Pul verəndə əli əsən acgöz müdirlər

Seymur VERDİZADƏ

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir neçə il əvvəl baş redaktorlarla görüşdə belə demişdi: “Əvvəl elə bildim ünvanı səhv salmışam. Binanın qabağında dayanan bahalı maşınları görəndə, bir anlığa özümü hansısa nəhəng şirkətin həyətində hiss etdim. Hətta Prezident Administrasiyasının qarşısında da belə bahalı maşınlar görə bilməzsiniz”.

Bu həmin vaxt idi ki, KİV rəhbərləri qəzet kağızı üçün tətbiq olunan ƏDV-ni ləğv etmək, redaksiyaların “Azərbaycan” Nəşriyyatına olan borcunu silmək üçün gecə-gündüz hökumətə yalvarır, ayrı-ayrı məmurlara minnətçi düşürdülər. Hətta ağlamaqdan bir neçə baş redaktorun gözünə “qara su” gəlmişdi...

Həmin ərəfədə hansısa gənclər təşkilatı Bakının ən dəbdəbəli otellərinin birində jurnalistika fakültəsinin tələbələri üçün seminar təşkil etmişdi. İki gün davam edən seminarda 10 aparıcı KİV rəhbəri tələbə-jurnalistlərə müxtəlif mövzularda mühazirələr oxumuşdu. Son vaxtlar efirdə tez-tez görünməyimi nəzərə alıb, məni də tədbirə dəvət etmişdilər. Səbrimi basıb, iki gün ərzində seminarda çıxış edən “media kapitanları”nı diqqətlə dinləmişdim. Hamısı çıxışına eyni sözlərlə başlamışdı: “Mətbuatda pul yoxdur. Amma imzanızı tanıtmaq istəsəniz, sizə şərait yarada bilərik. Kim pulsuz işləmək istəyirsə, qapılarımız onun üzünə açıqdır”.

Bilmirəm, zəlzələdən oldu, ya vəlvələdən, mənə lap axırda söz verdilər. Çıxışıma belə başladım: “Onlara inanmayın, fırıldaqçıdırlar! Əgər mətbuatda pul yoxdursa, əyləşdikləri kürsüləri 20 ildi niyə tərk etmirlər? Niyə öz vəzifələrindən istefa verib, başqa işlə məşğul olmurlar?”

Başqa nələr dediyim, hansı problemlərə toxunduğum dəqiq yadımda deyil. Bircə o yadımdadır ki, qələm dostum, həmkarım Anar Yusifoğlu həmin çıxışı xəbərə çevirib, öz saytında yerləşdirdi. Əksər dostlarımın qəəzblə qarşıladığı bu çıxışa görə indi də qürur hissi keçirirəm...

Soruşa bilərsiniz ki, təbiətdə rənglərin bir-birini qısqandığı bu gözəl may ayında köhnə-təzə problemləri yenidən gündəmə gətirmək hansı zərurətdən doğub? Dəyərli oxucularım üçün yazım, bilməyənlər də bilsinlər: elə gün olmur ki, ən azı bir peşəkar jurnalist iş üçün mənə müraciət etməsin. Onlar mənim KİV rəhbəri olmadığımı yaxşı bilirlər, sadəcə, əlaqələrimə güvənib, kömək istəyirlər. Bu adamların əksəriyyəti ayrı-ayrı redaksiyalarda çalışdığı üçün onlardan iş yerlərini nədən tərk etdiklərini soruşmadan keçə bilmirəm. Adətən, cavab belə olur: “Maaş azdır”.

Üç xarici dil bilən jurnalistin ayda cəmi 350 manat maaş aldığını eşidəndə, ayağımın altından yer qaçdı...

Mətbuatda orta aylıq əməkhaqqı 500 manatı keçmir. Jurnalisti həftənin 6 günü işlədib, ona cəmi 500 manat maaş vermək ədalətsizlikdir. Əziz KİV rəhbərləri, sürücülərinizə verdiyiniz pullardan bir az da müxbirlərinizə verin...

Onu da deyim ki, KİV Fondu çap mətbuatının inkişafı üçün hər il 3 milyon manatdan çox vəsait ayırır...

Eyni problem televiziyalar üçün də xarakterikdir. İstedadlı aktrisa olmaqla yanaşı, həm də gözəl televiziya aparıcısı olan Zümrüd xanımdan son vaxtlar niyə efirdə görünmədiyini soruşanda, cavabı belə oldu: “Pul yoxdur”.

Hansı ki, televiziyalar reklamdan hər ay milyonlarla manat vəsait qazanırlar. Sadəcə olaraq, pul verəndə bəzi TV rəhbərlərinin qarnı ağrıyır...

Rəhmətlik nənəm deyirdi ki, pul verəndə əli əsən adamlardan uzaq olun. Mən də o fikirdəyəm ki, verdiyi pulun arxasınca boylanan adamlardan uzaq durmaq lazımdır. Çünki onların pulunun bərəkəti olmur...

(Missiya.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar