Dedi-qodu deyil, ədəbiyyat istəyirik

Azər Həsrət

[email protected]

Çox deyil, düz 3 ay öncə bir internet saytı qurduq. Ədəbiyyat üçün idi. Həm də bölgə səviyyəli bir şeydi. Elyazma.org ünvanında Dərbənddən Xızıyadək Azərbaycan ədəbiyyat adamları üçün bir platforma formalaşdıraq dedik. Bölgə yazarlarından gənc həmkarım, Xaçmazdakı RTV-də özünün “Yeni səhifə” adlı ədəbiyyat mövzulu verilişilə diqqət çəkən Sərdar Amin bu işdə yaxından yardımçı olacağını dedi. Biz də qəbul etdik. Yəni texniki dəstək bizdən, işin idarə olunması bu gənc dostumuzdan olmaqla bölgə – Dərbənd, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı yazarları üçün bir xidmət verək dedik. Və işə başladıq. Qısa müddət ərzində saytımız ilkin şəkildə quruldu, mətnlər əlavə edildi və hələ təqdimatı olmasa da artıq bölgə yazarları arasında tanınmağa başladı. Bu, əlbəttə ki, bizi sevindirir. Ümid edirik ki, yaxın vaxtlarda saytın təqdimatını da keçirib tam gücüylə işləməsi üçün qollarımızı çırmalayacağıq.

Bu saytın belə bir qısa müddətə bölgə yazarları arasında tanınması, ona etimad göstərilməsi doğrudan da xoşdur. Amma bir də yanında yeni problemlər gətirə biləcəyini heç hesaba almamışdıq. Biz düşünürdük ki, bölgə yazarlarına kimsədən asılı olmayan azad bir platforma təqdim edək. Amma düşünmürdük ki, bundan kimsə öz şəxsi və bəzən də etik hədləri aşan yazılarını tirajlamaq üçün istifadə etsin. Sözümün, əlbəttə ki, canı var.

May ayının sonuna doğru saytda “Bir mədhiyyənin məsuliyyəti” adlı yazı dərc edildi. Müəllifi Qubada yaşayan qələm adamı Cabir Albantürk olan bu yazıda bölgənin sayılıb-seçilən şairlərindən biri, çağdaş ədəbiyyatımızda özünəməxsus yeri olan Ramiz Qusarçaylı hədəf alınır. Əlbəttə, söhbət sırf ədəbi tənqiddən getsəydi, bunu normal qarşılar, mübahisə doğuracaq məsələlər varsa, onlara da fikir bildirərdik. Amma yazıda açıq-aşkar Ramiz bəyin şəxsiyyətinin hədəf alınması, barəsində onu tanımayanları yanılda biləcək fikirlərə yer verilməsi artıq ədəbiyyat söhbəti deyildi. Bu baxımdan həmin yazını təqdir etmədim. Amma düşündüm ki, məsələyə qarışmayım, lap elə sərt dildə olsa da bir insanın öz fikirlərini ifadə etməsinə əngəl törətməyim. Və həm də düşünürdüm ki, hörmətli Cabir bəy sözünü bir dəfəyə deyib qurtarmış olar və daha təkrar olaraq məsələnin üzərinə qayıtmaz. Lakin yanıldım.

Bundan bir neçə gün öncə saytda Cabir Albantürkün daha bir yazısına rast gəldim və bu dəfə təmkinim duruş gətirə bilmədi. Məhz belə. Çünki Cabir bəy təkrar Ramiz Qusarçaylını hədəf alır, bu dəfə daha da irəli gedərək onu hətta açıq ifadələrlə təhqir də edir. Bu da azmış kimi bölgənin çoxmillətli tərkibi ətrafında gəzişərək ədəbiyyat sahəsində onlara qarşı ayrıseçkilik edildiyi iddiasını irəli sürür. Şimal bölgəmizin, lap elə Azərbaycanın hər tərəfinin etnik zənginliyini təşkil edən milli azlıq və etnik qrup nümayəndələrini elə də xoş olmayan “etniklər” ifadəsilə adlandırır və bir növ birləşdirməyə deyir, parçalamağa xidmət edir. Əlbəttə ki, Cabir bəy bəlkə də ülvi məqsədlərlə bu cür yanaşma sərgiləyir, məqsədi heç də bölmək, parçalamaq deyil, amma az-çox yazı-pozu adamı olduğumuzdan həmin yazıdan xoş bir şey anlamadıq. O yazı şəxsən mənə bir ictimai rəylə manipulyasiya ünsürü təsiri bağışladı və gənc dostumuz, saytın redaktoru Sərdar Aminlə məsləhətləşdikdən sonra yazının silinməsinə qərar verdik. Bir daha qeyd etmək istərdim ki, əgər həmin yazı Ramiz Qusarçaylının şəxsinə yönəlik aşağılayıcı ifadələr və bölgənin etnik zənginliyinə zərər vuracaq tonda olmasaydı, təbii ki, onun ədəbi düşüncülərinə – xoşumuza gəlməsə belə – dözümlü yanaşardıq. Amma, dediyim kimi, həmin yazı zərərli olmaqla bölgədə ədəbiyyatın inkişafına deyil, ümumiyyətlə fərqli etnik kökənli insanlar arasında çatların yaranmasına xidmət edə bilərdi. Və ümid edirəm ki, Cabir Albantürk də etnik ayrıseçkilik salmaq istəmir, sadəcə özü də bilmədən “barıtı çox eləyib”. Ona görə də istər ona, istərsə də hədəf seçdiyi Ramiz Qusarçaylıya üz tutaraq bu məsələni qapanmış saymağa çağırmaq istərdim. Hərçənd, Ramiz bəy hələ ki, bu yazıların heç birinə heç yerdə cavab verməyibsə də. Gənc həmkarım Sərdar Amindən də rica edərdim ki, gələcəkdə bu cür yazılarla bağlı diqqətli olsun. Çünki bizim məqsədimiz kimlərinsə uyğunsuz mübahisələri üçün platforma yaratmaq deyil.

Və burada istərdim ki, elyazma.org saytımızın əsas missiyası haqqında bir neçə kəlmə deyim.

Bu sayt yuxarıda adı çəkilən bölgələrdən olan, mərkəzi mətbuatda və ümumiyyətlə ədəbiyyat dərgilərində çap olunmaqda çətinlik çəkən həmyerlilərimiz üçündür. Yəni biz bu saytı qurmaqla bölgə yazarlarımızın öz əsərlərini dərc etməsi, eyni zamanda ədəbiyyat söhbətlərini yayınlaması üçün bir platforma təqdim etmək istədik. Düşündük ki, qoy insanlarımız sərbəst şəkildə özlərini ifadə edə bilmək üçün imkan qazansın. Daha bir düşüncəmizsə, bölgə yazarlarını bu sayt üzərindən bir-birinə yaxınlaşdırmaq, tanıtdırmaqdır. Şəxsən özüm saytın oxucuları arasındayam və bəzən adını belə eşitmədiyim yerli yazarların, şairlərin qələmindən çıxanları oxuyuram, bəyəndiklərim də az olmur. Halbuki o şəxslərin heç biri ümumiyyətlə kənarda tanınmır, di gəl ki, əməlli-başlı istedad sahibləridir. Belə bir ülvi məqsədə xidmət edən saytda dedi-qodu, qəlb qıracaq ifadələrlə zəngin yazılar yayınlamaq axı doğrudan da düzgün olmazdı, deyilmi? Ona görə də hər kəsi qarşılıqlı inciklik yarada biləcək yazılar deyil, gerçək ədəbiyyat örnəkləri dərc etməyə çağırmaq istərdim. Belə olsa biz daha keyfiyyətli ədəbiyyatın yaradılmasına nail ola bilərik. Bundan isə qazanan istedadı olub çox zaman kölgədə qalan qələm adamlarımız olacaq. Məgər pisdirmi bu? Məncə, yox. Yəqin elə sizcə də.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar