“Siz bu sektorun üz qarasısınız” - Anar Məmmədli

“İctimai sektor dağılıb deyə bir şey yoxdur. Çünki heç nə əbədi deyil”. Bu sözləri “Yeni Müsavat”ın Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayım verilişinə qatılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli deyib.

Musavat.com xəbər verir ki, A.Məmmədli bu sahədə toparlanma olacağına inanmadığını bildirib: “Maliyyə qadağaları bir müddət sonra bitəcək. Bir çox ölkələrin təcrübəsi göstərdi ki, Azərbaycanda sosial marketinq deyə bir ənənə yarana bilər. Gözləyirəm ki, bir müddət sonra ictimai sektora gənc nəsil gələcək. Onlar daha mütəşəkkil, daha rəngarəng fəaliyyət göstərəcəklər. Bu şərtlərdə gəlmək çətindir. Amma Azərbaycan da kiçik ölkədir. Təhsilli gənclər ictimai sektora lazımdır. Öz üzərində işləməyən, müasir standartlara cavab verməyən ictimai sektor nümayəndələri gərəksizdir”.

A.Məmmədli deyib ki, ictimai sektordakı köhnə nəsil 2013-cü il sınağından üzüağ çıxa bilməyib: “Məlum oldu ki, 5-6 nəfərin həbsi ilə o ictimai sektor darmadağın olacaqdı. Dirəniş göstərən olmadı. Mən düşünürəm ki, bizim hakimiyyətin ciddi diktatura qurmağa resursları yoxdur. Geopolitik olaraq da bu, mümkün deyil. Biz dünyaya region olaraq açığıq. Konflikt yaşayırıq, münaqişəli ərazimiz var. Qərb dövlətləri ilə münaqişə edə biıməzlər. Belə bir ortamda hər kəsin həbs olunacağı və sıxışdırılacağını gözləmirdim. Amma belə şəraitdə arzuedilən idi ki, yüksək səviyyədə vətəndaş həmrəyliyi göstərilsin”.

SMDTM rəhbəri eyni zamanda vurğulayıb ki, QHT sektoru 3000-dən artıq insandan ibarət olsa da, ümumən müdafiəçilərin sayı az idi: “Bizim həbsimiz cəmiyyətdə birmənalı olaraq pislənmədi. Tutaq ki, bu insanların hansısa səhvi olub. Bu, onların 8-9 il müddətinə azadlıqdan məhrum edilmələri ilə nəticələnməli idi? Bu, ona rəvac verməməli idi. Yalandan kimsə özünü vətəndaş cəmiyyətinin nümayəndəsi kimi təqdim etməsin. Vətəndaş cəmiyyəti adına 50-60 nəfər var. Siz illər uzunu bu sektorda olmuş ola bilərsiz. Amma illər sonra məlum olacaq ki, sektor təhlükə altında olduğu halda, siz buna seyrçi olmusuzsa, bu sektorun üz qarasısınız. Haqqın yanında olmalısız”.

635x100

Şərhlər

Müfəttiş 2018-05-30 23:33:38

QHT-ilə bqğlı dedikləri yüzdə-yüz doğrudur....

Son yazılar