ATƏT PA-da Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfəri məsələsi qaldırılacaq

"ATƏT PA-nın iyul ayının 7-11-də Berlində keçiriləcək sessiyasında Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın baş naziri Nikol Paşinyanın işğal olunmuş ərazilərimizə səfəri, eləcə də bəyanatları ilə bağlı məsələlərə toxunulacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hər zaman Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin gündəliyində duran birinci məsələ olub: "Bu da təbiidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar Ermənistanın işğalı altındadır və bu işğala son qoyulmayana qədər biz Dağlıq Qarabağ məsələsini ATƏT PA-da qaldıracağıq".

O qeyd edib ki, ATƏT yeganə beynəlxalq təşkilatdır ki, hazırda münaqişənin həlli ilə məşğuldur və müəyyən mənada vasitəçilik missiyasını həyata keçirir: "Ancaq bunun heç bir nəticəsi yoxdur. Ona görə də ATƏT PA-da bu məsələni qaldıracağıq. Nikol Paşinyanla bağlı Ermənistanda yaranmış mövcud duruma gəlincə, Paşinyan və onun komandası çox populist və pafoslu bəyanatla çıxış edir. Təbii ki, bu, inqilabın yaratdığı eyforiyadır".

"Heç şübhə etmirəm ki, qısa müddət ərzində bu eyforiya yatacaq və Ermənistan rəhbərliyi reallığın nədən ibarət olduğunu dərk edəcək və bu cür boş, mənasız bəyanatlardan çəkincəklər. Çünki bu boş bəyanatlar, ritorika heç bir halda sülhə, problemin sülh yolu ilə həllinə yardım etmir. Ona görə də əlbəttə ki, Ermənistan rəhbərliyi bunu anlamalıdır və eyni zamanda, burada ATƏT-in üzərinə böyük bir yük, məsuliyyət düşür. Təəssüf ki, Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi, orada mətbuat konfransı keçirməsi və bir neçə gün öncə orada hərbi təlim keçirilməsi ATƏT-in Minsk qrupu tərəfindən pislənilmədi, ona reaksiya verilmədi. Əlbəttə, bu, bizi qane etmir və bizi çox ciddi şəkildə narahat edir"- deyə Azay Quliyev əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar