Hamının ağzından sarımsaq iyi gəlirdi…

Dərc olunub: 15/05/2018 - 16:54

Seymur verdizadeSeymur Verdizadə

Dostum maşını həyətin ortasında saxlayıb, belə dedi: “Bizim kasıb daxmamıza xoş gəlmisən!”

Qəhvəyi rəngə boyanmış kürsülü ev yaşıllıqların içində itib-batırdı. Yenicə açmış qızılgüllərin ətri adamı məst edirdi. Qonşu həyətdə bülbüllər cəh-cəh vururdu. Bu əsrarəngiz mənzərənin sehrinə düşdüyüm üçün qarşımda dayanan oğlanın mənə doğru uzanan əllərini bir qədər gec sıxdım. Dostum bizi tanış etdi: “Cabir bizim sonbeşiyimizdir. Ata yurdunu ona etibar etmişik”.

Oğlan, hörmət əlaməti olaraq, əlini sinəsinə qoyub, azca təzim etdi. Sarımsaq iyi burnumu qıcıqlandırdı…

Sonra sifəti mis rənginə çalan 45-50 yaşlı kişi qabağa keçdi. Dostum bu dəfə də onu təqdim etdi: “Nadir əmioğludur. Neçə illərdi əkin-biçinlə məşğul olur. Cəlilabadda onun kimi qoçaq adam yoxdur”.

Nadir kişi, iri, tüklü əlləriylə əlimi sıxıb, “xoş gəlmisiniz”, dedi. Sarımsağın ağır qoxusu yenə məni vurdu…

Tanışlıq üçün öz növbəsini gözləyən şəxs xarici görünüşünə görə həmkəndlilərindən fərqlənməsə də, dostum onun müəllim işlədiyini bildirdi. Dərhal da əlavə etdi: “Adil müəllim sənin televiziya çıxışlarını çox bəyənir. Səni görmək üçün bu gün hazırlığı təxirə salıb”.

Adil müəllim mənimlə köhnə tanışlar kimi görüşdü. Onun da ağzından sarımsaq iyi gəlirdi…

Bir neçə dəqiqə sonra çay süfrəsi arxasında əyləşəndə, Nadir kişi izahat vermək istədi: “Müəllim, dünəndən bəri dilimizə sarımsaq dəymir. Amma yenə bu zəhrimarın iyi ağzımızdan getmir…”

Ona sözünü tamamlamağa imkan vermədim: “Düz eləyib sarımsaq yeyirsiniz. Alimlər sübut ediblər ki, sarımsaq min bir dərdin dərmanıdır”.

Həmsöhbətim acı-acı gülümsəyib, belə dedi: “İndi bizi canımız yox, malımız maraqlandırır. Mən də daxil olmaqla, burda gördüyün adamların hərəsi 3-4 hektar sarımsaq əkib. Amma bu günə kimi bir kilo da sata bilməmişik. Dəllallar sarımsağın bir kilosu üçün cəmi 60 qəpik təklif edirlər. Biz də acığa düşüb, özümüz yeyirik”.

Dostum söhbətə qoşuldu: “Ötən il Cəlilabadda sarımsağın bir kiloqramı 4 manat idi. Bu il hamı həvəsə düşüb sarımsaq əkdi. İndi kiloqramına 60 qəpikdən artıq verən yoxdur”.

Adil müəllim üzünü mənə tutdu: “Təzə Kənd təsərrüfatı nazirini hamı tərifləyir. Bizim adımızdan ondan xahiş elə ki, kəndlini darda qoymasın. Məhsulu bizdən dövlət alsın. Qışda da üstünə 1 manat qoyub, camaata satsın. Həm biz qazanaq, həm də dövlət”.

Bu mövzuda məqalə yazacağımı deyəndə, hamının üzü güldü. Nadir kişi qarşısındakı çaydan bir qurtum içib, danışmağa başladı: “Təkcə sarımsağı deyil, kartofu da sata bilmirik. Dəllallar başımızın üstünü kəsdirib, kartofun bir kiloqramını bizdən 30 qəpiyə alırlar. Hansı ki, qışda Bakıda 1 manatdan aşağı kartof olmur. Öz məhsulumuz torpaqda çürüyür, iş adamları İrandan, Türkiyədən, Pakistandan kartof gətirirlər. Olmaz ki, dövlət indi kartofun kilosunu 50 qəpiyə bizdən alıb, qışda özü 1 manata satsın?”

Adil müəllim üzünü mənə tutdu: “Bunu da yazarsan!”

Cavabım qısa oldu: “Baş üstə!”

Bu barədə bir dəfə də yazmışam: nə vaxt Şəmkirdən keçirəmsə, zəhmətkeş şəmkirlilərin başlarını aşağı salıb, kartof əkdiklərinin, soğan becərdiklərinin şahidi oluram. Tovuzda insanlar vaxtlarının çoxunu üzüm plantasiyalarında keçirirlər. Ebru Gündəşdən yüz dəfə gözəl olan qızlarımız Xaçmazda çiyələk əkir, meyvə-tərəvəz becərirlər. Qonaqpərvər leriklilər uca dağların qoynunda arı bəsləyirlər. Muğan eli 44 dərəcə istidə qarpızın alağını təmizləyir, yemişin dibini sulayır. Amma bu saf, zəhmətkeş insanlar şimalda da, cənubda da kasıb güzəran keçirir, günü-günə zorla calayırlar. Çünki onlara doğru yol göstərən, məsləhət verən yoxdur. Dəllallar başının üstünü kəsdirib, min bir əziyyətlə becərdiyi məhsulu ondan su qiymətinə aldığı üçün kəndli qəpik-quruşa möhtacdır….

Cənab nazir, kəndli ümidini sizə bağlayıb. Onu darda qoymayın. Axı siz ən çətin problemlərin ASAN yolla həllini bilirsiniz…

(Missiya.az)


loading...




Fikrinizi bildirin