"Yaxın vaxtlarda Avropa Məhkəməsi Dilqəm və Şahbazın işinə baxacaq" - Vəkil

"Erməni girovluğundakı azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı lazımi tədbirlər görülməkdədir. Əldə olunan materiallar, sənədlər tərəfimizdən Avropa İnsan Haqları Məhkəməsinə göndərilir. Biz lazım olan işləri vaxtında həyata keçiririk".

APA-nın xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri, D. Əsgərov və Ş. Quliyevin hüquqlarını müdafiə edən Anar Bağırov deyib.

O bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi D. Əsgərov və Ş. Quliyevin işinə baxılmasını tezləşdirəcək: "Biz buna ancaq ümid edə bilərik. Avropa Məhkəməsinin öz prosedurları var. Burada söhbət yalnız insanların qanunsuz həbsindən getmir, onlara işgəncə də verilib. Bu insanların səhhətində ciddi problem var".

A. Bağırov qeyd edib ki, Vəkillər Kollegiyası D. Əsgərov və Ş. Quliyevlə bağlı bütün lazımi tədbirləri görür: "Biz bu məsələdə sona kimi mübarizə aparacağıq. Hesab edirəm ki, yaxın aylar ərzində Avropa Məhkəməsi bu məsələyə baxacaq, ədalətli və düzgün qərar qəbul edəcək. Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi Avropa Məhkəməsinin nüfuzuna təsir edən məsələdir. Avropa Məhkəməsi bu məsələdə öz prinsipiallığını nümayiş etdirməlidir".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağda D.Əsgərov və Ş. Quliyevlə bağlı qanunsuz məhkəmə prosesi aparılıb. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar