Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb

İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Avropa çempionatına davam edir. Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan millisinin 2 üzvü mübarizəyə qoşulub.

İlk mərhələdən azad olan Rüstəm Orucov (73 kq) 1/16 finalda İon Naçu (Moldova) ilə üz-üzə gəlib. Görüş Olimpiya mükafatçısının qələbəsi ilə yekunlaşıb. O, ikinci qarşılaşmasında ukraynalı Artyom Xomulanı sınağa çəkib. Təəssüf ki, təmsilçimiz bu rəqibi məğlub edə bilməyib və yarışla vidalaşıb.

Bu çəki dərəcəsində millimizin liderlərindən olan Hidayət Heydərovun da debütü uğurlu olub. O, Dmitri Kanivetsi (Ukrayna) məğlub edib. Avropa çempionumuz 1/8 finalda Nils Stumpla (İsveçrə) güləşib. Heydərov bu dəfə də tatamidən qalib ayrılıb. Həmyerlimiz növbəti qarşılaşmasında Akil Qjakova ilə qüvvəsini sınayıb. Hidayət ipponla qalib gəlib və yarımfinala adlayıb. Cüdoçumuz finala gedən yolda Vadim Şoka (Belarus) ilə qarşılaşıb. Uğurlu seriyanı davam etdirən təmsilçimiz bu rəqibini də məğlub edib. O, ardıcıl ikinci dəfə Avropa çempionu olmaq üçün ermənistanlı Ferdinand Karapetyanla üz-üzə gəlib. Lakin rəqibinə məğlub olan Hidayət Heydərov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, yarışın ilk günü tatamiyə çıxan 9 idmançımız medal qazana bilməyib. Sabah isə daha 5 təmsilçimiz qüvvəsini sınayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar