CABBAROV “GİZLƏN-QAÇ” OYUNUNU SEVMİR – Sahibkar isə başqa oyun bacarmır!

Dərc olunub: 05/05/2018 - 22:45

cabbarov

Məşhur ifadə var – işləməyən yaxşı qanundansa, işləyən pis qanun yaxşıdır. Azərbaycanın Vergi Məcəlləsi isə nə ondandır, nə də bundan – həm ideallıqdan çox-çox uzaqdır, həm də əksər hallarda, bu qanunun sadələşdirilmiş vergiylə bağlı hissəsi işləmir. Bunu vergi nazirimiz də gözəl bilir. Ancaq bununla belə, dövriyyəsini azaldan, gizlədən sahibkarlara üz tutaraq deyir ki, “gəlin gizlən-qaç əvəzinə başqa, hansısa bir komanda oyunu oynayaq”.

Hörmətli Mikayıl Cabbarov onu da bilməmiş deyil ki, sahibkar adlandırılan, əslində isə əksəriyyəti ticarət və xidmət fəhlələri olan xırda biznes nümayəndələri təkcə dövriyyəni yox, həm də icarə haqqını, işçilərin sayını və əmək haqqını, real iş saatını və s. də gizlədir. Və bunu kefindən etmir. İqtisad elmi barədə ümumi anlayışı olan hər kəs bilir ki, vergi gəlirdən tutulmalıdır. Ancaq sadələşdirilmiş vergi növü sahibkarın xeyir, yoxsa ziyan etməsinə baxmır, qazandın-qazanmadın dövriyyənin 4 faizini ödəməlisən.

Dövriyyədən 4 faiz vergi kifayət qədər yüksək rəqəmdir və bu da gizlən-qaç oyununu şərtləndirən əsas səbəblərdəndir. Bundan əlavə, aylıq icarə haqqının 14 faizi, işçinin gəlir vergisi, əmək haqqının 25 faizi (DSMF-ə) də onun “belindədir”. Biz hələ kommunal və müxtəlif qeyri-leqal xərcləri demirik. Bütün bu xərclər sahibkarın satdığı məhsulun və göstərdiyi xidmətin maya dəyərində oturur və bu xərclər artdıqca, satış qiyməti də artmalıdır ki, ona da ayın sonunda nəsə qalsın. Məsələ də ondadır ki, sahibkar dövriyyə, icarə haqqı, əmək haqqı, işçilərin sayı və s. rəqəmləri düzgün göstərsə və nəticədə qiymətləri artırsa, rəqabətə tab gətirməyəcək , çünki qonşusu bütün bu göstəriciləri gizlədir və aşağı qiymətlərlə işləyir. Yəni qanun o zaman qanun olur ki, onu hamı icra edir. Azərbaycanda isə sadə vətəndaş üçün işləyən qanun, filankəsin dayoğlusu, bibioğlusu üçün işləmir. Ona görə də yeganə əlac “qonşudan qalma geri” prinsipinə qalır. Nəticədə də sahibkar olur peşəkar gizlən-qaç oyunçusu. Və vergilər naziri nə qədər çalışsa da, məmur biznesmenlər qaldıqca, eləcə də Vergi Məcəlləsi kardinal şəkildə dəyişmədikcə, vergi intizamı olmayacaq…

vergi943d31

Digər bir məqam – nazir deyir ki, 180 min sadələşdirilmiş vergi ödəyicisindən cəmi 5 mini illik dövriyyəsini 100-200 min manat arası göstərir, 175 min sahibkarın dövriyyəsi isə 100 min manatdan azdır. Doğrudan da real dövriyyəsi 100 mindən çox olan, lakin bunu gizlədən ödəyicilərin sayı 5 min ola bilməz, ancaq onların sayı 100 min də deyil axı. Olsa-olsa bu rəqəm 5 mindən 3-4 dəfə çox olsun, bəs yerdə qalan 160 min ödəyici? İstənilən təcrübəli vergi əməkdaşı gözəl bilir ki, əslində ƏDV ödəyicisi olmalı olan və dövriyyəsini külli miqdarda gizlədənlərin çox böyük əksəriyyəti “krışası” olanlardır və indinin özündə də onların qapısına yaxın düşmək müşkül məsələdir. Yəni ki, məmur-oliqarxlar biznesdə olduqca, nazirin qaldırdığı problemlər həllini tapmayacaq – bu birmənalıdır!

İndi vergidən qəpik-quruş yayındırıb, bir təhər “çulunu sudan çıxaran” 150-160 min yetim-yesiri incitməyin, qurunun oduna yaşı da yandırmağın mənası varmı? Axı bunların əksəriyyətini Fazil Məmmədovun, Səlim Müslümovun, hətta Eldar Mahmudovun “qoçuları” elə hala salıb ki, nəticədə hay-hayları gedib, vay-vayları qalıb.

Onu da nəzərə almaq lazımdır ki, 180 min sadələşdirilmiş ödəyici 1 milyona yaxın insanın pis-yaxşı işlə təminatı deməkdir, çünki hər ödəyici işinin həcmindən asılı olaraq, bir neçə nəfəri işlə təmin edir və belə insanları hədələmək yox, həvəsləndirmək lazımdır. Bu il sadələşdirilmiş vergi üzrə büdcəyə cəmi 380 milyon manat daxil olacağı proqnozlaşdırılır ki, bu da ümumilikdə büdcənin cəmi 1.8 faizi deməkdir, yəni büdcə üçün həyati əhəmiyyət kəsb etmir. Əvəzində hər nazirin işdən çıxarılmasının ardınca milyardlar göydə uçuşur – mətbuat filan nazir 2 milyard, o birisi 5 milyard oğurlayıb yazır və hamı da buna inanır, çünki onların yaşayış tərzi, mal-mülkü, biznesləri bunu inandırıcı edir.

Təkcə Beynəlxalq Bankdan oğurlanan vəsaitlərin hesabına sadələşdirilmiş vergi ödəyicilərini 45-50 il (!) bütün vergilərdən azad etmək olardı. Demək istədiyimiz odur ki, vergi orqanının axtarmalı olduğu pullar tamamilə başqa yerlərdə və başqa ciblərdədir.

Əslində, bütün bu deyilənlərə nazir öz çıxışındakı bir neçə cümlə ilə tam dolğun izah verdi və problemlərin səbəbkarlarını göstərdi - “Kimsə qanuna uyğun işləyən yeganə sahibkardırsa, onda gərək biznesini bağlasın. Bunu nəzərə alaraq Nazirlik ilk öncə holdinqlərə müraciət etdi…”

Bu müraciətin sonunun nə olduğunu bilmirik, ancaq onu bilirik ki, pul qazanan və gizlədənlər də, “gizlən-qaç “oynayan böyük oyunçular da elə bu holdinqlər və digər akulalardır, kasıb-kusubun isə nə gizlən-qaça, nə də başqa oyuna həvəsi və gücü qalmayıb.

E.Qüdrətoğlu
AzPolitika.info


loading...




Fikrinizi bildirin