Moskva Arbitraj Məhkəməsi "ABB-Moskva"nın kapitalına həbs qoyub

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC Moskva Arbitraj Məhkəməsinin bankla bağlı müvafiq qərarına aydınlıq gətirib.

Bankdan" APA-Economics"ə verilən xəbərə görə, sırf kommersiya mübahisəsi mahiyyəti daşıyan bu iddia Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinə hər hansı şəkildə təsir göstərmir. Eyni zamanda, bank bu qərarı məhkəmə qaydasında mübahisələndirmək hüququna malikdir.

"2017-ci ilin 11 mayında Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası elan edilib. Restrukturizasiya prosesini tanıyan London məhkəməsi Böyük Britaniya ərazisində Azərbaycan Beynəlxalq Bankının aktivlərinə qarşı hər hansı iddia tələblərinə qarşı moratorium qoyub. 18 iyul 2017-ci il tarixində bankın restrukturizasiya olunan öhdəliklərinin 93.9%-ə malik kreditorlar restrukturizasiya planının lehinə səs verib. Beləliklə, könüllü restrukturizasiya prosesi 1 sentyabr 2017-ci ildə uğurla başa çatdırılıb. Kreditorlar müəyyən edilmiş sənədləşmə prosedurlarını yerinə yetirərək onlara təklif edilən müvafiq maliyyə alətlərini alıblar. Rusiya Sberbankı isə restrukturizasiya planı ilə razılaşmayaraq bu istiqamətdə hüquqi hərəkətlərə başlayıb. Restrukturizasiya planına uyğun olaraq Rusiya Sberbankına 16 milyon ABŞ dolları məbləğində qiymətli kağızlar təklif edilib. Bu bankın Azərbaycan Beynəlxalq Bankına qarşı əlavə iddia tələbinin ümumi məbləği isə 5 milyon ABŞ dolları civarındadır. Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Bankı “ABB-Moskva”nın fəaliyyətinin dayandırılmasına qərar verib və Rusiya bazarını tərk edir," - deyə bankın məlumatında bildirilir.

Qeyd edək ki, Moskvanın Arbitraj Məhkəməsi "Sberbank"ın tələbi ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Rusiyadakı törəməsi olan "ABB-Moskva"nın kapitalındakı 41,6%-lik paya həbs qoyub.

Məhkəmə, həmçinin Moskva üzrə Federal Vergi Xidməti İdarəsinə bu payla bağlı hər hansı qeydiyyat işləri aparmağı qadağan edib.

Məhkəmə sənədlərində qeyd olunub ki, pul vəsaitlərinin kifayət qədər olmaması "Sberbank"ın "ABB-Moskva"ya qarşı məhkəmə qərarının icrasını ləngidə və ya mümkünsüz edə bilər.

"Veta" qiymətləndirmə şirkəti "ABB-Moskva"nın 41,6%-lik payını 1,317 mlrd. rubl dəyərində qiymətləndirilib.

"Sberbank", eyni zamanda "ABB-Moskva"nın Rusiyadakı ümumi dəyəri 21,3 mln. dollardan çox olmayan digər əmlakına həbs qoyulması tələbini irəli sürüb. Buna baxmayaraq, məhkəmə həbsi tələb olunan əmlakın siyahısının, o cümlədən bu əmlakın banka məxsusluğuna dair sübutun olmamasını əsas gətirərək iddianı təmin etməyib.

Xatırladaq ki, bu ilin yanvar ayında London Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası çərçivəsində Rusiyanın dövlət bankı olan “Sberbank”ın "ABB-Moskva"ya qarşı iddialarını təmin edib.

Qeyd edək ki, London Ali Məhkəməsinin "Sberbank"la bağlı qərarını və ABB-nin London Ali Məhkəməsinin qərarına münasibətini bu linkdən oxuya bilərsiniz.

635x100

Şərhlər

seymur 2018-05-11 19:22:07

shireliyev bu bankinda axrina catdi

Son yazılar