TƏRCÜMƏ MƏRKƏZİNİN "HEÇNƏŞÜNAS" ŞÖBƏ MÜDİRİNƏ CAVAB

Etibar ƏLİYEV

İradlarımıza cavab gözləyirik: Tərcümə Mərkəzinin Elm və təhsil şöbəsinini “heçnəşünas” müdirinə...

Azərbaycan Tərcümə Mərkəzinin nəşr etdirdiyi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” haqqında yazıma özünü həmin Mərkəzin elm və təhsil şöbəsinin müdiri kimi qələmə verən Bəhlul Abbasov adlı birisi növbəti dəfə həm özünü, həm də Mərkəzi biabır edən öz aləmində, guya ki, “cavab” verib. Mən faktla danışıram, o isə nağıl danışır. Nağılı da düz danışa bilmir. Çünki öz nağılı deyil. Elə bil ki, yuxulu, dünyadan, xüsusilə, elmdən bixəbər adamı çox-çox uzaqlardan gətirib öz oyunlarına salıblar. Deyəsən, o da söhbətin nədən getdiyini anlamır. Nə Dilçilik İnstitutunun kollektiv yazısına, nə də mənim yazımdakı iradların heç birinə cavab verə bilməyib. Sən ha çabala, ha özünə əl qat, ha kiməsə yarın, ay mənə “hərşeyşünas” deyən, özü isə “heçnəşünas” olan “alim”, bəs bu iradları harda gizlədək?!

Başlayaq cavabın müəllifinin Elm və təhsil şöbəsinin müdiri olmasından. Vallah, mən bilmirdim ki, Tərcümə Mərkəzində Elm və təhsil şöbəsi yaradılıb. Əgər yaradıblarsa, nəyə xidmət eləyir? Bu Mərkəzin təyinatı tərcümədirsə, soruşmaq ayıb olmasın, siz kimə təhsil verirsiniz? Bu şöbənin elmi işləri varmı? Orada işləyənlər kimlərdir? Bəhlul məni “hərşeyşünas” adlandırır. Sağ olsun, hörməti artıq olsun. Bizim Dağlı məhəlləsində buna hörmətinə isti-soyuq dəyməsin deyirlər. Amma orası var ki, bu adam elə bircə bu yazısı ilə özünün “heçnəşünas” olduğunu ortaya qoyur. İki ilin “ağır”, “məşəqqətli”, “fədakar” zəhmətini qeyd edən bu alimi-biəməl “heçnəşünas” bilməlidir ki, lüğət hazırlanmasının qaralaması (kartotekası) olmalıdr. Öydüyün sözlüyün kartotekası bəyənmədiyin lüğətin özü olub, hörmətli “heçnəşünas”. Plagiat bu deyil, bəs nədir? Plagiatın əlavə buynuzu olur? Bizim Dağlı məhəlləsində buna plagiat deyərdilər, sizin məhəllədə buna nə deyirlər?

Gələk qaqaşımızıın fədakarcasına sinəsini irəli verib bəyənmədiyi vergül məsələsinə. Bu abzası, sadəcə, oxucunu güldürmək üçün yazıram. Alimi-biəməl yazır ki, mənim vergüldən başım çıxmır. Amma vergülün də abırını qoruyub harda gəldi qoymaq düzgün olmasın gərək. Gəlin, onun yazısından bir cümləni olduğu kimi verək, vergülünə də toxunmayaq: “Çünki söhbət, ana dilimizdən – dövlət dilimiz olan Azərbaycan dilindən gedir.”

Orta məktəb şagirdi də bilir ki, bu cümlədə “söhbət” sözündən sonra vergül olmaz. Beləliklə, saxta şöbə, saxta müdir, saxta vergül... Görün, hardan hara gəldik?!

İndi gəlin güman edək ki, mən heç fəlsəfə üzrə doktor deyiləm, təhsilim fizika olsa da, Azərbaycan və dünya təhsil sistemləri ilə bağlı 100-lərlə analitik məqalənin və 10-larla kitabın müəllifi deyiləm. Heç məni təhsil eksperi kimi də tanımırlar. Mənim kitabxanamın zəngin və çoxşaxəliliyi Azad Mirzəcanzadə kimi alimin diqqətini də cəlb etməyib. Ay təhsil və elm şöbəsinin müdiri, mən bir vətəndaş kimi “Orfoqrafiya” lüğətinin başına sizlər tərəfindən gətirilən bu oyunlara biganə qalmalıyam? Hazırladığınız “Sözlüyü” lüğətin əvəzinə cəmiyyətə sırımaq istəyirsiniz? Bir məktəbli, yaxud tələbə işlək olmayan hansısa sözün yazılışını sizin “Sözlüy”ünüzdən tapmayanda o zaman necə olsun?!

Digər tərəfdən. Sənin alimi-biəməl olmağın həm də ondan məlum olur ki, balaca bir elmi söhbətin yeli əsəndə və kimsə bir ingilis mənbəyindən”orfoqrafiya lüğəti necə olar?” sualına cavab axtaranda (Dilçilik İnstitutunun kollektivinin cavabındakı ingilis mənbələrinə müraciəti nəzərdə tuturam) o saat əsəbləşib cırnayırsan. Bu mənə çox təbii göründü, çünki yazının ruhu buna tam uyğun gəlir. Nə isə...

Mən çox dərinə getmədən bir məsələni sizin camiənin (bəlkə: cameənin-?) diqqətinə çatdırmaq istəyirəm. Dilçilik institutunun kollektivinin və mənim yazımda konkret iradlar ortaya qoyulanda sənin kimilərin hay-küyü bu iradları unutdurmaq istiqamətində görülən profilaktik bir addım kimidır. Amma o iradlara cavab vermək heç sənlik deyil. Necə ki, cavab verə bilmirsən

Bilirsən, nəyə görə cavab verə bilmirsən, çünki, o iradlar sizin sözlükdən çıxan konkret səhvlərə əsaslanır. Sən bilmirsən, sən yazığın nə günahı, amma sənin ətrafındakılar bilməlidir ki, bu səhvlərdən çıxış yolu yoxdur. Buna görə də “müsibəti –Kərbəla” deyib sinə vurmağa ehtiyac yoxdur. Biz konkret iradlarımıza cavab gözləyirdik. Müaləsəf, müaləsəf, bir daha müaləsəf...Tez bax, gör, sözlükdə bu söz öz əksini tapıb? Səncə tapmalıdır, ya yox?!

Heyif ki, Tərcümə mərkəzi sənin kimilərin ümidinə qaldı. Elm və təhsil şöbəsi deyirsən, düşündürücüdür. Yəqin ki, cəmiyyətimiz və elmimiz sizdən yaxın gələcəkdə təkcə orfoqrafiya lüğəti barədə deyil, həm də yazdığınız kimi müxtəlif sahələr üzrə tədqiqatlar gözləyəcək. Ümid edirəm ki, o tədqiqatların müəllifləri sırasında “şərəflə” sənin də adın yer alacaq. Mən bəri başdan söz verirəm. O zaman səni mən “heçnəşünas” deyil, Bəhlul Danəndə adlandıracam.

P.S. Təəssüf ki, səninlə və sənin kimilərlə ciddi elmi söhbət mümkün deyil. Oxucu məni başa düşər.

635x100

Şərhlər

Redaktora sual 2018-05-04 08:32:22

Mənim şərhim niyə sayta buraxılmadı? Şərhdə heç bir pozuntu, təhqir yox idi. Sual verilmişdi ki, Etibar Əliyevin özünün fəaliyyətinin adı nədir? Deyir fizik-alimdir, "google"da da adı yoxdur. Tərcümə Mərkəzinin də əməkdaşı deyil, Dilçilik İnstitutunun da. Bu iki qurum arasında gedən müzakirədə Etibar Əliyevin "rol"u nədir?

Ədəbiyyat müəllimi 2018-05-04 08:32:22

Nizami Cəfərovun mərkəzi necə olmalıdır ki? Adama yer veriblər ki, get Yaşa! Bir də ki, tapılmayan şeyi axtarana ... deyilir.Onlara o qəsər təcrübə haradandır ki. hələ bir keyfiyyətli "sözlük"," lüğət" hazırlasınlar.Görmürsünüz ,Nizaminin elə sifəti onun zəifliyini göstərir də!Ylandan özlərinə titul düzəldib oturublar.İndiyə qədər onun bir dürüst elmi işini tanıyan var?

Cəmil 2018-05-04 08:32:22

Bütün bu baş verenler ölkenin meneviyyatına meneviyyatsızların,tarixine zatı xarabların, elmine savadsızların, torpağına milliyyeti belli olmayanların tecavüzüdü. Ömrü boyu ne özü ne ovladı bir ermeniye gülle atmayan,hetta esgerlikde olmayan "qeyret dağarcıqları" xalqa vetenpdrverlik derzi keçir. Ve ne heyf ki,sadaladığım kateqoriyadan olanlar sadaladığım sahelere nezaret eleyir.Son zamanlar orfoqrafiya lüğetine tinde sallağı oturan narkomanların istifadesinde olan "sözleri" de soxdular.Bu xalq bu "xarabların" esiri olub.

Son yazılar