Ərdoğan Qarabağ məsələsini Seçki Bəyannəməsinə daxil etdi

Dərc olunub: 26/05/2018 - 11:05

erdogan-putinƏrdoğanın Qarabağ məsələsini Seçki Bəyannaməsinə daxil etməsi kifayət qədər müsbət hadisədir və mühüm mətləblərdən xəbər verir. Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Ərdoğan prezident seçiləcəyi təqdirdə Qarabağ probleminin həlli Türkiyə gündəmində əsas yerlərdən birini tutacaq: “Bəzi dövlətlər Türkiyənin bu addımını başqa dövlətin işinə müdaxilə kimi qiymətləndirməyə çalışacaq. Ancaq Türkiyə rəhbəri kifayət qədər cəsarətli addım atmaqla “bir millət – iki dövlət” tezisini real praktikaya çevirir. Bu, qələbə çalacağı təqdirdə Ərdoğandan kifayət qədər cəsarətli addımlar atmağı tələb edəcək. Çünki Dağlıq Qarabağ məsələsində işğalçının arxasında dayanan əsas güc Rusiyadır. Belə olan halda Ərdoğan Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və Qarabağ probleminin həlli üçün Rusiya ilə daha çox işləmək və bəzən bir sıra prinsipial məsələlərdə Moskva ilə baş-başa gəlmək təhlükəsini də göz altına almalı olacaq. Heç kimə sirr deyil ki, konfliktin həllinə süni əngəllər yaradılması prosesi Rusiya tərəfindən başladılsa da, bəzi Avropa dövlətləri tərəfindən körüklənir. Məhz bu səbəbdən də danışıqlar prosesi heç cür irəliləmir”.

Politoloq qeyd edib ki, bundan ruhlanan erməni tərəfi ard-arda daha destruktiv və Azərbaycan üçün qəbul edilməsi mümkünsüz olan tələblər irəli sürür: “Yəni faktiki olaraq Ermənistan işğalçı adı ilə çağırılmamasından istifadə edərək danışıqlar prosesində qondarma Dağlıq Qarabağın iştirakını irəli sürməklə indiyə qədər baş vermiş hadisələrin siyasi məsuliyyətindən yaxasını kənara çəkməyə çalışır və proseslərə bir qarışıqlıq gətirmək istəyir. Bütün bunları nəzərə alsaq, Türkiyə Azərbaycan, hətta bütün türk dünyası üçün böyük xidmətlər göstərə bilər. Rusiya və xristian dünyasının əsas məqsədi Dağlıq Qarabağ və ona bitişik rayonları işğal etməklə Türkiyənin bütün türk dünyası ilə əlaqələrini minimuma endirməkdir. Türkiyə bütün bu hiylələri başa düşərək status-kvonun dəyişdirilməsinə və problemin BMT qətnamələrinə uyğun surətdə həll edilməsinə cəhd göstərməli, lazım gələrsə, Naxçıvan istiqamətində Azərbaycanın təhlükəsizliyini təmin edəcək praktiki addımlar atmalıdır”.

Azərbaycanın sülh danışıqlarından ciddi nəsə gözləmədiyini bildirən politoloq Qarabağ məsələsinin gec-tez hərbi yolla həll ediləcəyini düşünür: “Bu səbəbdən də Türkiyə Azərbaycanın hərbi təlimlərinin təsirli və effektli olması üçün əlindən gələni əsirgəməməlidir. Buraya hərbi istehsal sahələrinə yardımdan tutmuş, Azərbaycan Ordusunun şəxsi heyətinin, xüsusilə də xüsusi təyinatlı qüvvələrinin müasir tələblər səviyyəsində hazırlanması daxildir. Bir sözlə, seçkiqabağı vədlərlə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərin siyasilərin gündəminə salınmasını Ankaranın xoşməramlı niyyətindən qaynaqlanır. Burada hər hansı bir siyasi xal qazanmaqdan uzaq dayanılacağı qənaətindəyəm. Hesab edirəm ki, proses başa çatdıqdan sonra Türkiyədə sabitlik yaranacaq və bu da münasibətlərin bütün sahələrində, o cümlədən hərbi-siyasi sferada yeni perspektivlər açacaq”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini Seçki Bəyannaməsinə daxil edib.


loading...




Fikrinizi bildirin