Göygöl Mədəniyyət və Turizm şöbəsində büdcəni belə talayırlar - Korrupsiya FAKTLARI

Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsində işləyən Şahin Məmmədov “AzPolitika.info” saytı vasitəsilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətində Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində baş verən korrupsiya və qanunsuzluqlar barədə məlumat verən Şahin Məmmədov Mədəniyyət və Turizm Nazirliyini də bu faktlara göz yummaqda ittiham edir. Müraciəti qısa ixtisarla və zəruri redaktə ilə dərc edirik.

“Hörmətli cənab Prezident!

Mən Məmmədov Şahin Şakir oğlu 04.11.1984-cü ildə Göygöl rayon Üçtəpə kəndində anadan olmuşam. Hal-hazırda həmin ünvanda yaşayıram. Atam birinci qrup əlildir . Ali təhsilimi fərqlənmə diplomu ilə başa vurmuşam. Hərbi xidmətdə ön xəttdə zabit kimi qulluq etmişəm. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 07 oktyabr 2011-ci il tarixdən Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsində işləyirəm. İşə DQMK-nın təşkil etdiyi imtahanın müsabiqə və müsahibə mərhələlərini keçərək qəbul edilmişəm. Kiçik dövlət qulluqçusuyam. Dövlət qulluğu keçdiyim müddət ərzində heç vaxt barəmdə hər hansı intizam tənbeh tədbiri tətbiq edilməyib. Göygöl rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonda gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak etdiyimə görə Fəxri Fərmana layiq görülmüşəm. Sizin korrupsiyaya qarşı apardığınız qətiyyətli mövqeni daim dəstəkləmişəm. Hər zaman rüşvətxorluğa, korrupsiyaya, dövlət büdcəsinin talanmasına qarşı olmuşam və bundan sonra da olacağam.

ALINAN MALLAR, GÖRÜLƏN İŞLƏR DƏFƏLƏRLƏ ARTIQ QIYMƏTƏ SƏNƏDLƏŞDİRİLİR

Hörmətli cənab Prezident!

Hal-hazırda işlədiyim Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri xanım  Şərqiyyə Hümbətova,  mən işlədiyim müddət ərzində qanunsuz əməllərlə məşğul olur. Belə ki, şöbəyə alınan inventar və avadanlıqlar, dəftərxana ləvazimatları, şöbə üçün görülməli olan işlərin dəyəri, təmir-tikinti işləri üçün ayrılan vəsait dəfələrlə artıq qiymətə sənədləşdirilir.

Bunlara misal olaraq:

Kompyuter dəsti " Casper" - satış qiyməti 400-500 manat olduğu halda 1380 manat kimi sənədləşdirilir.

Kompyuter dəsti "LC" - satış qiyməti 400-500 manat olduğu halda 1320 manat kimi sənədləşdirilir.

Notebook "Casper" - satış qiyməti 500-600 manat olduğu halda 1246 manat kimi sənədləşdirilir.

Dinakort - satış qiyməti 1800-2000 manat olduğu halda 4066 manat kimi sənədləşdirilir.

Stul - satış qiyməti 25-30 manat olduğu halda 56 manat kimi sənədləşdirilir.

Şkaf - satış qiyməti 150-180 manat olduğu halda 400-450 manat kimi sənədləşdirilir

Tozsoran - satış qiyməti 130-150 manat olduğu halda 256 manat kimi sənədləşdirilir.

Telefon aparatı - satış qiyməti 8-10 manat olduğu halda 25-30 manat kimi sənədləşdirilir.

Stul 3 yerlik - satış qiyməti 100-120 manat olduğu halda 210 manat kimi sənədləşdirilir.

Xalça 3*5 - satış qiyməti 200 -230 manat olduğu halda 482 manat kimi sənədləşdirilir.

Tefal - satış qiyməti 12-15 manat olduğu halda 35-40 manat kimi sənədləşdirilir

Kağız - satış qiyməti 3,5 manat olduğu halda 6 manat kimi sənədləşdirilir.

Qələm - satış qiyməti 0,05 manat olduğuhalda 0, 20 manat kimi sənədləşdirilir.

Xətkeş - satış qiyməti 0.10 manat olduğu halda 0.40 manat kimi sənədləşdirilir.

Pozan - satış qiyməti 0,10 manat olduğu halda 0.40 manat kimi sənədləşdirilir.

Gündəlik - satış qiyməti 1.5 manat olduğu halda 3 manat kimi sənədləşdirilir

Süpurgə - satış qiyməti 2 manat olduğu halda 4 manat kimi sənədləşdirilir.

Alınan inventar və avadanlıqların onlarla , yüzlərlə olduğunu nəzərə alsaq mənimsənilmiş vəsaitin nə qədər çox olduğunu yəqin etmək olar.

Bunlarla bağı müraciət etməyimə baxmayaraq mənə bütün bu qiymətlər “Dövlət satınalmaları haqqında” Qanunla tənzimlənən qiymətlərdir deyirlər. Mən anlaya bilmirəm ki, məqsədi dövlət büdcəsindən ayrılan vəsaitlərin qənaətlə istifadəsini təmin edən bir qanun və ya qurum dövlət büdcəsinin vəsaitinin belə bədxərcliklə xərclənməsinə icazə versin.

"HƏRƏNİN ÖZ FAİZİ VAR"

Necə ola bilər ki, bir inventar dəyərinin 3-5 qat artıq qiyməti ilə alınsın və bu qanunla tənzimlənsin. Üstəlik bütün alqı-satqı əməliyyatları pul ələ dəymədən həyata keçirilməli olduğu halda xanım Ş.Q.Hümbətova Gəncə şəhərindən həmin məhsulları nəğd pulla gedib alıb gəlir. Mən bu qiymətlərin niyə bu qədər artıq yazıldığını Şərqiyyə xanımdan şoruşanda o həmişə mənə deyərdi ki, "hərənin öz faizi var".

Mədəniyyət obyektlərinin xalçalarının, pərdələrinin yuyulması, eləcədə vaxtaşırı elektrik naqillərinin dəyişdirilməsi üçün “ƏDİRƏF” MMC və “ZAUR” MMC kimi MMC-lərlə müqavilələr imzalanır, onların hesabına pul köçürülür. Əslində isə heç vaxt həmin işlər görülmür.

Bundan başqa xanım Ş.Q,Hümbətova hər ay 8-10 nəfər mədəniyyət işçisini guya Bakı şəhərinə göndərir və onlar üçün ezamiyyət vərəqləri yazılır, halbuki onlarda heç biri Göygöl rayonunu tərk etmir, hər birinə üç günlük ezamiyyət pulu yazılır və daha sonra həmin pullar həmin şəxslərdən xanım Ş.Q.Hümbətova tərəfindən yığılır. Bunu sübut etməyin ən asan yolu həmin ezamiyyətə "gedənlərin" gediş-gəliş biletlərinin həmin tarixə uyğunluğunun və onların Bakı şəhərində harada "qaldıqlarını" yoxlamaqdan keçir.

MƏDƏNİYYƏT VƏ TURİZM NAZIRLİYİ ƏVVƏL XƏBƏR GÖNDƏRİR, SONRA “YOXLAMA”!

Hörmətli cənab Prezident!

Mənim Sizə müraciətimlə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyindən nümayəndələr gəlib göstərilən məsələləri yoxlamağa başladılar. Qanunda qadağan olunmasına baxmayaraq, yoxlama haqda rayon şöbəsinə xəbər verilmişdi. Halbuki, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” həmin qanunda göstərilir ki, vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır. Nazirlikdən gələn yoxlama Göygöl rayonuna çatmadan günlər öncədən xanım Ş.Q.Hümbətova artıq nə ilə ittiham olunacağını bilirdi və buna uyğun hazırlıq işlərini tamamlamış, lazım olan sənədləri hazırlamışdı. Yoxlama yalnız iki-üç məsələyə baxdıqdan sonra diğər məsələlərə bizim baxmaq hüququmuz yoxdur dedilər.

Mən isə qeyd etdim ki , baxmaq hüququnuz yoxdursa müvafiq qurum gəlib baxsın. Lakin bu sözlərimə əhəmiyyət verilmədi. Bundan başqa mən korrupsiya hüquqpozması ilə bağlı müraciət etdiyimə görə, göstərdiyim faktları araşdırmaq əvəzinə mənim işdən azad olunmam üçün Şura iclası keçirilməsinə qərar verildi. Əslində xanım Ş.Q.Hümbətova həmin iclasa hazırlıqları əvvəlcədən yekunlaşdırmışdı. Belə ki, öz vəzifə səlahiyyətlərindən istifadə edərək, işçilərə təzyiq göstərərək mənim əleyhimə fikirlər səsləndirmələrini bildirmişdi. Buna baxmayaraq Sura iclasında iştirak edənlərin əksəriyyəti mənim gənc, savadlı biri olduğumu, hər kəslə mehriban münasibət saxladığımı qeyd etdilər. Yalnız şöbə müdirim xanım Ş.Q.Hümbətova mənim barəmdə mənfi fikirlər səsləndirdi. Baxmayaraq ki, mən şöbə müdirimin qanunsuz fəaliyyəti ilə bağlı müraciət etdiyim günədək barəmdə heç bir intizam tənbeh tədbiri tətbiq edilməmişdi. Hətta xanım Ş.Q.Hümbətova mənim kuratorum olub və sınaq və staj müddətlərimlə bağlı müsbət rəy verib. Eyni zamanda mənim kiçik dövlət qulluqçusu ixtisas dərəcəsini almağım üçün rəy verib. Bütün bunlara baxmayaraq mən şöbə müdirimin qanunsuz fəaliyyəti ilə bağlı müraciət edən kimi birdən-birə pis birisinə çevrildim. Haqqımda "şikayətlər", "aktlar" yazıldı. 25.06.2014-cü il tarixdə keçirilən Şura iclasının bir məqsədi vardı - o da məni işdən azad etmək. İndi işdən azad olmam barədə təqdimatım Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevə təqdim olunacaq. Cənab Nazirin hansı qərar qəbul etməsindən asılı olmayaraq həmin qərara hörmətlə yanaşacam.

ƏMR OLMADAN MƏNİ İŞDƏN AZAD EDİB

Hörmətli cənab Prezident!

Mənim işdən azad edilməyimlə bağlı əmr olmamasına baxmayaraq, xanım Hümbətova sanki öz şirkətini idarə edirmiş kimi, məni demək olar ki, işdən azad edib. Məni şöbənin bütün işlərindən uzaqlaşdırıb. Ən qəribəsi isə xanım Hümbətova bu işləri edərkən heç nədən çəkinmir. Xanım Hümbətovanın dövlətimizin qanunlarına heç bir hörməti qalmayıb. Əks təqdirdə o, işdən çıxarılmadığım halda, mənim hüquqlarımı bu qədər tapdalamazdı. Öz şəxsi işimlə bağlı məlumat almaq istəyirəm, heç bir məlumat vermir. Ümumiyyətlə mənim öz şəxsi sənədlərimə baxmağıma icazə vermir. Mən nə edəcəyimi, kimə müraciət edəcəyimi bilmirəm. Düzgün bildiyim bir hadisəni məlumat verdiyimə görə bu qədər təzyiqlərlə üzləşirəm.

Sizdən xahişim işdən azad olunsam belə, Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri xanım Ş.Q.Hümbətovanın qanuna zidd əməllərinin üzə çıxarılmasına köməklik etməyinizdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin maliyyə əməliyyatlarını yoxlamaq hüququ yoxdur. Sizdən xahiş edirəm Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin yoxlanılması üçün müvafiq qurumlara göstəriş verəsiniz . Mən Sizin ölkəmizdə gənclərə göstərdiyiniz diqqət və qayğını daim hiss etmişəm. Əminəm ki, bundan öncəki müraciətimə baxdığınız kimi bu müraciətimə də baxacaqsınız”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar