SƏHİYYƏ NAZİRİNƏ QARŞI KAMPANİYA VƏ… – “Dərman mafiyası”na qarşı əməliyyat nələri üzə çıxardı?

Dərc olunub: 14/05/2018 - 12:00

5ad5d3a637f2e_18b045ab-90ee-4c46-a740-fe

Bu günlərdə ölkədə ən çox müzakirə olunan mövzulardan biri bir neçə şirkətin bəzi vəzifəli şəxslərlə əlbir olaraq, uzun müddət ərzində mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarını ölkəyə gətirib satışını təşkil etmələrinin ifşa olunmasıdır.

Şərti olaraq “dərman mafiyası” adlandırılan bu qrupun içərisində həkimlərdən, aptek sahiblərindən tutmuş tanınmış iş adamlarına, gömrük generallarına qədər müxtəlif peşə sahinbi olan, yüksək vəzifəli insanlar var. Orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent və saxta dərman vasitələrini qeydiyyatsız şəkildə ölkəyə idxal edən “dərman mafiyası”nın həkimlərin, apteklərin vasitəsilə insanları bu dərmanları almağa məcbur edərək, külli miqdarda qazanc əldə etdiyi aşkarlanıb.

Oliqarxlaşmamış nazirə qarşı kampaniya

Bu faktın ortaya çıxması Azərbaycanda səhiyyə sistemindəki problemlərin yenidən aktuallaşmasına, müxtəlif istiqamətli müzakirələrə səbəb olub. Bir sıra şəxslər problemi Səhiyyə Nazirliyinin idarəetməni düzgün həyata keçirə bilməməsi ilə bağlayırlar. Bunun nəticəsində səhiyyədə xaosun, özbaşınalığın yarandığı, müalicənin, tibbi xidmətin keyfiyyətinin aşağı düşdüyü, rüşvətin baş alıb getdiyini vurğulayanlar da var. Hətta bütün bu problemlərin həlli üçün səhiyyə nazirinin dəyişdirilməsinin zəruri olduğunu iddia edənlərə də rast gəlmək mümkündür. Qısası, Oqtay Şirəliyevə qarşı xeyli vaxtdır aparılan və prezident seçkiləri ərəfəsində güclənən kampaniya “dərman mafiyasına” qarşı əməliyyatdan sonra yenidən vüsət alıb. 

Ancaq fikrimizcə, səhiyyədəki problemlərin Səhiyyə Nazirliyinin rəhbərliyi və şəxsən Oqtay Şirəliyevlə bağlanmasına cəhdlər ya problemin mahiyyətinə səthi yanaşmadan, səhiyyə sistemində gedən proseslərdən məlumatsız olmaqdan, ya da qərəzdən irəli gəlir. Niyə?

Əvvəla, səhiyyə naziri Oqtay Şirəliyev, faktdır ki, Azərbaycanın son dəyişikliklərə qədərki hökumətində oliqarxlaşmamış azsaylı nazirlərdən biri hesab olunurdu. Onun nə özünün, nə də övladlarının böyük biznesi, çoxsaylı villaları, xaricdə hesabları haqda indiyədək hər hansı məlumata rast gəlinməyib.

14503515993620740397_1000x669

Səhiyyədən narazılıq niyə çoxdur?

İkincisi, nəzərə almaq lazımdır ki, təhsil və səhiyyə həm idarəetmə, həm də cəmiyyətin razılığını qazanmaq baxımındann ən çətin sahələrdir. İdarəetmə baxımından ona görə çətindir ki, müxtəlif təyinatlı, mülkiyyətçisi müxtəlif qurumlar, oliqarx nazirlər, iş adamları və s. şəxslər olan çoxlu sayda səhiyyə müəssəsi fəaliyyət göstərir. Bunların rəhbərlərini, həkim personalını, maddi-texniki bazasını, orada istifadə olunan dərman preparatlarını da səhiyyə naziri deyil, mülkiyyətçiləri, tabeçiliyində olduqları qurumların məsul şəxsləri müəyyən edir. Hətta rayonlarda dövlət xəstəxanalarının rəhbərlərini belə icra başçılarının razılığı olmadan səhiyyə nazirinin təyin etməsi mümkün deyil. Baxmayaraq ki, bir hadisə olduqda hər kəs yaxasını kənara çəkərək, günahı Səhiyyə Nazirliyinin üzərinə atmağa çalışır, ancaq reallıq bu cürdür. Belə olduqda təbii ki, keyfiyyətli idarəetmə, ciddi nəzarət sistemi qurmaq çətin olur. Nəticədə, səhiyyədə xaotik bir durumun olması görüntüsü yaranır.

Məhz bu kimi səbəblərdən səhiyyə sistemi həm də cəmiyyətin razılığını qazanmaq baxımından ən çətin sahəyə çevrilir. Bu və digər səbəbdən hər bir insan vaxtaşırı, bəzən ildə və ya ayda bir neçə dəfə, bəzən hər həftə, hər gün müxtəlif səhiyyə ocaqlarına müraciət edir. Bunlardan birində və ya bir neçəsində hansı səbəbdən olursa-olsun, problemlə qarşılaşdıqda – həkimdən, aldığı müalicənin və ya dərmanların qiymətindən, keyfiyyətindən və sairdən razı qalmadıqda, ümumilikdə ölkənin səhiyyə sistemindən narazılıq yaranır. Bu narazılığın günahını isə Səhiyyə Nazirliyində görür, ittihamlarını nazirliyin rəhbərliyinə yönəldir…

Problemlərin səbəbkarı Səhiyyə Nazirliyidirmi?

Əlbəttə, böyük bir sahə üzrə dövlət siyasətini həyata keçirən Səhiyyə Nazirliyinin fəaliyyətində nöqsanların, çatışmazlıqların, hətta qanunsuzluqların olmadığını iddia etmək mümkün deyil. Ancaq sahə üzrə cəmiyyətdə kütləvi narazılıq yaradan məsələlərin əksəriyyətinin Səhiyyə Nazirliyi, onun rəhbərliyi ilə bağlı olmadığını əminliklə söyləmək olar. Gəlin diqqət edək:

платная медицина

Cəmiyyətdə səhiyyə ilə bağlı ən çox narazılıq yaradan məsələlərdən birincisi kimi özəl tibb müəssisələrində müayinə və müalicənin qiymətinin yüksək olması, dövlət xəstəxanalarında isə tibbi xidmətin keyfiyyətinin aşağı olması, əməliyyatlar üçün yüksək rüşvətin tələb edilməsi göstərilir. Özəl klinikalar ayrı-ayrı oliqarx-məmurların, yüksək səviyyədə himayəsi olan iş adamlarının nəzarətində olduğundan, Səhiyyə Nazirliyinin ordakı qiymətlərə hər hansı şəkildə müdaxilə etmək imkanı yoxdur.

Dövlət xəstəxanalarında isə əməliyyatlar üçün rüşvətin tələb edilməsi cinayətdir. 15 yanvar 2008-ci ildə Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı qərarla həmin il fevralın 1-dən Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilib. Dövlət müəssisələrində stasionar müalicə alan xəstələrin müayinə və müalicəsi pulsuz aparılmalıdır. Hansı dövlət xəstəxanasında həkim müayinə və müalicə üçün pul tələb edirsə, cinayət edir. Buna görə də narazılıq deyil, hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Ancaq vətəndaşlarımızın çoxu bunu etmək əvəzinə, həkim istəməsə belə ona pul verməyi özünə “borc” bilir. Sonra da səhiyyədəki rüşvətdən şikayətlənirik.
Halbuki, dövlətə aid səhiyyə müəssislərindən yalnız diaqnostika mərkəzləri və stomotoloji mərkəzlər pullu xidmətlər göstərirlər. Təsərrüfat xarakterli bu mərkəzlərdə də qiymətləri Səhiyyə Nazirliyi deyil, onların özləri müəyyənləşdirir.

Yəni, səhiyə nazirinin kim olmasından asılı olmayaraq, mövcud qaydalarla və cəmiyyətdəki düşüncə tərzi ilə bu problemlər həll olunmayacaq. Problemin həlli üçün Səhiyyə Nazirliyinə həm özəl müəssisələrdə, həm də diaqnostika mərkəzlərində müayinə və müalicənin qiymətlərini müəyyən etmək hüququ verilməlidir. Başqa sözlə, Səhiyyə Nazirliyinin səlahiyyətləri genişləndirilməlidir.

Rüşvətin qarşısını almaq olarmı?

Dövlət xəstəxanalarında tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və həkimlərin əməliyyatlar üçün rüşvət tələb etməsinin qarşısını almaq üçün isə həm həkimlərin, səhiyyə işçilərinin əmək haqları bir neçə dəfə artırılmalı, həm də iri tibb ocaqlarının rəhbərlərinin və tibb personalının bilavasitə Səhiyyə Nazirliyi tərəfindən təyin olunması təmin edilməlidir.Hazırda səhiyyə sistemi əmək haqqına görə ölkə iqtisadiyyatında ən aşağı səviyyədə olan sahələrdən biridir. Bu da səhiyyə işçilərinin göstərdiyi xidmətin keyfiyyətinə birbaşa təsir göstərir. Onların aldığı əmək haqqı nəinki dolanışığa kifayət etmir, həm də onlara öz üzərində işləmək, ixtisaslarını artırmaq üçün əlavə kitablar almağa da imkan vermir. Bu cür maaşla heç bir həkimdən nə keyfiyyətli xidmət tələb etmək olar, nə də onun xəstədən gizlincə müalicə, müayinə və əməliyyatlar üçün pul tələb etməsinin qarşısını almaq mümkündür. Həkimlərin əmək haqlarını isə Səhiyyə Nazirliyi deyil, hökumət, Milli Məclis müəyyən edir. Yəni, bu məsələlərlə bağlı da ittihamların obyekti bir çox hallarda düzgün seçilmir.

images

Səhiyyə ilə bağlı narazılıq yaradan ikinci bir məsələ ölkədə, xüsusən dövlət xəstəxanalarında çalışan həkimlərin savadsız olması ilə bağlı rəyin formalaşmasıdır. Əvvala, bu rəyi bütövlükdə doğru hesab etmək olmaz. Azərbaycanda həm özəl, həm də dövlət səhiyyə müəssisələrində kifayət qədər savadlı, peşəkar həkimlər fəaliyyət göstərir. Bununla belə ölkədə “savadsız səhiyyə işçiləri” probleminin mövcudluğu da faktdır. Ancaq bu problemi də Səhiyyə Nazirliyi ilə, onun rəhbərliyi ilə əlaqələndirmək doğru deyil. Əksinə, Səhiyyə Nazirliyi problemin həlli istiqamətində müafiq addımlar atmağa çalışır. Son illər 100-lərlə saxta diplomlu həkimi aşkarlayaraq, toplanmış materialları Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərməsi Nazirliyin bu məsələdə prinsipial mövqe tutduğunu əyani nümayiş etdirir.

Səhiyyə Nazirliyinin səlahiyyətləri artırılmalıdır

Problemin bütövlükdə həlli üçün isə bir sıra məsələlərdə Səhiyyə Nazirliyinə əlavə səlahiyyətlərin verilməsi lazımdır. Əvvəla, Tibb Universitetində kadr hazırlığına Səhiyyə Nazirliyinin birbaşa nəzarəti təmin edilməlidir.
İkincisi, Səhiyyə Nazirliyinə həkimlərin lisenziyalaşdırılması və sertifikatlaşdırılması hüququ verilməlidir. Keyfiyyətli səhiyyə üçün əmək haqqının artırılması da şərtdir. Maaşları artırılmaqla yanaşı, ixtisas və bilik dərəcəsinə uyğun həkimlərin əmək haqqı diferensiallaşdırılmalıdır.

hekim - копия_1511628240

Ölkədə səhiyyə ilə bağlı narazılıq yaradan üçüncü bir məsələ həkimlər tərəfindən xəstələrə yazılan dərmanların qiyməti və keyfiyyəti ilə bağlı problemlərdir. Bu məsələdə də ittihamları Səhiyyə Nazirliyinə yönəltmək, fikrimizcə, qərəzlidir. Məsələ ondadır ki, ölkəyə dərmanlar ayrı-ayrı firmalar, şirkətlər tərəfindən gətirilir. Bu firma və şirkətlər isə əsasən oliqarx nazirlərə, onların himayəsində olan iş adamlarına məxsusdur. Prokurorluğun və DTX-nın açıqladığı son məlumatlardan bəlli olur ki, bu firmaların rəhbərləri gömrükdəki vəzifəli şəxslərlə və həkimlərlə cinəyət əlaqəsinə girərək, orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent və saxta dərman vasitələrini qeydiyyatsız şəkildə ölkəyə idxal edərək əhaliyə satıblar. Nəticədə, insanlar həm keyfiyyətsiz, həm də baha qiymətə dərmanlar almalı olub. Bu da müalicənin nəticəsiz qalmasına, insanların ölkənin səhiyyə sisteminə olan inamının itməsinə səbəb olub.
İctimaiyyəti narazı salan bu problem Səhiyyə Nazirliyinin də diqqətində olub. Təkcə 2016-cı ildə Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 844 dərmanın dövriyyəsinin qadağan edilməsi bunu sübut edir.

Ancaq problemin tam həlli üçün Səhiyyə Nazirliyinin əlində səlahiyyət yoxdu. Yalnız “dərman mafiyasının” əməlləri ifşa olunduqdan sonra – mayın 10-da Milli Məclisdə müzakirəyə çıxarılan layihədə “Dərman vasitələri haqqında” qanuna müəyyən dəyişikliklər təklif edilib. Yeni dəyişikliklərə görə, Səhiyyə Nazirliyinə dərman vasitələri ilə davranışın tənzimlənməsi sahəsində yeni səlahiyyətlər verildi. Bundan sonra Səhiyyə Nazirliyi xüsusi nəzarətdə olan dərman vasitələrinin siyahısını tərtib edəcək, dərman vasitələrinin təsnifatlaşdırılmasını və dərman vasitələrinin ekspertizasını həyata keçirəcək.

Digər dəyişikliyə əsasən dərman vasitələrinin istifadəsinə dair təlimatlarda istehsalçı tərəfindən bəyan edilməmiş məlumatlar, habelə dərman vasitələrinin keyfiyyəti, effektiv və təhlükəsiz olmadığına dair əsaslandırılmış faktlar müəyyən edildikdə bu dərman vasitələrinin dövlət qeydiyyatına alınmasını və dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin isə ölkədə tətbiqini qadağan etmək hüququna malik olacaq.

Bu dəyişikliklər tədqirəlayiq olsa da, problemi tam həll etməyəcək. Çünki layihədə Səhiyyə Nazirliyinə yalnız təhlükəsizlik baxımından xüsusi nəzarət tələb edən dərman vasitələrinin ekspertizasını həyata keçirmək hüququ verilir. Ancaq fikrimizcə, problemin həlli üçün Səhiyyə Nazirliyinə ölkəyə gətirilən bütün dərman vasitələrini ekspertizadan keçirmək, keyfiyyəti, effektivliyi və təhlükəsizliyini müəyyənləşdirilmək hüququ verilməlidir.

Tibbi sığorta niyə tətbiq edilmir?

Səhiyyə ilə əhalini narazı salan problemlərdən biri də icbari tibbi sığortanın ölkədə hələ də tətbiq edilməməsidir. Hansı ki, bu da Səhiyyə Nazirliyinin səlahiyyətində deyil.
Belə ki, Azərbaycanda “Tibbi sığorta haqqında” qanun 1999-cu ildə qəbul olunub.

icbari-tibbi-sigorta-ne-vaxt-tetbiq-olunacaq

Prezident İlham Əliyev 2007-ci ildə “Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası”nın təsdiq edilməsi haqqında”, 2008-ci ildə isə Nazirlər Kabineti yanında Tibbi Sığorta Agentliyinin yaradılması haqqında sərəncamlar imzalayıb. Ancaq indiyə qədər ölkədə icbari tibbi sığortaya keçid təmin olunmayıb. Yalnız ötən ildən başlayaraq pilot olaraq Mingəçevir və Yevlaxda icbari tibbi sığorta həyata keçirilməyə başlayıb. Bütövlükdə ölkədə nə vaxt həyata keçiriləcəyi isə məlum deyil. Hansı ki, icbari sığorta səhiyyədə olan problemlərin çözülməsinə yardım edə bilər. Belə ki, icbari tibbi sığorta tətbiq olunsa, dövlət büdcəsindən ayrılan vəsait birbaşa sığortaolunanlara veriləcək. Vətəndaş xəstəxanalara müraciət edərkən həmin vəsaitdən təyinatı üzrə istifadə edə biləcək.
İcbari sığortanın tətbiqindən sonra səhiyyə işçiləri və xəstələr arasındakı münasibətə nəzarət edən bir qurum mövcud olacaq. Bu qurum da həkimlərin resept yazarkən sui-istifadə hallarına yol verməməsinə şərait yaradacaq. Həkimlərin müalicə və müayinə üsullarına, onların əlavə prosedur və ya dərman yazdıqlarına hazırda nəzarət edən yoxdur. Yaradılmış sığorta qurumu isə bu halları yoxlayacaq və səhv nüanslar olarsa, ödənişi etməyəcək. Bu da insanların səhiyyədən narazılığını aradan qaldıracaq. Ancaq nədənsə hökumət bu sistemi tətbiq etməyə tələsmir…

Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələri yetərli deyil

Göründüyü kimi, səhiyyə sahəsində mövcud olan əsas problemlərin heç biri birbaşa Səhiyyə Nazirliyi, onun rəhbərliyi ilə bağlı deyil. Hətta obyektiv yanaşsaq görərik ki, birbaşa Səhiyyə Nazirliyindən asılı olan məsələlərdə elə də ciddi problem yoxdur.

Məsələn, ölkədə son illər dünyanın bir çox ölkələrində rast gəlinən xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılmasına imkan verilməyib. Ölkəmizdə yoluxucu xəstəliklərin profilaktikası üzrə aparılan tədbirlər, eləcə də bu xəstəliklərə qarşı mübarizə nəticəsində dayanıqlı epidemioloji sabitlik təmin edilib. Ölkəmizdə 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2013-cü ildən qızılca, 2014-cü ildən göyöskürək və 2016-cı ildən epidemik parotit xəstəlikləri müşahidə olunmur. Həmçinin Azərbaycanda vərəm və hepatit xəstələrinin sayı azalıb və sair.

Əlbəttə, ölkədə səhiyyə sahəsində əldə olunan nailiyyətlər yuxarıda qeyd etdiyimiz problemlərin kölgəsində qaldığından, ictimaiyyətin gözünə görünmür. Buna görə də ictimaiyyət tərəfindən Səhiyyə Nazirliyi daim tənqid hədəfinə çevrilir. Əlbəttə, burda Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələrini düzgün qurmamasının, problemlərin səbəblərini media vasitəsilə cəmiyyətə düzgün çatdırmamasının da rolu var. Bəlkə də bu səbəbdən nazir Oqtay Şirəliyev bu yaxınlarda Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanı vəzifəsindən azad etdi…

Ancaq onu bilirik ki, səhiyyədəki problemlərin həlli üçün ilk növbədə onların səbəbini düzgün müəyyən etmək lazımdır. Hazırda növcud olan problemlər isə böyük ölçüdə Səhiyyə Nazirliyinin səlahiyyətlərinin az olması ilə bağlıdır. Buna görə də, vəziyyətin düzəlməsi üçün yuxarlıda qeyd etdiyimiz məsələlərin həlli vacibdir.

Murad MƏMMƏDOV
AzPolitika.info


loading...




Fikrinizi bildirin