RUSLARIN HEÇ NƏYƏ YARAMAYAN RAKETLƏRİ – “Onlar qorxulu silahlardır, yoxsa?...”

Pentaqon Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərinin səmərəli olmasına şübhə ilə yanaşır. Hazırda Amerika hərbi dairələri Türkiyənin Rusiya istehsalı olan “S-400” raketləri almasını əngəlləməyə çalışırlar. Lakin Pentaqonun bəyanatları suallar doğurur. Belə ki, ABŞ və onun müttəfiqləri radarlara yaxalanmayan –görünməz təyyarələrə və uzaq məsafəli qanadlı raketlərə yüz milyardlarla pul xərcləyirlər. Əgər Rusiyanın zenit silahları tamamilə səmərəsizdirsə, onda bəs bu cür xərclərə nə gərək var?

Mətbuat üçün keçirilən brifinqə qədər ABŞ müdafiə nazirliyi “S-400”-lərin üstünlüyü və rəqibin daxil ola biləcəyi rayonları bu sistemin necə qoruma imkanında olduğunu söyləyirdi. Pentaqon qeyd edir ki, Suriya HHM sistemlərinin ABŞ raketlərini vurması haqqında rusların gülməli iddialarına baxmayaraq, 13 apreldə Suriyaya hücum zamanı müttəfiqlərin buraxdıqları bütün raketlər hədəflərinə çatıb.

Pentaqonun mətbuat xidmətinin rəhbəri Dana Uayt reportyorlara deyib: “Bizim əməliyyatlarımızdan sonra Rusiya bəyanat yayaraq, Suriya HHM-lərinin xeyli sayda raketlərimizi vurduğunu bildirdi. Bu, yalan idi! O ki qaldı Əsəd rejimi tərəfindən buraxılan “yer-hava” sinfindən olan raketlərə, onlar bizim atdığımız sonuncu raket hədəfinə çatdıqdan sonra buraxılıb”. Sonra Uayt bildirib ki, Rusiya istehsalı olan HHM kompleksləri tamamilə yararsız olub.

Lakin Birləşmiş Qərargah Rəisləri Komitəsinin direktoru general-leytenant Kennet Makkenzi bu bəyanata bir qədər düzəliş edib. O, deyib ki, ABŞ və onun müttəfiqlərinin Suriyaya hücumu zamanı Rusiyanın HHM vasitələri aktiv vəziyyətdə olublar, lakin onlar uçan raketləri vurmağa cəhd göstərməyiblər.

Makkenzi bildirib: ”Hücum zamanı Rusiya HHM vasitələri tam hazırlıq vəziyyətinə gətirilmişdi. Onların uzaq məsafəli radiolakasiya aşkarlayıcı A-50 təyyarəsi havada olub. Onlar zərbə vurmamaq qərarına gəliblər və mən onların nə üçün belə bir hərəkət etdiyini deyə bilmərəm. Mən sizə deyə bilərəm ki, Suriyanın tamamilə Rusiya istehsalı olan digər HHM vasitələri isə aktiv istifadə edilib, lakin onların fəaliyyəti uğursuz alınıb. Ona görə də, mənə elə gəlir ki, burada fərq qoymaq gərəkdir və mən bunu etiraf edirəm. Ruslar heç nə etməsələr də, ancaq onlar uğursuzluğa düçar olmuş Suriya HHM sistemləri ilə sıx qarşılıqlı əlaqədədirlər”.

Belə görünür ki, Makkenzi və Uaytın verdiyi şərhlər dolayı yolla NATO-nun üzvü olan Türkiyəyə ünvanlanıb. Birləşmiş Ştatlar Ankaranı Rusiyanın “S-400 Triumf” sistemlərini almamağa inandırmağa çalışır. Bu barədə Dana Uayt deyib: “Biz bu barədə türklərlə danışmışıq. Ümumi yekunda öz strateji maraqları baxımından türklərin özləri buna qərar verməlidirlər”.

Əgər biz Rusiyanın HHM vasitlərinin tamamilə yararsız olması barəsində Pentaqonun iddiaları ilə razılaşsaq, onda bəs nəyə görə ABŞ stels texnologiyasına yüz milyardlarla dollar sərf edir? Belə olan halda görünməz təyyarələrə ağılagəlməz məsrəflər çəkməyin xeyrinə söyləniləcək sözə sadəcə olaraq ehtiyac qalmır. Çünki deyilənlərdən belə anlaşılır ki, onların qarşısında dayana biləcək qüvvə onsuz da mövcud deyil.

Bu gün “Nortrop Grumman” şirkətinin B-2 “Spirit” təyyarə proqramının qiyməti 45 milyard dollardan artıqdır, ”Lokhid Martin”şirkətin “F-22 Raptor” təyyarə proqramının qiyməti isə demək olar ki, 67 milyard dollara başa gəlir. Bu arada isə “Lokhid Martin” şirkətinin çoxməqsədli zərbə qırıcısı “F-35”-in proqram qiyməti 406 miyard dollar ola bilər. ”Nortrop Grumman”ın “B-21” təyyarəsinin proqramı ən azından 56 milyard dollardır. Hələ buraya xidmət və təmirin xərcləri daxil deyil.

Təyyarələrdən başqa Pentaqon radalara az hallarda yaxalanan “JASSM-ER” qanadlı raketlərinin hazırlanmasına da pul yatırmaqda davam edir. Bu sistemlər düşmən HHM fəaliyyət zonasına daxil olmayan məkanlardan buraxılır və uzun mənzilli uçuş qabiliyyətinə malikdirlər. Həmçinin düşmən HHM (əsasən Rusiya istehsalı olan) yarıb keçə biləcək digər uzaq mənzilli raketlər də var. Sual olunur, əgər Rusiyada istehsal olunan HHM vasitələri tamamilə səmərəsizdirsə, onda bu raketlərin mənası varmı? Çünki ABŞ və onun müttəfiqlərinə başlıca təhlükəni yalnız Rusiyanın zenit-raket silahları yarada bilər. Hətta çinlilər də əsas etibarıyla Rusiyanın HHM texnikasının təqlidi ilə məşğuldurlar.

Gözləmək olar ki, senatın silahlı qüvvələr üzrə komitəsinin növbəti iclasında Pentaqon nümayəndələri özlərinin proqram və büdcələrinə bəraət qazandırmaq üçün yenidən həyəcanla “S-300”, ”S-400” və Rusiyanın digər HHM vasitələri tərəfindən gələ biləcək təhlükələrdən danışacaqlar. Onlar yəqin ki, Kalininqrad vilayətindəki, Krım və digər yerlərdəki sistemlər barəsində ucadan danışacaqlar. Hər şey yenidən dövr edəcək.

(“The National İnterest”-ABŞ)

635x100

Şərhlər

t.ədalət 2018-04-26 20:22:10

Bu yaxınlarda Moskvada baş verən qasırğanı törədən elə ABŞ-ın gizli silahı deyildimi?Yadınızdadırsa, bir dəfə də Moskvada havanın temperaturu müsbət əlli dərəcəyə yaxınlaşmışdı.O vaxtlar temperaturun artma səbəbi kimi ara sözçülər ABŞ-ın silahlarını göstərmişdilər.Görünür,ABŞ Rusiya kimi silahlarından dəm vurmur,lazım gələndə "aranı qatır"..

Son yazılar