ELMAN RÜSTƏMOVUN BİZNESİ NİYƏ “ÇAT VERİR"? - “Bank Respublika” almanlardan 10 milyon istəyir...

İqtisadiyyatımızın heç cür sabit relslər üzərinə düşə bilməməsi, inhisarçılığın hələ də tüğyan etməsi və digər neqativ tendensiyaların mövcudluğu ölkədəki məmur oliqarxiyasının “uğurları” siyahısına daxildir. Strateji pozisiyalardan olan bank sektoru da bu eybəcər mühitin “əsərlərindən” sayıla bilər. Hansı bankı tərpətsəniz, arxasından hamımızın tanıdığı simalar çıxacaq. Ancaq rəsmi olaraq, bu bankların həmin məmurlarla hər hansı bağlantısını tapmaq çox vaxt mümkünsüz olur. Necə ki, “Bank Respublika”nın Elman Rüstəmova aid olduğu barədə uzun müddət mətbuatda yazılar getsə də, bunun rəsmi təsdiqi yoxdur...

Əldə etdiyimiz məlumata görə, “Bank Respublika” da ümumilikdə bank sektorunu bürümüş tənəzzüldən kənarda qala bilməyib və bankın təcili olaraq, 20 milyon manata ehtiyacı yaranıb ki, bu da nizamnamə kapitalının artırılması ilə bağlıdır. Bankın E.Rüstəmova aid olduğuna çoxlarının şübhəsi olmasa da, rəsmi olaraq, onun səhmdarları Quliyev Natiq Saday oğlu (16,66%), Quliyev Elçin Saday oğlu (15,17%), Quliyeva Sevda Saday qızı (14,5%), Quliyev Saday Əsəd (14,36%), Quliyeva Mariya Heydər qızı (14,07%), “Deutsche Investitions-und Entwicklungsgesellschaft (DEG)” (16,67%), “Sparkassen International Development Trust” (8,33%) və digərləri sayılır.

 Almanlarla xeyli müddətdir davam edən danışıqlar bir nəticə vermir

Siyahıdan göründüyü kimi, səhmdarlar arasında alman şirkəti də var və bizdə olan məlumata görə, sözügedən məbləğin 10 milyonu bankın gerçək “xozeyin”i tərəfindən tapılsa da, qalan 10 milyonu üçün almanlara müraciət edilib. Ancaq nədənsə alman şirkəti həmin məbləği ödəməkdə tərəddüd edir və bank rəhbərliyi heç cür avropalılardan müsbət cavab  ala bilmir. Bu isə “Bank Respublika”nı qeyri-müəyyən, onun sahibini isə diskomfort duruma salıb. Almanlarla xeyli müddətdir davam edən danışıqlar bir nəticə vermir və bu da onsuz da durumu birmənalı olmayan bankı daha da çətinə salır.

Yeri gəlmişkən qeyd edək ki, bir müddət əvvəl bankın idarəçiliyində kadr dəyişiklikləri olub  və rəhbərliyə əvvəllər “AccesBank”da çalışmış mütəxəssislər gətirilib. Nəticədə personal sayı və əmək haqları da artırılıb ki, bu da bankın xərclərini biraz da artırıb. Ancaq bizdə olan məlumata görə, buna baxmayaraq, sözügedən bank ilin birinci rübünü gəlirlə qapada bilib. Lakin gəlirliliyi davamlı etmək üçün yuxarıda deyildiyi kimi, ən azı əlavə 20 milyona mütləq ehtiyac var.

“Bank Respublika” ilə “Rabitəbank”ın sevdası niyə baş tutmur?

Bank sektorundakı mənbələrimiz deyir ki, vəziyyətdən çıxış yolu kimi, “Bank Respublika”nın “Rabitəbank”la birləşməsi variantı da nəzərdən keçirilir. Lakin burada da kompromisə gəlmək müşkül görünür. Belə ki, “Rabitəbank” maliyyə baxımından kifayət qədər dayanıqlı olsa da, müştəri və əməliyyat sayı sarıdan “Bank Respublika”nın daha üstün olduğu bildirilir. Deməli, pul  “Rabitəbank”da, gəlirli bank əməliyyatları isə “Bank Respublika”dadır. Deyilənə görə, elə razılığa gəlməyən də baş bankirin olduğu iddia edilən bankdır. Nəticədə sözügedən bank müstəqilliyini saxlamaq istəyindən və əməliyyatlardan daxil olan gəlirləri bölüşməmək fikrindən vaz keçmək istəməsə də, pul tapmaqda çətinlik çəkir.

Məntiqlə patronu baş bankir olduğu deyilən bir bank üçün 20 milyon böyük məbləğ sayılmamalıdır. Lakin son zamanlar mətbuatda E.Rüstəmov barədə yazılanlara diqqət yetirsək, maliyyə sıxıntısının səbəbləri aydınlaşar. Belə ki, hələ birinci devalvasiyadan bir neçə həftə öncə E.Rüstəmovun Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyduğu iddia edilir ki, bu da o vaxtkı məzənnə ilə təxminən 1 milyard dollar təşkil edir. Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği özünün “Respublika-bank”ından, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb. İndi ola bilməz ki, bu vəsaitin hesabı sorulmasın...

Bundan əlavə, yenə mətbuatda E.Rüstəmova aid olduğu deyilən  "Subaru", "Honda", "Mitsubishi" kimi nəhənglərin Azərbaycanda təmsilçiliyi, eləcə də “Səba” ASC, Bakı İnvest Holdinq", "Bakı Sığorta" kimi şirkətlərin də durumu o qədər ürəkaçan deyil. Bütün bunları üst-üstə gəldikdə maddi sıxıntının səbəbləri barədə müəyyən təsəvvür yaranar.

Digər bir iddiaya görə isə E.Rüstəmovun Gürcüstandakı tikinti biznesinə Neft Fondunun rəhbəri Şahmar Mövsumovun qardaşı Şahin Mövsumov da şərikdir. Bildirilir ki, E.Rüstəmovun kadrı sayılan Ş.Mövsumovun qardaşı ortaqlıq üçün ortaya 100 milyon dollar qoyub. Bu vəsait isə artıq ləğv olunan “Bank Standard”dan girovsuz (!) götürülüb və geri qaytarılmayıb. Və maraqlıdır ki,  bütün bu 100 milyonlarla dollarlıq iddialarla bağlı sözügedən şəxslər tərəfindən heç bir rəsmi açıqlama verilmir.

Göründüyü kimi, bir-bir müflisləşən və zərəri dövlətə ödətdirilən bankların yüz milyonları havada uçuşur. Bank sektorunun vəziyyəti isə düzəlmir ki, düzəlmir və hətta baş bankirin belə adı müxtəlif çirkli maxinasiyalarda hallanırsa, bu gedişlə düzələn də deyil...

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

Nə isə!!! 2018-05-15 00:37:35

Deyirlər nə olursa xeyirliyədir, materialdan başa düşdüyüm hissə qədər.... amma büsbütün informasiya qıtlığı nəsə deməyə imkan vermir

ABDULQADIR 2018-05-15 00:37:35

CHÜNKI,QLOBAL ISTILESHMENI VECINE ALMADAN BUZ ÜZERINDE OBYEKT TIKIB.

Obyektiv - ə 2018-05-15 00:37:35

Faiz dərəcəsinin yüksək olması səbəbləri: bank sektorunda qeyri-təkmil rəqabət mühiti, dövriyyədə olan pul kütləsinin azlığı, inflyasiyanın yüksək səviyyəsi, mübadilə məzənnəsinin ucuzlaşması. Adi həqiqətlər var (məndən çox yaxşı bilirsən): pula olan tələb yüksək inflyasiya şəraitində artır, o səbəbdən faiz dərəcəsi yüksəlir (real faiz dərəcəsi mənfi ola bilməz). Məzənnə ucuzlaşdıqca dövriyyədə olan pul kütləsi azalır, o səbəbdən pula olan tələbin səviyyəsi nisbi ifadə də yüksəlir, faiz dərəcəsi artır. Qeyri-təkmil rəqabət mühiti bank sektorunda, kiçik bankların sıradan çıxarılması, bankların iriləşdirilməsi nəticə etibarı ilə pul bazası ilə dövriyyədə olan pul kütləsi arasında fərqi (nisbəti) azaldır. Banklara hazırda etimadın aşağı səviyyəsi - məsələ, təkcə depozitlər üzrə yüksək/aşağı faiz dərəcəsində deyil, banklarda korporativ mədəniyyət acınacaqlı səviyyədədir, müştərilərə münasibət (inhisarçılıq şəraitində başqa cür ola bilməz) və nəhayət, əmanətlərin sığortalanmasındakı son hadisələr, bütün bunlar mane olan amillərdir faiz dərəcəsinin enməsinə. Mərkəzi bankın kredit alətləri arsenalı genişlənməlidir. Palatanın müstəqil qurum kimi yaradılması səhv addım idi (fikrimcə). Mərkəzi bankın nəzdində, AİF-ə bənzər qurum olmalı idi. Mərkəzi bankın kadr potensialı .... özün bilirsən, demirəm....))))))) Bankların filial şəbəkələrinin genişlənməsi stimullaşdırılmalıdır, əhalinin əlində olan vəsaitlərin banka cəlb olunması üçün və s. və s. Elə üzdə olan - tariflər yüksəkdi, faiz dərəcəsi yüksəkdi – bunlara istinad yetərli deyil, varsa, deməli səbəbləri də var.

Obyektiv 2018-05-15 00:37:35

Neche illerdi olkedeki banklar camaati acgozcesine (maddi ve psixoloji..) talan ermekle meshguldur! Hech bir yerde olmayan bu qeder yuksek %-ler ve "komission quyruglari" problemlemli kreditler bazasini emele getirib! Deqiq hesablamalar aparilsa, mushteri borclari choxdan odeyib.. Amma, illerdi tamahkirliyi bitmek bilmeyen "bank mafiyasi" onsuz da gundelik dolanishigini gucle chatdiran imkansizlari ardicil sagmaqla meshguldur!.. 1-ci novbede bu neqativ koklu hell olunmalidir sonra bank saglamlashdirilmasi..

Faiq 2018-05-15 00:37:35

Elman Rüstəmovun biznesi var? Axı qanunla dövlət qulluqçularının bizneslə məşğul olması qadağan olduğu halda Rüstəmov bizneslə necə məşğuldur? Elə ona görə də Azərbaycan manatını istədikləri zaman 200 faiz devalvasiya etdirib milləti ac qoyurlar.Bəs Prezident aparatının,hüquq mühfizə orqanlarının işçiləri bunu görmür,ya bilmir? Görmürsə nyə görmür,görürlərsə nəticəsi niyə yovdur?

2+2=4 2018-05-15 00:37:35

Yazırsız....“Ancaq nədənsə alman şirkəti həmin məbləği ödəməkdə tərəddüd edir”.......nə əcəb??? .....nə səfeh adamlardı bu almanlar???..... inhisarçılığın, oliqarxiyanın tüğyan etdiyi iqtisadiyyata cəmi 10 mln.Azn investisiya yatırmağa niyə ürək eləmirlər ki???......)))) Yenə məbləğ böyük olsayda başa düşmək olardı, 10 mln. Azn, indiki məzənnə ilə, bankın yüksək menecmentinə daxil olan bir işçinin, bir ildə, əldə etdiyi gəlir qədərdir......))))))

2+2=4 2018-05-15 00:37:35

Yazıda Azərbaycan iqtisadiyyatının xəstəliklərindən bir neçəsi dəqiq ifadə olunub: “inhisarçılığın tüğyan etməsi”......“ölkədəki məmur oliqarxiyası”..... Lakin siyahı tam deyil, ölkə iqtisadiyyatının xəstəliyinin tam mənzərəsi üçün siyahı tamamlanmalıdır....))))))))))

2=2=4 2018-05-15 00:37:35

....”vəziyyətdən çıxış yolu kimi, “Bank Respublika”nın “Rabitəbank”la birləşməsi variantı nəzərdən keçirilir”....... bu Rabitəbankda hamı ilə birləşir, amma nə sirrdirsə heç kiminlə alınmır, görəsən niyə???....)))))) Bankın maliyyə baxımından dayanıqlığı hələ onun yetərli maliyyəyə sahib olması demək deyil, bundan əlavə, birləşmədə əsas olan hansı bankın gəlirli əməliyyatlara sahib olmasıdır. Belə əməliyyatların sahibi də birləşmə şərtlərini müəyyənləşdirir, bir qayda olaraq. Əgər maliyyə gəlir gətirmirsə, deməli o, hələ kapital deyil, sadəcə imkandır, reallaşacaq, reallaşmayacaq bu imkan - bunu zaman göstərəcək. Ümumiyyətlə Rabitəbank Şərq ənənələrinə üstünlük verən bankdır – çox fikirləşmək və asta-asta irəliləmək. Belə siyasət isə hər zaman özünü doğrultmur....))))) Lakin bütün bunlara baxmayaraq hər iki banka uğurlar: bankların sabitliyi, ölkədə maliyyə sabitliyi deməkdir, maliyyə sabitliyi isə iqtisadiyyatın inkişafı və əhalinin maddi durumunun yaxşılaşması, oliqarxiya və inhisarçılıq imkan versə....)))))))

Son yazılar