından aidiyatı üzrə əvvəlcə Baş Prokurorluğa, daha sonra isə məhkəmə nəzarəti qaydasında Səbail Rayon Məhkəməsinə, daha sonra isə Bakı Apellyasiya Məhkəməsinə şikayət verdim".

Daha sonra qeyd edilir ki, hər iki məhkəmədə yaşanan qanunsuzluqlar barədə dərhal şikayət yazaraq məlumat versə də, hər hansı bir nəticə əldə edə bilməyib: "Belə ki, verilən şikayətlər həmin qurumun üstünə göndərilir və bizə şablon cavablar gəlirdi".

Nigar Cəfərova Səbail Rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyevin 19 dekabr 2017-ci il tarixində iş üzrə keçirdiyi məhkəmə prosesində onun vəsatətini qəbul etmədiyini, işi ciddi araşdırmadan şikayətini rədd etdiyini bildirir: "Qanuna görə 3 gün ərzində verməli olduğu qərarı mənə 9 yanvar 2018-ci il tarixində qəbzlə imzalanmış halda kobud danışan köməkçisi vasitəsilə təqdim etdi".

Nigar Cəfərovanın yazdığına görə, həmin qərardan verdiyi şikayət əsasındaə 26 fevral 2018 ci il tarixində Bakı Apellyasiya Məhkəməsində işə baxılmağa başlanılıb. Ancaq bu zaman da onun şikayətinə laqeyidlik göstərilib. Belə ki, Nigar Cəfərova məhkəmə baxışına gələn A.Əkbərovun 3 tomdan ibarət olan iş materiallarının III tomunu məhkəməyə gətirmədiyini bildirir: "İşin III tomu tamamilə prokurorluqda araşdırlmışdır. Yəni dolayısıyla şikayətimiz tamamilə III tomdan ibarət idi. Nə üçün bu qədər rahat davranan prokuror III tomu götürmədən məhkəməyə gəlmişdir?

Məhkəmə iclasında vəsatət təqdim edərək, hakimdən zərurət yarandığından bir neçə sənədin və üzləşmə zamanı video görüntünün sürətini CD halda istəmişdim. Hakim vəsatətimi qəbul edərək təmin etdiyini elan etdi və prokurora “Qərar öz yerində, amma sabah III tomu gətirərsən, həmçinin sənədlərin də sürətini çıxardıb bizə, vətəndaşa vermək üçün təqdim edərsən" dedi".

Nigar Cəfərovanın yazdığına görə, hakim də iş materiallarını məhkəmə zalında prokurordan alıb, bir neçə səhifəsinə baxdıqdan sonra  geri qaytarıb: "Prokuror isə həmin iş materiallarını götürərək yenidən çantasına qoydu. Məhkəmə sona yetdi və nöbəti gün məhkəməyə yenidən dəvət edildiyimiz elan edildi. 27 fevral 2018 tarixində saat 11:00-da məhkəmənin II zalında məhkəmə iclası qapalı keçirildi. Bu dəfə prokuror başqa bir prokurorla birgə iclasa daxil oldu. 3 tomdan ibarət olan iş materiallarını çantasından çxarıb stolu üstünə qoyan A.Əkbərov, mənim suallarıma yenə də dolayı cavablar verdi. Vəsatətdə xahiş etdiyim sənədlərin sürətini gətirmədiyini, lazım olarsa həmin sənədlərin sürətini almaq üçün Prokurorluğa müraciət etməli olduğumu dedi".

Nigar Cəfərova bildirir ki, həmin günü məhkəməyə iki vəsatət təqdim etsə də, hakim onları təmin etməyib: "Bir gün öncədən təmin etdiyini elan etdiyi vəsatətimin barəsində isə dedi ki, “sorğunu biz göndərəcəyik, həmin sənədlərin sürətini siz prokurorluqdan gedib götürərsiniz”. Halbuki, hakim təmin etdiyi vəsatətdə istənilən sənədlərin sürətini sorğu verərək istəməli və həmin sənədlərin sürəti məhkəmənin arxivində qalmalı, mən isə həmin sənədlərin sürətini məhkəmədən almalı idim".

Şikayətçinin yazdığına görə, həmin sənədlərin biri Baş prokuror Z.Qaralovun imzası ilə Səhiyyə Nazirliyinə göndərilmiş olan məktubun sürətidir: "Həmin məktubda sağlığını döyülərək itirən qızımın müalicə və müayinəsi üçün müraciət edilmişdir. Digərləri isə əvvəlki şəhər prokuroru Ə.Seyidovun Baş Prokurorluğa şəxsi imzası ilə yazmış olduğu DİN-nin əməkdaşı N.Qədirovun saxta tarixlə əlaqədar yazılmış təqdimatın nəticəsi barədə gələn məktubun sürəti, həmçinin indiki şəhər prokuroru İ.Abbasovun BŞİH-nə S.Tacirlinin işində vəzifəli şəxs kimi törətdiyi və sübuta yetdiyi işin yekunu bildirilən və onun işdə qalıb-qalmama məsələsi ilə bağlı idi. Amma adı gedən sənədlərin sürətinin alınması üçün Şəhər prokurorluğuna dəfələrlə rəsmi yazılı ərizə ilə müraciətimizə baxmayaraq, indiyəcən ala biməmişik".

Nigar Cəfərova məhkəmə günü  hakimə təqdim olunan vəsatətin birinin “Məhkəmə - xətşünaslıq ekspertizasının təyin edilməsi barədə”,  digərinin isə 19-cu polis bölməsinin təhqiqatçısı Nazim Qədirov tərəfindən tərtib edilmiş və sonradan saxtası ilə dəyişdirlmiş 14.03.2015 tarixli hadisə yerinə baxış protokolunda İ.İ.Rüstəmovanın imzasının saxtalaşdırılmasına hüquqi qiymət verilməsi barədə olduğunu bildirib: "Hakim saxtalaşdırılmış tarix barədə prokurora sual edir və prokuror bildirir ki, biz həmin məsələ ilə əlaqədar olaraq DİN-nə N.Qədirov barədə təqdimat yazmışıq. Bu zaman sual etdim ki, möhtərəm hakim, nəticəsi barədə idiyədək məlumat məktubu ala bilmirəm və hal-hazırda da həmin sənədlərin sürətini prokuror gətirməyib? Cavab olaraq hakim bidirdi ki, biz nəticə ilə maraqlanmırıq! Qalan qeydlər barədə heç bir sual etmədən şikayətimin təmin edilmədiyini elan etdi. "Bəs təmin etdiyiniz vəsatət necə oldu" sualıma "gedib prokurorluqdan alarsız" cavabını verdi!"

Nigar Cəfərova bildirir ki, S.Tacirli hazırda da sözügedən bağçada  fəaliyyət göstərir: "Bununla bağlı BŞİH-in başçısı Hacıbala Abutalıbovun qəbuluna artıq 4 ildir ki, düşə bilmirəm. Məktəbəqədər təhsil idarəsi və bağçalara nəzarətin rəis əvəzi Eldar Yunisovun imzası ilə 14 sentyabr 2017-ci il tarixində bizə cavab verilib ki, müəlliməni uşaq döydüyünə görə işdən azad edə bilmərik. Belə ki, S.Tacirlini artıq Bakı Apellyasiya Məhkəməsi törətdiyi əmələ görə 300 AZN cərimə edibdir.

Yuxarıda yazılanları nəzərə alaraq Sizdən xahiş edirəm ki, hakim N.Məmmədovun və prokuror A.Əkbərovun barəsində tədbir görülməsi və işə obyektiv yanaşılması üçün bizə kömək edəsiniz".

P.S. Məktubda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar