Korrupsiya idarəsi məşhur tikinti şirkətinin qapısını möhürlədi – “Sevil Construction”da nə baş verir?

Azinform.az saytı qısa müddətdə Azərbaycanda geniş reklam piarı hesabına məşhurlaşmağı bacaran “Sevil Construction” şirkətində baş verən fırıldaqlarla bağlı maraqlı araşdırma aparıb. Məlum olub ki, Azərbaycanın inşaat bazarında tez bir zamanda vətəndaşların etibarını qazanmağı bacaran bu şirkətin bütün fəaliyyəti sadə maliyyə piramidası üzərində qurulubmuş. İki ilə yaxın fəaliyyəti ərzində minlərlə insanla müqavilə bağlamış şirkətin işləri pis getməyib.

İlkin şərtlərə görə , vətəndaşlara ayrılan torpaq sahələrində tikinti işlərinin aparılması, nəticədə isə torpaq və mülkiyyətin özəlləşdirilərək mülkiyyət sahibinin tam istifadəsinə verilməsi əsasında şirkətlə müqavilə bağlanırdı. Şirkətin təkliflərində insanları cəlb edən əsas məqamlardan biri qiymətin yüksək olmasına baxmayaraq, şirkətdən əldə edilmiş torpaq sahəsinin və aparılacaq tikinti işlərinin pulunun hissə-hissə olaraq ödənilməsi idi. Məhz elə bu amil insanların şirkətə marağının kütləvi hal almasına gətirib çıxarmışdı. Reklamın getdiyi ilk vaxtlar hər sot torpağa görə 3000 manat civarında dəyərləndirilən sahələrin qiymətləri son dövrdə 8000 manata qədər yüksəlmişdi.

Bu gün yuxarıda adı çəkilən şirkətlə bağlı redaksiyamıza edilən şikayətləri araşdırarkən tamamilə fərqli mənzərənin şahidi olduq. Baş ofisə yaxınlaşdığımız zaman, qapının üstündə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin möhürünün vurulduğunu gördük. Ətrafda aylıq borclarını ödəməyə gələn insanların öz aralarında nəyi isə müzakirə etdikləri diqqətimizi cəlb etdi. Gedən söbətlərdən məlum oldu ki, şirkətin fəaliyyəti naməlum səbəblər üzündən müvəqqəti olaraq dayandırılıb. Mülkiyyətçilər isə zərərçəkmiş qismində Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ifadə vermək üçün dəvət ediliblər. Bu insanların arasında hələlik yalnız torpaq sahələrinin dəyərini ödəyən sadə vətəndaşlar da var, evləri tam tikilərək hazır vəziyyətdə olanlar da. Baş verənlərin səbəbi ilə maraqlandıqda müxtəlif versiyaları eşitdik. Amma gördük ki, insanları düşündürən əsas məsələ indiyə qədər şirkətə ödədikləri pulun taleyidir. Maraqlıdır, işləri heç də pis getməyən şirkətin birdən-birə ağır vəziyyətə düşməsinin səbəbi nədir?

Son vaxtlar “vurulan” şirkətlərin çoxu haqqında aparılan müzakirələrə nəzər saldıqda belə nəticə çıxarmaq olar ki, tikinti sektoruna nəzarət uğrunda güc mərkəzləri arasında ciddi rəqabət var.

Bu yaxınlarda «Sovetski” deyilən ərazidə evlərin sökülməsi ilə əlaqədar köçürülən şəxslərə bir kvadratı 380 manatdan ev tikə biləcəyini elan etmiş tikinti şirkətinin aqibəti hamımıza məlumdur. Hazırda həmin şirkət barəsində istintaq aparılır. Korrupsiya əməllərində günahlandırılan şirkətin qanunları hansı dərəcədə pozması barədə dəqiq nəsə deyə bilmərik. Ancaq görünür şirkətin cəzalandırılmasının əsas səbəblərindən biri yazılmamış qanunları pozmasıdır. Faktiki olaraq, bu tikinti şirkəti Azərbaycan adlı məmləkətdə tikintinin hansı məbləğə başa gəldiyini, lakin qiymətlərin süni surətdə şişirdilməsi, vətəndaşın nə dərəcədə aldadılması məsələsini açıqca dilinə gətirmişdi.

Lakin araşdırmalar nəticəsində əldə olunan məlumatlardan belə görünür ki, “Sevil Construction” şirkəti ilə bağlı problemin kökündə tamamilə başqa motivlər durur. Bu işdə siyasi çalarlar var.

Əldə etdiyimiz məlumata görə “Sevil Construction” tikinti şirkəti, Azərbaycanın keçmiş yeyinti sənayesi naziri Sevil Zeynalovanın oğlu Aynur Zeynalova məxsusdur. O, həmçinin “Sevil” massivinin də sahibidir. Dindarlar arasında Hacı Aynur kimi tanınan bu şəxs həm də Azərbaycanda vəhabi təriqətinin fəal üzvlərindən biri kimi ad çıxarıb. Son zamanlar bu təriqət üzvlərinin Azərbaycandakı fəaliyyəti ilə bağlı narahatlıq doğuran məlumatlar hər birimizə məlumdur. Güclü maliyyə resursları və gəlir yerləri olan təriqət üzvlərinin hərəkətlərinin artıq siyasi iddia səviyyəsinə qədər artması təbii olaraq hər birimizdə həyəcan doğurmaqdadır. Belə olan halda bu təriqətin maliyyə qaynaqlarının növbəti birinin də kəsilməsi məntiqə uyğun addımlardan biri deyilmi? Bəlkə elə şirkətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılmasının əsas səbəbi də bundan ibarətdir…

Hər halda, bu məsələnin araşdırılması olduqca zəruridir və yəqin ki, yaxın zamanlarda "Sevil Construction" ətrafında baş verənlərin əsl səbəbləri üzə çıxacaq.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar