Tibb bacısı şikayət etdi, özünü işdən çıxarırlar! - "Elə bil poliklinikanı özəlləşdiriblər"

Bakı şəhər Nəsimi rayon 20 saylı Şəhər Poliklinikasının Travmatologiya Məntəqəsində tibb bacısı işləyən Bikəxanım Zeynalova iş yerində baş verən bəzi qanunsuzluqlara etiraz etdiyi üçün işdən çıxarılmaqla hədələnir. Bu barədə o, "AzPolitika.info"ya şikayətində bildirib.

Bikəxanım Zeynalovanın sözlərinə görə, baş tibb bacısı Aynurə Adıgözəlova və şöbə müdiri Akif Abdullayev onu işdən çıxarmağa çalışırlar: "Mən Səhiyyə Nazirliyinə, Əmək Müfəttişliyinə, Əsgər Anaları Cəmiyyətinin rəhbərinə 20 saylı Şəhər Poliklinikasınının Travmatologiya Məntəqəsində əmək qanunvericiliyinə əməl edilməməsindən şikayət etmişəm. Buna səbəb baş tibb bacısı Aynurə Adıgözəlovanın şöbə müdiri Akif Abdullayevə arxalanaraq, işçilərlə istədiyi kimi davranması, əmək qanunvericiliyinin tələblərini pozmasıdır. Elə bil poliklinikanı özəlləşdiriblər. Tibb bacılarını istədikləri vaxta növbəyə yazırlar. Səhər növbəsinə isə baş tibb bacısı Aynurə Adıgözəlova heç kimi buraxmır. Bütün işləri özü görür, hətta xəstələri rentgendən belə özü keçirir. Halbuki, buna icazəsi yoxdur. Mən də buna etiraz etmişəm. Demişəm, nə marağın var ki, səhər növbəsinə heç bir tibb bacısını buraxmırsan?

Bundan əlavə, fond pulu adı ilə, kondinsioner, rentgen aparatı xarab olduqda işçilərdən pul yığırlar. Cəmi 170 manat əməkhaqqı alırıq. Bu maaşdan da kəsiləndə biz necə dolanaq? Buna da etiraz etdiyim üçün məni işən çıxarmağa çalışırlar. İşçilərə təzyiq edirlər ki, məndən narazı olduqlarını bildirsinlər.

Mənim 52 yaşım var, təkbaşına ailə saxlayıram, xəstə adamam, şəkərim var.  İşdən çıxarılaramsa, ailəmi necə dolandıracam? Qanunsuzluqlara etiraz etdiyim üçün niyə işdən çıxarılmalıyam?"

Bikəxanım Zeynalovanın sözlərinə görə, bu gün - aprelin 20-də onunla bağlı qərar vermək üçün 20 saylı Şəhər Poliklinikasının Travmatologiya Məntəqəsində iclas çağırılıb: "Jurnalistlərdən xahiş edirəm ki, bu iclasa gəlsinlər. Şöbə müdiri hamını qorxudaraq, mənə qarşı qoymaq istəyir. Halbuki, bu günə qədər işçilərin demək olar ki,  hamısı ilə yaxşı münasibətim olub".

Bikəxanım Zeynalova saytımız vasitəsilə Səhiyyə Nazirliyinə müraciət edərək, qanunsuz olaraq işdən çıxarılmasının qarşısını almağı xahiş etdi.

AzPolitika.info  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar