Qida Təhlükəsizliyi Agentliyi yoxlamalara başladı - FOTOLAR

Bu gündən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədi ilə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində maarifləndirici monitorinqlərə başlayıb.

Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən "Report"a verilən məlumata görə, bu ilin may və iyun aylarını əhatə edəcək monitorinqlər zamanı bu sahədə fəaliyyət, istehsal şəraiti və qida zəncirinin mərhələləri ilə yerində tanışlıq, sahibkarlara normativ texniki sənədlərin tələblərini izah etmək, habelə gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi qeydiyyatı, dövlət reyestrinin aparılması, sertifikatların verilməsi və digər bu kimi istiqamətlərində maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.

Monitorinqlərin ilk günündə AQTA nümayəndələri “Bakı Qida və Yağ Fabriki” MMC, “Sun-Tea Çay Fabriki” MMC və “AzMeat Production” MMC-də olub, istehsalçılara qida təhlükəsizliyi sahəsində dövlət siyasəti, qarşıya qoyulan tələblər haqqında məlumat veriblər. Monitorinq zamanı sahibkarlıq subyektlərinə məlumatverici təlimatlar təqdim olunub, müasir standartlara cavab verən, rəqabətə davamlı qida məhsulları istehsalının qarşıda duran əsas vəzifə olduğu vurğulanıb.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

[gallery columns="5" size="full" ids="420584,420585,420586,420587,420588,420589,420590,420591,420592,420593"]

635x100

Şərhlər

t.ədalət 2018-05-22 17:00:49

Qida təhlükəsizliyi agentliyi yoxlamalara "Azərsun"dan başlasa yaxşı olar.Tərkibi bulaşıq yağlar,şirələr,konserv və digər məhsulların ciddi nəzarətə ehtiyacı var.

Son yazılar