BAKI AVSTRİYALI İDMANÇIYA 500 MİN AVRO ÖDƏDİ - Kompensasiya

Bakıda “Avropa oyunları-2015” keçirilərkən Atletlər kəndindəki nəqliyyat deposunda avtobusun vurduğu Avstriya idmançısı Vanessa Saxinoviç 500 min avro məbləğində kompensasiya alıb. Virtualaz.org bildirir ki, bu barədə Avstriya KİV-i məlumat yayıb.

Xatırladaq ki, Atletlər kəndində qəza 2015-ci il iyun ayının 11-də səhər saatlarında baş vermişdi. Avtobus Avstiriyadan olan 15 yaşlı 3 üzgüçünü vurmuşdu. Bunlar Vanessa Saxinoviç, Luna Payer və Verena Breyt idilər.

Onlardan Saxinoviçin zədələri daha ağır və ciddi idi. Buna görə də o dərhal Vyanaya göndərilmişdi. Elə o vaxtdan da Vanessa əlil arabasında gəzməyə məhkum olub.

Avstriya nəşri “Kronen Zeitung” bildirir ki, 18 yaşlı idmançıya ombudsman Hünter Kroyter və idman naziri Xayns Kristian Ştraxe kömək ediblər. Sonuncu bu ilin yanvarında Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovla görüşüb və işə yeni impuls verib. Tezliklə razılaşma əldə olunub və keçən həftənin sonunda 500 min avro Vanessanın hesabına daxil olub.

"Bu onun ailəsi üçün, Avstriyanın Olimpiya Komitəsindən və bu ölkənin Üzgüçülük Federasiyasından alınan ödəmələrə əhəmiyyətli əlavədir", - deyə KİV yazır.

"Əlbəttə, biz əvvəlcə daha böyük kömək gözləyirdik, amma mən Bakının və sığorta şirkətinin, nəhayət, bizə ödəniş etmələrinə köməkli göstərdiklərinə görə hamıya minnətdaram. Vanessanın müalicəsi üçün bizə pul çox lazımdır", - deyə idmançısının anası Azra Saxinoviç deyib. Qız özü isə onu arzu edir ki, yenidən sərbəst gəzə bilsin.

Kompensasiya məsələsinə qayıdaraq, qeyd etmək lazımdır ki, Qalib İsrafilovun sözlərinə görə, faciədən sonra idmançının valideynlərinə bir milyon avro kompensasiya təklif olunub, amma onlar onun çox az olduğunu əsas gətirərək həmin məbləğdən imtina ediblər.

Bununla bərabər vurğulamaq lazımdır ki, qəzadan sonra Azərbaycan bütün zəruri tədbirləri gördü. Saxinoviçin təcili Vyanaya çatdırılması üçün təyyarə ayrıldı, həmçinin idmançının müalicəsi üzrə xərclər ödənildi. Ancaq Vanessanın ailəsi qəzaya görə kompensasiya və sağlamlığın bərpası üçün bütün xərclərin ödənilməsini tələb edirdi.

Onu da xatırladaq ki, hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Avtomobil Nəqliyyatı Dövlət Xidmətinin şöbə rəisi Hüseyn Salamov və "Təhlükəsiz şəhər" xidmətinin operatoru Elçin Həsənov saxlanılıblar. H.Salamov və V.Əhmədov 3 il, E.Həsənov isə 4 il müddətinə azadlıqdan məhrum olunublar. Onlardan başqa, Avtomobil Nəqliyyatı Dövlət Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov da 3 il müddətinə şərti cəzaya məhkum edilib.

635x100

Şərhlər

Vətəndaş 2018-05-22 10:21:21

Bəs bu 500 min avronu kim pdəyib? Sadə vətəndaşların qazancından.yoxsa lazımsız idman yarışları keçirənlərin cibindən,yoxsa nəqliyyatçılardan? Bu suala da aydınlıq gətirilsə ölkədə nələrin niyə baş verdiyi bəlli olar.

Bashirov Qarib 2018-05-22 10:21:21

Qazan,qazan Nurcahan yesin.

Son yazılar