"İsrail kəşfiyyatı Azərbaycan ərazisindən istifadə etməyib" - RƏSMİ AÇIQLAMA

Rəsmi Bakı İranın nüvə arxivinin oğurlanması üçün İsrail xüsusi xidmət orqanlarının Azərbaycan ərazisindən istifadə etmələri ilə bağlı yayılan məlumatı təkzib edir.

Daha öncə Küveytdə dərc olunan “Əl-Carida” qəzeti iddia etmişdi ki, İsrailin xüsusi xidmət orqanları “İranın nüvə arxivinin oğurlanması ilə nəticələnmiş qəfil əməliyyat həyata keçiriblər və arxiv Azərbaycanın ərazisindən çıxarılıb”.

Nəşr qeyd edir ki, sənədlər 2018-ci ilin yanvar ayında oğurlanıb. Bildirilir ki, Azərbaycan hakimiyyətinin əməliyyat barədə məlumatı olmayıb. Oğurlanmış arxiv sərhəd məntəqələrini yan keçməklə Azərbaycana gətirilib və buradan hava yolu ilə İsrailə aparılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəzi xarici KİV-lərdə guya İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsi barədə yayılan informasiya ilə bağlı AZƏRTAC-ın sualını cavablandırıb.

“Yayılmış bu informasiya ən ciddi qaydada Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən araşdırılıb. Tam əminliklə bildiririk ki, bu məlumatın həqiqətlə heç bir uyğunluğu yoxdur, sırf saxta (fake) xəbərdir”, - deyə Hikmət Hacıyev qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar