DTX ƏMƏKDAŞI QƏTL SİFARİŞİ VERİB! - Təfərrüat

Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin sabiq əməkdaşı Rövşən Ağayev mayın 24-dən itkin düşmüş müəllim Sarayxanım Abdullayevanın onun sifarişi ilə qətlə yetirildiyini etiraf edib. APA-nın məlumatına görə, R. Ağayev istintaqda dindirmə zamanı bildirib ki, S. Abdullayeva onun sifarişi ilə Xankərəm Kərimov tərəfindən öldürülüb.

O da məlum olub ki, X. Kərimov özünə məxsus “KİA Rio” markalı avtomobilində S. Abdullayevanı Şirvan şəhəri “Cənub” İES-in yaxınlığına gətirərək, orada sellofan torba ilə boğub.

7-8 saat avtomobildə qalan meyit sonradan R. Ağayevin köməkliyi ilə axşam saatlarında Şamaxı rayonunun Göylər kəndi ərazisində, yaşayış məntəqəsi olmayan dağlıq ərazidə yarğana atılıb.

* * *

Mayın 24-də itkin düşmüş Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın öldürülməsi ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.

APA-nın əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin sabiq əməkdaşı Ağayev Rövşən Firudin oğlu S. Abdullayevadan oğlu, narkotik cinayətinə görə həbs olunmuş Abdullayev Xəyal Hüseynağa oğlunun azad edilməsi müqabilində 27 min manat alıb.

Lakin X. Abdullayev azad edilməyib, R. Ağayev aldığı pulu da qaytarmayıb.

* * *

Mayın 24-də itkin düşmüş Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın meyiti tapılıb.

APA-nın məlumatına görə, Şirvanda orta məktəb müəllimi olmuş S. Abdullayevanın meyiti Şamaxı rayonunun Padarçöl kəndi ərazisində dərədə aşkarlanıb.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

APA-nın əldə etdiyi məlumata görə, S. Abdullayeva Hacıqabul rayon sakini, 1992-ci il təbəllüdlü Kərimov Xankərəm Kərim oğlu tərəfindən öldürülüb.

X. Kərimov saxlanılıb.

X. Kərimovun qətli Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı Ağayev Rövşən Firudin oğlunun sifarişi ilə törətdiyi bildirilir.

* * *

Şirvan şəhərində itkin düşən qadın müəllimin meyiti tapılıb.

“Report”un Şirvan bürosu xəbər verir ki, meyit Şamaxı rayonunun Göylər kəndi ərazisində aşkar edilib. Belə ki, qadın öldürüldükdən sonra onun meyiti sellofan torbaya qoyulub.

Həmin torba Çöl Göylər - Dağ Göylər avtomobil yolunda dərəyə atılıb. İlkin məlumata görə, meyit mayın 24-də itkin düşən qadın müəllim, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevaya məxsusdur.

* * *

Şirvanda itkin düşən orta məktəb müəlliminin öldürüldüyü məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları mayın 24-də itkin düşmüş Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın qətlə yetirildiyini müəyyənləşdiriblər.

Hazırda istintaq əməliyyat tədbirləri davam etdirilir.

[caption id="attachment_422512" align="aligncenter" width="720"]

Sarayxanım Abdullayeva[/caption]

* * *

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

Birgə məlumatda bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 05 fevral 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələr - çəkisi 1565,50 qram narkotik vasitə olan heroin və 500 ədəd həbdə təsir miqdarı 20 qram metadon, külli miqdarda psixotrop maddə – çəkisi 307,34 qram təşkil edən metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirən Ağarzayev Mehman Şakir oğlu və Sadıqov Nəriman Telman oğlu ifşa edilərək saxlanılmışdır. Faktla bağlı başlanılmış cinayət işi üzrə Mehman Ağarzayev və Nəriman Sadıqov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.

Davam edən istintaqla cinayət əməllərinin törədilməsində həmin şəxslərlə birgə iştirakı müəyyən edilən Şirvan şəhər sakini Abdullayev Xəyal Hüseynağa oğlunun yaşadığı evdə keçirilmiş axtarış zamanı onun satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda – ümumi çəkisi 77,4 qram 258 ədəd güclü təsir edən maddə olan preqabalin həbləri aşkar edilərək götürülmüşdür.

X.Abdullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.Araşdırmalar zamanı məlum olmuşdur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı Ağayev Rövşən Firudin oğlu və onunla əlbir olan Şirvan şəhər sakini Əmirov Mətləb Sabir oğlu Şirvan şəhər sakini Abdullayeva Sarayxanım Nadir qızından sonuncunun oğlu təqsirləndirilən şəxs X.Abdullayevin həbsdən buraxılmasına köməklik edilməsi adı altında dələduzluq yolu ilə xeyli miqdarda pul vəsaiti almışlar.

Araşdırmalarla həmçinin müəyyən edilmişdir ki, S.Abdullayeva 24 may 2018-ci il tarixdə itkin düşmüşdür.Qeyd olunan faktlar üzrə başlanmış cinayət işi üzrə həyata keçirilən birgə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Ağayev Dövlət Təhlükəsizliyi Xidməti orqanlarından xaric edilmiş və iş üzrə R.Ağayev və M.Əmirov şübhəli şəxs qismində saxlanılmışlar.Hazırda S.Abdullayevanın itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun aidiyyəti qurumları tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

* * *

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şirvan şəhər şöbəsinin əməkdaşı tutulub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, gecə saatlarında DTX-nın Şirvan şəhər şöbəsinin əməkdaşı, baş əməliyyat müvəkkili, 1982-ci il təvəllüdlü Ağayev Rövşən Firudin oğlu saxlanılıb.

R. Ağayevin hansı səbəblərdən saxlanıldığı hələlik dəqiq məlum deyil.

Bəzi məlumatlara görə, onun saxlanması Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın bir neçə gün əvvəl itkin düşməsi ilə əlaqədardır.

Faktla bağlı araşdırma davam etdirilir.

635x100

Şərhlər

bozbaş pikçers 2018-05-30 12:38:49

bu lap bərk gedən oglanimiş kii...

Son yazılar