Hakimiyyət namizəd-əlaltılarını belə sındırdı (Rəqəmlər)

Fərəc Quliyevə öz kəndindən 44, Sərdar Cəlaloğluna 47, Qüdrət Həsənquliyev 63 səs yazıb, onları bir daha rüsvay etdilər

9 oktyabr prezident seçkilərinə dair MSK-nın açıqladığı rəsmi rəqəmlərdə hakimiyyətin Azərbaycan xalqına, ayrı-ayrı bölgələrin camaatına, eyni zamanda namizəd kimi çıxış edən öz əlaltılarına münasibətini ortaya qoyan çox ibrətamiz məqamlar var. Məsələn, MSK-nın rəsmi nəticələrinə inansaq, guya Naxçıvan camaatı arasında Hafiz Hacıyevin əməlli-başlı hörməti var. Milli Şuranın vahid namizədi, professor Cəmil Həsənli Naxçıvandan cəmi 237 səs aldığı halda, “Balıq Hafiz” bu bölgədən 408 səs toplayıb. Bu fakt, heç şübhəsiz ki, Naxçıvan camaatına təhqirdən başqa bir şey deyil.

Naxçıvanlıları, ümumiyyətlə xalqı qoyaq bir kənara və hakimiyyətin seçki kampaniyası dövründə onun vəkili kimi çıxış edən digər namizədlərə münasibətinə baxaq.

Vaxtilə müxalifətin aparıcı ideoloqlarından biri olan ADP sədri Sərdar Cəlaloğlu bu seçki kampaniyası dövründə hakimiyyətə əlindən gələn xidməti göstərdi. Aylarla real müxalifətin, daha sonra Milli Şuranın əleyhinə danışdı. Bu birliyin Rusiyanın proyekti olduğunu xalqa təlqin etmək üçün bəzən “Roma papasının özündən artıq katolik oldu” – YAP-çıların dilə gətirmədiyi ittihamları irəli sürdü. Daha sonra da namizəd kimi seçkilərə qatılıb alternativ bolluğu yaratdı. Debatlarda isə hakimiyyətin üzərinə getmək bir yana qalsın, kimlərinsə acığına gələr deyə siyasi məhbus olan doğma qardaşının adını bir dəfə çəkmədi. Bəs bu xidmətin qarşısında nə qazandı? Maddi olaraq qazandıqlarını deyə bilmərik, amma mənən sındırıldığı, rüsvay olunduğu göz önündədir. ADP kimi ləyaqətli mübarizə tarixi olan bir partiyanın rəhbərinə ən sonuncu yeri rəva bildilər – ona hətta Hafiz Hacıyevdən də az səs yazdılar.

Bu azmış kimi S.Cəlaloğlunu doğma kəndində təhqir etməkdən də çəkinmədilər. ADP sədrinə 6 min seçicinin olduğu bir kənddə cəmi 47 səs yazıb, İlham Əliyevi demirik, Qüdrət Həsənquliyevə 8 dəfə fərqlə uduzdurdular.

Götürək bir başqa keçmiş hərəkatçını, həşəmətli millətçini, keçmiş siyasi məhbusu, “Dəmir adam”ı (Özünün dediyinə inansaq, xalq arasında ona “Dəmir adam” deyirlər) və nəhayət “Elçibəyçini” – Fərəc Quliyevi. Respublika üzrə göstərdiyi nəticə” öz yerində, onu da doğma kəndində bir daha yerdən-yerə vurublar. MSK-ya inansaq, “böyük millətçi” Fərəc Quliyevə doğma həmkəndliləri cəmi 44 səs veriblər. Onun doğulduğu Üstüpü kəndindən İlham Əliyev 566, Qüdrət Həsənquliyev 33 səs alıb.

Fərəc Quliyevin ümumilikdə Ordubad rayonundan – Elçibəy yurdundan aldığı səs isə 249-dur. Halbuki, Allahın Zahid Orucuna bu rayondan 136 səs yazılıb.

BAXCP sədri, hakimiyyətin ştatlı prezidentliyə namizədi Qüdrət Həsənquliyevə isə doğulduğu Culfa rayonunun Əbrəqunus kəndində cəmi 63 səs verilib – İlham Əliyevin 868 səsinə qarşı.

Bir tərəfdən anlamaq çətindir, hakimiyyət öz xidmətçilərinin ləyaqətini niyə bu qədər və dönə-dönə alçaldır?! Axı Sərdar Cəlaloğluna, Fərəc Quliyevə, Qüdrət Həsənquliyevə heç olmasa öz doğma kəndlərindən 30-40 faiz səs yazılsa nə dəyişəcəkdi? Onlar bundan artıq nə etməlidirlər ki, bu “şərəfə” nail olsunlar!?

Digər tərəfdən isə vəziyyət aydındır, bizim hakimiyyətin xasiyyəti belədir.

BİR DƏFƏ ALÇALTDIĞINI BİR DAHA UCALTMIR!

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar