"Turan ordusu" yenidən qurulur

"Turan ordusu" kimi tanınan Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı (TAKM) yenidən təsis olunacaq.

Monqolustan təşkilatdan çıxıb, Qazaxıstan isə quruma üzv olmaq üçün müraciət edib

Bu barədə APA Türkiyə Jandarma Baş Komandanlığına istinadən məlumat verib.

TAKM-ın yenidən formalaşdırılmasının səbəbi bu ilin mart ayında Monqolustan tərəfinin təsis müqaviləsini imzalamamasıdır. Monqolustanın imtinası ilə əlaqədar təşkilatın yenidən təsis olunması qərara alınıb.

Təşkilatda Monqolustanı Qazaxıstan əvəz edəcək: “İlk vaxtlarda təşkilatın təsisi ilə bağlı fəaliyyətlərdə yer alan, ancaq öz daxili təşkilati-strukturunda dəyişikliklərlə əlaqədar Təsis Müqaviləsini imzalamayan Qazaxıstan Daxili Qoşunlarının müraciəti ilə TAKM-ın Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstan arasında yenidən formalaşdırılması planlaşdırılır. Bu çərçivədə fəaliyyətlər davam edir”.

APA-nın əldə etdiyi məlumata görə, yenidən təsislə əlaqədar Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının qısaldılmış adı olan TAKM-da dəyişikliyin edilməsi gözlənilir.

Qeyd edək ki, TAKM 2013-cü il yanvar ayının 25-də Bakıda Avrasiya bölgəsində yerləşən və təşkilatda təmsil olunan ölkələrin hərbi statuslu hüquq-mühafizə təşkilatları arasında əməkdaşlığı gücləndirmək məqsədilə təsis olunub. Təşkilatın qısa adı olan TAKM onun təsisçiləri – Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın adının ingiliscə yazılışda baş hərflərindən formalaşıb. Təşkilatın emblemində at (türkdilli xalqların mifologiyasından və mədəniyyətindən götürülüb) və 4 ulduz təsviri var.

Xatırladaq ki, TAKM-ın Bakıda təsis toplantısı xarici mediada “Turan ordusu qurulur” sərlövhəsi ilə yayımlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar