NURÇULARIN XİLAS PLANI – İki hədəf - Elnur Aslanovu kim əvəz edir?

Gulen“Gülənçilər” siyasi məqsədlərini yenidən təhsildəki uğurlarının gölgəsi altında gizlətməyə çalışırlar

Azərbaycanda “Çağ Öyrətim İşlətmələri”nin tərkibində fəaliyyət göstərən “gülənçilər”ə aid təhsil müəssisələrinin bağlanması ətrafında müzakirələr səngimək bilmir. Dünən Türkiyədə “gülənci” kimi tanınan millət vəkili İdris Bal AKP iqtidarının Azərbaycandakı Gülən məktəblərini qapatmaq uçun rəsmi Bakını təhdid etdiyi iddiasını səsləndirib. Onun sözlərinə görə, Ankara bu məktəblərin qapanması üçün rəsmi Bakını Türkiyəyə qoyulmuş yatırımlarla və ən əsası da, ermənilərlə sərhədlərin açılması ilə hədələyib...

Bu iddia ilk baxışda sensasion səslənsə də, inandırıcı görünmür.

Birincisi ona görə ki, Türkiyədə xüsusilə prezident seçkiləri ərəfəsində Ermənistanla sərhədləri açmaq məsələsinin gündəmə gətirilməsi ağılabatan deyil.

İkincisi, rəsmi Bakı ilə Ankara, bir qədər də konkretləşdirsək, İlham Əliyevlə Ərdoğan arasında münasibətlər elə bir səviyyədədir ki, tərəflərin bir-biri ilə şantaj dilində danışması inandırıcı görünmür.

Ücüncüsü və ən əsası, Türkiyə onun iqtisadiyyatına ciddi yatırımlar qoyan hər hansı bir dövləti, o cümlədən Azərbaycanı təhdid etməz, edə bilməz...

Bu baxımdan “gülənci” millət vəkilinin açıqlamasının Azərbaycanda bu camaata məxsus məktəblərin bağlanmasının Bakının istəyi ilə deyil, Türkiyənin təzyiqi ilə baş verdiyini ictimai rəyə yeritməyə hesablandığını söyləmək olar. Dolayısıyla bu, Bakının həmin məktəblərin fəaliyyətindən narazı olmadığını, deməli yenidən bərpasına razılıq verə biləcəyinə işarə sayıla bilər.

“AzPolitika.info”-ya daxil olan məlumatlara inansaq, “Çağ” məktəblərinin bərpasına nail olmaq istiqamətində həqiqətən də çox ciddi fəaliyyət var.

Bu haqda danışmazdan öncə qısaca xatırladaq ki, Azərbaycanda əvvəllər “Çağ Öyrətim İşlətmələri”nin tərkibində, son aylarda ARDNŞ-ın nəzdində yaradılan Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) idarəçiliyi altında fəaliyyət göstərmiş “Araz Kursları” MMC, onun təsisçisi olduğu digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyəti ötən ay dayandırılıb. Bu quruma daxil olan təhsil müəssisələrindən yalnız Qafqaz Universiteti hələlik fəaliyyətini davam etdirir…

Türkiyənin də rolu olub, ancaq...

Bu təhsil müəssisələrinin bağlanmasında, təbii ki, Türkiyə hökumətinin də rolu olduğu şübhə doğurmur. Ancaq bu, iddia edildiyi kimi, rəsmi Bakının təhdid edilməsi formasında deyil, həmin məktəblərdə oxuyanları təsir altına alan ideoloji kursun həqiqi mahiyyətilə bağlı Azərbaycan hakimiyyətinin tam məlumatlandırılması şəklində olub. Məlum olduğu kmi, Türkiyədəki hadisələrdən sonra “gülənçilərin” özlərini təqdim etdikləri kimi dini camaat olmayıb, Qərbin iri maliyyə və kəşfiyyat cevrələrinə, hətta massonlara bağlı bir təşkilat olduğu ortaya çıxdı. Hansı ki, bu “təşkilata” üzv kadrları milli hökumətlərin daxilinə yerləşdirməklə, onları təsir altında saxlamağa, istədikləri vaxt hakimiyyət böhranı yaratmağa nail olunur. Türkiyədə bələdiyyə seçkilərindən öncə baş verənlər buna əyani misaldır.

Elə Azərbaycan hakimiyyətinin “gülənçilərə” münasibətinin dəyişməsində, bu camaata məxsus təhsil müəssisələrini bağlamasında da əmrləri xaricdən alan bu gizli siyasi təşkilatın Türkiyədə qopardığı “fırtınanın” rolu olduğu danılmazdır. Rəsmi Bakı əyani şəkildə gördü ki, “gülənçilər” göstəriş verildikdə uzun illər birlikdə hərəkət etdikləri, ideoloji baxımdan onlara yaxın siyasi iqtidarı belə tanımır, onu “yıxmaq” üçün bütün vasitələrdən istifadə edirlər...

Bu baxımdan rəsmi Bakının Azərbaycanda “gülənçilərə” aid təhsil müəssisələrini bağlamasının bu gizli siyasi təşkilatın ölkədə onların ideoloji kursuna xidmət edəcək daha artıq “əsgərlər” hazırlamasının qarşısını almağa xidmət etdiyini söyləyə bilərik. Hansı ki, bu həm də hakimiyyətin gələcəkdə “sürprizlərlə” qarşılaşmasını önləmək məqsədi daşıyır...

Şəbəkənin maksimum və minimum hədəfləri

Ancaq müxtəlif mənbələrdən daxil olan məlumatlar göstərir ki, “gülənçilər” də uzun illər ərzində Azərbaycanda qurduqları şəbəkənin sıradan çıxarılmasını sakitcə seyr etmək fikrində deyillər. İstənilən yolla bu şəbəkəni qoruyub saxlamaq və daha da gücləndirmək niyyətindədirlər. Bunun üçün isə təbii ki, ilk növbədə “gülənçilərə” aid təhsil müəssisələrinin fəaliyyətinin bərba edilməsi lazımdır.

“AzPolitika.info”-ya daxil olan məlumatlara görə, hazırda Azərbaycandakı “gülənçi” şəbəkənin qarşısında 2 tapşırıq durur: Maksimum hədəf bağlanan təhsil müəssisələrinin fəaliyyətinin bərpası, minimum hədəf başqa adlar altında olsa da, sestemi qoruyub saxlamaqdır.

Müşahidələrə görə, Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının nəticələri nurçu şəbəkəyə revanşist bəyanatlar üçün yeni arqumentlər bəxş edib. Belə ki, hər il olduğu kimi, Təhsil Nazirliyinin tərkibində olan orta məktəblərin məzunları qəbul imtahanlarında cox aşağı nəticələr göstərdiyi halda, “Çağ Öyrətim İşlətmələri”nin məktəblərini bitirənlərin əksəriyyəti yüksək ballar toplayıblar. Hətta onların arasında 700 bal toplayanlar da var. Bu fakt “gülənçilərə” və onların himayədarlarına həmin məktəblərin alternativlərinin olmadığı, onların bərpasının zəruriliyi haqda bəyanatlarını daha yüksək səslə səsləndirməyə şərait yaradıb. Hazırda bu faktdan istifadə edərək hakimiyyətə geniş ictimai basqı qurmaq planı işə salınıb. Artıq sosial şəbəkələrdə, “gülənçilər”ə bağlı media qurumlarında bu istiqamətdə total təbliğat kampaniyasının həyata keçirildiyi sezilməkdədir. Açıq görünür ki, “gülənçilər” siyasi məqsədlərini yenidən təhsildəki uğurlarının gölgəsi altında gizlətməyə çalışırlar.

Bizə verilən məlumatlara görə, nəticəyə nail olmaq üçün “gülənçilər” bütün resurslarını işə salıblar. Həm hökumət daxilindəki adamlarını hərəkətə keçiriblər, həm vaxtilə işbirliyində olduqları, birgə layihələr həyata keçirdikləri vəzifəli şəxslərin köməyindən yararlanmağa çalışırlar, həm də xaricdən Azərbaycan hakimiyyətinə təsir etmək istiqamətində cəhdlər edirlər.

Qeyd edək ki, bu baxımdan “gülənçilər”in böyük potensialı var. Həm hökumətin tərkibinə kifayət qədər “gülənçi” kadr yerləşdirilib, həm də vaxtilə onlarla işbirliyində olan çoxlu sayda vəzifəli şəxs var.

Kimlər canfəşanlıq edir?

Belələrinin sırasında Təhsil Nazirliyinin keçmiş rəhbərliyinin, konkret olaraq keçmiş təhsil naziri Misir Mərdanovun və müavini olmuş Qulu Novruzovun, eləcə də ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədovun adlarını xüsusi qeyd etmək olar.

Artıq məlumat verdiyimiz kimi, bu yaxınlarda Misir Mərdanovun yaxın ətrafı ilə görüşündə nurçu məktəblərin və hazırlıq kurslarının xilas edilməsi məsələsi ətraflı müzakirə olunub. Qərara alınıb ki, “Araz” kurslarının müəllim-tələbə heyəti, həmçinin texniki personalı bütünlüklə onların himayəsində olan “Hədəf” hazırlıq kurslarına köçürülsün.

Misir Mərdanov təhsil naziri işləyən zaman nurçuların təhsil müəssisələrinin fəaliyyətinə, əhatəsinin genişlənməsinə hərtərəfli dəstək göstərib və onları himayə edib. Bu dəstək heç də təmənnasız olmayıb və nurçuların rəhbərliyi tərəfindən yetərincə qiymətləndirilib. Bu əməkdaşlığın davamı kimi M.Mərdanovun, onun müavini olmuş Qulu Novruzovun və digərlərinin üzərinə ən azı “Araz” kurslarının xilas edilməsi ilə bağlı öhdəlik qoyulub.

Mötəbər mənbələrdən bizə verilən məlumata görə, “gülənçi” şəbəkənin hansısa formada qorunub saxlanması üçün üzərinə ciddi öhdəlik qoyulmuş şəxslərdən biri də ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədovdur. O, şəbəkənin bərpası və ya başqa ad altında qorunub saxlanması üçün bütün imkanlarını səfərbər etməklə yanaşı, həm də bu istiqamətdəki fəaliyyətin maliyyə xərclərini qarşılamalıdır.

Ümumiyyətlə, bizə daxil olan məlumatların təhlilindən belə nəticə çıxarmaq olur ki, nurçuların Prezident Administrasiyasındakı dayaqlarının - Elnur Aslanov və onun ətrafının ifşasından sonra Azərbaycan hakimiyyəti daxilində “gülənçi” şəbəkənin əsas gizli himayədarı kimi məhz Xaliq Məmmədov çıxış edir.Onu Azərbaycandakı “gülənçilərin” maliyyə “imamı” da hesab etmək olar...

Xaliq Məmmədovun adı mediada “çoxdandır ki, Gülənçilərə” bağlı bir şəxs kimi halanır. Türkiyədə baş verən məlum hadisələrdən sonra rəsmi Bakının da diqqətini cəlb edən “Gülənçilərə” aid təhsil müəssisələrini himayə altına alan ARDNŞ-ın nəzdində yaradılan Azərbaycan Beynəlxalq Təhsil Kompleksinə də məhz Xaliq Məmmədov rəhbərlik edib. Əldə olunan məlumatlara görə, X.Məmmədov məhz bu zaman “camaat” tərəfindən ələ alınıb.

“Çağ” sisteminin xilas olunması üçün edilən cəhdlər nəticə verəcək, ya yox, bunu yaxın zamanlarda görə biləcəyik. Hər halda bu təhsil müəssisələrinin fəaliyyətinin bərpa olunacağı inandırıcı deyil. Lakin nurçuların hakimiyyət daxilindəki himayədarları vasitəsilə bu şəbəkəni hansısa formada qoruyub saxlamağa nail olacaqları da istisna deyil.

Yazida adlari çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

İsmayıl İsmayılbəyli

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar