İlham Əliyev general Həsən Şirinovu öz kortejindən çıxardı

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini prezidentin tıxacda qalması haqda yayılan məlumatları təkzib edib...

Prezident İlham Əliyevin kortejinin bir neçə gün əvvəl tıxaca düşməsi dövlət başçısının hərəkətinin təhlükəsizliyinə cavabdeh olan yüksək vəzifəli şəxslərin buna görə cavab verməsi ilə nəticələnib.

Xatırladaq ki, bu barədə məlumatı ilk olaraq "AzPolitika.info" yayıb. Saytımızın əldə etdiyi məlumatda bildirilirdi ki, prezident İlham Əliyev Gürcüstanın sabiq dövlət başçısı Eduard Şevardnadzenin vəfatı ilə bağlı başsağlığı vermək üçün bu ölkənin Bakıdakı səfirliyinə gedərkən kortejin önündə gedən sürücüsünün yol verdiyi səhv ucbatından təxminən 4-5 dəqiqə tıxacda qalıb. Daha sonra avtosfer.az saytı hadisənin təfərrüatını öyrənərək yazmışdı. 

Qeyd edək ki, prezidentin kortejini həmişə olduğu kimi bu dəfə də Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov müşayiət edib. Lakin general H.Şirinovun sürücüsü səhlənkarlığa yol verib, nəticədə prezidentin korteji Teymur Əliyev küçəsində tıxaca düşüb. Prezident kortejini müşayiət edən general H.Şirinovun əyləşdiyi avtomobilin sürücüsü yolu qarışdıraraq səhvən “Gənclik” tərəfə aparan tunelə girib. Sürücü lazımi döngədən dönmək əvəzinə onu ötüb keçib, bununla da əvvəlcədən hazırlanmış marşrutun planı dəyişib.

Bununla belə başda general Vaqif Axundov olmaqla prezidentin mühafizə xidməti operativlik göstərərək vəziyyətdən dərhal çıxış yolu tapıb. Nəticədə dövlət başçısının korteji tıxacdan çıxıb və yoluna davam edib.

Məlumata görə, bu hadisəyə görə Həsən Şirinovun sürücüsü polis orqanlarından xaric edilib.

Bu gün virtualaz.org saytı məlumatlı mənbələrə istinadən xəbər yayıb ki, bu səhv genera Həsən Şirinovun özünə də çox baha başa gəlib. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini ötən həftə prezidentin kortejindən xaric edilib. Bundan sonra prezident İ.Əliyevin kortejini Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov özü müşayiət edəcək.

Maraqlıdır ki, Həsən Şirinov prezident İlham Əliyevin tıxacda qalması haqda yayılan məlumatları təkzib edib. H.Şirinov Publika.az-a açıqlamasında deyib ki, bu barədə yayılan məlumatlar doğru deyil: “Hamısı boş şeylərdir. Ümumiyyətlə, belə hadisə olmayıb”.

Ötən həftə prezidentin kortejindən xaric edilməsi barədə yayılan məlumatlara da toxunan H.Şirinov bildirib ki, hazırda hər şey normaldır: “Əvvəlki kimi hazırda da işimin başındayam. Hər şey normaldır. Yazılanlara əhəmiyyət vermirəm”.

Vaqif

AzPolitka.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar