ABBASZADƏ TƏHSİL NAZİRLİYİNİN QƏBULDA İŞTİRAKINA QARŞIDIR - "Qiymətlər şişirdilir"
Məktəbi “5”-lə bitirən məzunların yalnız 49.97%-i imtahanlarda attestat qiymətlərini doğruldub
“Cari ildə abituriyentlər iki dəfə imtahan vermək imkanı əldə ediblər. Hər iki imtahanda iştirak edən abituriyentlərin imtahan nəticələri təhlil olunarkən belə məlum olub ki, abituriyentlərin ikinci imtahandakı nəticələri birinci imtahandakı nəticələrindən nisbətən yaxşı olub və bu imtahanların hər ikisində iştirak edən abituriyentlərin nəticələri arasındakı fərqin orta qiyməti 20.09 bala bərabər olub”. APA-nın xəbərinə görə, bu Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abitruiyent” jurnalının 12-ci sayında əks olunub.
Jurnalda bildirilir ki, abituriyentlərin təxminən 64-65%-nin bu iki imtahanda əldə etdikləri nəticələri arasındakı fərq 50 baldan, 91-92%-nin isə 100 baldan aşağı olub: “Nəticələr arasındakı korrelyasiya əmsalı 0.94-ə bərabər olub”.
Qeyd edilib ki, “Abituriyentin ərizəsi” formasına ayrı-ayrı fənlər üzrə attestat qiymətləri də daxil edilir. Ərizədə qeyd olunan qiymətlər əsasında abituriyentlərin orta attestat qiymətləri hesablanaraq, onların qəbul imtahanlarında topladıqları ballarla müqayisəsi aparılıb: “Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 96.87%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0–199 bal intervalında olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 49.97%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır.
İndiki halda isə ali təhsil müəssisələrinə qəbul zamanı attestat qiymətləri nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan “əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, bu cür addımın subyektivliyə bir qədər də yol açmayacağına zəmanət vermək çətindir. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r>0.9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik.
Qiymətləndirmə ilə bağlı qeyd olunan problem digər amillərlə yanaşı, həm də tam orta təhsil standartlarının yerlərdə eyni qaydada tətbiq edilməməsindən irəli gəlir. Qiymət meyarlarının məktəblərdə bir-birindən ciddi fərqlənməsi nəticəsində eyni hazırlıqlı şagirdin biliyi bir məktəbdə (rayonda) “əla”, digər məktəbdə (rayonda) “kafi” qiymətləndirilir. Dövlət İmtahan Mərkəzi ümumtəhsil müəssisələrində qiymətləndirmənin vahid standartlar əsasında aparılması işinə kömək məqsədilə məktəb proqramlarına uyğun olaraq şagirdlərin biliyinin yoxlanılması və qiymətləndirilməsi üçün fənlər üzrə test kitabları nəşr edib.
Kitablar Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiqlənib. Onlarda qiymətləndirmənin 5 və 9 ballıq sistemdə standartları da təqdim olunub ki, hər bir məktəb bunun əsasında öz şagirdlərinin biliyini vahid qiymətləndirmə sistemi ilə ölçmək imkanı əldə etsin”.
Dövlət İmtahan Mərkəzi tərəfindən verilən bu açıqlama təhsildə ciddi problemlərin qaldığını göstərməklə yanaşı, Məleykə Abbaszadənin Təhsil Nazirliyinin qəbulda hər hansı şəkildə iştirakına qarşı olduğunu da göstərir. DİM-in yaydığı hesabatda qəbul zamanı attestat qiymətlərinin nəzərə alınmasının doğru olmadığının bəyan edilməsi də bunu təsdiq edir. Bunun məsuliyyəti isə məktəblərdə vahid qiymətləndirmə sisteminin yaradılmadığı və attestat qiymətlərinin şişirdildiyi göstərilməklə Təhsil Nazirliyinin üzərinə atılır.
Təhsil Nazirliyinin bu ittihamlara hansısa şəkildə cavab verəcəyini söyləmək çətindir. Ancaq görünən odur ki, Məleykə Abbaszadə qəbul qaydalarının dəyişdirilməsinin, attestat qiymətlərinin nəzərə alınmasının, dolaysıyla Təhsil Nazirliyinin qəbulda iştirakının əleyhinədir.
Vaqif
AzPolitika.info
Şərhlər
..Ozunuz fikirleshin, ne qeder olmaya canli muellim qarshisinda ders almaq ve imtahan vermekle komp-cihazla prossesin tebiiliyi eyni ola biler?! Azindan bunun menevi-psixoloji terefi var axi.. Ushaqlari bu qeder qarishiq elementlerle yuklemek evezine, istiqameti onlarin oxumagina ve ixtisaslarina yoneltmek lazimdi.. Bu qeder imtahanlar da duz deyil.. Muellimlerin selahiyyetleri berpa olunmali ve (+ elmi sahenin) maashlari azi 3 defe artirilmalir ki, fikirler maddiyyatda yox, oz ishinin keyfiyyetinde olsun!
Bele deyek de.. Bezi meselelerde Meleyke Abbaszadenin qurumu vaxtile univer-le gire bilmeyenlerin bir choxuna imkan yaratdi, amma ushaqlara chox murekkebkeshmeler getirdi..yorucu variantlardan savad, bilgi de (faktiki) zeifledi.. Orada da, hech tam sheffaqliq yoxdu, ancaq evvelkine nisbeten.. O vaxtlar hetta pulla ve tapshiriqla kechenlerin bir choxu univ-ri bitirende daha bilgili ve dunyagorushlu olurdular. Chunki, elave yuklenmeler olmurdu, sabaha inam ve yoneldikleri ixtisaslara mesuliyyet vardi..
Yaxşı olar ki,bu iki təşkilatı birləşdirib həm yeyintinin qarşısını alaq həm də məmurlar 50-faiz azalar.
davami- 3-cu-ushaq 11-ci sinife chatanda ,artiq bilecek ki,hansi ali mekteblere umud ede biler ve xeyal qirigligina ugramayacaq(imtahan vere bilmese.belelikle,9 il oxumayib,sonra iki il adini hardasa yazdirib,repetitorla oxumaq meselesine son qoyulacaq ve oxudugu her ilin balinin ehemiyyeti oldugu uchun shagird 11 il oxumaq mecburiyyetinde qalacaq,
men hesab edirem ki. gozel,sheffaf tehsil elde etmek ucgun ,bu gunku gunu en yaxshi variuant odur ki, 5-ci sinifden bashlayaraq her ilin axirinda esas fenlerden ushaq DIMDE imtahan versin ve orta ball elde etsin, belelikle 5-11 siniflerde yigilmish ballar esasinda ali mekteb sechilsin. bele olan halda-1-cisi-butun imtahanlara DIM nezaret etmish olacaq(qiymet shishirtmesi olmayacaq0,2-si-mektabde rushvetxorluq avtomatik yigishdirilacaq(chunki,qiymetlerin ehemiyyeti olmayacaq)
Məleykə xanım düz deyir. ... Hələ çox suları durulmalıdır. DİM (TQDK) isə illərdir şəffaf işləyir.
Əlbəttə qarşı olacaq.Kim istər ki, mətbəxinə başqa adam girsin? Haq-hesab bir yerdə olar və sirri də br nəfər bilər. Amma Azərbaycanda təhsil səviyyəsini korlayıblar. Həm məktəblərdə,həm də universitetlərdə.....Yazıq millət,normal təhsildən məhrum edilib.
GUYA Kİ DİM İDEAL QİYMƏTLƏNDİRMƏ ORQANIDIR.ADINI GÜCLƏ YAZANLAR ELƏ YAXŞI ƏN BƏRKGEDƏN FAKÜLTƏYƏ QƏBUL OLUB DİPLOM ALIR Kİ! NƏYİN HESABINA??? NƏ QƏDƏR Kİ DİM-DƏ TAM ŞƏFFAFLIQ YOXDUR ORA ÖRTÜLÜ BAZAR OLARAQ QALACAQ!HEÇ KİM DƏ DİM-Ə ŞƏRİK OLA BİLMƏYƏCƏK.
Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyinə birləşsə, təhsilin keyfiyyəti artar
Mekteblerde biliyin vahid qiymetlendirme sistemi tetbiq edilmelidir. Bu subyektiv hallari aradan qaldirmaqla yanashi muellimlerin ozlerini de sigorta etmish olacaqdir.