AZƏRBAYCANLININ TANITIM KİTABI... 

Fazil Mustafa, millət vəkili

Haqlı olaraq zamanın tarixini oxuyan alimlərdən biri sayılan Stiven Hoking bu ilin əvvəlində dünyasını dəyişdi. Son kitabına yazdığı epiqrafla elmin yeni bir paradiqmasını kəşf etdi sanki. Həmin epiqrafda deyilirdi ki, elmin qarşısında ən böyük maneə nadanlıq, cəhalət deyil, elmin illüziyalara qurban verilməsidir. Elə bu postulatı tam mənada insanların, millətlərin üzərinə də köçürmək olar. İnsanları, millətləri çöküşə yönəldən səbəblərin başında illüziyalarla yaşamaq alışqanlığı gəlir. Nadanlığın, cəhalətin təsir gücünü doğru təhsil siyasəti ilə, sağlam ədəbi və fəlsəfi mətnlərlə düzəltmək haradasa mümkündür, lakin illüziyalara qapılmış millətllərin durumu əslində nadanlığa, cəhalətə başqa bir qapıdan açılan yola bənzəyir. Sadəcə bir tarix illüziyası bir qrup məsuliyyətsizi "Amerikanın kəşfində Azərbaycan elminin rolu" iddiasını ortaya qoymağa, digər məsuliyyətsizi "Azərbaycan adında dövlət eramızdan öncə VII əsrdə yaranıb" elmi əsası olmayan saxta vətənpərvərlik şeypuru çalmağa yönləndirir. Halbuki bu gün kimliyimizin xarakterinin açılışı üçün real məzmuna sahib bir tarix anlayışı formalaşdırmaq, eyni zamanda illüziyalardan, müştəbehlikdən uzaq bir insan formalaşdırmağa da gətirib çıxara bilər. Lənətə gəlmiş erməni gopçuluğu bizim də sıramızda çox sayda vətənpərvər gopçiların göbələkvari dağılımı yaradaraq insanımızı, millətimizi, dövlətimizi və hər şeydən öncə gələcək yaşam modelimizi doğru istiqamətdə araşdırmaq üçün keçilməz bir ilğım yaradıb.

Mütləq bir çoxluq "erməni nə deyər" ifadəsini girovuna çevrilib mentalitetimizin və onun çoxşaxəli komponentlərini hörmüş arxetiplərimizin çılpaq durumunun üzərinə ayıblarımızı örtürmüşcəsinə illüziyaların çırpılarını yığmaqla məşğuldur. Artıq bu gerçək anlaşılmalıdır ki, həm azərbaycanlı üçün, həm də erməni üçün Qarabağın işğalı tarix məsələsi deyil, hərb və diplomatiya məsələsidir və bu problemin çözümü üçün ən ciddi dələduzluq tarixin dərinliklərində "kim kimdən öncə gəlib" mazoxizmi ilə məşğul olmaqdır. Erməni üçün bu mazoxizm faydalıdır, çünki hərbi və diplomatik uğurunu keçici də olsa təmin edib, Zəngəzuru və İrəvanı de-yure, Dağlıq Qarabağı və ətrafındakı bölgələri de-fakto əlində saxlayıb. Onlara savaşı keçmişə- tarix müstəvisinə çəkmək, bizi bu tezislərlə məşğul etmək hava-su kimi lazımdır. Bizim isə hərbi və diplomatik uğur əvəzinə tarixi qazanmaq savaşımız de-fakto Azərbaycan insanının xəyali qələbəsini təmin edib, qiyabi cəzaları qatillərə qarşı geninə-boluna tətbiq etmişik, toponimləri öz kitablarımızda ilkin adına qaytarmışıq, ən başlıcası isə tariximizi ildən-ilə daha qədimlərə doğru uzatmağı bacarmışıq. Bizə artıq türk milli komponentinin, Səlcuqlu-Oğuz mədəniyyətinin davamçıları olmaqdan utanmağı aşılayırlar, çünki köçəri mədəniyyətini üzərimizə almaq bir ayıb sayılmaqdadır, bu səbəbdən də ərazi mədəniyyətinin içində məchul dövlətlər axtarışına çıxmışıq. Sanki dünya yaranandan oturduğumuz yerdən tərpənməyən, Orhun-Yenisey yazı mətnləri ilə məsəfələri uzaqlaşdırmaqdan həzz alan, din adına cəhalət nökərçiliyini qanımıza yeritmiş "şah baba" fenomenini günümüzədək qürur mənbəyinə çevirən və hər bir nadanlığın, absurdun sonluğunda "erməni nə deyər" ifadəsini qalxan kimi istifadə edən bir topluluğa çevrildiyimizin hələ də fərqində olmamışıq.

Bu illüziyaları yıxmağı bacaran kitablardan bəlkə də birincisi, həm də azərbaycanlı üçün hələ də yad olan fəlsəfi mühakimənin dəyərli nümunəsi ilə tanışlıq bizi özümüzə qaytaracaq və özümüzdən çıxaracaq mahiyyətdə olan mərhum filosof Həsən Quliyevin "Arxetipik azərilər: mentalitetin simaları" kitabıdır.

Bu kimi kitablar bizə özümüzü dərindən tanıyaraq nəinki ermənilərlə, bütün çevrədəki topluluqlarla tarixin, keçmişin rəqabətinə deyil, gələcəyin rəqabətinə yönləndirir. Yəni azərbaycanlı hədəf olaraq artıq dolmadan, plovdan, "Sarı gəlin"dən, kimin bu bölgədə daha erkən yuxudan oyanmasından boyunu qaldırıb gələcəkdə kimin universitet şəbəkəsi daha güclü olacaq, gələcəkdə kimin elmi daha irəli gedəcək, kimin təhsili daha böyük uğurlara imza atacaq, kimin ordusu daha ciddi texnoloji imkanlara və peşəkar insan gücünə sahib olacaq, kimin səhiyyəsi daha etibarlı sağlamlıq modelinə çevriləcək və dünya mədəniyyətinə kimin töfhəsi daha yüksək olacaq bəndləri üzrə rəqabət seçiminə istiqamətləndirilməlidir. Bunun üçün isə mentalitetimizdə yatan xəstəlikləri "provakasiya"ya çəkərək oyadan, toplumun "DNT analizi"ni təhlil edən və "müayinə və müalicə resepti"ni cəsartələ və "Hippokrat aydınlığı" ilə qarşımıza qoyan gerçək düşüncə adamlarımızın intellektual de-marşına əşhədü zərurət var.

Həsən Quliyevi bir mütərəqqi aydın obrazı kimi tanımışam. Arıq vücudu, müdrik üz cizgiləri ilə gözə girməyi sevməyən, sadə, mütəvazi yaşam tərzi ilə seçilən, rəhbəri olduğu şöbədə səssizcə əməkdaşlarla düşündüklərini paylaşan mərhum bir alimdən, həm də dırnaqdan təpəyəcən alimdən söhbət gedir. Arasıra ikinci iş yeri sayılan "Turan" İnformasiya Agentliyini ilə Xalq Cəbhəsinin ortaq "Xaqani 33" kod adı ilə tanınan koridorunda rast gələrkən salamlaşdığım bu insanın Azərbaycanın gəlmiş-keçmiş ən dəyərli filosofu olduğunu sadəcə bir əsərindən anlamış olduğuma görə, həm də çox gec anlamış olduğuma görə içdən üzüldüm. Tanımadığıma üzüldüm, insanın mesajını vaxtında oxumadığıma üzüldüm, axı bu insanların sayı az olub, indi də azdır, nadir nüsxələrdir və biz onların fikirlərini, mülahizələrini, mühazirələrini nöqtəsinə, vergülünə qədər köçürüb saxlamadığımıza görə çox böyük peşmanlıqlar yaşayacağıq. "Arxetipik azərilər: mentalitetin simaları" (Qanun nəşriyyatı, Bakı 2010, 344 s.) əsəri Azərbaycanın dəyərli və bilgə insanlarından biri professor Qorxmaz Quliyev tərəfindən ruscadan mükəmmməl tərcümə olunub və bu mükəmməlliyin əsas göstəricisi bir fəlsəfi mətnin dilimizdə öz kaloritini itirmədən yüksək peşəkarlıqla təqdim olunmasında özünü ifadə edir.

Azərbaycanda az sayda gerçək fəlsəfə elmləri doktorlarından, gerçək professorlardan biri olan Həsən Quliyev ixtisasca fizik olub, 1971-ci ildə "Atomizm ideyasının idrakı funksiyası" mövzusunda namizədlik, 1987-ci ildə "Yeni biliyin verballaşması" mövzusunda doktorluq dissertasiyasiyalarını müdafiə etmişdir. Həsən Quliyev "Arxetipik azərilər: mentalitetin simaları" əsərini rus dilində yazıb və 2008-ci ildə vəfat etdikdən sonra doğma dilimizdə çap olunub. Azərbaycanlının bütün mental obrazını cərrahiyə masasının üzərinə yerləşdirərək hərəkətsiz durumda qalmış bir avtomobili son detalına qədər söküb yığırmış kimi bu obrazla davranmış, mentalitetimizin xəstə və sağlam arxetiplərini fəlsəfi metaforalarla ən incə məqamlarınadək ilk növbədə özümüzə tanıtmağa çalışmışdır. Həm də öz obyektivliyin konturlarını açıqca aşağıdakı formada bəyan etmişdir: "Bu yalançı ekspertlər bərk yanılırlar, çünki özünü xəstə hiss etmək və öz xəstəliyini dəqiq bilmək eyni şey deyil. Şübhəsiz ki, hər bir şəxs təbiətinə görə mentallığın özünəməxsusluğunu hiss etmək qabiliyyətinə malikdir: lakin bu heç də o demək deyildir ki, hər bir kəsin onun mahiyyətini dərk etmək imkanı var".

O tanıdığım, oxuduğum az sayda düşüncə insanlarımızdan biridir ki, millətinə öz sevgisini elmi obyektivliyin üzərinə çıxarmaqdan imtina etmiş, ən xırda detallarına qədər bu orqanizmin xəstə hüceyrələrinin tarixi başlanğıcını vicdanla, konyukturaya uymadan göstərməyə çalışmışdır. Saxta vətənsevərliyi elmin içinə soxuşdurmağa çalışanlara sərt bir dirəniş göstərəcəyini bəyan etməkdən çəkinmədirini də vurğulamağı zəruri saymışdır: "Hər kəs özünün yalançı səriştəsini nümayiş etdirməyi vacib hesab edir, hər kəs mahiyyətindən bixəbər olduğu mentalitetin məddahına çevrilməyə çalışır. Bu cür adamlar üçün mentalitet dəbdə olan yarlıqdan başqa bir şey deyildir və bu yarlıq vasitəsilə onlar guya öz ziyalılıqlarını, elitaya məxsusluqlarını, vətənpərvərliyə sadiqliklərini nümayiş etdirirlər. Əslində onlar bizim hamımıza ziyan vururlar: onlar qorxulu səriştəlilik illüziyasına meydan açırlar və bununla da bir növ problemi yoxa çıxardırlar- mentallığın dərkinin əhəmiyyəti, anlamı prosesini səngidirlər". Bu məhz həmin illüziyalardır ki, yuxarıda sitat gətirdiyim bəşəriyyətin dahilərindən biri Stiven Hokkinq bu fenomeni elmin qarşısında cahillikdən daha ciddi maneə olaraq görürdü.

Həsən Quliyev xalqın məddahı deyil, onun tənqidçisidir, ancaq sevgisini bu tənqidin içində elə bir səmimiyyətlə oxucuya aşılaya bilir ki, istər-istəməz əsərin düşüncə aurasında sevdiyin bir xalqın mental natamamlıqlarının gözəlliklərlə əvəz olunması arzusuna necə içdən bağlandığını hiss edirsən.

"Arxetipik azərilər" hər bir azərbaycanlının düşüncə ensiklopediyasıdır, özünütanıtım mətnidir, öz xəstəliyinə diaqnoz qoyma cihazıdır. Ailə kultu, Ağsaqqal, Qonaq, Ayaqyolu, Yemək kultu, Haralısan, Sonrakı ağıl, Çayxana, Zibil, Bayram, Tanrı, Qismət, Pir, Uğunlaşma və daha bir çox arxetiplərin mentalitetimizin necə ayrılmaz detallarına çevrilməsini müdhiş bir müşahidə yetənəyi və fəlsəfi mühakimə zəkası ilə çözmüş. Bu çözülmə prosesi böyük filosofumuz Həsən Quliyevdən sonra da davam etməlidir, müştəbehliyimizin sındırılması işinin təxirə salınması bizi daha ciddi məğlubiyyətlərə, itkilərə ürcah edə bilər. Düşünən insanlar, xalqını, millətini səmimiyətlə sevən insanlar bu kitabı mütləq oxusunlar, öz millətinin potensialının real mahiyyətini anlasınlar, bu potensiala uyğun gələcəyin hədəflərini illüziyalardan, xəyallardan arınmış şəkildə tərtib etməyə çalışsınlar. Bu mənim heç şübhəsiz ki, masaüstü kitablarımın birincisinə çevrildi. Nobel mükafatı laueratı Elias Kanettinin möhtəşəm "Kütlə və hakimiyyət" əsəri qədər təsir gücünə sahibdir.

Azərbaycanın gəlib getmiş bu dəyərli filosofuna- millətini alt qatlarından tanıyan, millətinin isə üzdən belə tanımadığı mərhum Həsən Quliyev həm də çoxdan unudulmuş bir missiyanı- elmin populyarlaşdırılması işini bu əsəri və başqa yazıları ilə aydın borcu olaraq görmüş, öz elmi irsi ilə bu boşluğa zəngin bir miras buraxmışdır. Bu əsər haqqında düşündüklərini geniş bir məqalədə mütləq yazacağam, həm də bu səviyyədə bir filosofumuzun tanıtımı üçün belə bir çalışmaya borc kimi baxacağam.

Mütləq oxuyun deyirəm, sadəcə özünüzü, xalqınızı anlamaq istəyirsinizsə, dəyərləri və dəyərsizlikləri üzərində düşünmək, mühakimə sahibi olmaq istəyirsinizsə, qazanacağınız bir əlahiddə qaynaq kimi faydalanın deyirəm.

635x100

Şərhlər

Perviz 2018-05-22 16:14:02

Ariz Abduleliyev HALAL OLSUN!!!Layuiqli fikirleriniz tedqire layiqdir.beli cox gozel.

Ariz Abduləliyev 2018-05-22 16:14:02

Bu zərbə nəticədə psixoloji olaraq daim milli natamamlıq komleksləri ilə yaşamağımızdır, daim "gözü qıpıq" olmağımızdır, "birdən nə deyərlər" qorxumuzdur, başqa millətlərə həsədlə və özümüzdən yuxarı baxmağımızdır, "mən daim avropalılardan görüb-götürməliyəm" kimi xəstə asılılığımızdır.F.Qəzənfəroğlu bilməmiş deyil ki, çox təndidlə bir milləti sağaltmaq, ucaltmaq olmaz.Əksinə, milli eqo zədələnir,xalqın özünə münasibətində anormal və qeyri-real mühakimə yaranır.Tərifləmək də düzgün metoddur.

Ariz Abduləliyev 2018-05-22 16:14:02

alim əməyini qiymətləndirmək də millətin müsbət göstəricisidir.H.Quliyevin kitabında millətimiz üçün faydalı təsirlər yox deyil.Bununla belə, F.Qəzənfəroğlunun məntiqi ilə yanaşsaq, Rüstəm İbrahimbəyov də öz filmindəki mövqeyini "azərbaycanlıların nöqsanlarını, mənfi arxetipik simalarını tənqid və tərbiyə etmək" kimi yoza bilər. Bax, millətimizi zaman-zaman arxetipik "xəstəliklərdən", özündən müştəbehlikdən, özünəvurğunluqdan, geriqalmaqdan sağaltmaq istəyənlər də son nəticədə böyük zərbəyə nail olublar.

Ariz Abduləliyev 2018-05-22 16:14:02

Ardı: Zaman-zaman xalqımızın "DNK xəstəliklərini" gülə-gülə, tənqid edə-edə, elmi və poetik üslubda ironiya hədəfinə alanlar, sağaltmaq əvəzinə xalqımızı daha çox xəstələndiriblər.Biz bəlkə bunların səyəsində natamamlıq komplekslərindən bu gün qurtulmuruq.Başqa xalqlar "mən ən yaxşıyam" düşünə bildikləri halda, milli eqoları komplekslərsiz olduğu halda, belə "sağaltmaq reseplərinin" ucbatından "mən yaxşı deyiləm" psixoloji formatı düşüncəmizə hakim kəsilib. Şübhəsiz,alim əməyini qiymətləndirmək də

Ariz Abduləliyev 2018-05-22 16:14:02

Mən Həsən Quliyevi mütaliə edənlərdənəm. Bu kitabını da rus dilində oxumuşam.Onun əsil alim olması şübhəsizdir.Amma F.Qəzənfəroğlu öz rəyində bir həqiqətdən yayınır. H.Quliyev Azəri mentalitetinin arxetiplərini araşdıranda gərək özü kimi alim və ziyalıların öz ana dilində niyə danışmaq istəmədiklərinin, övlad və nəvələrini rusdilli təhsilə qoymalarının, onların ana dilinə həqarətli münasibətinin, xalqımıza "çuşqa" demələrinin hansı mental-psixoloji arxetiplədən qaynaqlandığını da araşdıraydı.

Ariz Abduləliyev 2018-05-22 16:14:02

Ardı: İkincisi, özünü həmişə ağıllı tarixçi kimi göstərməyə çalışan F.Qəzənfəroğlu çox yaxşı bilir ki, H.Quliyev kitabda öz xalqının adını da səhv yazıb. Biz - Azərbaycanlıyıq, Azəri deyilik. Hər şey, ziyalılıq da buradan başlayır. Elə xalqının adını bilərəkdən, ya bilməyərəkdən düz yazmamasına, bizə farsdilli "Azərilər" kimi yanaşmasına görədir ki, həyatı boyu öz dilindən savayı bütün dilləri öyrənən ziyalılarımızdan olub. ÜÇüncüsü, Avropanın, Şərqin dahi filosofları məsələn "Arxetipik almanlar",

Qarnıqurdlu 2018-05-22 16:14:02

Fazil beyin intellektine coxdan beledik, hele de onun iller önce yeni müsavatda çıxan yazıları seviyesinde yazılar yoxdu, ve ,teessüf, mühitden görünür ki , olmyacaq da.... Meni çaşdıran fazilin feZailleşmesi meselesidi... Bu nece baş verdi... Oturduğu yüksek kürsüde sağ-soluna baxarken : "Aye... Men bura nece düşmüşem" deye düşünürmü...

G.M 2018-05-22 16:14:02

Fazil bəy,dəyərli təşəbbüsünüzə və elmi araşdırmalara olan münasibətinizə görə təşəkkür edirəm.Xahiş edirəm əlinizdəki Tribunadan istifadə edib belə dəyərli mövzuları məmur və KİV-i maqnatlarımıza da aşılıyasınız.Xalqın,Dövlətin əmlakını zəli kimi soran bu zümrəyə də intellektual mövzulara ``baş vurmağı`` tövsiyə edəsiniz.

Ali 2018-05-22 16:14:02

fazil bəy! Siz ermənilərlə mübarizədən yazırsınız. Bəs necə olur ki, Paşinyan Qarabağa gəlir, onları hərbi təyyarələri Füzuli üzərindən uşur, RF XİN-in tədbirində "DQR" mnümayəndələri iştirak edir. Ancaq AzRes Xİn nə nota verir nə BMT TŞ-nın çağırılmasını tələb edir., ancaq mətbuat katibi yüngülvari nə isə deyir. Tutalım AzXİN bivecdir, bəs deputatlar niyəXİN-dən lazımi reaksiya verməyi tələb etmir, MM özü heç bir bəıyanat vermit? Bəlkə MM iclasına bu məsələni qaldırasınız?

Elkhan Khalilov 2018-05-22 16:14:02

Fazil bəy,mən həmişə Sizin yüksək intellektinizin,böyük zəkanızın heyranı olmuşam və bu gün də Sizin kimi qeyrətli bir Türk oğlu Türkün Azərbaycanda yaşadığına görə qürur hissi duyuram.TANRI TÜRKÜ QORUSUN!!!

oxucu 2018-05-22 16:14:02

Görəsən bu kitab hazırda satışda varmı və haradan əldə etmək olar? Təşəkkürlər!

Etibar Əliyev 2018-05-22 16:14:02

Fazil müəllimə təşəkkür edirəm ki, Həsən Quliyev nəhənglikdə alimi bu gözəl məqaləsi ilə yada salıb. Həsən müəllimin bütün əsərləri elm və təhsil tariximizdə böyük önəm kəsb edir. Onu dünyada bizdən çox tanıyırlar.

Son yazılar