RÜFƏT ASLANLININ BİR SƏLAHİYYƏTİ DƏ ƏLİNDƏN ALINDI - Yeni xidmət yaradıldı

trend_rufat_aslanli_030516_2Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev müstəqil Maliyyə Monitorinqi Xidmətinin yaradılması ilə bağlı fərman imzalayıb. Fərmanda qeyd olunur ki, Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi üçün sistemli və kompleks tədbirlər həyata keçirilir: “Ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, hesabatlılıq sisteminin yaradılması, qabaqcıl texnologiyanın tətbiqi sahəsində əldə edilmiş nailiyyətləri Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi yüksək dəyərləndirmişdir.

Maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası və beynəlxalq əlaqələrin genişlənməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində də nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı yeni hədəflər müəyyən etmişdir.

Göstərilən hədəflərə nail olmaq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdə dövlət qurumlarının potensialının gücləndirilməsini və bu sahədə fəaliyyətin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılmasını, onlar arasında əməkdaşlığın və məlumat mübadiləsi sisteminin səmərəliliyinin artırılmasını, beynəlxalq əməkdaşlığın genişləndirilməsini zəruri edir”.

Ölkə prezidenti bu zərurəti nəzərə alaraq Maliyyə Monitorinqi Xidmətinin Maliyyə Bazarlarına Nəzarət Palatasının tərkibindən ayrılaraq müstəqil fəaliyyət göstəməsinə qərar verib.

Onu da qeyd edək ki, xidmət Prezident fərmanı ilə 2009-cu ildə Mərkəzi Bank nəzdində yaradılmışdı. 2016-cı ilin fevralından isə onun tabeliyi dəyişdirilərək Maliyyə Bazarlarına Nəzarət Palatasına keçirilmişdi. O zaman gözlənilirdi ki, Rüfət Aslanlının nəzarətində qurumun işi daha da təkmilləşəcək, fəaliyyətində dəyişikliklər baş verəcək. Lakin bunların heç biri baş vermədi.

Əksinə, Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti əvvəlkindən daha da zəiflədi. Halbuki beynəlxalq qurumlar Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə aparan qurumun müstəqil və daha geniş səlahiyyətlərə malik bir qurum kimi fəaliyyət göstərməsini dəfələrlə təklif etmişdilər.

Azərbaycanda çirkli pulların yuyulması ilə bağlı fəaliyyətlər daim beynəlxalq təşkilatların diqqətində olub. Xüsusilə İrana qarşı sanksiyaların qüvvədə olduğu dövrdə Azərbaycanda cənub qonşumuzun pullarının yuyulması ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Hətta “Birlikbank” və “Royalbank”ın məhz İran pullarının yuyulmasında iştiraka görə lisenziyalarının geri alındığı bildirilirdi.

Xatırladak ki, Mərkəzi Bank hər iki bankın lisenziyasını geri çəkərkən “Banklar haqqında” qanunun 16.9-cu maddəsinə - terrorçuluğun maliyyələşdirilməsi və qanunsuz gəlir əldə olunması – istinad etmişdi. “Royalbank”ın sahibi isə İran əsilli iş adamı idi.

İran pullarının Azərbaycan vasitəsilə yuyulması məsələsi ötən ilin sonlarında ABŞ-da Rza Zərrab işi üzrə aparılan məhkəmə istintaqı zamanı da aktuallaşmışdı. Belə ki, məhkəmədə şahid qismində ifadə verən R.Zərrab İran pullarının yuyulmasında Azərbaycandan olan 3 nəfərin də iştirak etdiyini, bu prosesin bir hissəsinin məhz Azərbaycan üzərindən reallaşdırıldığını bildirmişdi. Həmin vaxt bir çox ekspertlər bu ifadə əsasında ABŞ və çirkli pulların yuyulmasına qarşı mübarizəyə nəzarət edən beynəlxalq qurumlardan Azərbaycana müəyyən təkliflərin olacağını proqnozlaşdırmışdılar.

İran-ABŞ münasibətlərinin yenidən gərginləşdiyi, İrana qarşı sanksiyaların tətbiq olunduğu bir dövrdə Azərbaycanın Maliyyə Monitorinqi Xidmətinə müstəqillik verməsi, çirkli pulların yuyulması iddialarının yenidən gündəmə gətirilməsinin qarşısını almaq üçün atılmış addım da hesab oluna bilər(musavat.com).

****

Azərbaycan prezidenti İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən və dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.

Prezident Administrasiyasına Xidmətin nizamnaməsinin layihəsini bir ay müddətində hazırlamaq tapşırılıb.

Nazirlər Kabinetinə isə Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Xidmətin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini həll etsin, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Xidmətin fəaliyyətinin həyata keçirilməsinə xidmət edə bilən dövlət əmlakının inventarizasiyasını apararaq, həmin dövlət əmlakının Xidmətin istifadəsinə verilməsi ilə bağlı tədbirlər görmək və bu barədə üç ay müddətində Azərbaycan prezidentinə məlumat vermək həvalə olunub.

635x100

Şərhlər

2018-05-26 00:03:12

Şəki-Bazar" ASC-də uzun müddətdir ki,özbaşnalıqlar hökm sürməsinə baxmayaraq aidiyyatı qurumlar tərəfindən göz yumulur.İldə ən azı 500,0-600,0 min manat vergidən yayınır,əldə edilən gəlirin 90 %-i mənimsənilir,qalan 10%-nə özləri üçün qanunsuz əmək haqqı yazaraq bu yolla mənimsəyirlər,səhmdarlara da bu səbəbli divident düşməyir..Bazarın rəhbərliyi yox dərəcəsindədir,əl üsulu ilə idarə olunur ? Səhmdarların hüquqlarının qorunması üçün köklü islahatların aparılması vaxtı gəlib çatmışdır ?

İ.Mustafaoğlu 2018-05-26 00:03:12

Rüfət Aslanlının bütün səlahiyyətləri əlindən alınmalıdır. Onun dövründə Səhmdar Cəmiyyətlərdə özbaşnalıqlar hökm sürür,illik ümumi iclaslar keçirilmir,balanslarında olan əsas vəsaitləri Səhmdarların xəbəri olmadan satılmasına nail olurlar.Belə olduğu halda Səhmdarlar dövlətdən narazı qalırlar,ancaq cənab Prezidentimiz gecə-gündüz çalışırki xalqımız firavan yaşasın,ancaq məmurlar öz xidmətləri ilə cənab Prezidentin etimadını doğrultmaq əvəzinə,vətəndaşı dövlətdən narazı salma hallarına rəvac verirlər.

Son yazılar