Mətbuat Şurasının sədri Ombudsmanın fəaliyyətinə iradını bildirib

Dərc olunub: 20/04/2018 - 15:52

eflatun-amashovMilli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Ombudsmanın fəaliyyətinə iradını bildirib.

APA-nın məlumatına görə, iclasda İnsan haqları üzrə Müvəkkilin (Ombudsman) illik hesabatının müzakirəsi zamanı Ə. Amaşov bildirib ki, vaxtilə İnformasiya Ombudsmanı yaratmaq təşəbbüsü var olsa da, müxtəlif səbəbdən gerçəkləşməyib.

“Bunun əsas səbəblərindən biri də vahid Ombudsman sisteminin olması idi. Nəyə görə informasiya əldə etmək məsələləri ilə ciddi məşğul olunmur? Öyrənmək istərdim ki, Ombudsmana informasiya əldə etmək azadlığı ilə bağlı neçə müraciət daxil olub? Bununla bağlı təhlil aparılıbsa, narahatlığın nədən ibarət olduğu açıqlanmalıdır. Məsələn, vicdan azadlığı ilə bağlı 9 müraciət daxil olub. Növbəti fəaliyyət müddətində bu məsələlərə diqqət ayrılmalıdır”, – deyə o vurğulayıb.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə Ə. Amaşova cavab olaraq deyib ki, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin ünvanına onlarla informasiya sorğusu daxil olub. O qeyd edib ki, bunlar daha çox dövlət qurumları tərəfindən verilməli olan məlumatların verilməməsi, süründürməçiliyə yol verilməsi ilə bağlı məlumatlardır: “Bu məsələdə Ombudsmanın iş göstəricisi çox yüksəkdir. 90 faizdən çox hallarda məsələlərlə müdaxiləmizdən sonra vətəndaşın informasiya əldə etmək hüququ təmin edilir. Bu sahədə işimizi təkmilləşdirməkdən ötrü beynəlxalq təşkilatlarla da əməkdaşlıq edirik”.


loading...




Fikrinizi bildirin