Lerik meşəsində 75 ağacın kəsilməsilə bağlı cinayət işi başlanıb

Ekoloji mühitə ziyan vurulması, ağaclar və digər yaşıllıqların qanunsuz kəsilməsi, həmçinin ekoloji tarazlığın pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə, eləcə də öz qanunazidd əməlləri ilə dövlətin ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vizəzəmin meşəbəyliyinin ərazisində yaşköküstə müxtəlif cinsli və diametrli 75 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə xeyli miqdarda, yəni 6590 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Həmin faktla bağlı Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini tərəfindən mayın 18-də Cinayət Məcəlləsinin 259.1-ci (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Lerik rayon Polis Şöbəsinin İstintaq Qrupuna tapşırılıb.

Hazırda qanunsuz ağac kəsmə faktı ilə bağlı başlanmış cinayət işi üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

“Bütün fiziki və hüquqi şəxslərə qanunsuz ağac kəsilməsi hallarına yol verməmələri tövsiyə edilir və bu kimi hallara yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuş qaydada ən ciddi cəza tədbirləri görüləcək”, - deyə, Baş Prokurorluqdan əlavə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar