ADAM LAP ÖLMƏK İSTƏYİR!

AZƏRBAYCAN NÖQSAN İÇİNDƏ: Bircə günün xronikası

mirzeMirzə AĞ

Ötən iki gündə yerli KİV-də izlədiyim bir «çəngə» xəbər məni gerçəkdən heyrətə gətirdi. İndi onları sıralamaq və gəldiyim nəticəni hörmətli oxucularla bölüşmək istəyirəm.

Məmurlardan biri bəyan edib ki, bəs deməzsənmi, Azərbaycanda siyasi sabitlik hökm sürür. Amma mənim fikrimcə, reallıq fərqli mətləblərdən xəbər verir. Məsələn, son bir neçə ilin müşahidləri göstərir ki, Azərbaycan cəmiyyəti gerçək bir «anabioz» halındadır və nəinki fiziki hərəkət, həm də düşünmək qabiliyyətini 99,0 faiz itirib ki, hörmətli məmur bunu siyasi sabitlik kimi qələmə verir. Məmurun bu fikiri qəbristanlıq sükutunu şirin və rahat yuxu kimi qələmə verməkdən başqa bir şey deyil - özü də məqsədli və şüurlu şəkildə...

Bəs, «qəbristanlıq sükutu» yaşayan ölkədə bir qrup məmurciyəz (onların əksəriyyəti yabançı, kosmopolit, manqurt və kölədir!) bütün istiqamətlərdən, mümkün olan bütün üsul və vasitələrlə talan-qarətə girişib! Buna əmin olmaq üçün mənə bircə günün xronikası bəs elədi. Sadalayım, sizlər də seçin...

1. Hesablama Palatası DSMF-nun fəaliyyətində ciddi nöqsanlar aşkar edib (10.05.2018).

Xəbərdə bildirilir ki, 2016-cü ildə məcburi dövlət sosial sığorta haqları üzrə təsdiq edilmiş proqnoz 93,5 faiz icra edilməklə, 1 milyard 920 milyard 994,3 min manat vəsait yığılıb, ilin əvvəlinə nisbətən sonunda sığortaedənlərin Dövlət Sosial Müdafiə Fonluna borcu 21 milyon 612,2 min manat və ya 6,7 faiz artaraq, 342 milyon 877,2 min manat təşkil edib...

Auditin hesablanıldığı tarixə 181 halda pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesabların bğlanılmadığı, həmin hesablara ödənişlərin davam etdirilərək 624,5 min manat, 35 şəxsin, eyni zamanda Fondun iki müxtəlif yerli orqanından əməkpensiyası aldığı və nəticədə, onlara ikiqat pensiya ödənilərək, ümumilikdə 319,1 min manat, cəmi 624,5+319,1 = 943,6 min manat vəsait sadəcə, oğurlanıb!

Fondun aparatının saxlanılması üzrə 38,9 min manat vəsait təsdiq olunmuş smetada nəzərdə tutulan maddələrə uyğun xərclənməyib, tətbiq olunmuş maliyyə sanksiyalarından daxil olan vəsaitlər üzrə ümumilikdə 25,8 min manat vəsait «Sosial Sığorta haqqında» qanunda nəzərdə tutulmayan istiqamətdə xərclənib... Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış «Pensiya və sosial təminat» layihəsi üzrə Fonlun dövlət büdcəsinə 2,3 milon dollar məbləğində borc qalığı yaranıb...

Beləliklə, açıq-aydın görünür ki, yeni qəbul olunmuş «Pensiya haqqında qanunla» yüz minlərlə ahıl vətəndaşı pensiyasız qoyan «YAP hökuməti», dirilərdən «qayçıladığı» pulları, görünməmiş səxavətlə ölülər arasında «paylayıb»!!! YAP hökumətinin təkcə «ölülərə qayğı» siyasətinə aludə olub da adam bu ölkədə lap ölmək istəyir! İndi «siyasi sabitlik»dən dəm vuran məmurdan soruşmaq isiəyirəm: Bizləri nə üçün ölməyə sövq edirsiniz?!

2. Satınalmalarla bağlı dövlət qurumlarında nöqsanlar aşkarlanıb (10.05.2018).

Xəbər verilir ki, hesabat dövründə nəzarət tədbirləri malların, işlərin və xidmətlərin satın alınmasına yönəldilən 1 milyard 707,07 min manat vəsaiti əhatə edib, 2017-ci ildə beynəlxalq və yerli maliyyə təşkilatlarından alınan kreditlər hesabına həyata keçirilən layihələr üzrə 133,4 milyon avro, 208,7 milyon dollar məbləğində malların, işlərin və xidmətlərin satın alınması ilə bağlı müqavilələr bağlanıb...

Nəzarət tədbirlərinin nəticələri ilə qurumlar tərəfindən ümumilikdə 55 halda ehtimal olunan qiymətin düzgün müəyyənləşdirilmədiyi, 113 halda tender komissiyasının fəaliyyətinin müvafiq qanunvericiliyə uyğun təşkil edilmədiyi, 6 halda iddiaçılar arasında qalibin düzgün müəyyənləşdirilmədiyi, 1 halda Prezident İlham Əliyevin 2016-cı il 15 sentabr tarixli, 1046 nömrəli fərmanı ilə dövlət büdəsindən maliyyələşən təşkilatlarda idxal mallarının, işlərinin, xidmətlərinin satınalınması zərurəti yaranarsa, podratçı təşkilatlarla müqavilə imzalanmadan öncə, həmin malların, işlərin, xidmətlərin satınalınmasına dair nəzərdə tutulan müvafiq razılığın alınması tələbinin gözlənilmədiyi, 15 halda tender elanın məzmununun və tenderin əsas şərtlər toplusunun, satınalmalarda iddiaçı kimi çıxış edənlərdən nəzərdə tutulan qaydada maliyyə vəziyyəti barədə sənədlərin və tender təklifinin alınmadığı, 18 halda müqavilənin mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulduğu qaydada tərtib edilmədiyi, 7 halda dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onarın nəticələri, habelə tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumatların müəyyən edilən müddətlərdə dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilmədiyi müəyyən edilib...

Uzun-uzadı sadalamadan, qeyd etmək istəyirəm ki, bütün sadalanan və sadalanmayan epizodların arxasında böyük məbləğlərdə dövlət vəsaitinin ayrı-ayrı vəzifəli şəxslər və qruplar tərəfindən mənimsənilməsi təcrübəsi dayanıb. Həm də belə hallar total xarakter daşıyır. YAP hökuməti isə bunları görüb-dinməyib...

3. Əmanətlərin Sığortalanması Fondunda ciddi pozuntular olub (10.05.2018).

Xəbərdə deyilir: «Hesablama Palatası Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətində ciddi maliyyə nöqsanları və hüquqpozmaları aşkar edib. Bu barədə «Hesablama Palatasının 2017-i ildə fəaliyyəti haqqında» adlı hesabatda qeyd olunub. Sənəddə vurğulanıb ki, bundan başqa, ləğv prosesində olan «Zaminbank», «Kredobank», «Yunayted Kredit Bank», «Bank of Azerbaijan», «Gəncəbank», «Parabank», «Bank Technique», «Royalbank», «Dekabank» və «Atrabank» ASC-lərdə Əmanətlərin Sığortalanması Fondu (ləğvedici) tərəfindən həyata keçirilən əmanətçilərə kompensasiya ödənişləri üzrə ciddi maliyyə pozuntuları və hüquqpozmalar aşkarlanıb...

4. İyirmi altı qurum 83,3 milyon manat məbləğində vəsaiti səmərəsiz istifadə edib (10.05.2018).

Bu xəbərdə Hesablama Palatasına istinadla bildirilir ki, nəzarət tədbirləri ilə ümumilikdə 689 hal üzrə noqsanlar müəyyən edilib.

Bildirilir ki, ümumilikdə hesabat dövründə qurumlar tərəfindən 42,0 milyon 110,4 min manat məbləğində vəsaitin təyinatının dəyişdirilməsi halları müəyyən edilib... Bundan başqa, nəzarət tədbirlərinin nəticəsi olaraq, Hesablama Palatası 26 qurum üzrə 92 halda 83,3 milyon manat məbləğində vəsaitin səmərəsiz istifadə edilməsinə imkan yaradıldığı qənaətinə gəlib...

5. Azərbaycan İpoteka Fondunun fəaliyyəti ilə baglı nöqsanlar askar edilib (10.05.2018);

6. Bakıda “JEK”lərdə şişirdilmis xərclər askar edilib (10.05.2018);

7. “Azərbaycan Dəmir Yolları”nın xərcləri kəskin artıb (10.05.2018);

8. Dovlət Əmlakından istifadədə nöqsanlara yol verən AZAL-a xəbərdarlıq edilib (10.05.2018).

Bütün bunlar bircə günün xronikasıdır ki, təsvir etdiyi total qarət düşünən insanları heyrətə gətirməyə bilməz...

Bəs, bu qarətin fonunda, YAP hökumətinin sosial siyasəti konkret nələrdən ibarət olub?

Bu sıradan, ilk növbədə ölkə əhalisinin total xarakterli tibbi köməksizlik durumuna gətirilməsini qeyd etmək istərdim. Çağdaş Azərbaycanda dövlət profilaktik təbabət xidməti sıfıra endirilib, klinik təbabətin keyfiyyəti isə orta əsrlər səviyyəsindədir. Bu qənaətimi təsdiqləmək üçün bircə faktı önə çəkməklə kifayətlənəcəm. Təxminən, bir il bundan əvvəl dövlət tibb müəssisələrinin birində həkim pasiyentin xəstə ayağının əvəzinə sağlam ayağını amputasiya etmişdi!...

Ölkəni sarmış işsizlik barədə geniş söhbət açmağa dəyməz - Azərbaycanın hər bir vətəndaşı bunu öz həyatında yaşayıb və əksəriyyət indi də yaşayır. İşsizlərin qeydə alınması və onlara müavinətlərin verilməsi istiqamətində Azərbaycan təşrübəsinin tühaflığını da hər kəs bilir...

Azərbaycanda minimum əmək haqqı Cənubi Qafqazda ən aşağı göstəricidir. Məsələn, qonşu Ermənistanda minimum əmək haqqının məbləği 115 dollar təşkil etdiyi halda, Azərbaycanda bu göstərici 76 dollardır! Bunca acınacaqlı fonda, hökumət üzvləri Azərbaycanın «iri addımlarla irəlilədiyi» barədə uşaq nağılı söyləyir, Ermənistanın iqtisadi layihələrdən kənarda qalaraq, nəticədə «batıb getdiyini» car çəkməkdən usanmırlar...

Yuxarıda qeyd etdim ki, pensiya haqqında yeni qanunla YAP hökuməti qocalığa görə pensiya yaşını 65-ə, əmək stajının müddətini 12 ilən 25 ilə qaldırmaqla, ölkənin yüz minlərlə ahıl insanını taleyin ümidinə buraxıb - mahiyyətcə, hökumət öz yaşlı vətəndaşlarından imtina edib...

İtirilmiş torpanlarımızın geri qaytarılması (fərqi yoxdur - dinc yolla və ya müharibə yolu ilə) istiqamətində YAP hökuməti heç bir irəliləyişə nail olmayıb - 25 ildir «danışıqlar aparılır» deyib də insanların diqqətini problemdən yayındırıblar.

Görün ölkəmizdə absurdun miqyası nə qədər genişlənib ki, keçmiş xarici işlər nazirimiz indi durub deyir ki, «Bişkək protokolu» deyilən heç bir sənəd olmayıb və indi də yoxdur! Atəşkəs barədə isə Müdafiə Nazirliyimiz sadəcə, Kazimirova bir parça kağız yazıb verib ki, atəşi dayandırırıq! Bəs, 25 ildir bizə söylədikləriniz necə oldu, ey mərhəmətli, təcrübəli-səriştəli YAPoloqlar?!

Rəzalət!!! Görün, iş nə yerlə gəlib çatıb ki, yoldan ötən hansısa bir dığa («Paşinyan») Azərbaycana meydan oxuyur, sizin (bizim yox ha!) Bayram isə ona qarğış tökməklə («Görüm onu Şuşaya gəldiyi yerdə qıçları sınaydı!») başını girləyir, əttökən çıxışlar edib, zavallı qaçqınların əsəbləri ilə oynayır!

Ölkədə birisi də var - guya, ombudsmendir, ancaq fəaliyyəti gözə dəymir. Buna baxmayaraq, deputatlarla yanaşı ombudsmenin də maaşını artırdılar. Nəyin qarşılığında? Bu, çox incə bir gedişdir - ombudsmenin maaşını ona görə qaldırırlar ki, ölkə vətəndaşlarının bütün hüquqlarının total şəkildə pozulmasına etiraz səsi çıxartmasın!!!

Sonuncu prezident seçkisindən sonra Azərbaycanda əmək haqqı 76 dollardan (minimum əmək haqqı) yuxarı olan hər cür ünsürün maaşı qaldırıldı. İndi YAP hökuməti görünməmiş arxayınlıqla düşünür ki, 75 dollar kasıb-kusubun bəsidir (necə ki, Əli Həsənov demişdi: «36 manat böyük puldur...»)! Prezident aparatında oturan məmur isə bəyanat irad edir: «Azərbaycanda siyasi sabitlik hökm sürür...».

Fəqət, bütün bunların günahı təkcə yabançı YAP hökumətində deyil. Bir atalar məsəlində deyildiyi kimi, «Allah dağa baxıb, qar yağdırar...». Görünən odur ki, ölkəmizdə mövcud vəziyyət (rəzalət!) hələ uzun müddət davam edəcək, Nədən ki, millət anabioz vəziyyətindədir - təpkisi yoxdur...

635x100

Şərhlər

ewder 2018-05-12 18:32:38

esas inkiwafdu... naqila qulaq asin...keyf eleyin

Mixaylo 2018-05-12 18:32:38

Dəvəyə dedilər- belin əyridir, dedi-haram düzdü ki...? ...Kimi gətirib qoysan, elə belə davam edəcək....

Bayram 2018-05-12 18:32:38

Mirzə bəy sadaladığlarınızın əsl günahkarı "axc-musavat hakimiyyətidir". "Atəşkəs" imzalanması da onların işidir. Bayram demişkən «Görüm onların hakimiyyətə gəldiyi yerdə qıçları sınaydı!». Nə olsun ki Ermənistanda minimum əmək haqqının məbləği 115 dollar, Azərbaycanda bu göstərici 76 dollardır. Zato bizdə deputaların maaşları əlvələrsiz 1018 dollardır. Heç ermənistanda "evrovizion", "Avropa oyunları", "Müsəlman oyunları", "Ralli yarışları" və s. keçirilirmi. Ermənilərin paxıllıqdan bağrı partlayırey. Zato bizdə 25 ildir ki "sabitlik"-dir.

Elçin 2018-05-12 18:32:38

Rəhmətliyin oğlu, millətin bura nə dəxli var, sən düzünü de Hüquq-Müfahizə sistemi anabioz halındadır, sadaladığın faktlara görə hələdə cinayət işləri açmayıblar. Yaxşı dürüst qorxmaz bir müstəntiq lazımdır bu işləri araşdırıb tədbirini görüb bir ikisinin əmlakını müsadirə etməklə dama basın, onda başqalarına örnək olacaqdır. Təəssuf ki, Hüquq-Müfahizə sisteminin yuxarıdakı idarəetmə sistemi bu sistemin köləsidir, bu səbəbdən heç kim çıqqırını belə çıxarmayacaq!

Müfəttiş 2018-05-12 18:32:38

AzPolitika, şərhlərimizi elə abıra salırsınız ki, başı ilə ayagı bilinmir....

Alı 2018-05-12 18:32:38

Əli Həsənovu ən yumşaq cəza kimi ev dustagı edib ona 36 manat muavinət təyin etmək və demək lazımdır ki, lazımdır ay ... al bu 36 manatı bu 36 manat böyük puldur 1 ay bu 36 manatla DOLAN.Dolana bilməsən sənin ... ...... ..... ömürlük həbs edəcəyik.

murtuza-AMEA 2018-05-12 18:32:38

Yaxşı yazıdır! Amma xalqdan təpki gözləyən Mirzə müəllim qoy o məmurun adını çəksin, keçmiş qaçqınkomun -Əli Həsənovun adıi çəkdiyi kimi. Tutalım mən bilirəm.Bəlkə mənim adım kömək edə. Birdə biz nağılbazlar ölkəsiyik. ....

Bashirov Qarib 2018-05-12 18:32:38

Çox sag olun, Mirzə muəllim. Sizin butun yazilarinizı oxuyuruq və təqdir edirik.Əlavə şərhə ehtiyac duymadım.

miri 2018-05-12 18:32:38

Mirzə müəllim, haqqı(təcrübə azlığı,haqq işlərin mütləq olmaması, çatışmazlıqların hamsını birdən etmək mümkünsüzlüyü olmaq şərti ilə) nahaqqa(bütün həyat yolu bu cür olmuşlar) dəyişəndə, toplum olaraq seçim etdik. Bu zaman ərzində isə isə "qəflətdən ayrılanlar"i əziləndə susduq. İndi isə "əkdiyimiz ağacların meyvələrini" dadmağa başlamışıq.Hələ qaçmaqda "uzun yol" var. Allah bu yolu seçməkdə millətə hidayət nəsib etsin. İnşəallah.

Hafiz 2018-05-12 18:32:38

Hər sahənin öz fanatı olmasa heç vaxt irəliləyiş olmayacaq. Siyasətdə də, elmdə də belədir. Dövlətin, dövlətçiliyin fanatı olmaq gərəkdir. O da bizdə çoxlarında olmayan şeylərdir...

Son yazılar