“Azərbaycan diasporası xaricdə siyasi qüvvəyə çevirilə bilməyib”- Mirkazım Seyidov

“Ümumrisiya Azərbaycan Konqresinin apardığı siyasət Rusiyadakı azərbaycanlıların təşkilatları arasında ziddiyyətlərin daha da dərinləşməsinə səbəb oldu”

“DADP-nin adından Mehriban xanım Əliyevanın prezidentliyə namizədliyinin verilməsi təxribat idi və müəyyən qüvvələrin maraqlarına xidmət edirdi”

Son illər Azərbaycanın xaricdə diaspora fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir, bu istiqamətdə böyük vəsaitlər xərclənir. Ancaq hələ də xaricdə Azərbaycanın güclü diasporasının yaranmasından danışmaq mümkün deyil. Uzağa getməyək, azərbaycanlıların ən çox yaşadığı Rusiyada belə güclü Azərbaycan diasporası mövcud deyil. Bunun səbəblərini öyrənmək üçün Prezidentin sərəncamı ilə diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə və Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə gorə, əvvəlcə “Tərəqqi” medalı, sonra isə III dərəcəli “Vətənə xidmətə gorə” ordeni ilə təltif edilmiş Mirkazım Seyidovla söhbət etdik.

Qeyd edək ki, Mirkazım Seyidov son illər həm də ölkədə fəal ictimai-siyasi fəaliyyətlə məşğul olub, Demokratık Azərbaycan Dünyası Partiyasının (DADP) qurucularından biri kimi tanınıb. Bu baxımdan onunla söhbətimizdə prezident seçkiləri və ondan sonrakı dövrdə DADP-də baş verənlər, həmçinin indiki fəaliyyətilə bağlı da danışdıq.

- Mirkazm müəllim, bir müddət aktiv siyasətlə məşğul idiniz. Ölkədə gedən ictimai-siyasi proseslərdə fəal itirak edirdiniz. Ancaq sonradan siyasi fəaliyyətinizə ara verdiniz. Hər halda mətbuatda uzun müddət görünmədiniz. Bu, nə ilə bağlı idi?

- Əvvəla, bu isti yay günlərində gərgin fəaliyyətini davam etdirən bütün media nümayəndələrinə, o cümləən “AzPolitika” saytının əməkdaşlarına təşəkkür etmək istəyirəm. İctimai-siyasi fəaliyyətlə məşğul olan insanların cəmiyyətdə tanınmasında, gördükləri işlərin xalqa çatdırılmasında medianın rolu böyükdür. O ki qaldı mənim siyasi arenada müvəqqəti olaraq görünməməyimə, bu, mənim Rusiyadakı fəaliyyətimlə bağlı idi. Mən daim Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi istiqamətində fəaliyyət göstərmişəm. Bilirsiniz, mən Novosibirskdə yaradilan Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun uzun illər prezidenti olmuşam. Son dörd ildə də onun Azərbaycanda daimi fəaliyyət göstərən nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərmişəm. Bu baxımdan vaxtımın müəyyən hissəsini də Rusiyada keçirirəm. Disapora təşkilatlarının keçirdiyi tədbirlərdə, ümumiyyətlə dövlətimiz üçün əhəmiyyətli olan bütün toplantılarda fəal iştirak edirəm. Eyni zamanda Azərbaycandan kənarda bu çür tədbirlərin keçirilməsinə təşkilatçılıq edirəm. Elə məhz bu səbəbdən fevral ayında Novosibirskə getmişdim. Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsində fəal iştirak etdim. Ondan sonra da diaspora nümayəndələrimizin Novruz Bayramı ilə bağlı keçirdiyi tədbirlərə qatıldım.

Ancaq istimai-siyasi fəaliyyətimə də ara verməmişəm. Belə ki, bir il bundan öncə “Həmrəylik” Türkdilli Xalqlarla Slavyan Xalqları arasında Əməkdaşliq Fondu (TXSX ƏF) yaratmışıq. Bu bir xeyriyyə fondudur və demək olar ki, Heydər Əliyev adına Forumun bazası əsasında yaradılıb. Forumun bütün heyəti də “Həmrəylik” TXSX ƏF ətrafında sıx birləşiblər. Bu Fond çərçivəsində çox böyük planlarımız var, həyata keçirəcəyimiz layihələri var. Bu layihələrin, proqramların hazırlanmasına və həyata keçirilməsinə fondun təsisçilərindən biri kimi mən rəhbərlik edirəm. Elə buna görə bayaq qeyd etdiyim tədbirlərdən sonra da bir müddət Novosibirskdə qaldım. Ondan sonra Bakıya gəlib, həmin fondu Azərbaycanda da qeydiyyatdan keçirdik. Fondun daimi fəaliyyət göstərəcək nümayəndəliyinə də mən rəhbərlik edəcəm. Yəni, gördüyünüz kimi, istirahətə çəkilməmişik, ictimai-siyasi fəaliyyətimizi davam etdiririk. Sadəcə içlər çox olduğundan mətbuatdan bir qədər uzaq düşmüşük. Ancaq yaxın vaxtlarda ictimaiyyət fondun çox böyük və maraqlı layihələrilə tanış ola biləcək. Əminəm ki, yeni yaratdığımız Fond dövlətçiliyimizin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq.

- Türkdilli Xalqlarla Slavyan Xalqları arasında Əməkdaşlıq Fondu maraqlı və yeni bir ideyadır. Bu ideya necə ortaya çıxdı? Niyə belə bir bu fond yaratmaq zərurətini duydunuz? Əsas hədəfləriniz nədir?

- Bu fondun yaradılması ideyası mənə məxsusdur. Novosibirskdəki Heydər Əliyev adına Forumun əməkdaşları ilə müzakirələrdən sonra, indiki zamanda belə bir fondun yaradılmasını zəruri saydıq. Məqsədimiz türkdilli xalqlarla slayvan xalqları arasında dostluğu daha da möhkəmləndirmək, mədəni əlaqələrin genişlənməsində iştirak etməkdir. Hədəflərimiz Heydər Əliyev adına Forumun qarşıya qoyduğu məqsədləri daha geniş formada reallaşdırmaqdır. Belə ki, bu fondun qarşıya qoyduğu əsas məqsədlərdən biri də Heydər Əliyev məfkurəsinin, ideologiyasının dərindən dərk olunması və bütün dünya xalqlarına, dövlətlərinə tanıdılmasıdır. Eyni zamanda türkdilli və slavyan xalqları arasıda əlaqələri genişləndirməkdir. Bilirsiniz, həm türkdilli dövlətlərin, həm də slavyan dövlətlərinin birləşdiyi müxtəlif beynəlxalq təşkilatlar mövcuddur. Eyni zamanda bu xalqları təmsil edən dövlətlərin birgə yaratdığı təşkilatlar var. Məsələn, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və sair kimi qurumlar. Bilirsiniz, Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin böyük dəstəyi, fəal iştirakı ilə neçə illərdir türkdilli dövlətlər arasında əməkdaşlıq daha da möhkəmlənib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti bütün dünyada maraqla izlənir.

Bu cür rəsmi yaradılan qurumlar dövlətlər arasında iqtisadi-siyasi- mədəni əlaqələri tənzimləyir, genişləndirir. Xalqlar arasında mədəni əlaqələri, dostluğu genişləndirmək, möhkəmləndirmək isə içtimai təşkilatların vəzifəsidir. Bu istiqamətdə fəaliyyət göstərən qurumların sayı isə o qədər də çox deyil. Eyni dil qrupuna daxil olan xalqlar arasında əməkdaşlığa xidmət edən ictimai qurumlar var. Məsələn, Türkdilli Xalqların Siyasətinə Dəstək Fondu kimi. Ancaq türkdilli və slavyan xalqları arasında dostluğa xidmət edən fəal içtimai təşkilat yoxdur. Biz də bu boşluğu doldurmaq, xalqlar arasında mədəni əlaqələri genişləndirmək məqsədi ilə belə bir Fond yaratdıq.

Biz həmçinin Rusiyanin türkdilli dövlətlərlə əlaqələri bütün sahələrdə yaxşılaşdırmağa meyilli olduğunu nəzərə alıb bu qurumun yaradılmasını zəruri bildik.

Bilirsiniz ki, Rusiyanın tərkibində çox böyük sayda türkdilli xalqlar yaşayır. Bizim fond həm də Rusiyada yaşayan türkdilli xalqların adət-ənənələrini öyrənmək, onların soy-köklərini araşdırmaq, dünyada mövcud olan türkdilli xalqlarla əlaqələrini qurmaq istiqamətində də fəaliyyət göstərəcək. Yəni, qurumun əsas məqsədlərindən biri də Rusiya dövlətinin tərkibində yaşayan yerli türkdilli xalqlarla türkdilli dövlətlər arasında mədəni əlaqələrin qurulmasına yaxından kömək etməkdir. Biz Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsində də yerli türkdilli xalqların roluna böyük əhəmiyyət veririk. Bu da yeni bir yanaşmadır. Fikrimizcə, bu münasibətlərdə türkdilli xalqların rolu böyük ola bilər. Çünki türkdilli dövlətlər içərisində Azərbaycan çox böyük sürətlə inkişaf edən dövlətlərdən biridir. Bu baximdan, Rusiyadaki türkdilli xalqlar Rusiyanın Azərbaycanla mədəni əlaqələrinin daha da güclənməsində maraqlı tərəf kimi çıxış edirlər. Düzdür, bu 2 ölkə arasında həm diplomatik, həm də mədəni əlaqələr həmişə yüksək səviyyədə olub. Ancaq biz bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyik.

- Rusiya-Azərbaycan münasibətlərindən söz düşmüşkən, burada Azərbaycan diasporasının fəaliyyətilə bağlı müxtəlif rəylər mövcuddur. Bəziləri diasporanın fəaliyyətinin həddən artıq aşağı səviyyədə olduğu fikrindədir. Siz Novosibirskdə diasporaya uzun illər rəhbərlik etmiş şəxs kimi necə fikirləşirsiniz, Rusiyada Azərbaycan diasporasının fəaliyyətini normal saymaq olarmı? Rəsmi diaspora qurumu olan Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti sizi qane edirmi? Eyni zamanda Azərbaycan Diaspora Komitəsinin fəaliyyətini necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, diaspora elə bir sahədir ki, mən bunu Azərbaycan dövlətinin xarici siyasətinin ana qolu adlandırardım. Təbii ki, hər hansı bir dövlətin qüdrətinin dünya səviyyəsində görünməsində onun təkcə xarici diplomatiyası deyil, həm də diasporası müstəsna rol oynayır. Diaspora elə bir vacib sahədir ki, dövlətlərin güclənməsində, beynəlxalq nüfuzunun formalaşmasında əsas yeri tutur. Təsadüfi deyil ki, həm Ulu Öndərimiz, həm də möhtərəm Prezidentimiz həmişə bu sahəni xüsusi diqqətdə saxlayıb. Məhz onların əməyi nəticəsində bu gün xaricdə Azərbaycan diasporası formalaşıb. Demək olmaz ki, bu gün diaspora fəaliyyətimiz aşağı səviyyədədir. Qısa müddətdə böyük işlər görülüb, diaspora artıq formalaşıb. Amma təəssüflər olsun ki, biz hələlik siyasi qüvvəyə çevrilə bilməmişik. Rusiyada mövcud olan diasporalardan, deyək ki, erməni diasporası, yəhudi diasporası, ukraynalıların diasporası, tatarların diasporası çox böyük qüvvədir. Buna görə də, yerli hakimiyyət orqanları atacağı addımlarda onlarla hesablaşır, məsləhətləşir. Amma təəssüflər olsun ki, biz öz diaspora işimizi bu səviyyədə qura bilməmişik, bizi siyasi qüvvə kimi tanımırlar. Burda durub nə qədər də desək ki, güclü diasporamız var, nailiyyətlərimiz var, özümüzü aldatmış olarıq. Dərindən baxanda, işimizi araşdıranda görərik ki, biz yerli hökumətlərə təsir göstərə biləcək siyasi qüvvəyə çevrilə bilməmişik. Bunun da çox səbəbi var. Mən yadınıza salmaq istəyirəm cənab İlham Əliyevin diasporanın axırıncı qurultayındakı çıxışını. 2011-ci ildə cənab prezident bu səbəbləri açıqladı. Prezidentin də qeyd etdiyi kimi, ilk növbədə bu, yerli diaspora təşkilatlarının öz aralarında mövcud olan münaqişəsi və onların bir araya gələ bilməməsi ilə bağlıdır. İkinci bir səbəb Azərbaycanın xaricdəki səfirlikləri və konsulluqlarının yerli diaspora təşkilatlarına fərqli münasibəti, onları “doğmalara” və “yadlara” bölməsi ilə bağlıdır. Hansı ki, bu bölgü milli maraqlara deyil, şəxsi maraqlara söykənir. Nəticədə müxtəlif yerlərdə olan diaspora təşkilatlarında Azərbaycan hökumətinə inamsızlıq yaradır. Həm də “doğmalara” və “yadlara” bölünən diaspora təşkilatları arasında münaqişələrə səbəb olur. Bu da təbii ki, diasporanı zəiflədir, işini axsadır.

Ancaq cənab prezident tövsiyyə etmişdi ki, səfirliklər və konsulluqlar, eləcə də diasporalar arasındakı narazılıqlar aradan qaldırılsın. Yerli diaspora təşkilatlarının öz aralarında olan narazılıqların da aradan qalxmasına nail olunsun. Prezident növbəti beş ildə Azərbaycan diaspora təşkilatlarını hücum şəraitində inkişaf etdirməyi məsləhət bilmişdi. Ancaq prezidentin tövsiyyələrinə baxmayaraq, diasporanın fəaliyyətində hələlik ciddi bir dönüş yoxdur. Hələ də diasporaların fəaliyyəti, sanki tayfa çərçivəsində təşkil olunub. Çünki Rusiyanın regionlarındakı diaspor təşkilatlarının əksəriyyəti müxtəlif tayfalara, yerlibaz qurumlara oxşayır. Naxçıvanlıların bir təşkilatı var, ucarlıların bir təşkilatı , ermənistandan gələnlərin bir təşkilatı və sair. Bunların hər biri diaspora təşkilatının yaradılmasında özünü birinci hesab edir. Elə hesab edirlər ki, bütün diasporalar onların ətrafında birləşsə daha böyük nailiyyətlər əldə etmək olar. Ortaq məxrəcə gələ bilmirlər. Bunun da birinci səbəbi mənəm-mənəmlikdirsə, ikinci səbəbini yaşadığımız dövlətin xalqlarına inteqrasiya olunmamağımızdır. Xüsusilə, bu gənc nəslə aiddir. Bu da diaspora quruculuğunda iştirak edən yaşlı nəsil - özümü də bura daxil edirəm - işimizi yaxşı qura bilməməyimizi göstərir. Çünki biz özümüz diaspora təşkilatı yarada-yarada gəncləri yetişdirə bilməmişik. Yaşadığımız dövlətdə gənclərimizi inteqrasiya etdirə bilməmişik.

Çox yaxşı tendensiyadır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti və Ümumrusiya Azərbaycan Gənclər Təşkilatının sədri Leyla xanım bu missiyanı aradan qaldırmaq üçün əsaslı işlər həyata keçirir. O, çox böyük nüfuza, hörmətə malikdir. Leyla xanımın fəaliyyətinin Azərbaycan diasporasının yeni nəslinin daha güclü formalaşmasına səbəb olacağına əminəm. Bu da bir reallıqdır ki, müxtəlif regionlarda gənclər Leyla xanımın rəhbərliyilə bir təşkilatda birləşirlər. Bu da Rusiyadakı gənclərimizin mütəşəkkilliyinə səbəb olmaqla bərabər, həm də onların Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılması istiqamətində səylərini artırır. “Xocalıya Ədalət” kampaniyasının çox mütəşəkkil formada həyata keçirilməsi buna əyani sübutdur.

Leyla xanımın rahbərliyilə aparılan bu kampaniya erməni vəhşiliyinin ifşa olunması, Xocalı soyqırımının bütün dünya dövlətlərinə, o cünmlədən Rusiya xalqlarına çatdırılmasında müstəsna əhəmiyyət daşıyır. Ümumiyyətlə, Heydər Əliyev Fondunun Rusiyada nümayəndəliyi diaspora təşkilatının mütəşəkkil formada fəaliyyət göstərməsinə çox böyük töhvələr verir.

O ki qaldı Ümumrisiya Azərbaycan Konqresinə, bu qurumun fəaliyyəti ancaq bir qrup diaspora təşkilatlarını qane edə bilər. Halbuki, bu təşkilat yaradılanda Rusiyada yaşayan bütün azərbaycanlıları çox sevinmişdi. Ona böyük ümid vardı. Fikirləşirdik ki, Ümumrisiya Azərbaycan Konqresi çox böyük siyasi qüvvəyə çevrilməyimizdə, regionlardakı diaspora təşkilatlarının vahid gücə çevrilməsində bizə öz köməyini göstərə biləcək. Amma təəssüflər olsun ki, bu təşkilatın rəhbərliyi ona bəslənilən ümidləri, göstərilən etimadı doğrulda bilmədi. Vahid diaspora formalaşdırmaqdansa, Rusiyanın regionlarında müxtəlif təşkilatların çox az bir hissəsilə əməkdaşlıq etməyə üstünlük verdilər. Nəticədə Ümumrusiya Azərbaycan Konqresi özünün əsas vəzifəsini - dövlətin diaspora istiqamətində apardığı siyasəti daha da dərinləşdirmək və Rusiyadakı azərbaycanlıların təşkilatları arasında olan narazılıqları aradan qaldırmaq vəzifəsini yerinə yetirə bilmədi. Əksinə, onlar arasında ziddiyyətlərin daha da dərinləşməsinə səbəb oldu. Onların regionlardakı azərbaycanlılara aid bütün təşkilatların nümayəndələrilə deyil, yalnız biri ilə əlaqə qurmaları təbii ki, cox səhv siyasətdi. Çünki regionlarda olan azərbaycanlıların hamısının problemləri ilə maraqlanmaq lazımdır. Təəssüf ki, bu siyasət bu gün də davam etdirilir.

Bu gün Rusiyadakı azərbaycanlı gənclər bir çox problemlərlə üz-üzə dayanıblar. Mən hətta bu barədə Putinə məktub da yazaraq, öz fikirlərimi bildirmişəm. Rusiyadakı azərbaycanlı gənclər oxuyub işə düzəlmək kimi problemlərlə üzləşirlər. Əgər biz yaşadığımız cəmiyyətlərə inteqrasiya edə bilsək, bu kimi problemləri də həll edə bilərik. Ümumrusiya Azərbaycan Konqresi bu problemlə demək olar ki, maraqlanmayıb. Sevindirici haldır ki, hazırda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Ümumrusiya Azərbaycan Gənclər Təşkilatı bu məsələnin həllilə bağlı geniş işlər görür. Bizim də əsas məqsədlərimizdən biri də odur ki, gənclərin bu uğurlu addımlarına yaxından dəstək verək. Bu diasporanın güclənib siyasi qüvvəyə çevriləməsində əsas rol oynaya biləcək amillərdən biridir. Biz də bu istiqamətdə real addımlar atırıq.

- Rusiyada təxminən 2 il əvvəl bir qrup tanınmış azərbaycanlı tərəfindən “Milyarderlər İttifaqı” deyilən Ümumrusiya Azərbaycanlıları Təşkilatları İttifaqı yaradıldı. Onun da əsas tezislərindən biri məhz diaspora fəaliyyətini gücləndirmək idi. Bu təşkilat yarandıqdan sonra diaspora fəaliyyətini gücləndirmək istiqamətində hansı işləri görüb? Bu təşkilatın yaranmasına Rusiyadakı azərbaycanlıların münasibəti necə oldu?

- “Milyarderlər İttifaqı” deyilən qurum yaranarkən, həqiqətən guya əsas məqsədlərindən birinin diaspora fəaliyyətini gücləndirimək olduğunu bəyan etmişdilər. Ancaq bunların məqsədi doğrudan da diasporanı gücləndirmək idisə, nəyə görə ilk növbədə Ümumrusiya Azərbaycan Konqresi və Azərbaycan hökumətilə məsləhətləşmədilər, ortaq məxrəcə gəlmədilər? Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti məni də qane etmir. Ancaq neçə illərdir fəaliyyət göstərir, diasporanın formalaşmasında müəyyən xidmətləri olub və sair. “Milyarderlər İttifaqı” deyilən qurumu yaradanların bir çoxu o vaxta qədər Ümumrusiya Azərbaycan Konqresinin rəhbərliyində təmsil olunurdu. Yəni, bunların məqsədi diaspora fəaliyyətini gücləndirimək idisə, bunu elə Ümumrusiya Azərbaycan Konqresi vasitəsilə də həyata keçirmək olardı. Onların vasitəsilə yeni ideyalarını, planlarını bütün regionlarda ortaya qoya bilərdilər. Lakin biz bunların şahidi olmadıq. Nə yarandığı vaxt, nə də sonrakı dövrlər Azərbaycan diasporasının güclənməsnə, müdafiəsinə yönəlik hər hansı addımlarının şahidi olmamışıq. Bir misal çəkim. Yadınızdadır, Orxan Zeynalov adında bir azərbaycanlının məişət zəminində birini öldürməsi xəbəri yayıldı. Adı kriminal hadisədir, Rusiyada gündə min dənə belə hadisə olur. Ancaq bu hadisə qəsdən şişirdilərək, bütün azərbaycanlılara qarşı məqsədli kampaniya başladıldı. Həm də hökumət səviyyəsində. Belə bir vaxtda “Milyarderlər İttifaqı” deyilən qurumun hansı üzvü çıxıb təzyiqə məruz qalan azərbaycanlıları müdafiə etdi? Onlar tərəfindən hər hansı addım atılmadı. Adicə bir bəyanat da görmədik. Əksinə, Abbas Abbasov hələ konkret sübutlar ortada olmadığı halda, çıxıb cinayəti törətdiyi iddia edilən azərbaycanlını ittiham etdi. Əlbəttə, heç kimdən cinayətkarı müdafiə etmək gözlənilmir. Ancaq bir nəfərin məişət zəminində törətdiyi cinayətə görə, bütün azərbaycanlıların təzyiqlərə məruz qoyulmasına etiraz edilməməsini başa düşmək də mümkün deyil. Aydındır ki, məqsəd Azərbaycan hökumətinə təzyiq etməkdi. Təsadüfi deyil ki, adı diaspora təkilatı olsa da, “Milyarderlər İttifaqı”nın təmsilçilərinin Azərbaycan dövlətinin apardığı siyasətə müdaxilə etmək, İlham Əliyevin namizədliyi əleyhinə bəyanatlar vermək kimi hərəkətlərinin, yaxud aparılan siyasətin düzgün olmaması haqqında açıqlamalarının şahidi olduq. Ona görə də mən qəti şəkildə deyə bilərəm ki, “Milyarderlər İttifaqı” diaspora təşkilatı deyil, müəyyən maraqlar daxilində yaradılan bir qurum idi. Əsas məqsədləri də Azərbaycana təzyiq etmək, ölkədəki stabilliyi pozmaq idi. Lakin Azərbaycan hakimiyyətinin düşünülmüş siyasəti nəticəsində bunların planları baş tutmadı. Onlar özlərini tez gözdən saldılar və tez də unuduldular.

- Siz bir müddət həm də Demokratık Azərbaycan Dünyası Partiyası(DADP) deyilən təşkilatın rəhbərliyində təmsil olunurdunuz. Sonradan oradan istefa verdiniz. O dövrdə bunun səbəblərilə bağlı heç bir açıqlama vermədiniz. Maraqlıdır, istefanızın səbəbi nə ilə bağlı idi? Hazirda hansısa partiyada təmsil olunursunuzmu?

-Düzdür, 2008-ci ildə prezident seçkiləri ərəfəsində mən şəxsən DADP-yə dəvət olunmuşam. Sonradan bildim ki, mənim oraya dəvət olunmağım Prezident Administrasiyasından məsləhət bilinib. Təbii ki, mən əvvəl partiyada kimlərin təmsil olunmasını, məqsədini, məramını araşdırdım. Partiyanın qurucuslarından olan Məmməd Əlizadənin dövlətçiliyə sadiq bir insan olduğunu, hətta Heydər Əliyev haqqında bir neçə kitab yazdığını dedilər. Eyni zamanda bu partiyanın Heydər Əliyev kursunu dəstəkləyəcəyini bildirdilər. Bundan sonra mən orda təmsil olunmağa razılıq verdim. Partiyamızı gücləndirmək üçün mən çox böyük fəallıqla işə başladım. Və bu sahədə yüksək nəticələrə nail olduq. Bakıətrafı kəndlərin böyük bir hissəsi bu partiyaya qoşuldu. 2008-ci ildə prezident seçkilərində biz təbii ki, xalqı İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırdıq. Ancaq seçkilərdən sonra mən partiyada müxtəlif maraqların olduğunu görürdüm. Məmməd Əlizadə səhhəti ilə bağlı partiyadan tam uzaqlaşdıqdan sonra isə artıq orada mövcud olan maraqların toqquşması başladı. Belə bir zamanda Məmməd Əlizadə partiyanın mənim tərəfimdən idarə olunmasını məsləhət gördü, O, partiyanı idarə edəcək ikinci bir namizədi görmədiyini deyirdi. Mən müəyyən şərtlərlə razılaşdım. Fikrim partiyanı dövlətçiliyimizi, Heydər Əliyev kursunu dəstəkləyən güclü bir təkilata çevirməkdi.

Ancaq partiyanın rəhbərliyinə gəldikdən sonra burda müxtəlif maraqlara xidmət edən qruplaşmaların olduğunu gördüm. Belə ki, partiyada bir qrup DADP-nin Rusiya yönümlü siyasi kurs götürməyinə çalışırdı. Yəni, Moskvanın maraqlarına xidmət edirdi. İran səfirliyi ilə əməkdaşlıq edənlər vardı. Eyni zamanda başqa siyasi qüvvələrin aləti olan şəxslər də var idi ki, onlar da DADP-də əsas mövqeyi ələ keçirmək istəyirdilər. Ona görə də, mən bu barədə Prezident Administrasiyasına məlumat verdim. Administrasiyada bəzi adamlarla görüşüb, söhbət etdik. Təxminən bir aydan sonra Administrasiyadan mənə partiyanın Məmməd Əlizadəyə qaytarılması məsləhət görüldü. Mən də bu siyasi oyunlarda iştirak etməmək üçün yenidən sənədləri Məmməd Əlizadəyə təqdim etdim. Bildirdim ki, mənim bu cür partiyada olmağım mümkünsüzdür. Məmməd Əlizadə dedi ki, mən də partiyada qala bilmərəm. Artıq oradakı quruplaşmalar arasında ziddiyətlər dərinləşmişdi. Hərəsi bir yerə bağlı olduğundan partiya idarəolunmaz hala gəlmişdi. Və bu da sonralar özünü göstərdi, partiyada ard-arda istefalar, parçalanmalar baş verdi. Bütün bunları ictimaiyyət bilir. DADP-dəkı qruplaşmalardan birinin prezident seçkilərində Mehriban Əliyevanın namizədliyini irəli sürmələri isə onların mövcudluğunun sona yaxınlaşmasından xəbər verirdi. Orada Sevda Xurşudova adında bir xanım var idi, uzun müddət idi ki, siyasi məsələlər üzrə katib işləyirdi. Baxmayaraq ki, Azərbaycan vətəndaşlığı yox idi, ancaq Sevda Xurşudova bütün işləri koordinasiya edirdi. Təbii ki, bəzi dairələrin dəstəyi ilə... O partiyadaki digər qruplaşmanın rəhbəri Fatma Əliyeva ilə münaqişəyə getdi və partiya parçalandı. Bundan sonra Sevda xanım partiyanın adından Mehriban xanımın namizədliyini dəstəkləmək barədə bəyanat verdi. Bu bəyanat çox böyük səhv addım idi və müəyyən siyasi qüvvələrin maraqlarına xidmət edirdi. Mehriban xanım özü YAP-in sədr müavini olduğu və bu partiyanin da İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədiyi halda, DADP-ın adında belə bir bəyanat verilməsi təxribat idi. Sevda Xurşudova, əlbəttə, kimlərinsə sifarişini yerinə yetirirdi. Mən bu haqda indi geniş danışmaq istəmirəm. Ancaq bu təxribat baş tutmadı.

-Yaxın gələcəkdə yenidən siyasi faliyyətlə məşğul olmağı düşünürsünüzmü?

- Mən demək olar ki, ictimai-siyasi fəaliyyətimi bir an da olsun dayandırmamışam. Son iki-üç ay müddətində ölkədən uzaqda olmağım o demək deyil ki, siyasi fəaliyyətlə məşğul olmamışam. Məsələn, 27 fevralda Novosibirskdə Xocalı ilə bağlı böyük bir tədbir keçirdik. Diasporanın təşkil etdiyi tədbirlərdə iştirak etmişəm. Eyni zamanda da “Həmrəylik” Türkdilli Xalqlarla Slavyan Xalqları arasında Əməkdaşlıq Fondunun geniş layihələri var. Bu layihələrin bir hissəsini yaxın aylarda reallaşdırmağı planlaşdırıram. Bunlardan biri də Heydər Əliyev Fondunun 10 illik yubileyinə və Fondun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinə həsr olunmuş tədbirdi. Bununla əlaqədar olaraq avqust ayının 20-21-də Rusiyanın Novosibirsk şəhərində “Dostluq körpüsü: Azərbaycan-Rusiya” adlı dövlətlərarası elmi-nəzəri konfrans və musiqili ədəbi-bədii tədbir keçirəcəyik. Bu tədbirdə həm türkdilli ölkələrdən, həm də slavyan ölkələrindən geniş nümayəndə heyətləri, tanınmış ictimai-siyasi xadimlər, dövlət qurumlarının təmsilçiləri iştirak edəcək. Tədbirdə mən “Heydər Əliyev adına Fond və onun Prezidenti Mehriban xanım Əliyeva Mədəniyyətlərarası və Dinlərarası əlaqələrin simvoludur” adlı məruzə ilə çıxış edəcəm. Konfransda mənim rus və ingilis dillərində yeni capdan çıxmış “Birinci xanım” adlı kitabımın da təqdimatı olacaq. Tədbirlər ərəfəsində rəsmi şəxslərlə, həmçinin orada yaşayan soydaşlarımızla görüşlər də keçiriləcək. Təbii ki, bu, cox böyük bir tədbir olacaq və mən hazırda demək olar ki, ancaq bu konfransın təşkili ilə məşğulam. Bu konfransdan sonra “Həmrəylik” Türkdilli Xalqlarla Slavyan Xalqları arasında Əməkdaşlıq Fondunun Azərbaycanda, Türkiyədə və digər ölkələrdə xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət edən bir sıra geniş layihələri olacaq.

İ. İsmaylbəyli

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar