“Artıq xaricdən sementin gətirilməsi məqsədəuyğun deyil” - İlham Əliyev

“Artıq bu zavodun fəaliyyətə başlamasından sonra xaricdən sementin gətirilməsi məqsədəuyğun deyil”. “Media forum” saytı xəbər verir ki, iyulun 21-də Bakının Qaradağ rayonu ərazisində yerləşən “Norm” sement zavodunun açılışı zamanı prezident İlham Əliyev belə deyib.

Dövlət başçısı bildirib ki, “Norm” sement zavodu ən müasir standartlara cavab verir: “Bu zavodun fəaliyyətə başlaması sement istehsalında bütün hədəflərimizə çatmaq üçün bizə imkan yaradır. Çünki bizim əsas məqsədimiz ondan ibarət idi ki, bu sahədə idxaldan asılılığımızı aradan götürək və nəinki özümüzü tam şəkildə təmin edək, eyni zamanda, kifayət qədər böyük ixrac potensialının yaradılması da bizim hədəfimiz idi.

Zavodun inşasına 350 milyon dollar sərmayə qoyulub. Bu, son illər ərzində Azərbaycanda tikilən ən böyük sement zavodudur. Bu zavodun fəaliyyətə başlaması, eyni zamanda, 500 yeni iş yerinin yaradılmasına imkan verir. Əslində zavodun yaradılmasında Azərbaycanda iqtisadi sahədə və sənaye sahəsində bütün dövlət siyasəti öz əksini tapır. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycanda yerli istehsal genişlənsin, idxalı əvəzləyən istehsal yaradılsın. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir. Bildiyiniz kimi, bu il Azərbaycanda “Sənaye ili” elan edilib və sənaye istehsalının yaradılması, genişləndirilməsi bizim əsas məqsədimizdir.

Yəni dövlət siyasətimizin bütün istiqamətləri bu zavodda demək olar ki, öz əksini tapıb. Çox şadam ki, hazırda Azərbaycanda bir neçə sement zavodu fəaliyyət göstərir. Yadımdadır, bir neçə il bundan əvvəl sadəcə olaraq, yalnız Qaradağ sement zavodu işləyirdi. O da ekoloji normalara uyğun deyildi. Orada böyük yenidənqurma işləri aparılıb və ötən dövrdə “Holcim” zavodunun fəaliyyətə başlamasını qeyd etmişik. Qazaxda, Naxçıvanda, Sumqayıtda sement zavodları var. Hazırda bu zavodun - ən böyük “Norm” zavodunun fəaliyyətə başlaması Azərbaycanda sement istehsalını 5 milyon tona çatdırır, bəlkə ondan da bir qədər çox. Tələbat isə 4,5 milyon tondur. Yəni biz artıq fikirləşməliyik ki, ilk növbədə, daxili bazarımızı qoruyaq. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyi təklifləri hazırlayır. Çünki artıq bu zavodun fəaliyyətə başlamasından sonra xaricdən sementin gətirilməsi məqsədəuyğun deyil. Eyni zamanda, biz öz sementimizlə, ixrac məhsulumuzla yeni bazarlara çıxmalıyıq. Əslində bizim ixrac potensialımızın gücləndirilməsi artıq təmin edilir. Nəzərə alsaq ki, bu zavodda istehsalı artırmaq üçün imkanlar var, hesab edirəm, gələcəkdə yeni bazarlara çıxdıqca Azərbaycanın bütün sement zavodları öz fəaliyyətlərini genişləndirə bilər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar