İNDONEZİYA HAQQINDA BİLMƏDİKLƏRİMİZ... - Reportaj (FOTOLAR)

Cənub-Şərqi Asiyada ən böyük dövlət – həm də ən böyük adalar dövləti sayılan İndoneziya. Adlı-adsız, irili-xırdalı 17.804 adadan ibarət olan İndoneziyanın Azərbaycandakı səfirliyi ölkəsinin Turizm Nazirliyi ilə birgə bu günlərdə bir qrup azərbaycanlı jurnalistin İndoneziyaya səfərini təşkil edib. XV əsrin sonundan başlayaraq, bir sıra ölkələrin müstəmləkəsi olan İndoneziya, 1945-ci il avqustun 17-də müstəqillik əldə etdikdən sonra regionda öz yerini tutmağa başlayıb.

9 övliya - “Vali sonqo”-da biri azərbaycanlı olub!

Əhalisinin böyük əksəriyyəti (87,5 faiz) müsəlman olan ölkədə İslam dini sülh şəraitində qəbul olunub. İndoneziyada İslamın yayılmasında 9 övliyanın mühüm rolu olub. Rəvayətlərə görə, kəndbəkənd, şəhərbəşəhər gəzərək, İndoneziyanın hər tərəfinə İslamı məhz onlar yayıb. Hazırda bu övliyaların məzarları xalqın ziyarətgahına çevrilib. İndoneziyalılar öz dillərində bu 9 övliyaya “Vali sonqo” deyir. O da bildirilir ki, İndoneziyada İslam dini XVI əsrdə yaşayan, ora Səmərqənddən gələn üləma Malik İbrahimin sayəsində yayılıb. Tarixi mənbələrə və elə İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fənaninin dediyinə görə, Malik İbrahim Səmərqəndə Xəzər sahillərindən, məhz Azərbaycandan gəlib. O, Səmərqənddə İslam dini üzrə təhsil alıb və oradan İndoneziyaya gedib. Beləliklə, İslam ölkəsi, İslamı bu ölkəyə yayanlardan birinin azərbaycanlı olduğu İndoneziyaya azərbaycanlı jurnalistin gözü ilə nəzər saldıq.

İndoneziyaya Azərbaycandan birbaşa hava nəqliyyatı olmadığından Doha, oradan da 9 saata yaxın məsafə qət etməklə Cakartaya uçduq. Sukarno Hatta Beynəlxalq Hava Limanında İndoneziya Turizm Nazirliyinin bir qrup nümayəndəsi jurnalistləri yüksək qonaqpərvərliklə qarşıladı. İlk andan qonaqpərvərliyini göstərən indoneziyalılar bizi yeni mobil nömrə və internet paketi ilə təmin etdi. Qeyd edim ki, səfər proqramı çox sıx olduğundan Cakartanı elə də gəzib-dolaşmaq mümkün olmadı. Bələdçimizin dediyi kimi İndoneziyanı 3, 6, 10 gün gəzməklə bitməz. Bir müddət əvvəl Ərəb Əmirliyindən gələn jurnalist reportaj hazırlamaq üçün İndoneziyada 45 gün qalıb.

Nəzərə alaq ki, Cakartayla Bakı arasında saat fərqi 3, Bali ilə 4 saatdır və biz də səhər saat 7.00-da (Bakı vaxtı ilə 04.00 – L.S.) proqrama start verməliydik.

Çinlilərin və ərəblərin sevimli Ayer adası

İlk tanışlıq Cakartadan 10 km uzaqda yerləşən Ayer adasıyla oldu. Bu, Cakartanın şimalında yerləşən, ölkənin 17.804 adasından biridir. Sahəsi 6 hektar olan adaya Cakartadan katerlə 20-30 dəqiqəlik məsafədir. Ada 1987-ci ildən etibarən resort – turistik məkan olaraq istifadə olunur. Çin və ərəb turistlərin daha çox gəldiyi Ayerin 2000 turisti qəbul etmək imkanı var. 32 kotteci olan bu ada, həmçinin, Cakartaya gəlib Bali və ya digər adalara gedə bilməyən turistlər üçün münasib yerdir. Adada əjdaha nəslindən olan timsaha bənzər komodonun kiçik növü yaşayır. Bəzi yerlərdə isə uzunluğu 3 metr olan komodoya da rast gəlmək olur. Gündə 3 dəfə yemək, gecə qalmaq, xüsusi katerlə gəzib-getmək, sığortası da daxil olmaqla, bir nəfər üçün qiymət təxminən 80 dollardır. Axşamları dənizin sahilindən Cakartanın möhtəşəm gecə görüntülərini izləmək olur...

...Ölkənin pul vahidi rupidir. 1.376.000 rupi 100 ABŞ dolları edir. Valyuta dəyişmə məntəqələrində dollar köhnə olduğu halda, cüzi məbləğ çıxılır, yəni, məzənnədə göstərildiyi kimi pulu bütöv almamaq mümkündür. 10 ildir ki, hökumət ABŞ dollarını sabit kursda saxlaya bilib. Səbəbsə daxili istehlakın və istehsalın yüksək olmasıdır. Bu da xarici böhranın ölkəyə təsir etməsinə imkan vermir.

Cakartada turistlərin alış-veriş etdiyi, böyüklərin və kiçiklərin əyləndiyi, dincəldiyi məkanlardan biri də 11 mərtəbəli Grand İndonesia Malldır. Şəhərdə ən böyük ticarət və əyləncə mərkəzi sayılan məkanda hər şey tapmaq mümkündür. Qiymətlərə gəlincə, yerinə, məkanına görə dəyişir. Mərkəzdə həmçinin, qalareyalar, teatr və s. yerləşir.

120 min müsəlmanın ibadət yeri - İstiqlal Məscidi

Cənub-Şərqi Asiyada ən böyük məscidlərdən sayılan Cakartadakı İstiqlal məscidində eyni zamanda 120 min müsəlman namaz qıla bilər. Ölkə prezidentinin şəxsi istəyi ilə məscidin inşası xristian memara – Frederik Silabana həvalə olunub. İnşasına 1961-ci ildə başlanılan məscid 1978-ci ildə başa çatıb. İndoneziyanın müstəmləkəçilərdən qurtularaq dövlət müstəqilliyi qazanması münasibətilə məscidə İstiqlal adı verilib. Hazırda məsciddə pullu mədrəsə, uşaq bağçası fəaliyyət göstərir. Xüsusi fondların maliyyə yardımı ilə imkansız uşaqların bu mədrəsədə təhsil almaq imkanı var.

...İndoneziya ada ölkəsi olmaqla yanaşı, inkişaf etmiş ölkələr sırasındadır. Minlərlə savadlı müəllimi, professoru, alimi var ki, ölkə xaricində də çalışır. Hətta Malayziya yeni müstəqillik əldə edəndə İndoneziyadan müəllim-professorları ölkəsinə dəvət edib onların bilik və bacarığından yararlanıb. İndoneziyada təhsil yüksək səviyyədədir və o da univeristetlərinə görə dəyişir. Səhiyyə orta səviyyədə olmasına baxmayaraq, dövlətin tibbi sığortası yüksəkdir.

Otellərə daxil olan avtomobillər, bəzi otellərdə turistlər xüsusi cihazla yoxlanlır. Bir neçə il əvvəl Cakartadakı məşhur otellərdə baş verən terror aktlarından sonra ölkədəki bütün 4 və 5 ulduzlu otellərə giriş-çıxış ciddi nəzarət altındadır.

Yuxarıda qeyd etdiyimiz kimi, XV əsrin sonu – XVI əsrin əvvəllərində ölkə potruqaliyalılar, daha sonra hollandiyalılar tərəfindən işğal olunaraq 350 il müstəmləkə altında qalıb. Yadellilərə qarşı çıxanlar isə Cakartanın köhnə şəhər meydanında holladiyalılar tərəfindən edam olunurdu. 1942-ci ildə ölkədə azadlıq mübarizəsi başlayır və holandiyalılar ölkədən qovulur. Az keçmir, həmin ildə Yaponiya ölkəni işğal edir və bu işğal 3 il, 1945-ci ilə kimi davam edir. Yerli camaat deyir ki, bu üç il ərzində bəlkə də hollandiyalıların etmədiyi zülmü, törətmədikləri qətlləri yaponlar etdi. Yaşlı nəsildə yaponlara qarşı nifrət hələ də var. Orta və gənc nəsil isə onlara daha düşmən münasibət bəsləmir. Hazırda yapon şirkətləri ölkəyə yüksək məbləğdə sərmayə yatırıb, çoxlu sayda zavod və fabrik açıb. İndoneziya yerüstü və yeraltı sərvətlərlə zəngin ölkədir. Keçmiş prezident Hacı Məhəmməd Suxartonun 30 illik diktatorluğuna 1998-ci ildə son verildikdən sonra, ölkə inkişaf etməyə başlayıb.

Ölkə ekzotik meyvələrlə zəngindir. Məşhur durian meyvəsinin kəskin iyinə görə ölkədən çıxarılması, məsələn, hava limanına daxil edilməsi qadağandır. Bəzən durian xərçəng əleyhinə faydalı meyvə hesab edilsə də, indoneziyalılara görə, xərçəng əleyhinə ən faydalı meyvə sirsakdır. İndoneziya mətbəxində banan qabığından hər zaman istifadə olunur. Yeməklər və ya şirniyyatlar bu qabığa bükülərək bişirilir, servis olaraq təqdim olunur. Kokos qabağını isə demək olar ki, atmırlar. Ondan mebel, parket, qəlyan kömürü hazırlayırlar. Saçaqlarından avtomobillərin oturacağında xüsusi material kimi istifadə olunur.

Ölkə düyüsü ilə də daha çox tanınır. Üç rəngdə düyü istehsal olunur ki, ağ düyü yeməklərdə, qara düyü şirniyyatlarda, qırmızı düyü isə dieta üçün istifadə edilir.

Yavanın Parisi necə tanınır?

Bandunq - Qərbi Yavada yerləşən turizm və sənaye şəhəridir. Bəzən ona Yavanın Parisi də deyirlər. Çay, kofe plantasiyaları və vulkanlarla əhatə olunan Bandunq yağışlar şəhəri də adlanır. Günortadan sonra demək olar ki, hər gün qısa müddətli yağışlar yağır. Cakartadan bu şəhərə gəlməyin ən rahat yolu qatardı. Şəhərlərdəki tıxacları nəzərə alaraq, 4 saat 30 dəqiqə ərzində qatar vasitəsilə Bandunqa gəlmək ən ideal yol hesab edilir. Bu şəhər tekstil müəssisələri ilə fərqlənir. Avropanın ən məşhur brendləri (Pierre Cardin, Polo, Zara və s.) öz məhsullarını burada istehsal etdirir. Bandunq ərazisində Qarut Dəri Mərkəzi adlı sənaye şəhərciyi var. Amma İndoneziya sənayesinin 40 faizini özündə cəmləşdirən Sidoarjo şəhəridir.

İndoneizya qəhvə ilə yanaşı çayı ilə də məşhurdur. Bandunqda həm dövlətin, həm də kəndlilərin özünə məxsus çay plantasiyaları var. Baş çəkdiyimiz Dövlət Çay Təsərrüfatı Fabriki 4 min hektar çay plantasiyasına malikdir və günlük 50 ton yaşıl çay - xammal fabrikə daxil olur. Bir günə qurudulur və qurudulduqdan sonra bir günə 20 ton quru, hazır məhsul əldə olunur. Qurudulduqdan sonra keyfiyyətə nəzarət şöbəsində baxılır, tam yararlıdırsa qablaşdırılmaya göndərilir. Əsas alıcıları Rusiya, ərəb ölkələri, ABŞ, Avropa ölkələrindən Almaniyadır. Bu fabrikin böyük miqdarda çay alıcısı Səudiyyə Ərəbistanıdır. Fabrikdə 3 rəngdə - qara, qəhvəyi, qara-qırmızı rəngdə, 23 çeşiddə çay istehsal olunur. Ən ucuz və ən aşağı keyfiyyətli çayın kilosu 300 min rupidən (300 min rupi 22 ABŞ dolları edir- L.S.) başlayaraq 700 min rupiyə kimi yüksəlir.

Qedunq Sate - Kabab binası Bandunqun simvolu sayılır. Binanın üzərində 6 parça daş və 1 şiş var. Sanki şişə 6 tikə ət keçirilib. Hollandiyalılar üçün bunun mənası 6 milyon qızıl deməkdir. İndoneziyalılar deyir ki, binanın arxitekturası Avropa və İndoneziyanı ortaq dəyərlərdə birləşdirir. Binanın tikintisinin arxitektorları Avropadan, memarları Çindən dəvət edilib. Yerli indoneziyalılar isə fəhlə kimi məcburi şəkildə işlədilib. Bandunqa gəlib bu binanı görmədinsə, demək ki, Bandunqda olmamısan. Qedunq Sate hazırda qubernator binası kimi istifadə olunur.

İldə 6 milyon turist Baliyə niyə gəlir?

Bali - dünyaca məşhur olan, turistlərin daha çox gəldiyi ada. İl boyu havanın temperaturu dəyişməyən bu adada iki fərqli mövsüm - aprel-sentyabrda quru, oktyabr-mart aylarında rütubətli hava müşahidə edilir. Əsas yağıntı yanvar-fevral aylarında olur. Avtomobil yollarının ensiz olması tıxaclara səbəb olur. Bu da istənilən yerə getmək üçün çox vaxt alır. Amma bütün bunlara baxmayaraq, ev, motosiklet kirayə edib aylarla Balidə qalanlar olur. Hər ölkədə olduğu kimi, burada diqqətli olmaq tövsiyyə olunur. Bələdçimiz uber və s. kimi taksi xidmətlərindən məhdud sayda istifadə etməyi məsləhət görürdü. Çünki burada gəlmələr çoxdur, taksi sürücülərinin əksəriyyəti yerli insanlar deyil.

İndoneziyada minlərlə ada varkən, gəzməli-görməli yerlər olduğu halda turistlər niyə məhz Baliyə üstünlük verir? İldə 6 milyondan çox turist Baliyə gəlir. Çoxlu sayda 5 ulduzıu otellər, yüksək səviyyəli resort mərkəzləri var. Müsəlmanların azlıq təşkil etdiyi Bali, İndoneziyada induizmin məskəni sayılır. Bir çox məbədlər qorunub saxlanılıb. Şəhərin qədim arxitekturası müasir binalarla pozulmayıb. Onlarla pulsuz, təmiz çimərliklər, safari gəzintilər, meymunlar meşəsi (Monkey Forest), kofe plantasiyaları - fabriki, müzeylər, gümüş və qızıl sexləri, düyü terası, Tirta Empul (Mənası Balidə Müqəddəs Bahar –L.S.), Tanah lot və yüzlərlə məbədləri və s. mövcuddur. Məbədlərə gələn turistlər dua edər, suyunda çimər, şəkil çəkdirər, ətrafı dolaşıb gedər.

Meymunları görmək istəyənlər Monkey Forestə gəlsin

Bu meymunlar meşəsinə daxil olarkən təlimatlara riayət etmək vacibdir. Onların gözlərinə diqqətlə baxmaq, plastik çantayla gəlmək, plastik qabda su, konfet, digər qidalar gətirmək, ana meymunun yanında balaya toxunmaq olmaz. Bunlar, həyat üçün təhlükə hesab olunur. Bu sətirlərin müəllifinin xırda ehtiyatsızlığı üzündən meymunlardan biri arxadan üstünə tullanaraq yerə yıxıb. Yüngül xəsarət almaqla təhlükədən sovuşmaq mümkün olub…

Meymunların yemləndiyi saatlarda turistlərin banan və ya digər yeməklərlə birgə meşəyə girməsinə izn verilmir. Meşə nəzarətçisinə pul ödəməklə meymunu boynunda, qucağında, qolunda, başında oturdub şəkil çəkdirə bilərsən.

Dünyanın ən məşhur kofesi necə hazırlanır?

Luvak kofesi məşhur sfesifik üsulla emal olunmaqla dünyanın ən bahalı kofelərindən sayılır. Luvak - balaca heyvan (indoneziyalılar bu heyvana pişik deyir – L.S.) ancaq kofenin dənələri ilə qidalanır. Kofenin ən yaxşı, keyfiyyətli dənələrini seçir. Dənələr heyvanın bağırsağındakı xüsusi fermentlərin hesabına emal olunur.

Təbii yolla bədəni tərk edir, günəşdə qurudulur, diqqətlə yuyulur, sonra qovrulur. Balidə turistlər üçün nəzərdə tutulan kiçik kofe plantasiyası və emalı sexində, satış mərkəzində yuxarıda sadaladıqlarım turistlərə nümayiş olunur, çeşitli kofelərdən dadmaq imkanı yaradılır. Adı çəkilən məkanda iki cür – arabik və robusta kofe ağacları əkilib. Arabikanın ağacı kiçik, meyvəsinin çəkirdəyi böyük, robusta ağacı daha hündür, meyvələrinin çəkirdəyi daha kiçik olur. Arabikanın kofeini daha az, robustanınkı isə yüksəkdir. Yəni arabika daha xoş, yumşak, robusta daha sərt dada malikdir. Kofenin dadı onun yetişdiyi yerdən asılı olur. Bu məkanda dünyanın ən bahalı kofesi sayılan luvakın 100 qramı 35 dollardan başlayır.

Kecak dance

Balidə turistlərə təqdim olunan kecak rəqsi digər rəqslərdən fərqlənir. Qara magiyadan istifadə edən rəqqasə trans halına düşməklə, xüsusi ritual icra edərək odun üstündə oynayarkən ayaqları yanmır. Bu, turistləri daha çox heyrətləndirən və marağına səbəb olan rəqslərdən sayılır.

Çeluk kəndinin özəlliyi...

Bu kənddə batik parçalar hazırlanır. Əl ilə hazırlanan bu batiklər bahalı parçalar sayılır. Bəzən bir batik parçanın hazırlanıb bitmə prosesi 6 ay çəkir. Çelikdə qızıl-gümüş sexləri də fəaliyyət göstərir ki, bütün işlər əllə görülür. Batik sənətkarları və zərgərlərin böyük əksəriyyəti təhsilsizdir, yazıb-oxumaq bilmir. Sırf sənətlə məşğuldurlar.

Balidə hər kəsin evinin qabağında kiçik məbədi, ibadət yeri, kəndin də ümumi məbədi var. Qara məbəd daşları lavadan yonulub düzəldilir. Dünyasını dəyişən insanlar yandırılır. Əgər dəniz sahilinə yaxın yaşayırsa, cəsəd yandıqdan sonra sümüklərinin üstünə gül ləçəkləri tökülüb okeana, dağlıq ərazidə yaşayanların yandırılmış cəsədləri isə çaya, gölə atılır. Geriyə heç bir xatirə izi qalmır.

Yol kənarı evlərin ətrafı manqo, banan, kokos ağacları ilə əhatə olunub. Ağaclardan sallanan ekzotik meyvələri icazəsiz dərib dadmaq istəyən kənar şəxslər özlərini ancaq polis şöbəsində görə bilər.

Bali telorantlığın mərkəzi sayılır. İki kilsə - pravoslav və katolik, məscid, məbəd binaları yan-yanadır. Hər dinin nümayəndəsi gəlib orda ibadətini edə bilir.

Bali quru mövsümdə su problemi yaşayır. İndoneziya hökuməti Rusiya və Yaponiya ilə birgə dəniz suyunun şirin suya çevilməsi üçün saziş bağlayıb. Onu da vurğulayaq ki, Balidə süd zavodları məhdud saydadır və ağartı məhsullarının baha olması bir çox otel və restoranlarda pendir qıtlığı yaradır. Məsələn, 100 qram pendir marketlərdə 5 dollara satılır.

...Bu gün də İndoneziyada hələ də ibtidai icma quruluşunda yaşayan müəyyən qəbilələr var. Bunlardan biri Cakarta yaxınlığında yaşayan badui (Baduy) qəbiləsidir. Bunlar müasirləşməni qəbul edən xarici baduilər, müasirləşməni qəbul etməyən daxili baduilərə ayrılır. İndoneziya hökumətinin qədim yerli ənənələrini saxlayan qəbilələri müasir dövrə uyğunlaşdırmaq, cəmiyyətə adaptasiyası üçün xüsusi dövlət proqramı var və icra olunmaqdadır. Xatırladaq ki, İndoneziya müstəqillik əldə edən günə kimi, Balidə yaşayan insanlar yarıçılpaq gəzirdi...

İndoneziya haqda yazmaq bir yazıya sığmaz. Oranı görmək, gəzmək, insanların sevgisini hiss etmək üçün ölkənin tanınması və xarakterizə olunması üçün istifadə olunan loqosunda deyildiyi kimi, Wonderful İndonesia – Gözəl İndoneziyaya getməyə dəyər.

Laçın SƏMLA

Bakı-Cakarta-Bandunq-Bali-Bakı

P.S. Səfərin təşkilinə görə, İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fənaniyə, yüksək qonaqpərvərliyə görə, İndoneziya Turizm Nazirliyinə təşəkkür edirəm.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar