Azər Qasımlıya ailə üzvləri və vəkilləri ilə görüş verilmir

Mayın 29-da həbs edilmiş REAL partiyasının məclis üzvü Azər Qasımlıya nə vəkili, nə ailə üzvləri ilə görüş vermirlər. Bu barədə bu gün onun həyat yoldaşı Samirə Qasımlı bildirib.

O, hələ mayın 30-da inzibati qaydada həbs olunanların saxlanma yerinə baş çəkib. Ona görüş verməkdən imtina ediblər, həbslə bağlı sənədləşmənin yekunlaşmadığını bildirib. S.Qasımlıya mayın 31-də gəlməyi təklif ediblər və hətta mayın 31-də saat 10.00-la 12.00 arası Azərin evə zəng edəcəyini vəd ediblər. Amma zəng gəlməyib.

Saat 12.00-dan sonra Qasımlının həyat yoldaşı yenidən təcridxanaya gəlib, amma ona yenə görüş verməyiblər, görüş üçün münasib otaq olmadığını bildiriblər.

Polis nümayəndələri həmçinin bildiriblər ki, Azər Qasımlı özü evə zəng etməkdən imtina edib, həyat yoldaşı buna inanmayıb.

Təcridxana rəhbərliyi vəkili Elçin Sadıqovu da Azər Qasımlının yanına buraxmır və evdən ona gətirilənləri qəbul etmir.

Xatırladaq ki, A.Qasımlı polisə tabe olmama ittihamı ilə 30 günlük inzibati həbs cəzasına məhkum edilib. REAL Partiyasında həbsin əsl səbəbinin onun AXC-nin 100 illiyi ilə bağlı bayram yürüşündə fəal iştirakı olub. (Turan)

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar