AİLƏNİN İQTİSADI SOSİOLOGİYASI - Professor Tofiq Quliyevin məqaləsi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Əməkdar Elm Xadimi, “Şöhrət” ordeni mükafatı ilə təltif edilmiş professor Tofiq Quliyev ailənin iqti­sa­di sosiologiyası ilə bağlı maraqlı elmi məqalə ilə çıxış edib. "AzPolitika.info" həmin məqaləni oxuculara təqdim edir:

Bazar iqtisadi sisteminə keçid, dünyada postmodernizm meyillərinin güclən­məsi bütün sferalarda, münasibətlərdə olduğu kimi ailə münasibətlərinə də əhə­miyyətli dərəcədə təsir etmişdir,  mövcud  ənənəvi mentalitetlər, o cümlədən iqtisa­di mentalitetlər bir sıra problemlərlə üzləşmişlər. Belə bir şəraitdə iqtisadi sosiolo­giya iqtisad elmi ilə yanaşı bu sahədə baş verən sosial-iqtisadi proseslərin səbəb­lərini qanunauyğunluqlarını öyrənməli və mövcud olan hər hansı bir anomaliya hallarının  (normadan kənarlaşmaların, düzgün olmayan cəhətlərin) aşkara çıxarıl­masına və onların neytrallaşdırılmasına, zərərləşdirilməsinə kömək etməlidir. Burada iqtisadi problemlər zəminində baş verən  ailə münaqişələrinin, iqtisadi  dav­ranışların sistemli, kompleks təhlili xüsusi əhəmiyyət kəsb edir.  Ailənin iqti­sa­di sosiologiyasının  öyrənilmə­sində ümumi sosiaologiyanın, əməyin sosiolo­giya­sının, sahibkarlıq (biznes) sosiologiyasının, menecment sosiologiyasının, yoxsul­luq sosiologiyasının, tibbi sosiologiyanın və digər sosioloji istqamətli elmi bilik­lərin mestəsna  əhəmiyyəti vardır. Çünkü burada yuxarıda göstərilən  ixtisaslaşmış  sosioloji istiqa­mətlərin bu problemə yanaşmada hər birinin özünə məxsus deduktiv və induktiv elmi məntiqi vardır. Elmi deduktiv və induktiv məntiqi baxımdan ailənin sosiologiyası problemləri irəli sürülərkən aşağıdakı suallar meydana çıxa bilər:

  1. Cəmiyyətin iqtisadi və sosial modeli, strukturu ailənin iqtisadi strukturuna necə təsir edə bilər?
  2. Bunun ailənin həyat tərzi və həyatın keyfiyyəti ilə əlaqə mexanizmi necədir?
  3. Ailənin iqtisadi mədəniyyəti ilə gəlirləri hansı variantda və səviyyədə ahəngdarlıq təşkil edir?
  4. Ailə xoşbəxtliyi hansı sosial-iqtisadi sistemlərdə daha rasional halda təmin edilə bilər?

Ailənin ümumi və iqtisadi sosiologiyası geniş əhatəli problemlərlə impli­kasiya olunur və şərtləşir. Burada demoqrafik və iqtisadi proseslər, sosial-psixoloji mühit (ailə daxili və ailədən kənar), evlənmə-boşanma müna­sibətləri, ümumi həyat tərzi, emosionallıq, sosmədəni səviyyə və s. də özünü göstərir.

Ailə münasibətlərinə təsir edən amillər, şərtlər sistemli halda olur. Onlardan bəziləri sırf sosial, iqtisadi, bəziləri ilə bioloji-təbii, dini və mental səciyyə daşıyır. Lakin elə  amillər var ki, onlar (evlənmə və boşanma) həm də sosial-iqtisadi amillərdən də asılı olur. Bu, müasir dövrdə özünü daha aşkar halda göstərir. Burada ailə üzvlərinin, o cümlədən ər-arvadın ailə haqqındakı identifikasiyası, təsəvvürü, sosmədəni səviyyəsi, intim əlaqələri, mənəviyyatı, ailənin cəmiyyətdə tutduğu mövqe və s. də mühüm əhəmiyyət kəsb edir. Belə şəraitdə ailə münasibətlərini qoruyub saxlamaq başlıca şərtdir. Sosial və iqtisadi etika prinisplərinə əməletmə, zərərli, anormal vərdişlərdən uzaqlaşmada ailə möhkəmliyi üçün müqəddəs şərtdir. Ailə məişətinin də öz təsərrüfatı, təsərrüfat struktur vardır. Əlbəttə, ailənin təsərrüfat strukturu digər təsərrüfat strukturuna nisbətən sadədir. Lakin burada da müəyyən, müvafiq fəaliyyət növü vardır. Ailə cəmiyyətin  ilkin sosial və iqtisadi təbəqəsidir. Bunu mikrokollektiv də adlandırmaq olar. Ailə münasibətlərində bu cəhəti də nəzərə almaq lazımdır.

Adətən ailə problemlərindən danışarkən onu yalnız demoqrafiya çərçivəsində izah edirlər.  Belə yanaşma metodoloji baxımdan bir o qədərdə düzgün deyildir. Çünkü demoqrafik proseslər olan doğum, ölüm, təbii artım ailə çərçi­vəsindən də kənarda baş verə bilər. Eyninə də əhalinin cins və yaş strukturu, yaş qrupları (yeniyetmələr, gənclər, ahıllar, kişi və qadın və s.) haqqında demək olar. Lakin bu o demək  deyildir ki, ailə problemini demoqrafik prob­lemlərdən əlahiddə halda izah etmək lazımdır. Demoqrafik proseslər, evlənmə-boşanma, əhalinin miqarsiyası, ailədaxili iqtisadi və sosial proseslərə güclü bir amil kimi təsir edir. Burada əks təsir də vardır.  Burada başqa bir məntiq və yanaşma ola bilməz.

Ailə birgə yaşayış, birgə sosial-iqtisadi fəaliyyət, birgə büdcə (ailə büdcəsi) ilə bağlıdır. Ailə birgə özünüidarəetmə və özünüinkişaf mikro­struktur tipidir. Bu mikrostrukturda ümumi məişət, qarşılıqlı  yardım, kömək­lik, qarşılıqlı mənəvi məsuliyyət və ümumi mədəniyyət vəhdətliyi olmalıdır. Bu, özünu hər sahədə, o cüm­lə­dən ailədaxili  iqtisadi münasibətlərdə, ailədaxili sosiallaşmada da özünü göstər­məlidir. Ailədaxili  iqtisadi münasibətlərə sırf gedonik konsepsiya baxımından yanaşma düzgün yanaşma deyildir. Düzdür, tələbat mütərəqqi olaraq yüksəlir, bir tələbat forması digərləri ilə əvəz  olunur, modifikasiya edilir. Bu meyil iqtisad elmində tələbatın artması qanunu adlanır. Lakin tələbatn necə deyərlər, konstruktiv, önəmli meyarları, əmək gəlirli sosiallığı əsasları olmalıdır.

İşçi həm də ailə üzvü olduğuna görə və yaxud əksinə ailə üzvü həm də işçi oldubuna görə ailənin iqtisadi sosiologiyası əməyin iqtisadi  sosiologiyası və problemləri ilə üzvi şəkildə bağlıdır. Ailənin iqtisadi vəziyyəti, ailənin iqtisadi və sosial-tərbiyəvi funksiyası ilə işçinin əmək fəaliyyəti arasındakı əlaqə, daimi funksionallıq əlaqəsi halında olur.

Göründüyü kimi ailənin iqtisadiyyatı geniş miqyaslı  problemlərlə qarşılıqlı əlaqədə, təmasda olur. Bu əlaqədə  sistemində meydana çıxan münaqişələr, ailədə uşaqların və yeni­yetmələrin tərbiyəsi, bütövlükdə  ailənin həyat tərzi mühüm yer tutur. Ailə­nin iqtisadi sosiologiyası ilə əlaqədar olaraq birinci növbədə aşağıdakı növbəti suallar mey­dana çıxır: cəmiyyətin və ailənin qarşılıqlı tələbatı, nisbətləri, istehlak səviy­yəsinə, kəbin-ailə münasibət­lərinə və ailənin həyat tərzinə necə təsir göstərir? Ailə  davra­nışı  daha çox hansı tələbat standartlarına cavab verir? Ailə norması və də­yər­ləri müxtəlif sosial-iqtisadi şəraitdə özünü necə təzahür etdirir, bu normaların, meyarların dəyi­şilməsinin sosial - iqtisadi mexanizmləri nədən  ibarətdir və ailə iqtisadi müna­si­bət­ləri bu istiqamət üzrə doğru, səhih gedirmi? Ailə  iqtisadi davranışı ilə ailə müna­si­bətlərinin tənzimlənməsi prosesi arasında hansı əlaqələr  vardır, əgər varsa bu  nə­dən ibarətdir? Kəbin-ailə münasibətlərinə bazar münasibətləri üçün mənfi təsir göstərir?

Bu suallara bütün hallarda birmənalı cavab vermək, əlbəttə çətindir. Çünki bazar münasibətlərinin norma və dəyərlərinin radikal məzmunu ailənin  sosial-iqtisadi funksiyasını xeyli dərəcədə dəyişmişdir. Ona görə də biz deyərdik ki, ailənin iqtisadi, sosial problemi  heç də kiçik sosial qrup   çərçivəsinə sığan bir problem deyildir. Ailə  onun üzvlərinin sayı  baxımından kiçik qrup kateqoriyasına aid edilə bilər. Ailə formal olaraq qrup normalar və qrup proseslərlə bağlı olsa da orada baş verən vəziyyət, emosional münasibətlər həm də  cəmiyyət səviyyəlidir və bu makroiqtisadi səviyyəli münasibətlərə xeyli təsir göstərir. Eyni zamanda əksinə, radikal bazar münasibətləri istər-istəməz ailədə ev­lənmə və boşanma motivlərinə, ümumi ailə münasibətlərinə, o cümlədən ər-arvad, vali­deynlərlə və uşaqlar arası münasibətlərə mühüm təsir göstərir. Digər sosial qruplarda olduğu kimi,  kiçik sosial qrup olmaq etibarilə ailənin də özünəməxsus məqsədləri və vəziyələri, tərkibi və strukturu, o cümlədən sosial-demoqrafik strukturu vardır; Habelə burada başqa kiçik sosial qruplarda olduğu kimi ailə dəyərləri, normaları və davranış nümunələri vardır. Həmçinin ailə daxili şəxsiyyətlər arasında münasibətlər, stabillik və qeyri-stabillik, rol davranışı problemləri də vardır. Yuxarıda göstərilən və göətərilməyən digər müvafiq problemlərin ailə baxımından öz xüsusiyyətləri vardır. Bu və buna bənzər problemlər yalnız iqtisadi sosiologiya deyil, həm də  sosial psixologiya tərəfindən bəhdətli, sistemli halda öyrənilməlidir.

Ailə həm də bir sosial sistemdir. Ailənin  daxili və xaridi əlaqələri vardır. Ailədə  baş verən sosial prosesləri dərindən dərk etmək üçün konkret sistemli sosioloji   təhlilin aparılması lazımdır. Sistemli təhlil zamanı ailənin yalnız  fərdi funksiyalarını deyil, həm də ictimai funksiyalarını nəzərə almaq  lazımdır, çünki ailənin fəaliyyəti həm də  cəmiyyətdəki ümumi sosial şəraitlə bağlıdır. Ümumi sosial mühit ailənin maddi həyat şəraitinə mühüm amil kimi  təsir göstərir, onun sosial meyllərini müəyyən edir, habelə  ailənin sosial tələbatının ödənilməsi xarakterinə də öz təsirini göstərir. Ümumi sosial şərait də  ailə üzvlərinin statusuna, onların ailədəki roluna, kommunikasiya əlaqələrinə, ayrı-ayrı üzvlərin liderliyinə, dəyərlər   meylinin birliyi səviyyəsinə, ailə ünsiyyətinin stukturuna, evlənmə və boşanmanın səbəblərinə və motivlərinə də təsir göstərir. Bütün bunlar əslinə qalanda ailənin həyat tərzini formalaşdırır. Bu, həm də  göstərdiyimiz kimi cəmiyyətin həyat tərzinin xüsusi təzaşür formasıdır.

Ailənin qrup  nəzəriyyəsi və metodologiyası baxımından aşağıdakı kateqoriyalar diqqət mərkəzində  olmalıdır: həyat şəraiti; ailənin strukturu; ailənin funksiyası;  ailənin həyat tərzi;  yerliçilik, qohumluq; milli və regionçuluq ideolojiyası; bir sosial qrup kimi ailənin fəaliyyəti; ailə tsiklinin mərhələləri. Kiçik sosial qrup olan ailənin sosial problemlərinin həllində ailə tipologiyasının böyük əhəmiyyəti vardır. Tipologiyanın özü spesifik sosioloji nəzəriyyənin vacib ünsürüdür. Tipolojiya bir elmi metod kimi həm  elmi-nəzəri və həm də praktiki əhəmiyyətə malikdir. Ayrı-ayrı müəlliflər  tərəfindən ailənin həyat fəaliyyətinin tipologiyası müxtəlif variantda irəli sürülür və beləliklə də aşağıdakı tipologiyanın önəmliliyi təklif edilir:

  1. a) ailədaxili tənzimləmə vasitələri və üsulları, bu prsoesin idarə edilməsi;
  2. b) hər bir fərdi ailədə həmin proseslərin (formalaşması, inkişafı və yaxud dağılması, artımı, azalması) labüdlüyü dərəcəsi;
  3. v) həmin proseslərin labüdlüyünün bir sosial institutu kimi hər bir ailədə həmin prosesin müddəti və ailənin həyat tsikli ilə əlaqəsi;
  4. q) ayrı-ayrı ailələrdə bu proseslərin yeknəsəqlik və zaman kəsiyi etibarilə onun sabitlik, dəyanətlilik dərəcəsi, səviyyəsi;
  5. d) bu prosesdə ailə üzvlərinin iştirak etmə imkanlılığı dairəsi.

Bununla belə yuxarıdakı  tipologiya təsnifat  xeyli dərəcədə mücərrəd səs­lənə bilər, ailənin konkret sosioloji problemlərinin öyrənilməsində ancaq ümumi meyar rolunu oynaya bilər və bu səbəbdən onun nisbətən az praktiki əhəmiyyəti vardır. Amerika mütəxəssisi  K.Kirkpatrikan bu problemi ailənin tələbat  və mənafelərilə, ailə üzvlərinin statusu ilə əlaqələndirir.

O, Amerika ailələrində dəyərlərin münaqişəsini əks etdirən aşağıdakı on əsas dilemmanın siyahısını irəli sürmüşdür: ailədə azadlıq, qayda və intizam, ər-arvad, valideynlər və uşaqlar  arasında münasibət dərinliyi, övlad naminə ailədə  şəxsiyyətin özünütəsdiqləməsi və öz hissələrini qurban verməsi, ailənin  və cəmiyyətin mövcud ənənələrinə bağlılıq, ailənin xarici və təsadüfi   əlaqələri, onun dərinliyi və məhdudluğu, sevgi təcrübəsi və yaxud məhəbbətə sədaqət, azad seksual davranış və yaxud   seksual məzmunluluq, vaxtından əvvəl və yaxud gecikmiş kəbin kəsmə, böyük uğurlar qazanmağa cəhdetmə və real  imkanları nəzərə almaqla realist gözləmə.

Ailə münasibətlərinin tipologiyası və fenomeni həm də onun formalaşmasına təsir edir. Bu münasibətlər fenomoloji əlamət və amillərdən asılı olaraq dəyişə bilər. E.B.Raşkovski isə ailə fenomeninin ən azı  altı ölçülməsi halını göstərir. Bunlar aşa­ğı­dakılardır:[1] 1. Bioloji. 2. Psixoloji. 3. İqtisadi. 4. Sosmədəni. 5. Hüquqi. 6. Dini. Bu fenomenoloji ölçülərin bir-birilə üzvü əlaqəsi vardır. Əvvəllər göstərdiyimiz kimi burada başlıca mövqe iqtisadi fenomenə məxsusdur. Lakin  burada digər ölkələrin feno­menoloji əlamətlərini, onun əhəmiyyətini nəzərə almamaq da düzgün olmazdı. Məsələn, ailə üzvlərin fiziki cəhətdən saglam  olması, zərərli vərdişlərdən uzaq olması, körpə uşaqlara nəvaziş  göstərmək, onlara mədəni  qaydada qulluq etmək, qayğısına qalmaq, onlara öz həyatlarının bir hissəsi kimi  yanaşmaq, qohumlarla xoş ünsiyyətdə olmaq, valideynlərin təhsil, peşə-ixtisas, ümumi intellektual səviyyəsi, atalıq-analıq borcunu dərketmə, ər-arvad arasında etimad hissi, dostluq, qohumluq əlaqələri  - bir sözlə, ümumi  insani, ümumi bəşəri duyğuların, ülvü hisslərin olması ayrı-ayrı millət və ölkələrdə bir çox amillərlə şərtləşir. Bütün bunlar onu göstərir ki,  ailə münasibətlərini, bu sahədəki dəyişiklikləri tədqiq edərkən onu həm obyektiv və həm də məcmuu çoxamilli halda nəzərdən keçirmək lazımdır. Çünki burada çoxamilli funksional asılılıq tədqiqat üçün vacibdir.

Ailələr əhalinin siyahıyaalma  baxımından bir sıra tipə ayrılır: ər-arvad ikiliyi, uşaqlı və uşaqsız, bir ailə başçısı olan uşaqlı və uşaqsız, habelə həmin tək ailə başçısının valideynlərindən birinin yaşadığı  ailə: yuxarıda göstərilən tərkibdə   olan ailə əlavə olaraq digər qohumlar yaşayan ailə: iki və daha çox ərarvadlı,  habelə uşaqlı və uşaqsız  olan, ər-arvalın valideynlərindən biri və qohumları yaşayan ailə və s.  Bundan başqa, ailələr sosial mobiliyinə  görə fəal, qeyri-fəal və orta fəal tiplərinə bölünür. Ailələrə iqtisadi baxımdan yanaşıl­dıqda isə birinci növbədə onların gəlir səviyyəsi əsas götürülür (aşağı, çox aşağı, orta, yüksək). Bundan  asılı olaraq ailələr istehlakın səviyyəsi, tərkibi və xarakterinə görə də fərqlənirlər. Elə ailələr var ki, istehlakı, elə ailə var ki, bahalı əşyaları çatışmır; bazar münasibətləri, prinsipləri  şəraitində belə diapazon getikcə daha da arta bilər.

Ailəni səciyyələndirən cəhətlərdən biri onun  mülkiyyət, bölgü, mübadilə (ilkin və yenidən bölgü) sisteminə münasibəti və bu sistemdə həmin ailənin (ailələr qrupunun) tutduğu mövqedir. Bu həm ailənin təsərrüfatçılıq forma­larından, həm də gəlir əldəetmə imkanlarından asılı olur. Bunu aşağıdakı sxem kimi də vermək olar:

Ailənin təsərrüfatçılıq, məşğulluq formaları baxımından müxtəlifliyi Ailənin iqtisadi mövcudluğu (iqtisadi əsasları) mənbələri Mövcud bölgü formaları
İstehsal, məhsuldar sfera­larda (muzdlu və qeyri muzdlu fəaliyyətlərdə) Əmək və bəzi hallarda qeyri əmək gəlirləri Gəlirlərdən asılı olan bazar modeli üzrə bölgü forması. Sosial yardım sistemi.
Təsərrüfat-məişət forma­sında, ev təsərrüfatı, özünü məşğulluq Birgə ailə büdcəsi, gəliri Ailə və ailə fəaliyyə­tindən kənar gəlirlər
Dövlət müəssisələrində Hüquqi tənzimləmə üzrə əməyə görə əmək haqqı Əmək haqqı, mükafatlar
Dövlət idarələrində Ştat gədvəli üzrə əmək haqqı, müəyyən güzəştlər Aylıq əmək haqqı
Xüsusi mülkiyyətli səhmdar şirkətlər, firmalar Mövcud tarif sistemi üzrə gəlirlər, səhmlər, dividentlər Əmək haqqı, səhmlər, divi­dentlər, gizli, kölgəli gəlirlər
Dövlətin sosial məsələlər üzrə tədbirlər sistemindəki tutduğu mövqe Sahibkarlıq gəlirləri, pen­si­ya, səhiyyə üzrə sığor­ta­lanma və s. Milli gəlirin qeyri ilkin bölüşdürmə formaları
Bəzi ailə üzvlərinin kənar ölkələr­dəki iş fəaliyyəti, onun qazancı. Ailəyə pul və s. formada  köməklik Qazancdan ailəyə yardım

Ailənin iqtisadi fəaliyyəti, təsərrüfatçılıq formaları, onun makro-mikro iqti­sa­di sistemlərlə əlaqəsi daima dəyişə bilər. Bu dəyişəklik demoqrafik  strukturu, so­si­al strukturu, mülkiyyət formalarına  olan münasibəti və əlaqəsi, sosial bərabər­siz­li­yin azaldılması və ya artması, ev təsərrüfatlarının sayı və ölçüsü, qadın məşğulluğu, ailədə iş­lə­yən­lərin sayı, qadın genderliyi-məşğulluğu və s. sahələrdə baş verən meyillərlə şərt­ləşir. Göründüyü kimi, ailələrin iqtisadi fəaliyyəti və bundan irəli gələn gəlir­lə­rin mütləq həcmi və strukturu çox amilli iqtisadi modellərlə sistemilə izah olan bi­lər. Azərbaycan Respublikası Statistika Komitəsinin 2015-ci il məlu­matına gö­rə ev təsərrüfatlarında gəlirlərin quruluşu (%-lə) aşağıdakı kimi olmuşdur (cədvəl №1).

Cədvəl №1. Ev təsərrüfatı gəlirlərinin quruluşu (faizlə) 

2005 2010 2012 2013 2014 2015
Gəliro cümlədən: 100 100 100 100 100 100
əmək gəlirləri (əmək haqqı) 53,6 59,8 58,0 58,6 59,1 59,1
sosial transferlər 11,6 15,1 16,9 16,1 16,0 15,8
kənd təsərrüfatı məhsulları və s. satışından gəlir 18,6 14,0 13,8 13,9 13,3 13,4
digər gəlirlər 16,2 11,1 11,3 11,4 11,6 11,7

 Ayrı-ayrı yerlər (şəhər və kənd), habelə iş yerləri üzrə gəlirlərin quruluşu isə aşağıdakı kimi olmuşdur (cədvəl №2).

Cədvəl №2.2016-cı ildə yaşayış yerləri üzrə gəlirlərin quruluşu (faizlə)

Ölkə üzrə cəmi Şəhər yerləri Kənd yerləri
Gəlirlər – cəmi 100 100 100
Muzdlu əmək fəaliyyətindən gəlirlər (əmək haqqı) 33,5 42,8 21,8
Sahibkarlıq fəaliyyəti və özüməşğulluqdan gəlirlər 25,9 27,1 24,3
Kənd təsərrüfatından gəlirlər 13,2 2,6 26,5
İcarədən gəlirlər 0,7 0,8 0,5
Əmlakdan gəlirlər 0,2 0,3 0,1
Alınmış cari transfertlər 15,9 15,4 16,5
Pensiyalar 13,4 13,5 13,4
Müavinət və sosial yardımlar 1,6 1,2 2,1
Naturada sosial transfertlər 0,8 0,6 1,1
Digər gəlirlər 10,8 11,1 10,4
Digər ailələrdən alınmış gəlirlər 8,2 8,6 7,5
Ölkə xaricindən göndərilən pul 2,6 2,4 2,9

2 saylı cədvəldən göründüyü kimi  burada muzdla işləyənlərin əməyinin ödənilməsi üzrə gəlirlər həm ümumilikdə və həm də yaşayış yerləri üzrə daha çox olmuşdur. Ev təsərrüfatlarının tipinə görə  gəlirlərin quruluşunu isə aşağıdakı 3-cü cədvəldən görmək olar. 

Cədvəl №3. 2015-ci ildə ev təsərrüfatlarının tipinə görə gəlirlərin quruluşu (faizlə)

Ev təsərrüfatının tipi
Uşaqlı evtəsərrüfatları Uşaqsız evtəsərrüfatları
Gəlirlər – cəmi 100 100
Muzdla işlə­yən­lərin əməyinin ödənilməsi (əmək haqqı) 30,6 36,7
Sahibkarlıq fəaliyyəti və özüməşğulluqdan gəlirlər 26,6 26,5
Kənd təsərrü­fatından gəlirlər 14,7 10,4
İcarədən gəlirlər 0,8 0,5
Əmlakdan gəlirlər 0,2 0,2
Alınmış cari transfertlər 15,5 16,5
Pensiyalar 12,9 14,4
Müavinət və sosial yardımlar 1,8 1,3
Naturada sosial transfertlər 0,8 0,8
Digər gəlirlər 11,6 9,2
Digər ailələrdən alınmış gəlirlər 8,9 6,7
Ölkə xaricindən göndərilən pul 2,7 2,5

3 saylı cədvəldən göründüyü kimi ev təsərrüfatlarının tipinə görə gəlirlərdə böyük fərqlər nəzərə çarpmır. Lakin hər bir bökgədə və bölgə daxilində uşaqların xəstəliyi və onun müalicəsi üzrə xərclər nəzərə alınsa bu xərclərin ailə gəlirlərinə xeyli dərəcədə təsir etdiyini görə bilərik. Məsələn, respublikada əlil əhalinin 60%  uşaqların payına düşür. 2017-ci ilin 10 ayında respublikada 638 uşaq əlil doğulmuşdur. Bu sahədə dövlətin sosial yardımı olsa da hər halda ailə büdcəsinə təsirsiz ötüşmür. Gələcək ailələr üçün sağlamlıq və mənəvi cəhətdən yaranmış problemlərdən biri də nigaha daxil olacaq cütlüklərin həyat tərzidir. 2017-ci ilin noyabrında tibbi müayinədən keçən 10 mindən (nigaha daxil olacaqlardan) artıq adamdan 422-də siflis, 103-də coid və 38 cütlükdə talasemiya xəstəliyi aşkar edilmişdir.

Məktəbli uşaqların isə başqa problemləri vardır. Indi məktəblilərin 25%-i skalyorz xəstədir. Bu onurğa sütununun əyilməsi ilə bağlıdır. Skalyorz ciddi fəsadlar verə bilər.

Burada   ən maraqlı cəhət aylıq gəlirlərin ev təsərrüfatlarının ölçüsündən  asılı olaraq xeyli fərqli olmasıdır. Bunu 4-cü cədvəldən görmək olar.

Cədvəl №4. 2015-ci ildə ev təsərrüfatlarının ölçüsünə görə gəlirlər(ayda adambaşına, manatla) 

Ev təsərrüfatı ibarətdir:
1 nəfərdən 2 nəfərdən 3 nəfərdən 4 nəfərdən 5 nəfərdən 6 və çox
Gəlirlər – cəmi 414,8 343,6 293,5 254,9 235,3 220,3
Muzdlu əmək fəaliyyətindən gəlirlər (əmək haqqı) 123,4 113,1 108,7 95,9 77,6 64,0
Sahibkarlıq fəaliyyəti və özüməşğulluqdan gəlirlər 46,4 61,9 79,5 75,6 64,6 57,1
Kənd təsərrüfatından gəlirlər 23,3 29,6 30,3 28,4 31,6 34,4
İcarədən gəlirlər 11,1 2,3 2,0 1,6 1,5 1,7
Əmlakdan gəlirlər 4,3 0,8 0,6 0,6 0,3 0,6
Alınmış cari transfertlər 128,2 94,3 43,4 26,4 33,6 39,0
pensiyalar 122,1 87,9 37,5 19,9 27,1 33,8
müavinət və sosial yardımlar 4,0 3,8 3,8 4,2 4,2 3,6
naturada sosial transfertlər 2,1 2,6 2,1 2,3 2,3 1,6
Digər gəlirlər 78,1 41,6 29,0 26,4 26,1 23,5
digər ailələrdən alınmış gəlirlər 51,4 29,1 20,4 20,2 19,8 18,2
ölkə xaricindən göndərilən pul 26,7 12,5 8,6 6,2 6,3 5,3

 4 saylı cədvəldən göründüyü kimi burada 220,3 manatdan (6 və ondan çox nəfərdən ibarət olan) 414,8 manata qədər fərq vardır.  Ev təsərrüfaitlarının ölçüsünə görə gəlirlərin quruluşunu daha  konkret formala ermək olar. Bu ölçü, meyar baxı­mından yanaşılsa məcmuu gəlirləri əmək haqqından  əlavə  sahibkarlıq gəlirlərinə, özünüməşğulluqdan gələn  gəlirlərə, kənd təsərrüfatından olan gəlirlərə, ticarətdən gələn gəlirlərə, əmlakdan gəlirlərə, alınmış  cari transfertlərə, pensiyalara, müavinat və sosial yardımlardan, natural sosial transfertlərə və s. gəlir mənbəilərini ev təsərrüfatlarının konkret ölçüləri üzrə təsnifləşdirmək də olar.

Ailə həyatının təşkilində  kişilərlə yanaşı qadınlar da mühüm rol oyna­yırlar. Müşahidələr, sosioloji  tədqiqatlar göstərir ki, qadınlar ailə işlərinə müxtəlif  münasibət baxımından üç əsas qrupa ayrılır: a) istehsal, əmək fəaliyyəti meylini əsas götürənlər; b) əmək fəaliyyəti və ailəyə eyni dərəcədə rəğbət bəsləyən, meyl edən; v) əsasən ailəyə meyletmə, işə ailənin mənafeyi baxımından yanaşma.

Burada gənc ailələrin öz xüsusiyyətləri, həyat meyarları vardır. Bazar münasibətləri şəraitində gənclər, gənc ailələr problemi çox kəskin halda qoyulur. Gənc ailələrdə peşəyə bağlılıq, uşağa bağlılıq (az və çox uzaqlılıq), azad vaxtdan (işdən kənar) istifadəyə münasibət və sair müxtəlif olur, bu münasibət ümumi sosioloji mühitlə  bahəm gənclərin, gənc ailələrin sosial keyfiyyəti, sosial dəyərlər meyli ilə də  əlaqədardır.

Ailənin  iqtisadi sosiologiyası sistemində onun iqtisadi, istehsal funksiyası mühüm roly oynayır. Bu məsələ uzunmüddət iqtisadçılar, sosioloqlar və psixoloqlar arasında elmi mübahisə obyektinə çevrilmişdir. Bəzi mütəxəssislər ailənin (qadınların) istehsaldan, əməkdən kənarlaşması, bəziləri isə istehsalla, əməklə bağlılığı zəruriy­yətini qəbul edirlər. Bir sıra  mütəxəssislərin hesablama­larına görə qadınlar ev işlərini təşkil etmək və uşaqların tərbiyəsi  ilə əlaqədar olaraq  deyək ki, ayda 70-90 dollarlıq iş görürsə, ayda deyək ki, 50-60    manatlıq işə girmək mənasız görsənə bilər. Bu məsələ keçən əsrin 70-80-cı illərində Çexoslavakiya, Polşa, sonralar isə Sovet iqtisadçıları tərəfindən irəli sürülmüşdü.  Lakin bununla yanaşı belə bir şəraitində ehtiyac üzündən qadınlar  həm də  işləməyə məcbur olurlar.

Ailənin iqtisadi funksiyası baxımından ailə özünə məşğulluğun, ailə podratı və ailə kooperativ­lərinin də böyük əhəmiyyəti vardır. Bizcə bu təsərrüfat formalarını sözün geniş mənasında ailə təsərrüfatı adlandırmaq olar, bu həm  də qeyri-formal iqtisa­diyyat növüdür. Lakin bu təsərrüfat növündə də nəinki ailədaxili əmək bölgüsü, həm də təsərrüfat­daxili funksional əmək bölgüsü vardır. Lakin bu təsərrüfat növü haqqında hərtərəfli  tədqiq edilmiş informasiya materailları, hətta belə sistemli elmi konsepsiya  yoxdur. Ailənin iqtisadi problemlərinin bazar iqtisadi prinsipləri əsasında yenidən qurulması ona mənfi təsir göstərmişdir. Bir çox gənclər ailə qurmağa başlayarkən çox mürəkkəb və dözülməz iqtisadi şəraitlə  üzləşirlər. Əhalinin hər adam başına düşən gəlirlərin miqdarındakı böyük fərqlər istehlak məhsullarının (ərzaq və sənaye) faktiki miqdarında da böyük  fərqlər əmələ gətirmişdir.  Hətta elə ailələr var ki, onların aldığı əmək haqqı yaşayış minimumu üçün lazım olan  xərc­lərin 40-50%-ni təşkil etmir:  Rusiyada  minimum əmək haqqı  alan işçilərin 70%-dən ço­xu­nun maaşı  yaşayış minimumundan aşağıdır, bu maaş  aylıq yaşayış mini­mu­munu təmin etmir. Ona görə də əmək haqqını səviyyəsi baxımından yana­şılsa  belə ailələrin gəlirinin 90-95%-i ancaq qida məhsullarının alınmasına  getməlidir.

Cədvəl №5.Əhalinin istehlak xərcləri (faizlə) 

İstehlak xərcləri 2005 2010 2012 2013 2014 2015
Cəmio cümlədən: 100 100 100 100 100 100
ərzaq məhsullarına 53,7 48,2 43,2 41,5 40,7 40,5
qeyri-ərzaq məhsullarına 15,6 15,2 16,2 17,1 17,4 17,3
alkoqollu içkilərə 0,6 0,5 0,5 0,5 0,5 0,5
xidmətlərə 30,1 36,1 40,1 40,9 41,4 41,7

 Bizim respublikada bütövlükdə əhalinin 2015-ci ildə istehlak xərcləri 5 saylı cədvəldən göründüyü kimi ərzaq məhsulları üzrə 40,5, qeyri-ərzaq məhsulları üzrə 17,3 faiz olmuşdur.

Müasir dövrdə ailənin sosial problemləri, qayğıları və funksiyaları dəfələrlə artmışdır. Müasir şərait, yalnız ailənin iqtisadi yükünü deyil,  psixoloji yükünü də artırmışdır, sosial bərabərsizlik ailə münasibət­lərinin gərginləşməsinə səbəb ola bilər. Bu, demoqrafik proseslərə də mənfi təsir göstərir. Əlbəttə, demoqrafik proseslər  yalnız maddi vəziyyətlə ölçülmür. Məsələn, İngiltərədə ölüm  doğumu qabaqlayır,  Amerika  uşaqsız ailələrin miqdarı baxımından dünyada birinci yerlərdən birini tutur. Lakin belə halları bərabər şərait daxilində qəbul etmək lazımdır və Azərbaycan  şəraitinə mexaniki qaydada tətbiq etmək olmaz. Çünki uzun illərin təgrübəsi göstərir ki, azərbaycanlı ailəsinin  maddi həyat şəraitinin yaxşı olması demoqrafik proseslərə (birinci  növbədə təbii artıma) müsbət təsir etmişdir, lakin bazar münasibətlərinə keçidlə əlaqədar olaraq yaranmış çətinliklər, qeyri normal vəziyyət  üzündən bu pozitiv meyillər azalmağa başlamış, ailədə doğulan bir çox  uşaqların sağlamlığı tibbi standartlardan xeyli aşağı olmuşdur.

Ailənin iqtisadi  sosiologiyası bapxımından kişilərlə yanaşı qadınların da məşğulluğu  mühüm əhəmiyyət  kəsb edir. Bu problem müasir dövrdə kəskin forma almamalıdır. Çünki bu hal işsizliyin artması,  evdar qadınların məşğul­luğuna, gələcək  əmək fəallığına mənfi təsir göstərə bilər. Ona görə də məcmuu işçi qüvvəsinə ümumi tələbatın (əsas və əlavə) nisbətən  azaldığı bir şəraitdə mövcud demoqrafik xüsusiyyətlərin  ailənin iqtisadi vəziyyətinə neqativ təsirini nəzərə almaqla qadınların peşə  məşğulluğu probleminə xüsusi diqqət yetirmək lazımdır. Həm də burada qadın əməyinin xüsusiyyətləri və strukturu nəzərə alınmalıdır: onları mümkün qədər ağır və zərərli iş sahələrindən kənarlaşdırmaq lazımdır. Lakin işsizlik problemi bəzən bu vacib cəhəti arxa plana çəkir. Sosioloji tədqiqatlar və elmi mülahizələr göstərir ki, kişi əməyi ilə bağlı olan və habelə mexanikləşdirilməmiş işlərdə çalışan  qadınlar arasında patoloji hallar, uşaq itirmə halları daha çox olur. Beləliklə, maddi tələbatın ödənilməsi zərurəti və məcburi əmək motivləri qadınların təbiətinə uyğun gəlməyən əmək fəaliyyəti növləri ilə məşğul olmağa məcbur edir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, maddi həyat şəraiti ayrı-ayrı yaş qrupları çərçivəsində (xüsusilə gənclər üzrə) ailə qurmanı zaman, illər baxımından uzunmüddətli gələcək dövrə saxlanmasına səbəb olur, ailə xoşbəxtliyinə, əhalinin artmasına mənfi təsir göstərir. Maddi həyat şəraiti həcminin evlənmə-boşanma pro­ses­lərinin möhkəmlilik, dəyanətlik  səviyyəsinə mənfi təsir göstərir. Boşanma halları­nın çoxalması isə maddi şəraitlə yanaşı həm də gənc ər ilə arvadın sosial və psi­xoloji yetkinlik səviyyəsində olmadıqları, real şəraiti lazımı dərəcədə qiymətləndirə bilmə­mələri səbəbindən də irəli gəlir.

Gender tipli əmək bölgüsü qadınların gəlirinə, əmək fəaliyyətinə mühüm təsir göstərir. İndiki şəraitdə  göstərdiyimiz kimi bir çox qadınların məşğulluq variantları məhdud xarakter daşıyır, əmək bölgüsü, ailə və əmək bazarı bir-birinə zidd istiqamətdə for­ma­laşır. Burada gender  tipli  əmək bölgüsü, gender mədəniy­yəti və gender sistemi (ev təsərrüfatı, qadın əmək bazarı, dövlət tədbirləri) rasional qaydada əlaqə­lən­dirilməlidir. Burada ailə biznesi, özünü məşğulluq,  ev iqtisa­diyyatı çərçivəsində əmək bölgüsü,  bir sözlə, ailə  iqtisadiyyatı modeli mühüm əhəmiyyət kəsb edir. Son vaxtlar qadınların ailəyə qayıdışı daha aydın hiss olunur. Bunun mühüm səbəblə­rindən biri  bazar iqtisadi sisteminin deformasiyası,  əmək bazarındakı qaydasızlıq,  gender sosial harmoniyasızlıq,  bu sahələrdə  stabillyin olma­ması, gender, qadın statusunun lazım dərəcədə qiymətləndiril­məməsi ilə bağlı­dır. Bu, özünü bir qayda olaraq aşağıdakı  istifqamətlərdə  göstərə bilər: Qadınların özünü təsdiqinin reallaşmaması ilə meydana çıxan  bəzi prob­lem­lərdə; Qadınların yeni məşğulluq sferalarına ilkin və təkrar  uyğunlaş­masındakı prob­lemlərdə; Yeni şəraitdə yüksək peşə-ixtisaslı qadınların  ənənəvi əməyindən, iş qüvvəsindən imtina edilməsi; İqtisadi fəal əhali içərisində qadınların xüsusi çəki­si­nin azalmasındada; Əməyi yüksək haqla ödənilən sahələrdə, idarə orqanlarında qa­dınların məşğullu­ğunun xüsusi çəkisinin azalmasında; İqtisadiyyatın inkişaf et­məkdə olan sahə­lərində, sektorunda daha çox kişi əməyinin tələb etməsilə əla­qədar olaraq qadın­ların məşğulluğunun mütləq  və nisbi həcmdə azalmasında, on­ların əməyi daha aşağı səviyyədə ödənilən  sahələrə keçirilməsində; Uzunmüddətli işsiz­lər içərisində qadınların (xüsusilə çox uşaqlı anaların) xüsusi çəkisinin artmasında, onların işlə təmin  olunması gedişində meydana çıxan problemlərdə və s.

Ailə büdcəsinin gəlirinin artmasında və bu sahədə stabilliyin təmin edilməsində inflyasiya ilə gəlirlər arasında optimallığın qoyulması müasir dövrün ən başlıca iqtisadi problemlərindən biridir. Çünkü inflyasiyanın mövcudluğu makroiqtisadi tarazlığı, gəlirlərin qeyri bərabər bölüşdürüləmsinə, ailə istehlakına (xüsusilə çox ölçülü ailələrin) real xərclərin artmasına, onların həyat səviyyəsinə neqativ halda təsir edər. Nəticədə  sosial  gərginlik baxımında müəyyən təhlükə yarana bilər, əldə edilən gəlirlər, qazanclar inflyasiya hesabına dəyərdən düşə bilər. Qeyd etmək lazımdır ki, keçən ilin 11 ayında respublikada inflyasiya orta hesabla 13,4%, ərzaq məhsulları üzrə daha çox – 17,1% artmışdır. Dünya ölkələrinin təcrübəsi göstərir ki, inflyasiya ilə devalvasiya paralel getdikdə bunun nəticələri daha gərgin ola bilər. Bu pensiyaçılar, minimum əmək haqqı alanlar, bir sözlə az təminatlılar üçün daha pis nəticələrə səbəb olar. Ona görə də qiymətlərlə inflyasiya arasındakı normal nisbətin saxlanılması respublika hökumətinin diqqət mərkəzindədir və bu səbəbdən əhalini inflyasiya fəsadlarından qorumağa çalışır. Bu problemi həm də sosial rifah problemləri ilə əlaqələndirir.  Bununla əlaqədar olaraq 2018-ci ildə dövlət büdcəsindən sosial təminat və sosial müdafiə üçün dövlət 3 milyard 578 milyon 760 min manat vəsait ayrılmışdır. Bu vəsaitin 98 faizi, yəni 3,5 milyarda bilavasitə  əhaliyə ödənişlər hesabına olacaqdır. Bundan başqa, «İşsizlikdən sığorta fondu» yaranıb və bu fondun 2018-ci il üçün büdcəsi təsdiq edilibdir. Əmək qabiliyyətli əhalinin iş yerləri ilə təmin edilməsi, məşğulluq  xidmətinin fəaliyyətinin yaxşılaşdırılması, sosial evlərin tikilməsi sahəsində xeyli işlərin görülməsi nəzərdə tutulmuşdur. Bundan, başqa minimum əmək haqqının və yaşayış minimumunun artırılması nəzərdə tutulmuşdur. Prezidentin sərəncamı ilə əhalinin sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2018-ci il üçün aşağıdakı həcmdə müəyyən edilmişdir:

Ölkə üzrə - 173 manat

Əmək qabiliyyətli əhali üçün – 183 manat

Pensiyaçılar üçün – 144 manat

Uşaqlar üçün – 154 manat

Bu il üçün ünvanlı dövlət sosial yardımını təmin etmək üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təyin edilmişdir. Bu qayda əsasən MDB ölkələri çərçivəsində müəyyən edilmişdir. Bir çox xarici ölkələrdə yaşayış minimumu minimum əmək haqqı, minimum istehlak büdcəsi və ya minimum istehlak zəmbili formasında müəyyən edilir. İndi ən başlıca vəzifə, prob­lem minimum əmək haqqını, pensiyanı, davamlı yaşayış meyarına çatdırıl­maqdan ibarətdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin

“Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri,

iqtisad elmləri doktoru, professor, Əməkdar Elm Xadimi,

keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü,

“Qızıl qələm” mükafatçısı T.Ə. Quliyev

[1] Вопросы философии, 2010/10, səh. 29

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar